Vinay Kaura
"Middle East İnstitute" (Yaxın Şərq İnstitutu – ABŞ)
Türkiyə müştərək diplomatik və hərbi tərəfdaşlıqla, müharibə və məcburi köç girdabındakı Əfqanıstanda rolunu genişləndirməyə çalışır. Ankaranın Əfqanıstandakı maraqlarının miqyası son illərdə Türk xarici siyasətində dəyişikliyin ifadəsidir.
Regional liderlik istəyi ilə Türkiyə müxtəlif qonşu ölkələrdə gücünü genişləndirməyə çalışır. Afpak bölgəsi (Əfqanıstan-Pakistan) istisna deyil. Türkiyənin diplomatik təşəbbüsləri əsasən Kabil və İslamabad arasındakı ikitərəfli əlaqələri inkişaf etdirməyə yönəlib. Ankara bu vasitəçi rolda digər üçüncü tərəflər – vasitəçilər üzərində üstünlüklərə malikdir. Əsasən ortaq din-məzhəb və hər iki ölkə ilə yaxşı münasibətlərə görə.
2001-ci ildə ABŞ-ın “Taliban” rejiminə qarşı təşkil etdiyi hücum ölkədə yetərincə rəğbət doğurmasa da, Türkiyə NATO-ya üzv bir ölkə olaraq missiyaya qoşunla yardım edib və bugünədək Əfqanıstanda hərbi varlığını saxlayır.
Əfqanıstanda təhlükəsizlik qüvvələrinin təlimi ilə fəal şəkildə məşğul olmasına və beynəlxalq qüvvələrə maddi yardım göstərməsinə baxmayaraq, Vaşinqtonun təzyiqlərinə məhəl qoymayan türk ordusu birbaşa qarşıdurma əməliyyatlarından çəkinir və yalnız sülh quruculuğunda iştirak edir.
Bununla bərabər, sabiq xarici işlər naziri Hikmət Çətin 2003-cü ildə NATO-nun Əfqanıstandakı ilk yüksək səviyyəli nümayəndəsi təyin olunub. Digər türk diplomat İsmayıl Aramaz 2015-2016-cı illərdə Alyansın ən ali mülki nümayəndəsi vəzifəsini yerinə yetirib.
Türkiyə 2006-cı ilin noyabr ayında Vardakda – ilk, 2010-cu ilin iyulunda Covzan şəhərində – ikinci mülki yardım qurumunu yaradıb. Türkiyənin səylərilə Əfqanıstana yardım və yenidənqurma işləri çərçivəsində çox sayda məktəb və xəstəxana inşa və bərpa olunub, yüzlərlə tələbəyə təqaüd verilib, habelə yollar, körpülər salınıb.
Ankaranın Əfqanıstanda fəaliyyəti 2001-ci ildən etibarən əslində, NATO kontekstində olsa da, Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “Taliban” əleyhinə olan müharibə cəhdlərindən həmişə uzaqlaşmağa can atıb. Türk hökuməti hesab edir ki, “Taliban”ın barışıq elementlərini siyasi həll xəttinə gətirmək lazımdır, eləcə də Əfqanıstanla Pakistan arasındakı əməkdaşlığın gücləndirilmədən Əfqanıstan gündəmi doğrula bilməz. Ərdoğanın 2014-cü ildə Kabilə səfəri, mübahisəli Əfqanıstan prezident seçkilərini dəstəkləməsi Ankaranın strateji maraqları və Əfqanıstanda neytral mövqeyini təsdiqləyib.
Əfqanıstan prezidenti Əşrəf Qəninin 2015-ci ilin dekabrında Türkiyəyə səfəri zamanı Ərdoğan "Əfqanıstanın problemləri bizim problemlərimiz və müvəffəqiyyəti bizim müvəffəqiyyətimizdir" deyərək, Kabilin istəmədiyi müddətədək türk əsgərinin orada qalacağını söyləyib. Bu siyasi mövqe Türkiyənin Kabillə bağlı "tarixi məsuliyyət"i və özünü böyük regional güc kimi qəbul etməsi ilə təfsir edilə bilər.
Ankara Əfqanıstandakı siyasi hadisələrinə yaxından izləyir, bir sıra nüfuzlu siyasi şəxslər və qruplarla sıx əlaqələr qurur. Türkiyə Əfqanıstanın vitse-prezidenti olan Əbdürrəşid Dostumun – özbək komandanının çoxdankı patronudur. “Evdə cinayət törətdiyinə görə” Dostum bir müddət Türkiyədə "sürgün həyatı" yaşayıb və ya "siyasi sığınacaq" alıb. Bu məsələ Fəthullah Gülən ilə bağlı Əfqanıstan məktəblərini ələ keçirməyə istiqamətli bir sövdənin hissəsi kimi başa düşülür.
Əfqanıstanda NATO əməliyyatlarında iştirak etməklə yanaşı, Türkiyə Əfqanıstan-Pakistan arasında vasitəçilik edib. Bu çərçivədə Türkiyə bir sıra konfranslara ev sahibliyi, Əfqanıstan və Pakistan liderlərinə “Duran xətti”nə sadiq qalmanı təşviq edib.
BMT Baş Assambleyasının 2017-ci ilin sentyabrında Nyu-Yorkda keçirilmiş toplantısında Pakistanın baş naziri Şahid Abbasi və Ərdoğan Pakistan-Əfqanıstan-Türkiyə üçtərəfli prosesinin bərpası barədə razılığa gəliblər.
Tramp administrasiyasının Əfqanıstanla bağlı siyasətinin elan edilməsindən sonra, Amerika qəzəbindən xilas olmaq üçün Pakistan regional təbliğata başlayıb. ABŞ prezidenti tərəfindən sərt cəza almaqdan ehtiyatlanan İslamabad strateji dəstək axtarır və Türkiyə bu siyahıda birincidir. Pakistanın xarici işlər naziri Havaja Məhəmməd Asif Əfqanıstan məsələsində Çin, Rusiya, İran və Türkiyədəki vəzifədaşları ilə müzakirələr aparıb. Sentyabrın ikinci həftəsində Türkiyəyə etdiyi yüksək səviyyəli səfər də uğurlu diplomatik fəaliyyət sayılır.
Əfqanıstanın daxili işlərində Pakistanın çox vacib rolunu qəbul edən Ankara artıq İslamabadın Əfqanıstan münaqişəsinə hərbi həll yolu olmadığına dair mövqeyini paylaşır.
Türkiyə, Kabul-İslamabad əlaqələrində tərəfsizliyini iddia etsə də, Ankara üçün Pakistan bir köynək yaxın dövlətdir. Türkiyənin Pakistanla yaxşı əlaqələri Qərblə “soyuq müharibə” dövründə ABŞ düşərgəsinə əks olan müxtəlif ikitərəfli tədbirlərə təməl yaradır. O cümlədən hərbi təlimlərə. Hindistana səfəri zamanı da Ərdoğan Kəşmir məsələsində Pakistanın tərəfini tutub və Dehlini məyus edib.
Pakistan indi əfqan məsələsinin həllində Amerikanın təsirinə qarşı durmaq üçün Ankaranı Rusiya və İranı əhatə edən regional ittifaqa daxil etməyə tələsir. Əvvəllər “Taliban” həm Rusiya, həm də İrana ölümcül düşmən olduğu halda, indi onların arasında yeni körpü var. Son dövrlərdə Türkiyə hökuməti də “Taliban” rəhbərliyi ilə təmaslarını artırıb.
Türkiyənin “Taliban"ı ABŞ-ın dəstəklədiyi Əfqanıstan hökuməti ilə sülh danışıqlarına girməyə sövqetmə səyi uğursuz olsa da, başqa səbəblərə görə Ankara səylərini davam etdirir. Ərdoğanın Əfqanıstana artan diqqətinin səbəbi budur ki, Türkiyənin vasitəçiliyi ilə sülh razılaşması Ankaranın NATO-da siyasi nüfuz qazanmasına kömək edə bilər. Tramp administrasiyası “Taliban”la mübarizə aparmaq üçün qətiyyətini nümayiş etdirdiyinə görə, Türkiyə, ehtimal ki, Əfqanıstandakı fəaliyyətini daha da gücləndirəcək.
Tərcümə: Strateq.az