XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

23 Sentyabr 2017 - 12:04

General Sisinin Suriya və İraq həmləsi:Ehramlar ölkəsi köhnə bazarlarda Rusiya, Çin və İranla rəqabətə başlayır - Təhlil

David Avad

“Al-Monitor” (ABŞ)

 

Misir də Suriya rejiminin ölkənin yenidənqurulması üçün artan yardımlara dair çağırışlarına cavab verib. Suriya rəsmiləri beş ay ərzində Misir, Çin, Hindistan, Rusiya və Oman rəsmiləri ilə danışıqlar aparıblar. Həmçinin iranlı investorlar və Avropa şirkətləri yenidənqurma prosesinə maraq göstəriblər.

Rəsmi Qahirə artıq İraq və Suriyadakı bərpa prosesində iştirak edir. İraqın Qahirə səfiri Həbib əl-Sədr sentyabrın 2-də Misirin “Əl-Vafd” qəzetinə verdiyi müsahibədə Qahirənin İraqdakı yenidənqurma prosesində təsirli rol oynayacağını söyləyib. Bundan bir gün əvvəl isə İraqın səfirliyinin ticarət attaşesi Heydər əl-Nuri misirli iş adamları üçün İraqda 76 investisiya imkanı olduğunu açıqlayıb.

Misir Suriyada yenidənqurma prosesi üçün dövlət və özəl sektor investisiyalarına hazırdır. Bu ölkənin Ticarət Birliyinin başçısı Əhməd əl-Vəkilin başçılıq etdiyi nümayəndə heyəti Suriyada baş nazir müavini Vəlid Müəallimlə bir araya gəlib. Suriyanın rəsmi xəbər agentliyi “SANA”ya danışan V.Müəllim iki ölkə arasındakı əlaqələrə təriflər yağdıraraq "onu daha da genişləndirmək üçün səmimi istək var”, – deyib.

Misir-Suriya əlaqələrində prezident Əbdülfəttah Sisinin münasibətində problem yoxdur. Misir səfirinin geri çağırılması ilə 2012-ci ildən iki tərəf arasında diplomatik əlaqə zəifləmişdi. Suriya də buna eyni ölçüdə cavab vermişdi.

Amma artıq Misir şirkətləri Beynəlxalq Şam Yarmarkasında iştirak edib.

Ərəb Birliyinin baş katibi Əhməd Əbu Qeytin hələ apreldə etdiyi şərhə görə, Suriyanın yenidən inşasının təxminən 900 milyard dollar, İraqın yenidən inşasının da təxminən 150 milyard dollara başa gələcəyi təxmin edilir.

Tərəflər arasında ticarət əlaqələrinin inkişafı prosesdə Misirin sənaye və ticarət naziri Tariq Kabil İraqın planlaşdırma və ticarət naziri Səlman əl-Cumali ilə görüşüb. Nazirlər İraq hava limanına aparan yollarda terror hücumlarına görə İordaniya vasitəsilə ticarətə davam etmə qərarı alıb. Görüşdə Misirin İraqdakı ticarət sərgilərində iştirakının artırılması, Misir mallarının vergi və gömrük xərclərinin azaldılması ilə bağlı məsələlər müzakirə edilib.

Əl-Əzhər Universitetinin iqtisadiyyat professoru Fərəc Əbdülfəttah “Al-Monitor”a Misirin ərəb ölkələri və xalqlarına kömək etməsi lazım olduğunu söyləyərkən iki məsələyə diqqət çəkir: "Birincisi, misirli iş adamlarının iki ölkədə yeni sənaye və xidmət cəhdlərinə başlamalarını təmin etmək. Misirlilər bu layihələrlə məşğul olsa da, Misir bazarının idxal ehtiyaclarını nəzərə almalıdırlar. Pambıq, məsələn, Suriyadan idxal edilə bilər. Misirli işçilər üçün məşğulluq yaratmaq və ya Misir mallarının ixracını artırmaq üçün layihələr də ola bilər. Məsələn, Misir – İraqın ən böyük ixrac mənbələrindən biridir. İkincisi, ticarətin həcmi. Misirin ixracı suriyalı və iraqlıların ehtiyacları üçün açılmalıdır. Bunlar yalnız yaxşı düşünülmüş strategiyalarla mümkündür. Misirli sərmayəçilərlə birgə Suriya və İraq hökumətləri birlikdə çalışmalıdırlar”.

Şamdakı Misir Ticarət Xidmətləri Bürosunun (MTB) sabiq başçısı Ənvər əl-Sahircati yenidən inşa prosesində ən ümdə məsələnin təhlükəsizliyin təmin edilməsi olduğunu ifadə edir. Sahirati “Al-Monitor”a deyib: "MTB üçün əsas məsələ təhlükəsizlikdir. Hökumət, iş adamları və ya iqtisadçıların düşündüyü qədər bu sadə məsələ deyil. Misirin sərmayə yatırdığı Suriya və İraqda təhlükəsizlik diqqətlə qiymətləndirilməlidir. Toqquşmaların intensivliyi azaldılıb, lakin bu, savaşın başa çatması anlamına gəlmir".

Milli Təhlükəsizlik Tədqiqatları Mərkəzinin rəhbəri Halit Okaşa daha optimistdir. Okaşa "Al-Monitor" a deyib: "Təhlükəsizlik ciddi şəkildə qiymətləndirilməlidir. Lakin olduqca futurist olan bölgələr var, xüsusilə də, münaqişələrin hələ də davam etdiyi bölgələrə investisiya qoyulmayacaq. Suriyada Raqqa, İdlib və Deyr əz-Zor, İraqdakı Ayadiyə və Səlahəddin şəhərləri bu qəbildəndir. İnvestisiya bölgələrinin bəzilərində terror hücumları yaşana bilər, ancaq bu, təhlükəsizliyin olmadığı, ya da bu bölgələrin qarşıdurma bölgəsi olduğu mənasını vermir. Belə hadisələr hər ölkədə yaşana bilər".

Okaşan sentyabrın 20-dəki bombalı hücuma baxmayaraq, Beynəlxalq Şam Sərgisinin qazandığı müvəffəqiyyətə da işarə edir. Terror aktında 6 adam həlak olub.

Misir Xalqının Suriya ilə Həmrəylik Komitəsi üzvlərindən Fəthi Əbu Zeyd isə “Al-Monitor”a belə deyir: "Misirin Şamdakı sərgiyə qatılması Misir mallarının Suriya bazarı üçün daşıdığı önəmi göstərir. Sərgiyə qatılan 44 xarici ölkə arasında, o cümlədən Rusiya, İran və Çin Misirdə ən uğurlu ölkələrdilər. Sərginin ilk günündə Misir stendinə yalnız 800 min nəfər maraq göstərdi. Bu da malların xüsusiyyətindən və rəqabətçi qiymətlərdən qaynaqlanır".

Bu arada Misir Mebel İxracatçıları Birliyi də oktyabrda İraqda keçiriləcək Beynəlxalq Bağdad Sərgisinə qatılmaq istədiyini açıqlayıb. Birlik sədri Səid Əhməd “Al-Monitor”a deyib: "Misir müharibə ucbatından itirdiyi bazarları yenidən qazanmaq istəyir. 2003-cü ildən əvvəl Misir İraqa 2 milyard dollar dəyərində mal ixrac edib, hazırda bu rəqəm 781 milyon dollardır. Buna görə də, yenidən inşa müddətində Misirin bu ölkə bazarlarındakı yerini yenidən qazanması üçün böyük bir şans var”.

Əbdülfəttah Sisi bu həmlələrlə Misirin xarici siyasətdəki rolunu da artırmağı ümid edir. Misir prezidenti eyni məqsədlə avqust ayında Afrikaya səfər edib və Çadın misirli iş adamlarına vizasız gediş-gəliş təmin etməsinə nail olub.

 

Tərcümə: Strateq.az