XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2017 - 13:58

Rəsul Quliyevin ardınca daha bir mühacir seçkidə iştirak niyyətini açıqladı –BƏSTƏKAR HÜSEYN ABDULLAYEVDƏN SƏRT BƏYANAT (VİDEO)

Hazırda Almaniyada mühacirətdə yaşayan Azərbaycan Milli Məclisinin sabiq deputatı, tanınmış bəstəkar Hüseyn Abdullayev 2018-ci ildə keçiriləcək prezident seçkilərinə namizəd kimi qatılmaq niyyətini açıqlayıb.

Strateq.az xəbər verir ki, Hüseyn Abdullayev belə bir bəyanatla bu gün çıxış edib. Sabiq deputat özünün “Facebook” səhifəsindəki açıqlamasında deyib: 

“Əziz bacı-qardaşlarım və çox dəyər verdiyim ağsaqqal, ağbirçəklərim!!!

Məlumat üçün sizlərə bildirməliyəm ki, mən – Hüseyn Abdullayev gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində öz namizədliyimi irəli sürmək niyyətindəyəm.

Əminəm ki, bu yüksək vəzifəyə seçildiyim təqdirdə, dağılmaqda olan iqtisadiyyatımızın bərpa edilməsini, eləcədə, hüquq, məhkəmə, vergi, təhsil, səhiyyə və digər vacib sahələrdə köklü və radikal islahatların aparılmasını təmin etmək gücündəyəm”.

Hüseyn Abdullayev daha sonra xəbərdarlıq edib ki, heç bir təxribat onu yolundan döndərə bilməyəcək: 

“Bilirəm, bu qərara gəlməyim Bakıdakı bir çox xain qüvvələri ciddi şəkildə narahat edəcək və onlar tərəfindən şəxsimə qarşı yönəlmiş çirkin qarayaxma təbliğatlarına start veriləcək. Çünki onlar yaxşı bilirlər ki, mənim Azərbaycana qayıtmağım onların kriminal əməllərinə, cəzasızlığına, korrupsiyasına və qudurğançılığına son qoymaq deməkdir.

Bəri başdan həm onlara, həm də uzun illər onlarla işbirliyində olan bəzi saxta və "cib müxalifəti" funksionerlərinə bəyan edim ki, onların heç bir avantürası məni öz yolumdan və doğma xalqıma xidmət etmək arzusundan çəkindirə bilməz.

Önəmli olan millətimizin istəyi və qərarıdır. Əgər canım qədər sevdiyim Azərbaycan xalqı mənə ehtimad göstərib, bu vəzifəyə layiq görərsə, qayıdıb öz ölkəmə, doğma yurduma və millətimizin xoşbəxt, firavan və hüzur içində yaşamasının təmin edilməsinə çalışaram…

Vətənə xidmət ən böyük ibadətdir. Mən ömrüm boyu bu arzu və bu amalla yaşamışam. Həyatım boyu hər bir uğurumu hamımız üçün doğma olan Azərbaycanımızın adına bağlamışam. Mənim prezident olmaq iddiamın tək bir səbəbi varsa, o da ölkəmizi inşaf etmiş azad, demokratik ve güclü iqtisadiyya sahib olan bir dövlətlərin sırasında görməkdir.

Bizim xalqımız çox istedadlı və bacarıqlıdır. Xalqımız o zaman Vətənimiz üçün böyük uğurlara imza ata bilər ki, hər bir vətəndaşın hüquq və demokratiya yolunda zəfərlər əldə etməyi özünün həyat normasına çevirə bilsin".

Müraciətində H.Abdullayev daha sonra deyir: "…Hər bir millət və dövlət o zaman güclü olur ki, ölkənin quruculuq işlərində bütün insanlar bərabər şəkildə iştirak edir… Mən prezident seçiləcəyim təqdirdə, ölkəmizi ancaq mütəxəssislər idarə edəcək. Milli gəlirlərimiz bərabər şəkildə vətəndaşlar arasında paylanılacaq. Alimlərin, müəllimlərin, həkimlərin və ziyalıların maaşları prezidentin maaşından bir neçə dəfə çox olacaq. Bunu qəti şəkildə bildirirəm. Korrupsiyanın kökünü isə birdəfəlik siləcəyəm. Gənclik siyasətini dövlətin ən ali qanunları ilə təmin edəcəyəm. “Xəlvəti iqtisadiyyata” aministiya tətbiq edəcəyəm. Ölkəmizin bütün istehsal vasitələrini rəsmiləşdirəcək və milli gəlirimizi daxili istehsalın sayəsində gücləndirəcəyəm. “Traybalizm”, “tayfaçılıq” və “yerlibazlıq” siyasətinə son qoyacam. Hər bir azərbaycanlının qürurla və alnıaçıq şəkildə yaşayacağı bir dövlət modelini rəsmiləşdirəcəyəm".

Qeyd edək ki, müraciətinin sonunda H.Abdullayev 2018-ci ilin prezident seçkilərini Azərbaycanın taleyüklü məsələsi kimi dəyərləndirib.

Xatırladaq ki, bir neçə gün əvvəl başqa bir mühacir – Rəsul Quliyev də 2018-ci ilin prezident seçkilərinə qatılacağını açıqlayıb.

Strateq.az aşağıda Hüseyn Abdullayevin çoxsaylı bəstələrindən birini – "Mənim ölkəm"i oxuculara təqdim edir

 




Yuxarı Əvvələ Ana Səhifə