Sentyabrın 23-də Bakıda, İnşaatçılar metrostansiyasının yaxınlığındakı Məhsul meydanında Milli Şuranın etiraz mitinqi keçirilib.
Mitinqə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli aparıcılıq edib.
AXCP sədri Əli Kərimli çıxışı zamanı məlumat verib ki, hakimiyyət mitinqi pozmaq üçün 50 nəfərdən çox fəalı, o cümlədən mitinq komitəsinin üzvlərini (təşkilatçıları) həbs edib. Həbs edilənlərdən biri də Milli Şuranın əvvəlki mitinqlərinin aparıcısı İlham Hüseyndir. Ona və mitinq komitəsinin üzvləri Bəhruz Həsənli, Aqil Əli Məhərrəm, Emil Səlimov, Saqif Qurbanova 15 sutka inzibati həbs verilib.
Aksiyada çıxış edən AXCP sədri Əli Kərimli tez-tez "istefa" şuarı səsləndirib. O, basqılara rəğmən, xalqın hakimiyyətə əyilməyəcəyini ifadə edib: “…24 il əsarətdə saxlanılmış, ən layiqli övladları repressiyalara məruz qalmış ölkədə sizlər sübut edirsiniz ki, Azərbaycan xalqının müqavimətini qırmaq mümkün deyil. Bu millət meydana ona görə toplaşıb ki, oğrulara sözü var. Bu meydanda 100-dən çox siyasi məhbusun şəkli dalğalanır. İnsanlar bura həm də ona görə toplaşıb ki, həbsdəki Gözəl Bayramlıya, Mehman Hüseynova, İlkin Rüstəmzadəyə, Fuad Əhmədliyə azadlıq tələb etsin…".
Daha sonra Əi Kərimi deyib ki, korrupsiyaya bulaşmış hökumət Qarabağı da işğaldan azad edə bilməz: "Ona görə də millət “Qarabağa azadlıq!” deməlidir…”.
Mitinqdə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri – Rövşən Əhmədli, Gültəkin Hacıbəyli, AXCP Ali Məclis sədri Nurəddin Məmmədli və Milli Şuranın sədri Cəmil Həsənli də çıxış ediblər.
Çıxışlarda hakimiyyətin xalqa zidd siyasəti, korrupsionerliyi, ölkədə insan haqlarını pozması və başqa problemlər barədə danışılıb, sərt tənqidlər səsləndirilib.