XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 September 2017 - 18:32

Nüvə silahı: insanlığın qurtuluşu, yoxsa məhvi?- BMT-nin nüvə silahından imtina təşəbbüsünə kimlər, niyə qarşı çıxdı?

Dünya ölkələrinin yarıdan çoxu nüvə silahının tam ləğvini tələb edir. BMT Baş Assambleyasının Nyu-Yorkdakı sessiyasında nüvə silahına qadağaya dair razılaşmaya imza atıldı. Sənəd bu il iyulun 7-də BMT-nin baş ofisində qəbul olunmuş və sentyabrın 20-dək imzalanmağa açıq saxlanılmışdı. BMT baş katibi Antoniu Quterrişə görə, bu təşəbbüsü dəstəkləməklə nüvə silahı olmayan bir dünya qurmaq olar. Lakin görünən odur ki, nüvə dövlətləri bu təşəbbüsə heç bir halda qoşulmaq istəmirlər.

Bu gün dünyada faktiki olaraq 9 nüvə dövləti var – ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreya.

Stokholm Araşdırmalar İnstitutunun məlumatına görə, bu ölkələr ümumilikdə 15 min nüvə başlığına sahibdilər. Lakin ABŞ və Rusiyanın payına planetdəki nüvə başlıqlarının 93 faizi düşür. 

Bəs, rəsmi nüvə ölkələri hansılardır? O ölkələrdir ki, nüvə silahının yayılmaması sazişini imzalayıblar. Bunlar ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çindir. Yerdə qalan dörd ölkə nüvə silahına sahib olsa da, sazişi imzalamaqdan boyun qaçırıb. 

Şimali Koreya sazişdən çıxıb. İsrail isə nüvə silahına sahib olduğunu heç vaxt rəsmən etiraf etməyib. Lakin Təl-Əvivin bu silaha sahib olduğu iddia edilir. Bundan başqa, ABŞ ehtimal edir ki, rəsmən imtina etsə belə, İran atom bombası üzərində işləri hələ də davam etdirir.

Zamanla nüvə silahına sahib ölkələrin sayı artsa da, nüvə başlıqlarının sayı soyuq savaş dövrü ilə müqayisədə daha azdır. Məsələn, 80-ci illərdə onların sayı 70 minə yaxın idi. 2010-cu ildə ABŞ-la Rusiya arasında imzalnan CHB-I sazişinə uyğun olaraq say bu gün də azalmaqdadır. 

Lakin bu məsələdə kəmiyyət o qədər də önəmli deyil. Belə ki, nüvə dövlətlərinin əksəriyyəti öz arsenallarını modernləşdirməyə və onu daha güclü etməyə davam edirlər.

 

Nüvə silahına sahib olmayan və nüvə silahının yayılmaması sazişini imzalayan ölkələr üzərlərinə öhdəlik götürüblər. Bu öhdəliyə əsasən, həmin dövlətlər uzun müddət nüvə silahının yaradılmasına imkan verməməlidirlər. 

Lakin saziş nüvə silahının yayılmasının qarşısını ala bilmir. Sənədin bir zəif tərəfi də onun uzunmüddətli perspektivdə dünyanı iki yerə – nüvə silahı olan və olmayan ölkələrə ayırmasıdır. Tənqidçilər onu da qeyd edirlər ki, rəsmi nüvə dövlətlərinin hamısı həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. 

Soyuq savaşdan sonra ABŞ və Rusiya xeyli sayda nüvə başlığını məhv etdi. CHB-I razılaşmasına əsasən, Vaşinqton və Moskva öz nüvə arsenallarını nəzərəçarpacaq dərəcədə məhdudlaşdırdılar. Bu saziş 1991-ci ili iyulunda imzalanıb, üç il sonra – 94-cü ilin dekabrında qüvvəyə minib. Sənədin icra müddəti 2009-cu ilin dekabrında başa çatıb. 

 

2010-cu ildə ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Dmitri Medvedevlə CHB-III sazişini imzaladı.

Həmin vaxt Obama nüvə silahı olmayan dünya hədəfinə doğru getmək niyyətində olduğunu bəyan etmişdi. 

Ekspertlər deyir ki, Rusiyanın Ukraynadakı aqressiv fəaliyyəti və ABŞ-ın hazırkı prezidenti Donald Trampın hərbi güc nümayişini əks etdirən siyasəti fonunda sazişin bundan sonrakı aqibəti qeyri-müəyyən qalır. 

Obama və Medvedev CHB-III sazişini imzalayarkən

Bir müddət əvvəl CAR, 2003-cü ildə də Liviya atom bombası hazırlamaq cəhdlərini dayandırdı. Ukrayna, Belarus, Qazaxıstan isə Lissabon sazişini imzalayaraq CHB-1 razılaşmasının tərəfi oldular.

ABŞ və Rusiyadan sonra ən böyük nüvə arsenalına sahib ölkə Ukrayna idi. İmtinanın müqabilində Kiyev maliyyə yardımı, həmçinin təhlükəsizlik və nüvə gücləri tərəfindən ərazi bütövlüyü təminatı aldı. Bu müddəalar Budapeşt memorandumunda əksini tapmışdı. Lakin memorandum könüllü öhdəliyi nəzərdə tuturdu və onu imzalayan ölkələr tərəfindən ratifikasiya olunmadı. Həmçinin öhdəlikləri pozanlara sanksiyaların tətbiqini də nəzərdə tutmurdu. 

2014-cü ildə Ukraynanın şərqində münaqişə başlayanda memorandumun tənqidçiləri bildirdilər ki, Kiyevin nüvə silahından imtinası özünü doğrultmadı.

Onlar hesab edirdilər ki, Ukrayna nüvə silahından imtina etməsəydi, Rusiya Krımı ilhaq etməyəcəkdi. Digər tərəfdən də narahatlıq var ki, Şimali Koreya nümunəsi zəncirvari reaksiya yarada və daha çox ölkə nüvə başlıqlarına sahib olmaq istəyə bilər.

Müşahidəçilərin fikrincə, nüvə silahına qadağa ilə bağlı hazırkı təşəbbüs nüvə güclərinin yarışına qarşı simvolik jestdən başqa bir şey deyil. Ən azı ona görə ki, 9 nüvə dövlətinin heç biri bu təşəbbüsdə yer almır. Onlara görə, müasir dünyada nüvə silahı hücumlara qarşı ən yaxşı müdafiədir. 

Sazişi NATO da dəstəkləmir. Alyans hesab edir ki, sənədin imzalanması ilə bağlı kampaniya təhlükəsizlik sahəsindəki təhdidləri nəzərə almayıb. 
 

Jan-İv Le Drian

Fransa xarici işlər naziri Jan-İv Le Drian təşəbbüsü məsuliyyətsiz addım və özünüaldatma adlandırıb. Nazirin sözlərinə görə, bu təşəbbüs nüvə silahının yayılmamasına dair sazişi ancaq zəiflədə bilər. 

Nüvə silahından imtina üzrə beynəlxalq kampaniyanın rəhbəri Beatris Fin isə dünya ölkələrini təşəbbüsə qoşulmağa çağırıb. O bildirib ki, insanlığa ən böyük təhlükə olan və dağıdıcı gücə sahib nüvə silahının hələ də qadağan olunmaması təəssüf doğurur. Beatris Finə görə, Donald Trampın hakimiyyətə gəlişindən sonra dünyada nüvə təhdidi bir az da böyüyüb.

Strateq.az