XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

22 Sentyabr 2017 - 14:06

Türk yazardan şok iddia:"ABŞ ssenarini PKK üzərində qurub və İranla toqquşmaya hazırlaşır" - TƏHLİL

Merve Şebnem Oruç

“Yeni Şafak”, Türkiyə 

 

İraq Kürd Regional Hökumətinin (İKRH) başçısı Məsud Bərzaninin böyük reaksiyaya səbəb olan referendum təşəbbüsü ilə əlaqədar mübahisələr referendumun keçirilməsi planlaşdırılan tarix yaxınlaşdıqca, sərtləşərək davam edir.

Ankara regionda yeni bir xaosa, yeni münaqişələrə yol aça biləcək bu qərardan vaz keçilməsi üçün çağırışlarına davam edərkən, Bağdaddan hərbi müdaxilə yönündə mesajlar da gəlməyə başlayıb.

Tehran hələlik çox sərt açıqlamalar verməsə də, İran tərəfindən idarə edilən, maaşları ödənən və silahlandırılan "Haşdi Şaabi" qruplarının liderlərinin işlətdikləri ifadələrdən də yeni bir münaqişəyə hazır olduqları anlaşılır.

Kürd tərəfindəki münaqişəyə hazırolma halını isə Bərzaninin mesajlarından görə bilirik.

İraqda ortada bir referendum mübahisəsi hələ yoxkən üstüörtülü gərginlik olsa da, referendum qapalı mübahisələri açığa çıxardı. Keçən payızda, Mosul əməliyyatının əvvəlində İraqa getmiş və gördüklərimdən, xüsusən də Kərkükdə gördüklərimdən, fərqli kimliklərə sahib iraqlılarla danışıqlarımdan sonra olduqca narahat olmuşdum. Oktyabr ayında qələmə aldığım “İraqda üç gün” başlıqlı yazımda narahatlıqlarımı paylaşmışdım.

Xülasə etmək lazımdırsa, “İŞİD-ə qarşı mübarizə” adı altında sünni ərəblərin əlində qalan torpaqların da alınması prosesi başlarkən, heç kim İraqın yaxın gələcəkdə hüzura qovuşacağını düşünmürdü.

“İŞİD-ə qarşı mübarizə” bitdikdən sonra İraqda yeni bir müharibənin başlayacağı düşüncəsi hər kəsin ortaq fikriydi və bu münaqişənin şiələrlə kürdlər arasında olacağı fikri yayılmış bir qənaət idi; Tələbani və Goran hərəkatları, Bərzani əleyhdarlığı səbəbilə İrana yaxın durarkən, bu münaqişənin daxilində bir kürddaxili münaqişənin çıxa biləcəyi də aşkar görünürdü.

Bərzaninin hər kürdün vuruşmağa hazır olduğunu dilə gətirdiyi bir zamanda, "Haşdi Şaabi" milisləri isə seçki məntəqələri açılacaq mübahisəli bölgələri içinə alan Kərkük üçün bu ehtimalı ağızlarından düşürmürdü. Onlar “Səddamçı” dedikləri İŞİD-lə işləri bitdikdən sonra öncə Kərkükə, ardından daha da şimala yönələcəklərini söyləməkdən çəkinmirdilər.

Noyabr ayında Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra, Bərzani daha öncədən də tez-tez dilə gətirdiyi referendum üçün konkret addımlar atmağa başladı. Bu addımların arasında yüksək səviyyəli bir heyətlə Avropa ölkələrini ziyarət etmək, bu mövzuda Avropa Parlamentində çıxış etmək də vardı. Bərzani, yeni ABŞ hakimiyyətinin İrana qarşı, Obamanın o günə qədər davam edən yumşaq mövqeyindən fərqli olaraq, daha sərt siyasət izləyəcəyini düşünərək, referendum üçün doğru zamanın gəldiyini hesab etməklə tələskən davrandı. Ancaq referendum qərarını elan etdiyi 7 iyundan bu günədək istər ABŞ-dan, istərsə də Avropa ölkələrindən istədiyi kimi lazım olan müsbət dəstək mesajlarını ala bilmədi. Müstəqillik referendumuna ən açıq dəstəyi verən Təl-Əvivin bölünməyi təşviq edən mesajları Qərb dairələrində “İsrailin İranın bölgədə artan gücünü kəsəcək bir addıma verilən dəstəyi” şəklində oxundu.

Yaxşı, bəs ABŞ və Almaniya daxil olmaqla Avropa ölkələri, müxtəlif səbəblər önə sürsələr də, referenduma qarşı çıxırdı? Düzünə qalsa, Qərb ölkələrinin PKK-ya verdiyi dəstəkdən, Suriyanın şimalında qurmağa çalışdıqları PKK dəhlizindən, İraq və Suriyada bölünməyə və nəhayət, bir PKK dövlətinin qurulmasına yönəlik layihəyə verdikləri artan dəstəyi buralarda yaşayan hər kəs bilir.

İraq və Suriyanın bütövlüyünün qorunması bizim tez-tez vurğuladığımız həssasiyyətlərimizdən biriykən, Qərbdə tez-tez bu  torpaqların faktiki olaraq bölünmüş olduğu, bütöv qalmasının imkansız olduğu dilə gətirilir. O zaman ABŞ-da sadəcə Tramp administrasiyasının deyil, eyni zamanda oturuşmuş nizamın öndə gələn bürokratlarının da Bərzaninin referendum qərarına dəstək verməməsinin səbəbi nə ola bilər? Son anda bölmə layihəsindən vaz keçə bilərlərmi? Ya da, “Bura bundan sonra onsuz da bölünəcək, ancaq bizim bölən olmamız ortaya çıxmasın” mövqeyindədirlərmi?

Çox deyil, qısa bir müddət öncə Bərzanini də, eynilə Türkiyədə Ərdoğan kimi, devirməyə çalışan ABŞ-dan bəhs edirik. Möhtəməl səbəb budur ki, müstəqillik məsələsində ssenari Bərzani hakimiyyəti üstündə deyil, PKK üzərində qurulub. ABŞ, İraq torpaqları İŞİD-dən təmizləndikdən sonra kürd torpaqlarına yönələcək İran dəstəkli şiə milisləri öncə izləyəcək, Ərbilin yardım çağırışlarına “Bağdadla dialoq” və bitməyən toplantılarla cavab verəcək, bu arada PKK-nın Şimali İraqda legitim bir aktyor, xilaskar kimi ortaya çıxması üçün lazım olan həmlələri edəcəkdir. Bərzanini zəiflədib, PKK-nı gücləndirərkən İraqın faktiki olaraq bölünmüş olması iddiasını irəli sürəcək, böyüdəcək və bunu PKK-nın xanəsinə yazacaqdır. ABŞ, məhz elə bu səbəbdən, referenduma qarşı çıxarkən, onun zamanının erkən olduğunun altını cızma ehtiyacı hiss edir.

Suriyanın şimalında inkişaf edən proseslər üzündən diqqəti İdlib və Afrin üzərinə yönəltdiyimiz üçün şərqdə, xüsusən də Deyr əz-Zorda baş verənlər çoxumuzun gözündən qaça bilər. Bu gün orada ABŞ-ın dəstəklədiyi PKK qüvvələrilə İran və Rusiya dəstəkli rejim arasında amansız bir yarış davam edir. “İŞİD-dən təmizləmə”nin yeni nəsil müharibənin sadəcə bir örtüyü olduğu daha öncə heç bir yerdə hər halda Deyr əz-Zorda  olduğu qədər açıq hala gəlməmişdi.

Yazdan bəri, həm köşə yazılarında, həm də televiziya ekranlarında ABŞ-ın İraq və Suriyada PKK üzərindən İranla toqquşmaya hazırlaşdığını ifadə etməyə çalışıram. ABŞ-ın Şimali İraqda və Suriyanın şimalında PKK-ya elan etdirmək istədiyi müstəqil Kürdüstanın Aralıq dənizinə açılan yolunda Deyr əz-Zor həlledici əhəmiyyət daşıyır.

Göründüyü kimi, İraqda və Suriyada baş verənləri ayrı-ayrı deyil, bir bütün olaraq görmək böyük bir zərurətdən irəli gəlir.

Tərcümə Strateq.az-ındır