XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2017 - 09:00

ABŞ “5+1” sazişindən çıxarsa… –İRAN İKİNCİ ŞİMALİ KOREYA OLMAQ İSTƏMİR - TƏHLİL

İsmayıl Sarı

"Anadolu News Agency" (Türkiyə)

 

Oktyabrın 15-də Tramp İranla nüvə sazişinin təsdiqlənməsinə dair qərar verəcək. Daha əvvəl iki dəfə könülsüz şəkildə müqaviləni təsdiqləsə də, bu səfər o, müqaviləni ratifikasiya etmədən qərarı Konqresin ixtiyarına verə bilər. Bu halda, yeni bir böhranın ortaya çıxması mümkündür.

İran, ABŞ-ın razılaşmadan çəkilməsi halında, digər tərəflərlə müqaviləni davam etdirəcəyini açıqlasa da, belə bir vəziyyətin davamlı olmaması ehtimalı var. Çünki müqavilə “5+1” ölkələri ilə İran arasında imzalansa da, anlaşmanın gerçək tərəfləri ABŞ və İrandır.

ABŞ-ın baxımından sazişin daşıdığı məzmundan daha böyük mənası var. Sənədin tarixi xüsusiyyəti yalnız nüvə tərki-silahı yolunda atılan əhəmiyyətli bir addım olmasında deyil. ABŞ administrasiyası Obama dövründə bu razılaşma ilə İranla ortaq mənfəət çərçivəsində Yaxın Şərqdə məhdud iş birliyinə girmiş və İranın bölgədə daha təsirli bir rol oynamasının – xüsusilə sünni dövlətlərə və qruplara qarşı tarazlıq ünsürü olaraq – önünü açmışdı.

Obama rəhbərliyi bölgədəki ənənəvi müttəfiqləri ilə münasibətləri korlamaq bahasına İranın siyasətinə yaxınlaşmış və başda İraq, Suriya və Yəmən olmaqla, İranın regional müdaxilələrini asanlaşdırmış və bu, razılaşmanın verdiyi psixoloji güvən sayəsində olmuşdu.

Tramp dövründə ABŞ-ın bu siyasəti tamamlanıb. Yeni ABŞ prezidenti dövründə razılaşma qüvvədə qalsa da, İranın fərqli səbəblərlə embarqo altında tutulacağı, sanksiya siyasətinin tətbiq ediləcəyini söyləmək asandır. Müqavilənin tamamilə ləğv edilməsi seçimi də mümkündür.

Əlbəttə, belə bir vəziyyətdə razılaşmanın İran tərəfdən pozulduğuna dair konkret dəlil yox ikən, ABŞ-ın razılaşmadan çəkilməsi alınan qərarın siyasi olduğuna dair müzakirələr doğuracaq. Ancaq ABŞ, Buş dövründə İraq nümunəsində olduğu kimi, bir sıra kəşfiyyat məlumatlarına istinad edə bilər. Lakin bu, ABŞ və digər tərəflər arasındakı ayrılığı aradan qaldırsa da, yenə də İraqda olduğu kimi, Almaniya və Fransanın Birləşmiş Ştatlara qarşı fərqli mövqe tutma ehtimalı var. ABŞ-ın bu məqamda İranın ballistik raket proqramını inkişafına istinad etməsi və bunun da Aİ ilə ABŞ-ı bir-birinə yaxınlaşdırması mümkündür.

İranın ballistik raket sınaqlarının, ABŞ kimi, Aİ tərəfindən də mənfi qarşılandığı açıq-aydındır. Bilindiyi kimi, “5+1” çərçivəsində İranla raket proqramı müzakirə olunmamışdı. Buna görə də, İran ballistik raket proqramının nüvə razılaşmanın bir hissəsi olmadığını söyləyir və bunun öz müdafiə haqqı çərçivəsində qiymətləndirilməsini istəyir.

2015-ci il iyulun 20-də qəbul edilən və İrana dair "nüvə başlığı daşıma imkanına malik raketlərlə bağlı" BMT Təhlükəsizlik Şurasının 2231 saylı qərarı xatırladıldıqda isə İran tərəfindən, sınanan ballistik raketlərin nüvə başlığı daşıma imkanının olmadığı bildirilir.

Bütün tənqidlərə baxmayaraq, İran ballistik raket proqramının müdafiə xarakterli olduğunu xatırladır. Lakin Trampın Səudiyyə Ərəbistanına səfəri sonrası silah satışı Körfəzdə böyük silahlanma yarışının başladığı göstərir. Bu halda İranın bölgədəki durumuna uyğun olaraq şərti silahlara yönəldiyi düşünülə bilər. Ancaq İranın ballistik raketləri inkişaf etdirməsi, nüvə silahı istehsalını davam etdirməsi kimi də şərh oluna bilər. Bu baxımdan İranın raket proqramının həm müdafiə, həm də hücum məqsədli olub-olmamasını – İranın gerçək niyyətini bilmək mümkün deyil.

ABŞ-ın İranla nüvə razılaşmasından çəkilməsi və razılaşmanın iflası ən pis ssenari kimi düşünülə bilər. Belə bir vəziyyətdə İranın da nüvə proqramına qaldığı yerdən davam edib-etməyəcəyi, ya da Aİ, Rusiya və Çinlə razılaşaraq mülayim siyasət təqib edib-etməyəcəyini indidən söyləmək olmur.

Nəticədə, ABŞ nüvə razılaşmasının davamı, ya da fərqli yollarla İranın nüvə silahına sahib olmaması üçün əlindən gələni edəcək. Ancaq “nüvə silahı sahibi olan” İranın yaxın və ya uzaq dövrdə Amerika və İsrailin təhlükəsizliyinə təhdid olmadığı da açıqdır. Neorealizmin öncül nəzəriyyəçilərindən olan Kennet Valtzın ifadə etdiyi kimi, əslində nüvə silahı düşmən tərəflərdən birində yoxdursa, bu təhlükəlidir. Bu vəziyyətdə İranın problemli əlaqələrə sahib olduğu ABŞ və İsrailə qarşı hücumdan çox daşındırıcı ünsürə sahib, müdafiə məqsədli belə bir texnologiyanı istədiyini söyləmək mümkündür. İranın nüvə silahına sahib olmağı ABŞ-ın İran üzərindəki təzyiqini və hücum təhlükəsini azaldacaq element hesab olunur.

Bununla belə, “5+1” müqaviləsinin ləğv edilməsi halında, İranın, Şimali Koreya kimi, nüvə silahı testlərini davam etdirəcəyi ehtimalı qeyri-mümkündür. Çünki İran ikinci Şimali Koreya olmaq istəmir. Ancaq İranın nüvə silahına sahib olması iddiası, xüsusilə Körfəz və ümumən bölgədə qeyri-ənənəvi silahlara sahib olma yarışı doğuracaq. Belə bir yarışın regional və qlobal miqyasda yeni böhranlar yarada biləcəyi aydındır.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə