XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2017 - 06:49

JURNALİST FİKRƏT HÜSEYNLİ UKRAYNADA SAXLANILDI –Azərbaycana gətiriləcəyi gözlənilir

Niderlandda siyasi mühacirətdə olan və artıq bu ölkənin vətəndaşı statusunu alan “Azadlıq” qəzetinin keçmiş və Turan TV-nin hazırki müxbiri Fikrət Hüseynli oktyabrın 14-də Kiyev şəhərinin Borispol hava limanında saxlanılıb.

Strateq.az xəbər verir ki, Fikrət Hüseynli saxlanan zaman dostlarına telefon vasitəsi ilə Azərbaycanın "İnterpol"a olan sorğusu əsasında saxlanıldığını bildirib və həmçinin "facebook" səhifəsinə yazıb: “Məni Azərbaycan sərhədini qanunsuz keçməkdə günahlandırıb həbs etdilər”. 

Sonradansa məlum olub ki, Fikrət Hüseynli dələduzluq və qanunsuz miqrasiyada təqsirləndirilir və Kiyevdə müvəqqəti saxlama təcridxanasında saxlanılır.

Kiyevdə yaşayan Yalçın Qəhrəmanoğlu "facebook" səhifəsində bu gün Borispol hava limanının polis şöbəsində Fikrət Hüseynli ilə görüşdüyünü yazıb. Onun sözlərinə görə, Fikrət Hüseynli Kiyev-Düsseldorf təyyarə reysinə minik zamanı Ukrayna Sərhəd Xidməti tərəfindən saxlanılıb: “Sonra Fikrət Hüseynlini Peroyaslav-Xmelninsk müvəqqəti saxlama təcridxanasına göndərdilər. Yaxın 3 gündə Hüseynlinin 40 günlük həbsi ilə bağlı məsələyə baxılacaq. Məhkəmə prosesi Borispol şəhət Məhkəməsində olacaq".

O, Fikrət Hüseynlinin özünü yaxşı hiss etdiyini də bildirib.

Yalçın Qəhrəmanoğlu "facebook" səhifəsində Fikrət Hüseynli ilə fotosunu və jurnalistin Niderland vətəndaşı olmasını təsdiq edən sənədini də yayıb.

Ukrayna Sərhəd Xidməti isə rəsmi internet səhifəsində (http://dpsu.gov.ua/ua/news/V-aeroportu-Borispil-prikordonniki-zatrimali-inozemcya-yakogo-rozshukuvav-Interpol/) Kiyev-Düsseldorf təyyarə reysi ilə uçmaq istəyən 41 yaşlı Niderland vətəndaşının İnterpol vasitəsi ilə beynəlxalq axtarışda olduğu üçün salxanıldığını bildirib: “Müəyyən edilib ki, bu Niderland vətəndaşı dələduzluq və qanunsuz miqrasiya ittihamları ilə İnterpol vasitəsi ilə beynəlxalq axtarışa verilib. Həmin şəxs Ukrayna polisinə təhvil verilib”.

Azərbaycanın rəsmi orqanları jurnalistin saxlanılması barədə məlumatlara hələ münasibət bildirməyib.

“Qanuni yolla mənim Ukraynadan Azərbaycana verilməyim mümkün deyil. Ancaq mənə hiss etdirirlər ki, Azərbaycana aparmaq istəyirlər”.

Bunu isə Fikrət Hüseynlinin özü Azadlıq Radiosuna aşıqlamasında deyib. O bildirib ki, hazırda Ukraynada – Kiyevdəki Borispol hava limanında polis nəzarətindədir və hava limanının polis məntəqəsində Azərbaycanın Ukraynadakı səfirliyinin bir neçə əməkdaşı var.

Ancaq jurnalistin bu dediklərini Azərbaycanın Ukraynadakı səfirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

“Ancaq onların heç biri mənimlə birbaşa təmas qurmur ” – deyən F.Hüseynli saxlanmasının qeyri-iş günündə baş verməsini də şübhəli məqam sayıb. F.Hüseynli əlavə edib ki, məhdudiyyətlərlə olsa da, hələlik onun telefonla əlaqə saxlamasına icazə verilir.

O deyib ki, sığınacaq aldığı ölkənin – Niderlandın Xarici İşlər Nazirliyi ilə əlaqə saxlanıb. O, qeyri-iş günü olduğundan, gələn həftənin ilk günlərində məsələnin araşdırılacağını bildirib.

Jurnalist nəyə görə saxlanması barədə artıq ona detallı bilgi verildiyini də söyləyib: “Nəsimi rayon Polis İdarəsində bir neçə il əvvəl barəmdə cinayət işi açılıb. Məni Cinayyət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 178-ci (Dələduzluq) maddələri ilə ittiham edirlər”.

“Sərhədsiz Reportyorlar” təşkilatından isə jurnalistin saxlanması olayından xəbərdar olduqlarını bildiriblər və bununla bağlı Ukraynanın əlaqəli qurumlarına müraciət hazırlandığını vurğulayıblar.

Fikrət Hüseynlinin müdafiəsinə Ukraynanın tanınmış vəkili Dmitriy Mazurok da qoşulub və o, jurnalistlə rəsmi müqavilə də bağlayıb.