XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2017 - 13:05

POLAD BÜLBÜLOĞLUNUN UNESCO DİREKTORU OLMAQDAN NİYƏ VAZ KEÇDİYİ BİLİNDİ –Ən zəif iddiaçı Azərbaycan təmsilçisi imiş - TƏHLİL

Lui Nordstrom

“France24” (Fransa)

****

Birləşmiş Millətlər Təşkilatının təhsil və mədəniyyət agentliyinə rəhbərlik uğrunda yarış üzv dövlətlərin diplomatik dəstək verdiyi namizədlərin müvafiq səlahiyyətlərini aşan şiddətli döyüşə çevrilib.

UNESCO-nun icra şurasının 58 üzvü baş direktor İrina Bokovanı əvəz edəcək şəxsin müəyyənləşdirilməsi üçün bir həftə davam edən səsvermə prosesinə başlayıb. Bolqarıstanlı xanımın iki ardıcıl dörd illik rəhbərlik müddətində, 2011-ci ildə Fələstinin üzv dövlət kimi UNESCO-ya daxil edilməsindən sonra ABŞ və İsrail quruma öz maliyyə töhfələrini dayandırıb. Bokovanı uğurla əvəz edəcək yeni direktor yalnız həmin vəsaitləri geri qaytarmaq üçün çətin vəzifə ilə üzləşməyəcək. O, həm də geosiyasi gərginlik və rəqabətlə münasibətləri pisləşən üzvləri də barışdırmalıdır.

Fransanın "Le Monde" nəşrinə verdiyi müsahibədə xələfinin hansı keyfiyyətlərə malik olması barədə suala Bokova belə cavab verib: "Vəsait yığmaq və üzvləri birləşdirmək bacarığı…”.

Sonra o əlavə edib: "Bu təşkilat bütün dünya üçün bir xəyaldır və o, hazırda maliyyə və siyasi çətinliklərlə üzləşir".

 

Çətinliklər

 

"Çətinliklər", əlbəttə, hələ müşküllərin hamısı deyil. Altı il əvvəl ABŞ pul verən əlini geri çəkdikdən sonra, agentlik İkinci Dünya müharibəsi zamanı yapon ordusunun hərbi cinayətlərini qeyd edən mübahisəli sənədi yayması səbəbindən BMT qurumunun (UNESCO) ikinci böyük sponsoru olan Yaponiya da ötən il “əlini cibindən çıxarmayıb”.

Beləliklə, iqamətgahı Parisdə yerləşən, illik büdcəsi 326 milyon avro olan təşkilat soğan kimi soyulub.

Hazırda BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının rəhbərliyi üçün yeddi ölkənin – Fransa, Çin, Vyetnam, Azərbaycan (Polad Bülbüloğlu ilk səsvermədən sonra namizədliyini artıq geri çəkibred.), Misir, Qətər və Livan namizədi yarışır.

Agentliyə rəhbərlik nüfuzlu işdir və bu, BMT təşkilatlarında bir millətin öz təsir dairəsini genişləndirmə yoludur.

Anonim qalmasını xahiş edən UNESCO-nun Avropa Birliyindəki bir sabiq səfiri “Reuters” xəbər agentliyinə bildirib: “O, həqiqi mandatından uzaqlaşdırılan bir təşkilatdır və dünyanın başqa bir yerdə baş verən siyasi və maliyyə toqquşmaları üçün çətir rolunu oynayır".

 

Fransızlar və ərəblər

 

UNESCO-nun 72 illik tarixində heç bir ərəb ölkəsi sükan arxasında olmayıb. Digər tərəfdən, Avropa ölkələri, paketə sahib olan Fransa ilə birlikdə, altı mandat toplayıb. Hazırda ərəb ölkələri – xüsusilə Misir və Qətər – qısa siyahıdakı namizədlərin təxminən yarısını təşkil edir.

Agentliyin iqamətgahı şərəfinə malik Fransanın UNESCO üçün öz namizədi var – sabiq mədəniyyət naziri Odri Azulay.

Bu yay bir qrup ərəb ziyalısı Fransa prezidenti Emmanuel Makrona Azulaya olan dəstəyini geri çəkməyə çağıran açıq məktub yazıb. Parisdəki Ərəb Dünyası İnstitutunun rəhbəri Cek Lanq hələ aprel ayında Azulayın namizədlik təklifinə qarşı çıxdığını dilə gətirən məktub qələmə alıb.

Fransanın həftəlik “Le Point” nəşrinə verilən müsahibədə çinli Quyan Tanq və qətərli namizəd Həmad bin Əbdüləziz əl-Kavari ilə birlikdə misirli xanım Muşirə Xəttab da eyni mövqeyi sərgiləyib.

"Fransanın baş direktorluğa namizəd təqdim etməyəcəyinə dair razılaşma vardı. Üstəlik, növbəti mandatın bu vəzifəni heç vaxt yerinə yetirməmiş Ərəb Dünyasına veriləcəyi deyilirdi. Amma indi Fransanın mövqeyini anlamırıq. Bu gün hər hansı radikalizmə qarşı lazımi xüsusiyyətlərə malik müsəlman-qadının UNESCO-ya direktorluğu daha yaxşı olmazdımı? Ölkəmin, yəni Misirin Yaxın Şərqdə 40 ildir sülh şəraitində olduğu, israillilər və fələstinlilərlə eyni müstəvidə danışa biləcəyini nəzərə alınmalıdır", – Xattab bildirib.

Sentyabr ayında həftəlik “Jeune Afrique” nəşrinə açıqlamasında fransız namizəd Ərəb Dünyasının prioritet namizədlərinin "regional rotasiya"sına qarşı çıxıb: "Mən əslində, UNESCO ilə əlaqəsi olmayan müzakirələrin bir hissəsi olmaq istəmirəm”.

 

Dohaya səfər

 

Sabiq Misir prezidentinin arvadı Suzan Mübarəkin ən yaxın köməkçisi olmuş xanım Xəttab bu günlərdə hüquq müdafiəçiləri tərəfindən hökumətin repressiv siyasətinə dəstək verməkdə ittiham olunub. “Portland və ESL & Network” kimi lobbiçi qrupların köməyi ilə namizədini irəli sürən Qətərin təmsilçisi də rəsmi Dohanın terrorçuluğa dəstək verməsi iddiası ilə, Körfəzdəki mövcud böhran nəzərə alınmaqla mübahisəli görünür.

Ancaq sabiq mədəniyyət naziri olan Kavari UNESCO üçün ən yaxşı namizəd olduğuna təkid edir. “Mən üç fərqli Fransa prezidentindən üç ayrı-ayrı mükafat almış dünyada çox az insandan biriyəm. Mitteran mənə “Fəxri Legion”, Jiskar de Esten “Xidmətlərə görə” və Olland “İncəsənət” ordeni verib. Mən sevilən şəxsəm və seçilməyə layiqəm", – deyə o, “Le Monde” bildirib.

Fransız mediası, həmçinin Qətərin bu yaxınlarda UNESCO-nun bir neçə icra şurası üzvünü Dohaya dəvət etdiyini və bütün xərcləri ödədiyini yazıb.

UNESCO-nun veteranı Tanqın simasında Çinin təklifi də şübhə ilə qarşılanıb. Bəzi tənqidçilər deyirlər ki, Pekin, ümumiyyətlə, BMT-nin qurumları üzərində daha çox təsir qazanmaq üçün ABŞ-dan qalan boşluğu doldurmağa çalışır.

Tanq bunu “Associated Press” ə müsahibəsində təkzib edib: "Çin ABŞ-ı əvəz etmək istəmir. Mən ABŞ Dövlət Departamentinə getdim və orada vəzifəli şəxslərlə uzun müzakirə apardım. Dedim ki, amerikalılar, UNESCO-nun qlobal məsuliyyətindən imtina etməyinizə inanmıram".

UNESCO-nun icra şurası bir həftə davam edəcək müddətdə, maksimum beş turda səs verəcək. Qalib namizədin adı sonradan yekun təsdiq üçün təşkilatın baş məclisinə təqdim ediləcək.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə