XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2017 - 18:51

QIRĞIZ PREZİDENTİN DİNDAR VARİSİ… –15 oktyabr seçkiləri ərəbləri Qırğızıstanda gücləndirə bilər - TƏHLİL

Mərkəzi Asiyadakı proseslərə təsir və onların inkişaf istiqamətlərinin müəyyən etmək baxımından oktyabrın 15-də Qırğızıstanda keçiriləcək prezident seçkiləri – hakimiyyətə kimin gələcəyi məsələsi hazırda siyasi təhlilçilərin ən çox diqqətdə saxladığı hadisələrdəndir.

Strateq.az dünən bu seçkilərin əsas favoriti sayılan iki namizəddən biri – Omurbek Babanov haqda tanıtım xarakterli material təqdim edib: "Qırğızıstanda prezidentlik qovğası – Ayaqüstə ölümü dizüstə yaşamaqdan üstün sayan 47 yaşlı neft taciri qalib gələ biləcəkmi?" (http://strateq.az/siyaset/202334/qirgizistanda-prezidentlik-qovgasi.html)

Bu günsə oktyabrın 15-də Qırğızıstanda keçiriləcək prezident seçkilərində qalib gəlmə ehtimalı yüksək olan və hazırki prezident Almazbek Atambayevin varisi sayılan digər əsas namizəd – Sooronbay Jeenbekov haqda məlumat verəcəyik…

***

Sooronbay Jeenbekov 1958-ci il noyabrın 16-da Qırğızıstan SSR Oş vilayətinin Kara-Kulca kəndində doğulub. İlk iş yeri Uzgen rayonunda Lenin adına məktəb olub, 18 il rus dili və ədəbiyyatını tədris edib.

1983-cü ildən beş ilə yaxın Oş vilayəti Sovet rayonunun “Sovet” sovxozunun baş zootexniki olub.

80-ci illərin sonunda həmin rayonun partiya komitəsinə təlimatçı kimi işə düzəlib və iki ildə partiya komitəsinin direktoru vəzifəsinə qədər yüksəlib.

 

Qırğızıstan Sosial-Demokrat Partiyası və Atambayevlə əməkdaşlıq

 

Sooronbay Jeenbekov 1993-cü ildən kolxozda işlərkən parlament seçkilərində namizədliyini irəli sürüb və  1995-ci ildə birinci çağırış Joqorku Keneşin (qırğızca: Ali Sovet-red.) deputatı olub. Onun indiki prezident Almazbek Atambayevlə və onun Sosial-Demokratlar Partiyası (QSDP) ilə sıx əməkdaşlığı da məhz bu vaxtdan başlanıb. Jeenbekov 1996-cı ildə QSDP  fraksiyası tərəfindən əvvəlcə Joqorku Keneşin aqrar məsələlər üzrə komitə sədri müavini, sonra isə sədrliyə irəli sürülüb.

Qırğızıstanda elə bu vaxt torpaq islahatarı başlanıb və Jeenbekov həmkarları ilə birlikdə yeni Torpaq Məcəlləsi layihəsi üzərində işləyib. Sonradan – 2000-ci ildə parlamentin vitse-spikerliyinə irəli sürülüb. QSDP deputatları bundan sonra prezident Əskər Akayevə qarşı çıxış etməyə başlayıblar.

Sooronbay Jeenbekov 2005-ci ildə üçüncü dəfə parlamentə keçib və bir ildən sonra aqrar komitəyə başçılıq edib. İki ildən sonra Qırğızıstan kənd təsərrüfatı, su təsərrüfatı və emal sənayesi naziri təyin edilib.

Yeni konstitusiyann qəbuluna görə, təyinatdan yarım il sonra istefa verib. 2010-cu il aprel inqilabından sonra Oş vilayəti qubernatoru vəzifəsini icra edən, sonra isə qubernatoru təyin edilib.

2012-ci il avqustun 16-da baş nazir Omurbek Babanovun sərəncamı ilə hökumətin Oş vilayətində səlahiyyətli təmsilçisi təyin olunub və bu vəzifədə üç il çalışıb.

Prezident Atambayev Jeenbekovun andını qəbul edir

 

Atambayev 2015-ci ilin dekabrında Jeenbekovu Dövlət Kadr Xidmətinin rəhbəri təyin edib, məmur bir ildən sonra isə Prezident Administrasiyası başçısının müavini postunu tutub. Jeenbekov bir neçə aydan sonra Qırğızıstanın baş naziri seçilib.

Jeenbekov prezident seçkilərinə qatılmaq üçün 2017-ci il avqustun 21-də Nazirlər Kabineti başçsı vəzifəsini tərk edib.

Hazırda QSDP-dan dövlət başıcı postuna namizəddir. Hakim partiyanın Siyasi Şurası onu dəstəkləyib.

 

Hakimiyyət namizədinin dini dairələrlə əlaqəsi haqda söz-söhbət və ya parlamentin namaz qərarı…

 

Qırğızıstan Sosial-Demokrat Partiyası Sooronbay Jeenbekovu prerzidentliyə namizəd kimi irəli sürəndən sonra onun Fars körfəzi ölkələri ilə sıx təması haqda şayiələr kəsilmir. Həm də bir sıra hallarda bu dedi-qodu Jeenbekovun ünvanına konkret ittihamlara çevrilir və bəzi müşahidəçilərin fikrincə, o, xaricdəki radikal islamçı qurumlarla güclü əlaqədədir.

Hesab olunur ki, Jeenbekov indiki prezidentin kursunu davam etdirəcək. Amma başqa bir sual doğur: səsverməni udsa, hansı dini siyasəti yürüdəcək? Məsələn, prezident Atambayev kimi hər addımda “Kayran elim, kayda baratabız?” (qırğızca: "Zavallı xalqım, biz hara yuvarlanırıq?"-red.) yazılmış şüarlar asdıracaq?

Jeenbekov bayram namazında

 

Bu günlərdə “24.kg” resursu “Soçi səfəri. Kremlə yenidən izah edirlər ki, varisin nəyi yaxşıdır?” məqaləsində prezident Atambayevin rusiyalı həmkarı ilə görüşmək üçün Soçiyə səfərindən yazıb: “Moskva Qırğızıstan tərəfinə eyham vurub ki, Qırğızıstan və Rusiya xüsusi xidmətlərinin Jeenbekovun və qardaşlarının radikal ərəb təşkilatları ilə sıx əlaqələri haqda məlumatları onları narahat edir. O cümlədən RF-də terrorçu təşkilat kimi tanınmış “İctimai islahatlar cəmiyyəti” ərəb qurumu ilə…”

Qeyd edək ki, Jeenbekov bu yazıya görə portalı məhkəməyə verib.

Son aylarda Qırğızıstanın başqa KİV-lərində də onun Fars körfəzi monarxiyalarının işgüzar dairələri ilə isti münasibəti, guya, “şəriət üzrə yaşayış”ın ayrı-ayrı elementlərini Qırğızıstan gerçəkliyinə gətirdiyi haqda çox yazır. Rusiya politoloqu Arkadi Dubnov “Kommersant”a bildirib ki, baş nazirin (Jeenebekovun-red.) təşəbbüsü ilə hökumət divarları arasında namaz praktikası yayılıb: “Jeenbekovun baş nazir işlədiyi bir ildə namaz qılınması praktikası, az qala, hökumət binasına yayılıb. Hesab olunur ki, bu, məhz kabinet başçısının təşəbbüsüdür. Eyni zamanda ölkənin güneyində islamın radikal formalarına maraq çoxalır”.

Çox ehtimal ki, Dubnov hökuməti deyil, parlamenti nəzərdə tutur, çünki deputatlar məhz Joqorku Keneşdə (qırğızca: Ali Sovet-red.) namazxana açmaq haqda qərar alıblar.  

 

Ərəb barmağı?

 

Qırğızıstan və xüsusən də Rusiya KİV-ləri yazır ki, Atambayevin varisi dindardır və ərəb dünyası ilə əlaqələri var. Yazılanlara görə, Jeenbekovun doğma qardaşı Jusupbek Şaripov son illərdə Səudiyyə Ərəbistanında Qırğızıstanın maraqlarını təmsil edir və Qətərlə münasibətlərin möhkəmlənməsinin təşəbbüskarlarından biridir.  

Respublika Söz Azadlığı Komitəsinin rəhbəri Adil Turdukulov fergananews-a bildirib ki, Jeenbekova əsas suallar hakimiyyətə gələrsə, “ölkənin mümkün radikallaşması” üzündən doğur. Onun dediyinə görə, QSDP-dan prezidentliyə namizədin qardaşının uzun müddət səfir postunda qalması buna işarədir ki, qəbul edən tərəf ondan məmnundur.

Turdukulov daha bir məqamı vurğulayıb: “Onlar (Jeenbekov və qardaşları) respublikanın cənubunda doğulublar. İŞİD-ə gedən əsas canlı qüvvə axını isə cənub bölgələrindən keçir”.

Yerli müşahidəçiləri bu baxımdan narahat edən daha bir çalar: sentyabrın 20-də sosial şəbəkələrdə keçmiş müfti Çubak ajı (qırğızca: hacı-red.) Jalilovun çıxışı ilə bir video yayılıb. O, prezidentliyə namizəd Sooronbay Jeenbekovun üstünlükləri və seçiləcəyi halda respublikaya hansı faydalar gətirəcəyindən danışıb.

Qeyd edək ki, Çubak ajı Qırğızıstanda ən nüfuzlu vaizlərdən biridir…

Beləliklə, Qırğızıstanda prezident qovğasının hər iki əsas namizədi haqda mümkün qədər yığcam məlumat təqdim etdik. Oxucularımıza və bizə qalan isə qardaş türk dövlətinə Tanrıdan uğurlama arzulamaqdır…

Strateq.az    




Yuxarı Əvvələ Ana Səhifə