XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

26 Sentyabr 2017 - 21:35

Paris dəbdəbəsindəki kommunist ledi…-"Cənnət alması", Tereşkovanı geridə qoyan, geyimlərini sirr kimi saxlayan Raisa Qorbaçova....

Paris dəbdəbəsindəki kommunist ledi… SSRİ-nin ilk və tək prezidenti Mixail Qorbaçovun həyat yoldaşı Raisanı xaricdə məhz belə tanıyır və adlandırırdılar.

Raisa Maksimovna Qorbaçova 5 yanvar 1932-ci ildə Qərbi Sibirdə – Altay diyarında dəmiryol mühəndisinin ailəsində anadan olub. Deyilənə görə, atası Maksim Titarenko qızı dünyaya gələndə onu qucağına götürərək "necə də cənnət almasına bənzəyir" deyib və adını da cənnət sözünə uyğun olaraq "Raya" (ray-cənnət) qoyub.

Balaca Raisa elə atasının onun üçün düşündüyü ada uyğun həyat sürür, hər yaşda, hər yerdə birinci olmağa, uğur qazanmağa can atırdı. 

O, orta məktəbi qızıl medalla başa vurur, Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsindən əla qiymətlərlə məzun olur, sonra da namizədlik dissertasiyası müdafiə edir. Elə gələcək həyat yoldaşı Mixail Qorbaçovla da oxuduğu universitetdə tanış olur. Mixail həmin illərdə Moskva Dövlət Universitetinin hüquq fakültəsində təhsil alırdı. 

1953-cü ilin 25 sentyabrında Mixail Qorbaçovla ailə quraraq onun soyadını qəbul edir. Bir il sonra təhsilini davam etdirərək aspiranturaya qəbul olunur. 55-ci ildə isə həyat yoldaşı ilə birgə Stavropola köçməli olur. 

Orada "Bilik" Ümumrusiya Cəmiyyətində işləyir, Stavropol Tibb Universitetində dərs deyir, Stavropol Kənd Təsərrüfatı İnstitutunda isə sosioloji tədqiqatlar aparırdı. 1967-ci ildə kənd təsərrüfatı üzrə namizədlik dissertasiyası müdafiə edir. 

78-ci ildə Qorbaçovun Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi seçilməsi ilə ailə Moskvaya köçür.

Raisa Qorbaçova paytaxta gələndən sonra Moskva Dövlət Universitetində mühazirələr deyir, "Bilik" cəmiyyətində fəaliyyətini davam etdirirdi. 

1985-ci ildə Mixail Qorbaçov Mərkəzi Komitənin baş katibi seçiləndən sonra Raisa onu bütün xarici səfərlərdə müşayiət edirdi. Sovetlər birliyinin mövcud olduğu illərdə o yeganə xanım idi ki, ölkə rəhbəri olan yoldaşının kölgəsində qalmırdı. 

Qorbaçovaya qədər SSRİ-də katiblərin xanımları dövlət qəbullarına qatılmır, ictimai həyatda fəallıq etmirdilər. Onları olduqca az adam tanıyır və görürdü. 

Sovet məkanında birinci ledinin vəzifələrini uzun illər qadın-kosmonavt Valentina Tereşkova həyata keçirmişdi. Xaricdən gələn nümayəndə heyətlərini də o qarşılayırdı.

Raisa isə Mixail Qorbaçov üçün həyat yoldaşı ilə yanaşı, yaxın məsləhətçi və köməkçi idi.

O, özünü Qərbin birinci lediləri kimi aparırdı. Həm eleqant görünür, həm də bütün səviyyələrdə dialoq qura bilirdi. İngilis dilini mükəmməl bilən Raisa bəzi qəbullarda həyat yoldaşına tərcüməçilik də edirdi.

Deyilənə görə, Qorbaçova geyim seçimində ancaq xarici markalara üstünlük verirmiş. Özü isə bunu inkar edir və Tamara Mokeyeva və Vyaçeslav Zaytsevin moda evindən geyindiyini deyirdi.

Sonralar Zaytsev etiraf etmişdi ki, bir dəfə Raisa Qorbaçovaya bu sualı verib. Və niyə başqasının əl işlərini onun adına yazdığını xəbər alıb. Xanım Qorbaçovanın cavabı belə olub: "Slavoçka, məgər bu sənə xoş gəlmir?". 

Raisa Maksimovnanın yaxşı zövqünün olduğunu, dəbdən yaxşı baş çıxardığını bu sahənin tanınmışları da etiraf edirdilər. Qorbaçova İv San-Loran və Pyer Kardenlə də tanış idi. 

Karden onun haqqında belə demişdi: "Raisa Qorbaçova gözəl zövqü ilə seçilirdi. Lakin məncə, ona parlaq rəngli geyimlər daha çox yaraşırdı. Onun niyə belə geyinmədiyini bilmirəm. Bəlkə də rus cəmiyyətini qıcıqlandırmaq istəmir və ya parlaq tonlar seçməyə cəsarət etmirdi".

Deyilənə görə, Qorbaçovanın geyimləri sadə rus qadınlar arasında çox müzakirə olunurmuş. Onlar prezident xanımının Qorbaçovun maaşı yox, dövlətin pulları hesabına bu cür dəbdəbəli həyat sürdüyünü deyirdilər. Bəlkə də, Qorbaçovanın geyim seçimində xarici brendlərə üstünlük verməsini gizlətməsinin bir səbəbi də bu cür qınaqlar idi. 

Raisa Qorbaçova dəbli və eleqant görünüşünə görə tez-tez Nensi Reyqanla da müqayisə olunurdu.

Ölkədən kənarda Qorbaçova böyük maraqla qarşılanırdı. 1987-ci ildə Britaniyanın "Woman's Own" jurnalı onu "İlin qadını" seçmişdi. "Birlikdə sülh üçün" beynəlxalq fond  Qorbaçovanı "Qadınlar sülh üçün" mükafatı ilə təltif etmişdi. 1991-ci ildə isə Raisaya "İlin ledisi" mükafatı təqdim olunmuşdu.

Qorbaçova ictimai və xeyriyyə işlərində fəallıq edirdi. O, 80-ci illərdə Sovet Mədəniyyət Fondunu təsis etmişdi. Və qurumun mədəniyyət tədbirlərinin aktiv iştirakçısı idi.

Bu fond Andrey Rublyov adına Qədim Mədəniyyət və İncəsənət Muzeyinə, Şəxsi Kolleksiyalar Muzeyinə və bir çox muzeylərə yaxından dəstək verirdi. Həmçinin kilsələrin, qədim memarlıq nümunələrinin, kitabxanaların bərpası işlərində yaxından iştirak edirdi. 

Raisa Qorbaçova "Çernobl uşaqlarına yardım" Fondunun, qan xəstəliyi olan uşaqlara dəstək verən assosiasiyanın da işinə dəstək verirdi.


1991-ci ildə – baş verən məlum olayların təsiri altında psixoloji stress nəticəsində insult keçirən Qorbaçovanın səhhətində ciddi problemlər baş qaldırır. Onun görmə qabiliyyəti zəifləyir, danışıq qabiliyyətində ciddi problem yaranır.

Həmin ilin dekabrında – Mixail Qorbaçov prezident postundan gedəndən sonra Raisa həyat yoldaşına "Qorbaçov Fondu"nu təsis etməyə yardım edir. Fond sosial-iqtisadi, həmçinin politoloji araşdırmalarla məşğul olurdu. Raisa eyni zamanda istefadan sonra Qorbaçovun yazdığı kitablarda (6 kitab) faktların və rəqəmlərin nə dərəcə dəqiq yazıldığını yoxlayırdı. 

1997-ci ilin martında Raisa Qorbaçova "Raisa Maksimovna Klubu"nu təsis etdi. Klubda tanınmış elm və mədəniyyət xadimləri təmsil olunur, onlar sosial problemləri, qadınların müasir Rusiyada rolunu, müdafiyə ehtiyac duyan uşaqları müzakirə edirdilər. 

Qorbaçova həm də "Ümid edirəm ki…" avtobioqrafik kitabın müəllifidir. 

99-cu ilin 22 iyulunda həkimlər Raisa Qorbaçovada qan xəstəliyi – leykoz aşkar etdilər. O, bir müddət Almaniyadakı klinikada müalicə kursu keçdi. Həmin ilin 20 sentyabrında dünyasını dəyişdi. Və Moskvada dəfn olundu. 

99-cu ildə xanım Qorbaçovanın adı Santkt-Peterburqda yerləşən, uşaqlarda xərçəng xəstəliyi ilə mübarizə aparan xəstəxanaya verildi. 

2007-ci ildə dövlətin və biznesmen Aleksandr Lebedevin dəstəyi ilə Sankt-Peterburqda Raisa Qorbaçovanın adına Uşaq Hemotologiya İnstitutu yaradıldı.  

Qızı İrina Qorbaçova (1957-ci ildə anadan olub) da həkimlik fəaliyyətilə məşğuldur və "Qorbaçov Fondu"nun vitse-prezidentidir.

Ömrünün son illərində Raisa Qorbaçova "Ürəyimi ağrıdan səbəblər" kitabı üzərində işləyirdi. Lakin xəstəliyi və ölümü onu bu kitabını tamamlamağa imkan vermədi.

Raisa Qorbaçovaya münasibət bugünədək birmənalı deyil. Onu sevməyənlər və tənqidçiləri bunu belə əsaslandırırlar ki, Qorbaçovun bir sıra əhəmiyyətli məsələlərlə bağlı yanlış qərarlarının əsas ilhamvericisi məhz bu xanım olub…

Strateq.az