Fuad Səfərov
"Medya Gunlugu" (Türkiyə), 19.09.2017
İlk dəfə, demək olar, 520 il qabaq diplomatik münasibətlər qurmuş Rusiya və Türkiyənin ümumi keçmişində bugünədək kölgədə qalan, bizə naməlum xeyli səhifə var…
Zamanboyu Türkiyə-Rusiya tarixinə kiçik səyahət bu dəfə türk qızı Ayşənin XIX yüzilliyin sonunda Ədirnədə başlanmış və sonralar əvvəlcə Varşavada, sonra isə Rusiyada davam edən inanılmaz macərasına işıq salır.
Budur, onun kinosayaq həyat tarixçəsi…
Bir neçə müxtəlif qaynaq əsasında aparılmış araşdırmaya əsasən, zabit Mixail Savenko 1877-1878-ci illər Rusiya-Türkiyə savaşına qatılmış Keksholmsk alayının yürüşü zamanı Quruçeşmə kəndində (Ədirnə) yanmış evin yanında acından ölməkdə olan bir körpə görüb. Savenko xoş bir təsadüfdən xeyli cəsədin arasında beş yaşlı qızı aşkarlayıb, körpəni şinelə büküb və sıraya qayıdıb.
Savenko bu haqda yoldaşlarına danışıb və rus hərbçilər üzülmüş körpəni yürüş vaxtı növbə ilə əllərində aparıblar. O dövr Rusiya qaynaqlarında qeyd olunur ki, qızın anası döyüş vaxtı həlak olub.
Qaynaqlar xəbər verir: “Qız deyib ki, adı Ayşədir. Qız savaşın sonuna qədər araba karvanında kapitan Petersenin himayəsində qalıb. Əvvəlcə qızı bolqar ailələrindən hər hansı birinə verməyi qərara alıblar, lakin sonradan zabitlərin ümumi yığıncağnda qərar qəbul edilib ki, hamının güclü şəkildə bağlandığı Ayşə alayda qalsın. Ayşəni zabit yeməkxanasından yedizdiriblər”.
Alay savaşdan sonra mənzil tutduğu və o vaxt Rusiyanın tərkibində olan Varşavaya dönüb. Varşavada Ayşəni xaç suyuna çəkib və pravoslavlıqda adını Mariya qoyublar. Yenicə döndərilmiş Mariyanın xaç atası kapitan Konstantin Konovalov olub. Nəticədə Mariya “Konstantinovna” ata adı və həyatını borclu olduğu alayın şərəfinə “Keksholmskaya” soyadını alıb. Alayda Mariya üçün zabitlərin öz donluqlarının hər ay 1%-i keçirdikləri özəl fond yaradılıb.
Təhsil müəssisəsinə daxil olana qədər Mariya Keksholmskayanı alay komandiri, general-mayor Panyutinin ailəsi tərbiyə edib.
O vaxt əlamətdar bir olay baş verib…
1879-cu ilin avqustunda Varşavada Keksholmsk alayı zabitlərinin toplantısına qatılmış Rusiya imperatoru II Aleksandr qonaq otağında Mariyanın divardan asılmış fotoşəklini görüb. Alay komandiri Panyutin Mariyanın tarixçəsini çara nağıl edib və Mariyanı Varşavada Aleksandr-Mariinsk əsilzadə qızlar institutuna düzəltməkdə yardım xahiş edib.
Əhvalatdan təsirlənmiş II Aleksandr imperatrisa ilə şəxsən söhbətləşməyi vəd edib. Və Mariya həqiqətən də tezliklə imperatrisanın müsaidəsilə bu institutda oxumaq hüququ əldə edib.
1890-cı ildə imperator III Aleksandrın zövcəsi imperatrisa Mariya Fyodrovna buna kimi institutu uğurla bitirmiş Mariyanı bir hərbi tədbirdə görüb. Mariyanı çarın qərargahına dəvət ediblər, burada çar ailəsi üzvləri ilə Keksholmsk alayının marşını seyr edib. Çar cütlüyü ilə söhbətləşmək imkanı olan Mariya onların da rəğbətini qazanıb. Mariya əhvalatı hətta “Alay qızı Mariya” başlığı ilə Amerika və Britaniya qəzetlərinin səhifələrində də əksini tapıb.
1892-ci ildə Mariyanın 20 yaşı olarkən İzmaylovsk alayının zabiti Aleksandr Şlemmerə ərə gedib. Varşavanın, demək olar, bütün rus ictimaiyyəti və yüksəkçinli hərbçilər təmtəraqlı toyda iştirak ediblər. Çar ailəsi toy münasibətilə brilyant bəzəkli qızıl bilərzik və təbrik teleqramı göndərib.
Mariya ərə getdikdən sonra Rusiyada kilsə və abidə inşası ilə bağlı xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub, ianə edib, I dünya savaşı zamanı hərbi hospitallarda şəfqət bacısı işləyib.
Mariya o vaxt vərəm xəstəliyinə tutulub, 1917-ci il inqilabının gedişində isə, ola bilsin, çar ailəsi qarşısında borc və minnətdarlıq hissi üzündən Ağqvadiyaçıları və inqilaba qarşı mübarizə aparanların tərəfini tutub. Əvvəlcə böyük oğlu, Ağqvardiya zabiti Pavel döyüşdə həlak olub, sonra bolşeviklər ərini güllələyiblər.
Mariya xəstəliyə güc gələ bilmədiyindən qırxına çatmamış 1920-ci ildə Yalta şəhərində (Krım) dünyasını dəyişib və orada da dəfn olunub. Ağ Qvardiaya sıralarında vuruşan və Avropaya qaçan ikinci oğlu Georgi 1974-cü ildə Almaniyada vəfat edib.
2001-ci ildə Leninqrad vilayətinin Priozersk şəhərində ən yaxşı şagird qızların təltif edildiyi Mariya Keksholmskaya adına mükafat təsis olunub.
Beləliklə, Ayşənin həyatı Ədirnədə başlanıb, Yaltada sona çatıb, amma xatirəsi əbədi yaşayacaq…
Tərcümə Strateq.az-ındır.