XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2017 - 20:40

SABİQ İRAN PREZİDENTİNİN MÜƏMMALI SİYASİ GƏLƏCƏYİ… –Mərhum qardaşının belə poza bilmədiyi ittifaq zəifləyir - TƏHLİL

Əziz Rzazadə

Strateq.az

 

İranın sabiq prezident Mahmud Əhmədinejad ara-sıra kölgəyə çəkilsə də, gündəmən düşməyən siyasi aktyordur. Boy-buxunu (bəstəboy, qarabuğdayı, xırdagöz) və üzündəki təbəssümlə o, sanki, bütün ölkəyə meydan oxuyur və ictimai fikrə ismarış verir: “Məni unutmaq imkanını sizə əsla verməyəcəyəm!”

Bəzi müşahidəçilərin fikrincə, Keşikçilər Şurasının qərarı ilə 19 May seçkilərinə buraxılmayan sabiq prezidentin mühafizəkar namizəd İbrahim Rəisidən daha güclü namizəd olma ehtimalı yüksək idi. Amma mübahisəli olsa da, hakimiyyət zirvəsinə üçüncü qayıdış baş tutmayandan sonra da Əhmədinejadın bir müddət yaddan çıxma şansı çılpaq həqiqətdir.

Seçkisonrası istər prinsipçiləri, istərsə də islahatçıları sərt tənqid edən Əhmədinejadın tərəfdarları ciddi şəkildə seyrəlib. Ətrafında yalnız iki sadiq adam qalıb: sabiq vitse-prezidenti, qudası İsfəndiyar Rəhim Məşayi və namizədliyini dəstəklədiyi məsləhətçisi Həmid Bəqayi.

Üçlük – Məşayi, Əhmədinejad, Bəqayi 

 

Əhmədinejad kimi, may ayında keçirilən seçkilərə buraxılmayan Bəqayinin karyerasında qara bir ləkə vardı. 2015-ci ilin iyun ayında həbs olunan və müəmmalı şəkildə azadlığa çıxan Bəqayi bu il, iyulun 9-da bir daha saxlanılıb.

Məhkəmə sözçüsü Qulamhüseyn Möhsüni Ejei iyulun 16-da ona qarşı irəli sürülən bəzi ittihamları, o cümlədən hökumət müqavilələri üzrə mənimsəmə faktlarını açıqlayıb. Ejei əlavə edib: "Şübhəlinin sərəncamında olmuş 2 milyon avronun aqibəti bilinmir".

Əhmədinejad, təbii ki, Bəqayinin həbsinə kəskin təpki göstərib. İttihamların elan edildiyindən üç gün sonra – iyulun 19-da yaydığı bəyanatda o, Bəqayiyə qarşı bütün suçların əsassız olduğunu qeyd edib.

Bəqai iyulun 26-da girov müqabilində azad edilib. Həm də Əhmədinejad tərəfdarlarının topladığı ictimai ianələr hesabına.

Yaxın tərəfdaşı sərbəst buraxıldıqdan sonra Əhmədinejad, Məşayi də daxil olmaqla, düşərgəsindəki digər şəxslər kimi, məhkəmə hakimiyyətini kəskin tənqidə məruz qoyub.

Bunun ardınca sabiq prezident və tərəfdaşları ilə bağlı başqa qalmaqal qopub. Söhbət 2013-cü ilin avqustunda, yəni rəsmi olaraq vəzifədən uzaqlaşdıqdan sonra 16 milyard tümən (təxminən 4,8 milyon dollar) vəsaitin Əhmədinejad və Bəqayiyə məxsus İran Universitetinin hesabına köçürülməsindən gedir.

Prinsipçi siyasi analitik Naser İmaninin fikrincə, Əhmədinejad və onun tərəfdaşları getdikcə daha çox təcrid olunurlar. Digər siyasət analitik – Sadiq Zibakəlam bu qrupun və liderinin tədricən radikallaşmasını və onun müxtəlif hökumət təşkilatlarına şifahi hücumlarını xüsusi vurğulayır: “Onlar məqsədə nail olacağına inanırlar. Amma Əhmədinejad tərəfdarlarının sayının azalması müşahidə olunur. Tərəfdarlarının qalan hissəsi isə cəmiyyətin aşağı siniflərindən, əsasən kənd və ya kiçik qəsəbələrin sakinləridir. Onlar siyasi gündəmi yaxından təqib edə bilməyən kütlədir və çox vaxt Əhmədinejadın nə etdiyini belə bilmirlər".

Amma sabiq prezidentin son vaxtlardakı fəaliyyəti sadəcə qara zolaqla örtülməyib. Ali liderin üçüncü dəfə seçkiyə qatılmama barədə tövsiyəsinə əməl etməsə də, Əhəmədinejadın siyasi həyatı sona çatmayıb. Avqustun 14-də Ayətullah Xamnei Əhmədinejadı yenidən 5 il müddətinə Qəyyumlar Şurası və dövlət qurumları arasındakı mübahisələrdə vasitəçilik edən Məsləhət Şurasına təyin edib.

Yenidən təyin olunma müxtəlif cür şərh edilsə də, "prinsipçilər"in fikrincə, Əhmədinejadın Məşvərət Şurasına təyinatı onun İranın hazırkı siyasi mərhələsində müsbət rol oynaması üçün son şansdır. Sadiq Zibakəlam hesab edir ki, bu, qısa müddətə Əhmədinejad və tərəfdaşlarını mübahisə və xaosdan uzaqda saxlayacaq.

Davud Əhmədinejad

 

Sabiq prezidentin özü söz duellərindən mümkün qədər məsafədə qalmağa çalışsa da, bu günlərdə qardaşı Davud Əhmədinejadın vəfatı ilə yenidən dil-ağıza düşüb.

67 yaşlı Davud Əhmədinejad İnqilab Keşikçiləri Korpusunun komandanlarından biri, 8 illik müharibənin veteranı kimi tanınırdı. Lakin kiçik qardaşının prezident seçilməsindən sonra o, daha geniş tanınma qazanmışdı.

İqtidarının ilk mərhələsində Mahmud Əhmədinejad qardaşına mühüm vəzifə vermişdi – Prezident Müfəttişliyi Komissiyasının sədri. Bu vəzifədə o, əslində administrasiyada Əhmədinejadın eşidən qulağı və görən gözləri oldu. Lakin sonra kiçik qardaşla yanaşmalar və mövqelər dəyişdi, Davud Əhmədinejad prezidentin kəskin tənqidçisinə, hətta düşməninə çevrildi.

Bu arada İranın siyasi həyatında qardaşların iqtidarda vəzifə bölüşməsi adidən adi haldır. Ayətullah Haşimi Rəfsəncani-Məhəmməd Haşimi, Məhəmməd Xatəmi-Əli Xatəmi, Həsən Ruhani-Hüseyn Firidun duetləri buna bariz nümunədir.

Mahmud Əhmədinejadın dövlət qurumlarında maliyyə monitorinqi və nəzarəti ciddi-cəhdlə həyata keçirən qardaşı Davud Əhmədinejadla ahəngdar əməkdaşlığı bu sarıdan uğurlu deyil.

Onların iqtidardakı “bal ayı” yavaş-yavaş sona çatdı. İlk növbədə prezident qardaşının Rəhim Məşayinin təsiri altında olması Davud Əhmədinejadla mübahisə doğurdu. Daha sonra Əli Kordanın daxili işlər naziri təyinatında sözləri çəp gəldi.

Oksford Universitetinin saxta doktorluq diplomu ilə nazir vəzifəsini tutan Kordan bir il sonra fırıldağın üzə çıxması ilə parlament qərarı ilə işdən qovuldu. Davud Əhmədinejadın administrasiyadan gedişi bundan sonra baş verdi. Onun səhhəti ilə əlaqədar istefa verdiyi açıqlansa da, prezidentlə ixtilafları ucbatından uzaqlaşmasına şübhə edən yox idi.

Mahmud Əhmədinejad qardaşının dəfnində

Hətta sonrakı illərdə də “xəyanətkar” qardaşın əsas səyləri prezidentliyi və eks-prezidentliyi dövründə Mahmud Əhmədinejadı İsfəndiyar Məşayidən uzaqlaşdırmaq idi. İdeoloji təklifləri və fəaliyyəti ilə sonuncu şəxs – sabiq vitse-prezident və hazırkı quda Ayətullah Xamneidə də qıcıq oyadırdı.

Parlament sədri Əli Laricani sabiq xarici işlər naziri Əli Əkbər Vilayətinin çevrəsində tez-tez görünən D.Əhmədinejad bir dəfə qudaların barəsində yarıkinayə ilə belə demişdi: “Bu iki şəxs Leyli-Məcnun kimidir, onların bir-birindən ayrılması üçün Allahın möcüzəsinə ehtiyac var”.

 




Yuxarı Əvvələ Ana Səhifə