XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

20 Sentyabr 2017 - 12:04

İraq türkmənləri arasında bölünmə:Ərbillə Kərkük arasında referendumla bağlı mübahisə böyüyür - TƏHLİL

Fehim Taştekin

“Al-Monitor” (ABŞ)

 

İraq Kürdüstanında 25 Sentyabr referendumuna hazırlıq gedərkən, neft şəhəri Kərkükə dair türkmənlər arasında mübahisə böyüyür. Rəsmi siyasətini "Kərkük – türkmən şəhəridir" üzərində quran Türkiyədən baxanda, türkmənlərin bu məsələyə mövqeyi fərqlidir. Çünki Ərbil türkmənləri və Kərkük türkmənləri eyni reflekslərə malik deyillər.

Türkmənlər kürdlərlə birlikdə İraqın ərazi bütövlüyünü təkid edən türkmənlərdən daha yaxşı yaşayırlar. İraq Türkmən Cəbhəsi (İTC) referenduma qarşı çıxarkən, İTC-dən qopanların qurduğu Türkmən İnkişaf Partiyası (TİP) Kürdüstanın xarici ölkələrlə birbaşa əməkdaşlıq edəcək qədər həqiqi dövlətə çevrildiyini ifadə edən referenduma dəstək verir.

İran və Türkiyənin izlədiyi siyasət də bu məsələyə ciddi təsir edir. Türkiyə çoxdan türklərə kürdlərlə əlaqə qurmağı məsləhət görüb. Bu, müxtəlif tendensiyalara daha asan daxil olmağın bir faktorudur. İŞİD-in hücumları ilə üzü cənuba dönən şiə türkmənlərin refleksləri isə daha çox Bağdada bağlıdır.

Türkmənlər arasında iki meyl diqqət çəkir: Ərbildə yaşayanlar Kürdüstan layihəsini problemli görmür. Bu xətdə olanlar vurğulayırlar ki, türkmənlər İraqın digər yerlərində məhv edilərkən, onlar Kürdüstanda dilləri və mədəniyyəti ilə birlikdə rahat yaşayırlar. Kərkükdə məskunlaşan türkmənlər isə bölgənin bölünməsinə narahatlıqlarını ifadə edirlər.

Bəzi türkmənlər kürdlərin Kərkükü kürdləşdirmə siyasəti yürütdüyünü və türkmənlərin etibarını qazanmadığını vurğulasa da, kürd partiyaları İraq Kürdüstanının türkmənlər üçün də sığorta olduğu tezisini irəli sürür.

Kürdüstan Demokrat Partiyası (KDP) türkmənlərin etnik təmizləmələrə məruz qaldıqlarını və idarəçilikdən çıxarıldığını tənqid edib. Partiya nümayəndəsi Məhəmməd Xurşid “Al-Monitor”a açıqlamasında vurğulayıb: "Kərkükdə iki-üç dili bilmək lazımdır. Şəhərin qəlbində kürdlər, türkmənlər, xristianlar və yəhudilərin evlərini görəcəksiniz”.

Kərkükdə 2003-cü ildən etibarən yaşadığını xatırladan M.Xurşid deyir: "Kürdlərin türkmənlərə qarşı planlaşdırılmış bir miqrasiya siyasəti yoxdur. 2003-cü ildən əvvəl şəhərdə türkmən məktəbi yox idi. Türkmənlər kürd hökuməti sayəsində bir neçə məktəb açdılar. Hətta latın əlifbasında oxumaq və yazmağa keçdilər. İraq hökuməti bunu qəbul etmirdi, amma biz bunu edirik. Ərbildə 2003-cü ilədək bir türkmən məktəbi vardı. Kərkük Universitetinin rektoru kürd idi. Türkmənlərlə razılaşdıq, rektorun ofisinə bir türkmən təyin edildi".

M.Xurşid İraq Konstitusiyasının 140-cı maddəsinə əsasən, dövlətin yurdlarına dönmək istəyənlərə dəstək verməli olduğunu da vurğulayıb: "İraq hökuməti kəndlərin yenidən canlandırılmasına kömək olmadı. Buna görə insanlar kəndlərində deyil, şəhərlərdə məskunlaşıblar. Türkmənlər kürdlərin şəhər mərkəzində niyə yerləşdiyindən şikayət edirdilər. Tələbani Bəşirdə min ev tikdi və onları türkmənlərə təqdim etdi… Əhalinin nisbətinə əsasən vali – kürd, məclis başçısı – ərəb, vali müavini – türkmən, məclis başçısının müavini – xristian olmalıdır. Amma türkmənlər məclis sədrinin müavini vəzifəsini də tələb edirlər. Biz bunu qəbul etmirik, çünki onda xristianlar kənarda qalacaq".

Bu müzakirələrdən başqa, türkmənlərin fikirlərində yeni bir amil var: türkmənlər indiyədək Türkiyəni zamin olaraq görür. Üstəlik 2014-cü ildə İŞİD-ə qarşı qurulan “Haşdi-Şəabi”yə ən azı 12 min türkmən qatılıb. İndi “Haşdi-Şəabi” ilə peşmərgə arasındakı toqquşma qorxusu var.

KDP-li Məsud Əbdülxaliq deyir: "Mosulda 16 mübahisəli yerdən 12-si “Haşdi”nin əlinə keçib. Toqquşma təhlükəsi daha çox Salt Hurmati və Kərkükün cənubundadır".

Sabiq KDP-li millət vəkili Aso Kərim də “Haşdi”nin İran əlaqəsindən hərəkətlə qarşıdurma riskinə vurğu edir: ““Haşdi” böyüyür və mübahisəli bölgələri geri almaq üçün hərəkətə keçə bilər. İran burada çox böyük təsirə malikdir".

Süleymaniyyədə “Qoran” Partiyası Siyasi Bürosunun üzvü Cəlal Cevar Kürdüstana qarşı çıxan aktyorların mübahisəli sahələrdə qarşıdurma yarada biləcəyini iddia edib.

Bir sözlə, referendumdan bir gün sonra kürdlərin təbii-siyasi hüquqlarına dair bir çox qeyri-müəyyənliklər var. Bununla yanaşı, kürdlərin daha sərfəli, çevik və ağıllı siyasətlə fəlakətli ssenarilərdən çəkinməsi də mümkündür.

 

Tərcümə: Strateq.az