Sonuncu prezidentlik müddətinə hazırlaşan Vladimir Putin həm də, Kremldən gedəndən sonra siyasi xəttini davam etdirəcək "varis" arxtarışındadır. Bu axtarış indi yox, illər əvvəl kadr ehtiyatını formalaşdırarkən başlayıb. Və məqsədli şəkildə bir çox vəzifələrə Putin tərəfdarı olan keçmiş hərəkatçılar, gənc, prinsipsiz texnokratlar, yaxın dostların qohumları, tanışlar və həmkarlar gətirilib. Müşahidəçilərə görə, bu cür seçim hazırkı sistemi qoruyub saxlamaq üçün əsas vasitələrdən biridir.
Son bir neçə gündə Rusiya Federasiyasının dörd regionunun rəhbəri istefaya qərar verib. Samara və Nijeqorod vilayətlərinin, həmçinin Krasnoyarskın və Dağıstanın.
Strateq.az xarici mətbuata istinadən regionlardakı iri və yaşlı məmurlar arasında "yarpaq tökümünün" gerçək səbəblərinə, bunun Putinin məlum planının tərkib hissəsi olub-olmadığına aydınlıq gətirməyə çalışacaq.
Ramazan Abdulatipov
Sentyabrın 27-də Dağıstan respublikasının prezidenti Ramazan Abdulatipov istefa verdiyini açıqladı. O, bir həftə ərzində analoji qərarı verən dördüncü rəhbər şəxs idi. Cəmi bir neçə gün əvvəl Krasnoyarskın rəhbəri Viktor Tolokonskiy, Samaranın qubernatoru Nikolay Merkuşkin, Nijeqorodun rəhbəri Valeri Şantsev də istefa ərizəsi yazmışdı.
Deyilənlərə görə, yaxın günlərdə daha bir regionun – Nenest muxtar dairəsinin qubernatoru İqor Koşin də postunu tərk edəcək.
Ekspertlər deyir ki, Kreml məhz o məmurlar arasında "təmizləmə" aparır ki, onların Putinin yaxın ətrafında dəstəyi yoxdur. Yəni əsas səbəb həmin şəxslərin elitada dayağının olmamasıdır.
Politoloq Yevgeni Minçenkonun sözlərinə görə, Samaranın qubernatoru Merkuşkin ilk başlarda Vyaçeslav Volodinin (Rusiya Dövlət Dumasının sədri) adamı kimi tanınırdı. Lakin sonradan tərəflər arasında münaqişə yarandı: "Volodinin qubernatorun gedişinin Samara üçün xeyirli olacağını deməsi heç də təsadüf deyildi".
Vyaçeslav Volodin
Politoloq Rostislav Turovskiyə görə, diqqətçəkən məqamlardan biri postunu itirən məmurların federal səviyyədə dayaqlarının olmamasıdırsa, bir vacib məqam da onların yaşı ilə bağlıdır: "İstefa verən region rəhbərləri hakimiyyətə çoxdan gəliblər. Onların vaxtında federal səviyyədə güc sahibi fərqli adamlar idi. Və sonradan yeni situasiyaya uyğunlaşmaq üçün onlar özlərinə yeni himayədar tapa bilmədilər".
Ortada başqa faktorlar da var. Məsələn, Kremlə yaxın mənbələrdən bildiriblər ki, Rusiya Prezident Administrasiyasında region rəhbərlərinin yeni səmərəlilik kriteriyaları işlənib hazırlanıb. Bu kriteriyalar arasında iqtiasadi vəziyyətin dinamikası, elektoral reytinqlər, elitada münaqişələr və korrupsiya skandalları kimi məqamlar yer alıb.
İddialara görə, Abdulatipovun istefası da onun qaneedici olmayan idarəetməsi ilə bağlıdır. Hakimiyyətə yaxın mənbə bildirib ki, Dağıstan rəhbərinin reytinqinin aşağı olması, rəhbəri olduğu regionda çoxsaylı münaqişələr və korrupsiya qalmaqaları onun istefasını labüd edib.
Samara rəhbərliyinə gəlincə, onun regional elita ilə və "Rostex" dövlət şirkəti ilə problemlər yaşadığı və vəzifəsini itirməsində bu iki amilin böyük rol oynadığı bildirilir.
"Karneqi" mərkəzinin rəhbəri Andrey Kolesnikov deyir ki, yeni regional liderlərin təyinatı zamanı qarşıdan gələn 2018-ci il prezident seçkiləri ciddi nəzərə alınacaq: "Bu seçkini yüksək səviyyədə keçirmək istəyirlər. Putinə seçki kampaniyası müddətində regionlarda sakitliyin hökm sürməsi lazımdır. Kreml rəhbəri 2018-ə komanda hazırlayır. Bu komanda da yalnız yeni federal məmurlardan və yeni region liderlərindən ibarət olmalıdır".
Adətən Rusiyada qubernatorlar eyni sxem üzrə "yola salınır". "Qara siyahıda" olan rəhbər Kremlə dəvət olunur. Sonra həmin şəxsin səlahiyyətlərinə son verilməsinə dair sərəncam verilir.
Lakin bu dəfə bir qədər fərqli oldu. Tolokonskiy və Abdulatipov sərəncamı gözləmədən səlahiyyətlərinə son verdiklərini elan etdilər. Bu da öz-özlüyündə oturuşmuş "ənənədən" kənara çıxmaq idi.
Politoloq Mixail Vinoqradov deyir ki, bu mənada, oyun qaydaları pozulmuş olub və istefa ssenarisində dəyişiklik baş verib.
Ekspertlər hesab edir ki, qubernatorların kütləvi istefası mərkəzi hakimiyyətin işinə yarayır. Bu halda nəhəng informasiya dalğası yaranır və Kremlin işinə diqqət yönəlir.
İstefaya göndərilən yerli məmurların yerinə hələ ki iki təyinat olub. Onlardan biri Samara vilayətinə göndərilən Dmitri Azarov, digəri Nijeqoroda təyin edilən Qleb Nikitindir. Maraqlıdır ki, Azarov keçmiş senator, Nikitin isə sənaye nazirinin keçmiş müavini olub.
Ekspertlərə görə, onların təyinatı Kremlə yaxın qüvvələr arasında rəqabətin tərkib hissəsidir. Belə ki, o qüvvələrin hər biri öz kadrını yerləşdirməyə çalışıb. Ehtimal olunur ki, onlar bölgədə çox qalmayacaq və yenidən mərkəzi hakimiyyətdə vəzifə alacaqlar. Gənc texnokratlar geriyə regionla bağlı böyük təcrübə toplamış kadr kimi qayıdacaqlar ki, bu da onları qabağa verən qüvvələrin maraqlarına cavab verir.
Dağıstan rəhbərliyinə real namizəd kimi "Rosqvardiya"nın direktor müavini Sergey Melikovun adı çəkilir. Koşini isə energetika nazirinin müavini Kiril Molodsovun əvəzləyəcəyi proqnozlaşdırılır.
Məlumatlı mənbə "təmizləmə əməliyyatı" çərçivəsində 10-a yaxın region rəhbərinin işdən azad ediləcəyini bildirib. Yeri gəlmişkən, qubernator korpusundakı son belə dalğada (ilin əvvəlində) 7 region rəhbəri postundan kənarlaşdırılmışdı.
Deyilənlərə görə, vəzifəsini itirənlər ancaq yaşlı qubernatorlar olmayacaq. Özünü doğrultmayan, rəhbərlik etdiyi regionda iqtisadi göstəricilər zəif olan, mərkəzi hakimiyyətdən tez-tez maliyyə vəsaiti istəyən, inzibati resurslardan səmərəsiz istifadə edən gənc kadrlar da yola salınacaq.
Strateq.az