XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

13 Oktyabr 2017 - 11:34

Qırğızıstan prezidentliyinə namizəd Omurbek Babanovdan seçicilərə çağırış:“Fitnələrə uymayın... heç kim bu ölkədə qarışıqlıq istəmir”

24 kg (Qırğızıstan), 12.10.2017

 

Prezidentliyə namizəd Omurbek Babanov seçkiqabağı kampaniyanın gedişində bu gün cəmiyyəti rahatsız edən ən aktual sualları cavablandıraraq bir sıra bəyanatlarla çıxış edib.

Fitnəkarlar haqda

Bu gün ölkənin ictimai-siyasi həyatında çətin bir dövrdür. Qarşıdakı seçkilərdə aşkar məğlubiyyətlə barışa bilməyən, həmçinin ölkəmizin əksər əhalisinin rəyi ilə hesablaşmayan bütün fitnəkar qüvvələr hər cür yolla qələbəmizi oğurlamağa can atırlar.

Gizlətmirəm, son günlərin bütün hadisələri  – Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüş, kontekstdən qoparılmış On-Adırdakı çıxış, Joqorku Keneş deputatı, mənim tərəfdarım Kanat İsayevin həbsi – bunların hamısı bir zəncirin halqalarıdır.  Müəyyən şəxslərin hərəkət etdiyi plan var. Amma məqsədləri fitnəkarlıqdır. Hamını sakitləşdirmək istəyirəm – biz duruş gətirəcək və duyğusal hərəkətlər etməyəcəyik. Heç nəyə baxmayaraq seçkiqabağı qovğanı bütün qanunvericilik prosedurlarına riayət çərçivəsində daha böyük intensivliklə davam etdirirəm.

 

Qələbə haqqında

 

Bu ölkədə heç kim qarışıqlıq istəmir. Mənim mövqeyim birmənalıdır – seçkiləri şərəf və namusla udmaq lazımdır. Buna görə də bütün tərəfdarlarıma, qərargah işçilərinə, təbliğatçılara demək istəyirəm ki, hissə  qapılmadan öz məntəqələrində ikiqat intensivliklə işləsinlər. Bizə istisnasız olaraq namuslu və şərəfli qələbə lazımdır. Seçilmiş istənilən dövlət başçısı üçün hər şeydən əvvəl legitimlik önəmlidir – mən qanuna həmişə sayğı göstərmişəm və buna görə də istisnasız olaraq qaydalar üzrə oynayıram.

Mən “Ağ Ev”i ələ keçirməyə hazırlaşmamışam və hazırlaşmıram. Qırğızıstanda seçkilər düzgün keçirilməlidir. Yeni prezident hakimiyyətə çevrilişlər və yaxud qanunsuz əməllər hesabına deyil, şərəfli yolla gəlməlidir.

 

Siyasətdəki biznesmenlər barədə

 

Bundan asan heç nə düşünmək olmur: madam biznesmendir, deməli, ancaq pul haqda düşünür. Amma, ola bilsin, bu durumu bir qədər təhlil edib anlamağına dəyər: mən heç bir vəzifəyə sahib olmadan uğurlu, effektli biznes eləmişəm. Həm də məni yalnız pul maraqlandırsaydı, bu yöndə irəliləyişi davam etdirərdim. Varlanmaq üçün mənə hakimiyyət gərək deyil. Mən artıq yetərincə varlıyam.

Başa düşmürəm, niyə bəzi adamların mənim hakimiyyətə gəlib ölkəmizi dəyişmək, onu başqa səviyyəyə qaldırmaq, uğurlu və çiçəklənən etmək istəyimə inanması çətindir. Axı hamı bilir: bizdə istənilən məmur yeri varlanmaq imkanıdır. Bizdə məktəb direktorundan və yaxud yerli administrasiya başçısından başlamış istənilən vəzifə satılır.

Yadımdadır, seçkilər ərəfəsində kabinetimə o zaman yüksək məqamı olan bir məmur gəldi, kabinetimə göz gəzdirdi və heyrətlə ucadan dedi: “Amma da deputatlıq sənin nəyinə lazımdır? Sənin ki hər şeyin var!” Mən istəyirəm ki, bizim adamlar başa düşsünlər ki, hakimiyyət biznes deyil. Hakimiyyət ölkə başçısının və yönəltdiyi bütün dövlət aparatının öz xalqına layiqli yaşayış təmin etməyə borclu olduğu alətdir. Hakimiyyət – böyük məsuliyyətdir.

 

Kanat İsayevlə bağlı vəziyyət haqda

 

Biz hökmən bu vəziyyəti diqqətlə araşdırmalıyıq, hüquq-mühafizə qurumları təhqiqata hökmən qərəzsiz yanaşmalıdır. Biz bütün səylərimizi qoyacağıq ki, istintaq şəffaf olsun. Mən Kanat Kedeykan oğlunu tanıyıram, bu adam çox prinsipialdır. Hüquq-mühafizə orqanları və KİV-lərdən faktları şərh etməməyi, dartışdırmamağı xahiş edirəm. Onu “hakimiyyəti zorla qəsb etməyə” hazırlıqda ittiham edirlər. KİV-lərdə təqdim edilmiş material və videoların heç birində dövlət çevrilişi haqda bir kəlmə də görməmişəm. Günahın dərəcəsini yalnız məhkəmə müəyyən edə bilər. Günahsızlıq prezumpsiyasını heç kim ləğv etməyib – bu normaya əməl edilməlidir. Düşünürəm ki, Kanat İsayev məni müdafiə etməsəydi, bu cür problemləri olmazdı.

 

Pul barədə

 

Seçkiqabağı kampaniyamın maliyyələşdirilməsi aşkar və şəffaf gedir. Bu gün  seçkiqabağı təbliğat materialları və KİV-lərdə işıqlandırmağa 200 milyon som rəsmi vəsait xərcləmişik. Maliyyələşmənin heç bir destruktiv və xüsusən kriminal ünsürləri heç vaxt olmayıb və olmayacaq. Sonra kriminalı maliyyələşdirmək üçün təbliğata bu qədər pul sərf etmək – bu, cəfəngiyyatdır. Mən əminəm: hamı hər şeyi çox gözəl başa düşür. Məndə sual yaranır: bu qədər reklamı, bu qədər bilbordu (ingiliscə: reklam lövhəsi-tərc.) və qəzeti olan o biri namizəddə pul haradandır? (Hakimiyyətin namizədi Sooronbay Jeenbekov nəzərdə tututlur-tərc.) Bizneslə bir gün də məşğul olmayan adamda?

 

Hakimiyyət haqda

 

Mən yetərincə erkən çox şeyə nail olmuşam. Otuz yaşımda Qırğızıstanın biznes tarixində ən uğurlu sazişlərdən birini bağlamışam. Bu gün 47 yaşım var. Hesab edirəm ki, biznesdə zirvəyə yetmişəm, bu gün bütün müəssisələrim vəkalətli idarəçiliyə verilib. Sonra nə olacaq? Bu gün əminəm ki, irəli getmək, qarşıma ən kürəsəl vəzifələr qoymaq və buna nail olmaq üçün kifayət qədər gücüm, enerjim, təcrübəm var. Mənim ən heysiyyətli hədəfim öz xalqımı və ölkəmi müvəffəqiyyətli etməkdir. Mən istəyirəm ki, hər bir qırğızıstanlı yaşıl parklar, təhlükəsiz və təmiz küçələr, hovuzlar, idman meydançaları olan məkanlarda yaşasın. Mən əminəm ki, bütün ölkəni bu cür etmək olar. Və bunu necə etməyi bilirəm. Amma bu məqsədə yetmək üçün üsullar lazımdır, bunun üçün qərar qəbul etmə səviyyəsi lazımdır.

 

Seçim barədə

 

Əziz qırğızıstanlılar! Bizə heç bir halda bu tarixi fürsəti əldən buraxmaq olmaz. Bütün dünyaya əsil demokratik cəmiyyət olduğumuzu sübut etməyi. Buna görə də bir daha çağırış edirəm: fitnələrə uymayın. Bu gün sizdən yalnız bircə xahişim var – oktyabrın 15-də öz seçki məntəqənizə gəlin və vicdanla, ürəkdən səs verin. Elə səs verin ki, gələcəkdə təəssüflənməyəsiniz. Mən hamını çağırmaq istəyirəm: gəlin, birləşək. Gəlin, birlikdə hüquqi dövlət quraq. Siyasi təqiblərin olmayacağı dövlət! Qanun qarşısında hamı bərabər olmalıdır.  

Tərcümə Strateq.az-ındır.