XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

30 Sentyabr 2017 - 12:11

“Yeni Sədabad Paktı”:Kürdüstana qarşı Türkiyə-İran-İraq ittifaqı qurulacaqmı? - TƏHLİL

Fehim Taştekin

“Al-Monitor” (ABŞ)

 

25 Sentyabr referendumu Türkiyəni dünənə qədər “fars şovinizmi"ndə ittihamladığı İran və məzhəbçi siyasət yürütməkdə tənqid etdiyi İraqla ortaq cəbhə yaratmağa sövq edib. Separatçılıq sindromundan doğulan bu tərəfdaşlıq türk mediasında “Yeni Sədəbad Paktı” adı alıb.

1937-ci ildə Tehranda Türkiyə, İran, İraq və Əfqanıstan arasında imzalanan Sədabad Paktı bir-birinə hücum etməmə, bir-birinin maraqlarını zədələməmə, daxili işlərinə qarışmama, ortaq sərhədləri qoruma və öz sərhədləri içində o birinin bütövlüyünü təhdid edən təşkilatların fəaliyyətinə icazə verməməni nəzərdə tuturdu.

Prezident Rəcəb Tayyib Ərdoğanın türk əsgərinin Başika bazasında yerləşdirilməsinə görə “atışdığı” və nəhayət, "Sən mənim kalibrimdə deyilsən" deyərək təhqir etdiyi İraq baş naziri Heydər İbadi indi Kürdüstana qarşı Ankaranın bir nömrəli tərəfdaşı olub. Türk Silahlı Qüvvələrinin (TSK) Habur sərhəd keçidində başladığı hərbi manevrlərə simvolik olaraq İraq əsgərləri də qatılıb. Hətta tanklarda iki ölkənin bayraqları dalğalanır.

Ərdoğanın "Sanksiylarımızı tətbiq edincə, ortada qalacaqsan. Bağlantı zamanı bitdi. “TIR”lar Şimali İraqda işləmir və ərzaq, geyim tapa bilmirlər. O zaman bunlara İsrail haradan, nəyi, necə göndərəcək?" sözləriylə dilə gətirdiyi aç qoyma təhdidi də türk mediasında böyük şövqlə təqdim edilib.

Türkiyə yeni Sədabad ruhuna qatqısını, Bağdadın qərarına istinadən, Ərbil və Süleymaniyyəyə uçuşları dayandıraraq, sərhədləri bağlama kartı ilə göstərib, Bərzani rəhbərliyi ilə ünsiyyəti kəsib, Kürdüstan Demokrat Partiyasının (KDP) nümayəndəsinə “Ankaraya gəlmə!” deyərək, “Rudaw TV”, “K24 TV” və TÜRKSAT peykindən olan “Waar TV” da qapadıb.

Bağdadı saymayaraq Bərzani rəhbərliyi ilə 50 illik neft müqaviləsi imzalamış Türkiyə hökuməti, bundan belə xam neft ixracatında İraq hökumətinin həmsöhbət alınacağı sözünü də verib. Sanksiya siyasətinə hərbi müdaxilənin olub-olmayacağı müzakirə edilərkən xarici işlər naziri Mövlud Çavuşoğlu bunun üçün iki şərti dilə gətirib: İraqdan tələbin gəlməsi və türkmənlərin təhdid olunması.

Bütün bu tədbirlər, ya da təhdidlər İran və İraqla ortaqlığa “Yeni Sədabad Paktı” deyilməsini haqlı çıxardacaq qədər möhkəmdirmı?

Keçmişə və mövcud şərtlərə baxaraq üç ölkənin yoldaşlığı sona qədər davam etdirməsinin çətin olduğunu söyləmək mümkündür.

Gərginliyi artıran amillər kimi, əyləc mexanizmləri olacaq amillər var.

Birincisi, ərəb üsyanları dövründə Türkiyə bir çox qonşusu ilə davalı halında ikən, İraq Kürdüstanı yeganə sakit qonşu və açıq bazar kimi əhəmiyyətini qoruyub. Türkiyənin 4 mindən çox şirkəti bu bölgədə fəaliyyət göstərir. Nəticədə, iqtisadi embarqo yalnız Kürdüstanda deyil, Türkiyədə çox sayda insanın işində əks olunacaq. Buna görə iqtisadiyyat naziri Nihat Zeybekci bu ifadələri dilə gətirib: "İqtisadi embarqo təhlükəli ritorikadır”. Amma, əlbəttə, son söz Ərdoğanındır.

İkincisi, İran və Türkiyənin regional rəqabəti bir nöqtədən sonra Kürdüstanda da əksini tapa bilər. 2011-ci ildə İran və Türkiyə "ortaq düşmən" olan PKK-ya qarşı ümumi cəbhə xəttini açmaq üçün qarşılıqlı razılığa gəlib. Tehran PKK-nın İran qanadı PJAK-a qarşı əməliyyata başlayarkən Türkiyə sülh prosesinə girişmişdi. Odur ki, İran Baş Qərargahının başçısı Məhəmməd Baqirinin avqust ayında Ankaraya etdiyi tarixi səfərdə PKK-ya qarşı ortaq əməliyyata dair xəbərlər Tehrandan dərhal təkzib olunub. İraq Kürdüstanının PKK-nı "iş ortağı" olaraq qəbul edildiyi də nəzərə alınmalıdır.

Digər tərəfdən İran sərhədinə yaxın bölgələrdə – İran malları, Türkiyə sərhədinə yaxın bölgələrdə isə türk malları bazara hakimdir. İki ölkə arasında bu rəqabət tərəfdaşlığı davamlı edə bilər. Amma Türkiyə və İranın regional rəqabəti boşluq doldurma taktikası ilə formalaşıb. İraq səhnəsində Türkiyə, Kürdüstanda İranı sakitləşdirmək üçün təsir imkanına malikdir. Türkiyə KDP ilə işləyirdi, İran isə Kürdistan Vətənpərvərlər İttifaqı (KVİ) ilə birlikdə çalışır. Bu balans kürdlərə iki qonşu arasında manevr imkanı yaradıb.

Kürdüstanın düşmən kimi görülməsi, İsrail kimi bölgədə istənməyən aktyorlara meydan verə bilər və bu, İran və Türkiyənin sonuna qədər barmaqarası baxacağı nəticə deyil.

Digər bir amil PKK-nın bu bölgədə genişlənmə potensialıdır. Rojavadaki demokratik muxtariyyət modeli və Şenqalda izidilərə olan mövqeyilə PKK, İraq Kürdüstanında zəmin tapma şansı əldə edib. Tayfa və ailə bağlarına söykənən ənənəvi siyasət, güc tarazlıqları və siyasi seçimlər təyinatında köhnə vərdişlər PKK-nın kütləviləşməsinə imkan verməsə də, Bərzani rəhbərliyinin blokada və sanksiyalarla zəiflədilməsi vəziyyəti dəyişdirə bilər.

PKK-nın son zamanlarda Kərkükdə səssizcə quruluşlanması, ehtimalla, Ankarada qalın xətlərlə dəftərə qeyd olunub. “Al-Monitor”a danışan kərküklü qaynaqlar PKK varlığının 300-500 adamla məhdud olduğunu, amma mümkün simpatiya şəbəkəsinin genişlənəcəyimə işarə edib.

İraqla əməkdaşlıq isə həssas bir zəmində qurulub. Son iki il ərzində iki ölkə arasında dərin inam böhranı baş verib. İraqlılar Türkiyənin Mosulun süqut etdiyi dövrdə İŞİD-ə dəstək  olduğuna və sünni kartına oynadığına inanır. Kürdüstanla birtərəfli neft müqaviləsi, bütün israrlara baxmayaraq, türk əsgərinin Başika bazasında qalması, Ərdoğanın Mosula şiə güclərin girməsinə etirazı və “Haşdi-Şəabi”yə qarşı sərt sözləri iraqlıların Türkiyə ilə əlaqədar düşüncələrinə çox mənfi təsir edib.

Türkiyə İraq hökumətini məzhəbçi davranışda suçlayarkən bu gərginlikdən İranın Bağdad üzərindəki təsirinə də deyinib. Etibarsızlıq sahələri daraldılmadan Ankara-Bağdad xəttinin problemsiz bir zəminə qovuşması çətindir.

ABŞ referendumun İraqda 2018-ci ildə keçiriləcək seçkilərədək təxirə salınmasını istəyirdi. Bərzaninin Türkiyə, İran və İraq təhdidini hiss etməsi ABŞ-ın da razılıq göstərdiyi bir vəziyyət ola bilər. Amma bu, ABŞ-ın Kürdüstanın qoruma və gözləmə siyasətindən imtina mənasını vermir. Heç kim ABŞ-ın Kürdüstanın dağılacağı hərəkətlərə icazə verməcəyini gözləmir.

Kürdüstanla enerji sahəsində iş birliyi razılaşmaları edərək oyuna girən Rusiyanın Ankara və Tehranla namünasib mövqeyi də İran və Türkiyənin bir daha nəzərdən keçirməli olduğu amildir.

Lakin bütün bu gərginliyi artıran, ya da əyləc mexanizmləri baxmayaraq, "müstəqil Kürdüstan" layihəsinə qarşı İran və Türkiyənin hirsi də önümüzdəki müddətdə nələrin ola biləcəyini anlamağı çətinləşdirir. Referendumla ciddi bir risk alsa da, Bərzaninin irəli bir addım atmadan qonşuların hirsini yatırmağa istiqamətli səy göstərəcəyi şəksizdir.

 

Tərcümə: Strateq.az