XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

21 Sentyabr 2017 - 13:00

Türkiyəli yazar Bərzaninin planını açdı:"Referendum keçirilsə, bir il içində Kürdüstan Federativ Respublikası yaradılacaq"

Nagehan Alçı

“Gazete Hebertürk”, Türkiyə

           

Bərzaninin elan etdiyi referendumun tarixi yaxınlaşdıqca, gərginlik də artır. Türkiyə çox aydın bir şəkildə bu referendumu qəbul etməyəcəyinin söyləyir; Ərbil isə bütün təlqinlərə qarşı dirənir; İsraildən başqa heç bir dövlət açıq dəstək vermir;  ABŞ keçirilmə zamanını yanlış hesab edir, İran hərbi təhdid edir. Bağdad hökuməti isə bunu əngəlləmək üçün əlindən gələni edəcəyini açıqlayıb.

Mən bir neçə ay bundan öncə, kürd dövləti fikrinə kateqorik olaraq qarşı olmanın çox yanlış olduğunu, əsas kriteriyanın Türkiyənin təhlükəsizliyinin və ərazi bütövlüyünün qoruması olduğunu yazmışdım. Belə bir təşəbbüs Orta Şərqdəki balansı alt-üst edib yeni xaosa, hətta müharibələrə yol aça bilərmi? Bu, Türkiyəyə mənfi təsir edərmi? Çox qan tökülərmi? Bu sualların cavabına əsasən bir mövqe tutmanın doğru olacağına inanıram.

Digər tərəfdən, “Axıntıya qarşı kürək çəkən kimi görünən Bərzani hakimiyyətinin havası necədir, 25 sentyabr referendumunu keçirməkdə qərarlıdırlarmı və Türkiyəyə necə baxırlar?” sualları da beynimi qurcalayır. Bu suallara cavab tapmaq üçün Ərbildə Məsud və Nəçirvan Bərzaninin yaxın əhatəsindən olan etibar etdiyim mənbələrlə görüşdüm. Sizə oradakı havanı çatdırım…

 

25 sentyabrda səsvermənin olacağı qətidir 

 

Yaxşı, bütün bu çətinliklərə rəğmən, ayın 25-də seçki qutusuna getməkdə qərarlıdılarmı? Danışdığım bütün mənbələrin mübahisəsiz tək cavabı: Bəli.

“Nə olursa-olsun, kim qarşı çıxırsa-çıxsın, bütün Kürdüstan xalqı bu məsələdə birdir və qarşımıza kim çıxarsa, mübarizə etmək gücünə sahibdir”– cavabını aldım.

Açığı, bizim Xarici İlər Nazirliyindəki mənbələrdən əldə etdiyimiz məlumat, Bağdad hökumətinin mümkün bir müdaxiləsinə qarşı Ərbilin əlində kifayət qədər peşmərgə gücünün olmadığı, Bərzaninin sərhədlərini qorumasının imkansız olması idi. Ancaq Ərbildəkilərə belə deyincə, “Sayı önəmli deyil, BƏƏS rejiminin ordusu daha çox güclüydü, amma bizdə mənəvi üstünlük vardır”– dedilər.

 

Kürdüstan Federativ Respublikası

 

Danışılan başqa bir iddia isə Bərzaninin referenduma gedib, müstəqilliyin elanı məsələsində tələskən davranmayacağıdır. Gördüyümə görə, bu iddia da doğru deyildir. Məqsəd planlaşdırılan referendumdan sonra, maksimum bir il içində müstəqilliyin elan edilməsidir. Yeni dövlətin adının da Kürdüstan Federativ Respublikası olmasını istədiklərini öyrəndim.

Deyilənə görə, bu dövlət Ərbil, Süleymaniyyə, Duhok və Kərkükdən ibarət olacaq, sonra bəlkə Hələbçə də əlavə edilə bilər. Təbii ki, bunlar Ərbildə planlaşdırılanlar və xəyal edilənlərdir. Mən oradakı havanı çatdırıram, nəyin olub-olmayacağını zaman göstərəcək.

 

“Sərhədləri və neft gəlirlərini Bağdadla müzakirə etməyə hazırıq”

 

Söhbət etdiyim mənbələr yuxarıda yazdıqlarımın reallaşacağına qəti inanmış kimi görünürlər. Müdaxiləylə qarşılaşmayacaqlarını düşünürlər. İbadinin 2018-ci il seçkilərinə görə qarşı mövqe tutduğunu, bunun daxili siyasətə yönəlik bir mövqe olduğunu deyirlər. Bağdad hökumətilə də iki məsələdə müzakirəyə açıq olduqlarını bildirirlər.

Birincisi, sərhəd məsələsidir. Kürdüstan sərhədləri daxilində olan, lakin kürd əhalinin az olduğu Diyala bölgəsindəki Sadiyə qəsəbəsi kimi bəzi sahələr haqqında danışığa, sərhədləri müzakirə etməyə hazırdırlar.

İkincisi, neft gəlirləri məsələsidir.

 

“İran, nefti ona göndərək deyə, oyun oynayır”

 

Belə anlayıram ki, Ərbil İranın referenduma qarşı çıxmasını Türkiyə ilə İraq Kürdüstanının arasını pozma planının bir parçası olaraq görür. Bu iddiaya görə, Türkiyə referendumdan sonra Bərzani ilə körpüləri yandıracaq, neft ixracını durduracaq, Ərbil də Türkiyəyə satdığı nefti İrana satmağa başlayacaqdır. Qısası, burada İranın Kürdüstan neftindən faydalanmaqdan ötrü hər iki tərəfi qarşı-qarşıya gətirməyə çalışdığına inanırlar.

 

“Türkiyə türkmənlərə sahib çıxmaq istəyirsə, referendumu dəsdəkləməlidir”

 

Türkiyənin ən böyük qayğılarından biri də türkmənlərin vəziyyətidir. Danışdığım şəxslər, türk televiziyalarında danışan türkmənlərə qulaq asılmasının yanlış olduğunu, durumu anlamaq üçün Ərbilə gəlməmimizin doğru olduğunu söyləyirlər. Onlar deyirlər ki, “Bizim türkmənlərlə heç bir problemimiz yoxdur, etnik münaqişə yoxdur, qardaş kimi yaşayırıq”.

 

“PKK referenduma qarşıdır, Türkiyə bunu görmürmü?”

 

Mənə deyilənlər Ərbildə Türkiyəyə verilən əhəmiyyəti və inkişaf etdirilən əlaqələrin qorunmasına dair gözləntiləri göstərir. Dedikləri budur:“10 il geridə qaldı, Türkiyənin Orta Şərqdəki yeganə strateji müttəfiqi kürdlərdir. İllərdir istədiyimiz və dediyimiz bir şeyi reallaşdırmağımıza qarşı çıxmamalarını gözləyirik. Bu referendum Türkiyənin əleyhinə deyil ki! Əksinə! Baxın, PKK sərt bir şəkildə referenduma qarşı çıxır. Əgər Bərzani zəifləyərsə, kürd siyasətinin liderliyi məsələsində PKK terror təşkilatının önü açılmış olacaq, bu, PKK-nın lehinə olacaqdır”.

 

“İki aydır ki, “Xalqbank”dan maaşlar alına bilmir”

 

İraq Kürdüstan bölgəsinin ən tanınmış yazıçı-jurnalistlərindən olan Rəbvar Kərim Vəli isə maraqlı bir detalı dilə gətirib. Türkiyənin Bərzanini bu işdən vaz keçirmək üçün təmaslarda olduğu, Bağdadla Ərbil arasında "məkik diplomatiyası" həyata keçirdiyi məlumdur. Ancaq Vəli ilə danışarkən, başqa yolları yoxladığını da anladım. Ərbildən alınan neftin pulu "Xalqbank"a yatırılır və oradan çəkilirmiş. Rəbvar Kərimin dediyinə görə, iki aydır "Xalqbank"dan maaşlar alına bilmir, bu da Ərbildə ciddi narahatlıq yaradırmış.

 

Deyilənlərdən çıxardığım nəticələr

 

Yuxarıda yazdıqlarım Ərbil siyasətinin memarlarının və yaxın təqibçilərinin perspektiv baxışıdır. Orada danışılanları şərh vermədən çatdırdım. Bərzani 2005-ci ildə İraq Kürdüstanı bölgəsinin prezidenti olarkən müstəqillik referendumuna gedəcəyini açıqlamışdı. İndi bunu reallaşdırmaq istəməsi sürpriz deyil. Əlbəttə, hər bir xalq kimi, kürdlərin də dövlət qurmaq haqqı olmalıdı. Bizim baxımımızdan tək kriteriya ərazi bütövlüyümüzə yönəlik bir təhdidin ortaya çıxmamasıdır. Üstəlik, Bərzani Türkiyənin müttəfiqidir. O bölgə sanki ölkəmizin hinterlandıdır (Hinterland – şəhər, liman və s. “arxasındakı torpaq parçası” mənasını verən alman sözüdür- tərc.). Türkiyədən gedən müəssisələrlə və yardımlarla böyüdü, inkişaf etdi.

Kürdlərə və şərq sərhədlərimizdəki hər cür ünsürə düşmən gözü ilə baxan köhnə xarici siyasət xəttinə görə, Türkiyə çox şey itirmişdi. Bu anlayışın dəyişməsi sayəsində Bərzani hakimiyyəti ilə Türkiyənin lehinə olan əlaqələr qura bildik. Mən bu tablonun dəyişməməsinin hər iki tərəfin də lehinə olduğunu düşünürəm. Bərzani bu referendumun keçirilməsini 12 il öncə zikr etmişdi, ancaq mövcud şəraitdə Orta Şərqdəki bütün balans alt-üst olub. 25 sentyabrda israr etmək bir meydan oxumaq kimi görünür. Mən referendumun təxirə salınmasının mövcud şəraitdə İraq Kürdüstanında yaşayan hər kəs üçün daha doğru olacağını düşünürəm…

Tərcümə Strateq.az-ındır