XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Oktyabr 2017 - 20:29

MAAŞ ALMAYAN, BORCLA YAŞAYAN, KİTAB OXUYAN ŞƏRQLİ LİDER –İranın türkəsilli Rəhbərinin portret cizgiləri...

Sosial mediada indi çox izlənən bir video var. Ayətullah Xamnei azyaşlı uşaqdan ana dilində “Türksən, ya farssan?” – deyə soruşur. Sonra bu dili başa düşən, amma danışa bilməyən Parsa adlı oğlanın valideyninə üz tutur. “Məktəbdə farscanı öyrənsin, evində də türkcəni”, – anaya tövsiyə verir.

Ayətullah Xamnei də, böyük ehtimalla, məhz belə böyüyüb. Xamnəli Seyyid Cavad Hüseyninin evində.

 

Üçdən biri

 

Bu künyənin – doğum yerini bildirən soyadın düzgün yazılış qaydası ilə bağlı nə qədər desən, mübahisə etmək olar. Ərəb qrafikası ilə belə, əvvəllər indikindən fərqli yazılırdı – üstü “həmzəli” “ya” hərfilə. Hazırda “əlif” üstəgəl “ya”…

Hətta Azərbaycan mediası və rəsmi məlumatlarda bu müxtəlif yazılış tərzlərindən yalnız biri doğrudur. Çünki miladi təqvimlə 1939-cu il iyulun 17-də Məşhəddə dünyaya gəlmiş İranın ali dini lideri nəsil-şəcərə baxımından Xamnə (danışıq dilində “Xumnə”, “Xamene”) qəsəbəsindəndir.

Şərqi Azərbaycan vilayətinin Şəbüstər mahalında yerləşən, ərazisinə görə kiçik, amma şöhrətinə görə böyük yaşayış məskənindən daha kimlər çıxmayıb: irzə Fətəli Axundzadə (taleyin ironiyasına bax!), Şeyx Məhəmməd Xiyabani, Məmmədmübariz Əlizadə (Zərdüşt və Araz Əlizadələrin atası), Mir Hüseyn Musəvi (Xamnei)…

 

Zirzəmidən zirvəyə

 

Rəsmi tərcümeyi-hal öz yerində, Xamneinin öz dilindən çıxan xatirələr, ətrafındakı adamların danışdıqları da çox əhəmiyyətlidir.

Məşhəddə Seyyid Cavad Xamneinin evində anadan olmuş İranın hazırkı müəzzəm rəhbəri isə uşaqlığını belə xatırlayır: “Doğulduğum ev Məşhədin yoxsul bir məhəlləsində yerləşirdi. Ev 60-70 kvadrat metrlik bir otaq və qaranlıq bir zirzəmidən ibarət idi. Atamın yanına qonaqlar gəldiyi zaman (o, ruhani və məhəlləmizin mərcəyi-təqlidi olduğu üçün, adətən, evimiz gediş-gəlişli olardı) qonaqlar gedənə kimi, hamımız zirzəmidə qalardıq. Atama rəğbəti olan bir neçə nəfər yaxınlıqdakı kiçik bir ərazini alaraq evimizə əlavə etdilər. Bununla da evimiz genişlənərək üçotaqlı oldu.

Atam məşhur ruhani olsa da, sadə və yoxsul yaşayırdıq. Bəzən evimizdə şam yeməyi olmadığından, anam bizə kişmişlə çörək yedizdirərdi”.

 

Zarafatcıl adam

 

İrandan kənarda da ali liderin şəxsiyyətinə dair hər bir məlumat qısa zamanda hansısa təhlil yazısı və ya araşdırmanın mövzusu olur.

Mehdi Xələci Yaxın Şərq Siyasəti İnstitutunun (Vaşinqton) əməkdaşı kimi, Ayətullah Xamneiyə ayrıca bir kitab həsr edənlərdən biridir.

Bir dəfə xütbəsində 1981-ci ildə, terror hadisəsində aldığı xəsarətə (sağ qolunun biləyi o zamandan iflicdir) "Bir şikəst bədənim və mənə verdiyiniz azca qüdrət var. Bütün bunları inqilaba və İslama qurban verəcəyəm", – demiş ali liderin uşaqlıq illəri barədə Xələci yazır: "O, küçədə uşaqlarla oynayarkən 11 yaşından əyninə geydiyi ruhani əbası həmişə naqolaylıq yaradırdı. Yaşıdları ona gülərdi…"

Xələcinin qeydlərində gələcək liderinin gənclik dövrünə – siyasi hərəkata qoşulduğu illərə aid də maraqlı xatirələr var. Məsələn, 1970-ci illərdə marksist qrupların üzvü olmuş Huşəng Əsədi gənc Xamnei ilə eyni həbsxanada, eyni kamerada olub və xoş xatirələr danışır, onu zarafatcıl və çox səmimi adam kimi yada salır.

Ondan "Kamera yoldaşınızın İranın ali lideri olacağı ağlınıza gələrdimi?" – soruşduqda "Heç vaxt, heç vaxt”, – deyə Əsədi dönə-dönə təkrarlayıb.

 

Qara kürü, ala balıq, qırqovul və ya qayğanaq…

 

Möhnətin nə olduğunu kiçik yaşlarından bilən Ayətullah Xamneinin indi ləziz yeməklərin düzüldüyü süfrə başında oturması, ağız tamını tamam dəyişməsi – müxaliflərinin; uşaqlıq illərində olduğu (üstəlik, əsl təvazökar, zahid həyat keçirən ruhani) kimi eyni sadə mətbəxlə kifayətlənməsi – tərəfdarlarının iddiasıdır.

“Həkimlər ona qara kürü və Lar çayından tutulan alabalıq yeməsini tövsiyə edirlər. Hazırda bu iki qida onun şəxsi menyusu halı alıb. Qara kürünü Rəştdən şəhərin imam-cüməsi göndərir. Qırqovul Şirasdan gətirilir… Xolesteroldan yayınmaq üçün bildirçin və dəvəquşu ətindən də istifadə edir. 500 min dollarlıq bir aparat yeməklərin zəhərli olub-olmadığını yoxlayır və bu test cihaz Amerikadan alınıb”.

Bu qeydləri öz “Facebook” səhifəsində 2009-cu ildə iranlı kinorejissor və hakim rejimə müxalifliyi ilə tanınan Möhsün Möhməlbaf açıqlayıb. Mir Hüseyn Musəviyə yaxınlığı ilə seçilən “yaşıl inqilabın” fəalı.

İnqilab Qvardiyasının sabiq rəhbəri Yəhya Rəhim Səfəvi də bir xatirə bölüşüb. Tam əksini isbatlayan xatirə. O deyib ki, Xamneinin yaşadığı evdə nahar yeməyinə qalıb və yeməyin yalnız qayğanaqdan ibarət olduğunu görəndə, çox təəccüblənib.

 

Gündəlik

 

Möhməlbaf dini liderin həftəlik görüş proqramlarında da iki süfrə ziyafətini xüsusi qeyd edir: bazar ertəsi günü – İran prezidenti, çərşənbə axşamı – Mühafizə Şurası və çərşənbə – Konstitusiya Şurası rəhbərləri ilə… və s.

Ayətullah Xamneinin gündəlik proqramı haqqında iranlı rejissorun iddiası da maraq doğurur:

04.00: Yuxudan oyanma və ibadət

06.00-06.30: Təhlükəsizlik Xidməti rəhbəri ilə toplantı

06.30-07.00: Yaşadığı iqamətgahın təsərrüfatçısı ilə toplantı

07.00-08.00: Oğlu Müctəba ilə (həftədə 3 dəfə) toplantı

08.00-10.30: Kəşfiyyat, siyasət və iqtisadi hesabatları nəzərdən keçirmə.

10.30-12.00: Günorta yuxusu və istirahət

12.00-13.00: Camaat namazı və günorta yeməyi

13.00-15.00: Toplantılar

15.00-17.00: Şəxsi məsələlər

17.00-20.00: Özəl toplantılar

20.00-20.30: Axşam yeməyi

20.30-21.00: Son qeydləri dinləmə

21.00: Yatmağa hazırlıq…

 

Solaxay həqiqət

 

Kim nə deyirsə-desin, gərgin iş qrafiki olan Rəhbərin asudə vaxtı necə keçirməsi də mübahisəli və ixtilaflı mövzudur. Möhməlbaf iddia edir ki, Xamneinin əsas şakərlərindən biri (bunu onun yayımladığı köhnə bir foto da əyani isbatlayır) alpinizm və at çapmadır. “1999-cu ildə Xamnei tək əli işlək olduğundan atdan yıxılıb qolunu qırdı”, – iddiasında bulunan kinorejissor deyir ki, Xamnei ailəsi ümumi dəyəri 40 milyon dollar olan 100 başlıq yüyrək at ilxısına malikdir.

Xatırladaq ki, 1981-ci ildə cümə xütbəsi zamanı baş verən sui-qəsd cəhdindən sonra İran liderinin sağ biləyi şikəstdir. Buna görə də hətta kameralar qarşısında seçki qutusuna bülleten atarkən və ya mühüm sənədlərə imza atan liderin “solaxaylığı” təəccüblü görünməməlidir.

Gənclik illərində qırmızı rəngli “Volksvagen”i olan Rəhbərin avtomobilə xüsusi ehtirası heç vaxt olmayıb. Amma…

Yeri gəlmişkən, alpinizm barədə. Dağ yolu ilə piyada yeriş və zirvədə müəyyən vaxt keçirmənin tam başqa, mistik-irfani məna daşıması gerçəyə daha yaxın ehtimaldır. Və çox güman ki, gerçəyin özüdür. Amma bunu ancaq ariflər başa düşər.  

 

"Heykəlli, saqqallı Tolstoy baba"

 

Möhməlbafın digər iddiasına görə, Ayətullah Xamneinin digər hobbisi Qacar xanədanı, xüsusən Nəsrəddin şah dönəminə dair tarixi əsərlərdir: "Lakin geniş mütaliəyə əsla vaxtı yoxdur". Yaxın çevrə və digər şahidlər bu iddianı təkzib edir və böyük ehtimalla kinorejissorun söylədiyi iftiradır. Gündəlik mətbuat icmalından başqa, ali dini rəhbər bədii ədəbiyyata geniş maraq göstərir.

Buna çoxsaylı sübutlar var. Məsələn, höccətül-islam Məhəmmədi Gülpayiqani xatırlayır: “Böyük Rəhbər öd kisəsini cərrahiyyə əməliyyatı elətdirmək üçün xəstəxanada yatırdı. Mən, höccətül-islam Məhəmmədi Əli Zəm və digər bir neçə qələm əhli olan dostlarla onun görüşünə getdik. O görüşdə Ayətullah Xamnei bir neçə romanın adını çəkdi. Onların hamısını xəstəxanada müalicə olunan vaxt oxumuşdu. Kitabların adları bizim üçün yeni idi. Odur ki, utandığımızdan başımızı aşağı salmışdıq…”

Ola bilsin ki, bu kitablar arasında Tolstoyun əsərləri də varmış. Ayətullah Xamneinin dediyinə görə, oxuduğu kitablar arasında ən çox bəyəndiyi 3 roman var. Onlardan biri cavanlığında oxuduğu Mixail Şoloxovun “Sakit Don” romanıdır. Lev Tolstoyun adını da o, məhz bu açıqlamanı verərkən çəkib. (Şəhriyarın "Heydərbabaya salam"ında "Heykəlli, saqqallı Tolstoy baba" misrasını xatırlayırsınızmı?)

Bundan başqa, Hüqonun "Səfillər"ini çox bəyəndiyi də məlumdur.

Höccətül-islam Şirazi deyir: “Ayətullah Xamnei oxuduğu kitablara haşiyə yazardı. Bu adət onda cavanlıqdan vardı. Yanına yenicə çapdan çıxmış bir romanı aparanda artıq həmin kitabı oxuduğunu deyərdi. Elə məşhur bir kitab yox idi ki, ondan xəbəri olmasın. Kitab oxumağa xüsusi proqram tutmuş, vaxt ayırmışdı. Məsələn, bir müddət rus ədəbiyyatının mütaliəsi ilə məşğul olurdu. Sonra bu minvalla başqa xalqların ədəbiyyatını mütaliə etməyə keçirdi”.

“Kitab mütaliəsi xalqımızda, xüsusən də gənclərimizdə həmişəlik vərdişə çevrilməli, ailələrin istehlak səbətində məqbul bir paya malik olmalıdır”. – Bu, Xamneinin öz dilindən çıxan sözlərdir. “Kitab istehsalı, tərcüməsi və nəşri cəmiyyətin intellektual ehtiyaclarının, bu sahədəki boşluqların aradan qaldırılmasına xidmət etməlidir. Hazırda müşahidə olunan bir neçə minlik tirajlar və təkrar nəşrlər 75 milyonluq əhalisi və geniş miqyaslı gəncliyi olan bir ölkəyə yaraşmaz” – sitatın sonu.

Ayətullah Xamneinin şeiriyyatdan uzaq dolanmadığı da iddialar arasındadır. Onun öz qələmindən çıxan misraları görən olmasa da, Ustad Şəhriyarla dostluğu geniş məlumdur. Onların bir yerdə, səlis azəri türkcəsində şeir deyişməsi YouTube-da xeyli izləyici toplayıb. Lakin müxalifləri Böyük Rəhbərin qəzəbinə tuş gəlmiş şairləri də sıralayırlar. O cümlədən 2000-ci ildə vəfat etmiş əslən azərbaycanlı olması soyadından bəlli Əhməd Şamlunu…

 

Maaş almayan Rəhbər

 

Köhnə alışqanlıqlarından biri siqaret olan Rəhbər onu, deyilənə görə, öz hökumətində baş nazir olmuş Mir Hüseyn Musəvi ilə eyni gündə tərgidib. Həmşəhrilər sözləşiblər. Doğrudur, bir müddət Xamneinin qəlyan çəkdiyi də gözə görünüb (fotolar sübutdur və iddialara görə, bu köhnə fotoların yayımlanmasına özü qadağa qoyub). Hətta iddia olunur ki, Rəhbərin böyük qəlyan kolleksiyası var.

Şəxsi kolleksiyadan söz düşmüşkən, onda bahalı əqiq üzüklərin (300) və əsaların (170 ədəd) olduğu söylənir.

Geyim məsələsinə dair də iddialar çeşidlidir. Möhməlbafa görə, Ayətullah Xamneinin hətta birinin 30 min dollar qiyməti olan dəvə yunundan toxunmuş 120 cübbəsi var.

Ali dini rəhbərin bioqrafı kimi tanınan ekspert Mehdi Xələci deyir ki, Xamneinin geyimləri ən yaxşı materialdan tikilir: “Bəzən çox bahalı parça olur. O, bunları özü almır, hədiyyə, ianə kimi qəbul edir. Onun evində dəbdəbəli həyatın izi yoxdur. İran qanunlarına əsasən, ali dini xadim üçün maaş təyin edilmir. Prezidentin maaşı var, nazirlərin, deputatların da. Dini qurumlardan ödəniş aldığından Xamneinin aylıq maaşı yoxdur. Öz xərclərini ödəməyi bacarır. Borc alması ilə bağlı deyilənlər isə şişirdilib. Onun dəbdəbədən kənar əxlaqlı həyat tərzi var”.

 

"Hamıdan borc alır"

 

İranın ali dini lideri tez-tez nağd pula ehtiyac duyur. Ona görə də şəxsi mühafizəçilərindən borc alır. Bu barədə “Fars” xəbər agentliyinə müsahibəsində köhnə dostu və yardımçılarından biri Ayətullah Rəsulu Məlahəti bildirib: “Mən ona pul aparanda bəzən eşidirəm ki, deyir: "Rza, gəl, borcumu qaytarım”". Ağayi Məlahəti liderin dolanışıq üçün Tehrandakı evini icarəyə verdiyini qeyd edib: “Mən bəzən onun şəxsi kabinetində oluram. Onun evində yalnız bir xalça var. Təbriz xalçasıdır, özü də köhnəlib, bəzi yerlərdə sapları yeyilib”.

Söz düşmüşkən, xalça İranda zənginliyin rəmzidir. Xalçalarınızın sayı sizin sosial binanın hansı mərtəbəsində olduğuna dəlalət edir.

Ekspertlər Məclisinin (Məclese Xobreqan) üzvü Ayətullah Əbülhəsən Məhdəvi də dünya malında gözü olmayan Xamnei haqda maraqlı bir fakt deyir: “Bəzən məndən borc alır. Onun sərəncamında külli miqdarda pul var, amma o, bir quruşu da öz ehtiyaclarına xərcləmir”.

Qumdakı elmi-dini hövzənin tanınan siması Ayətullah Ruhullah Qərəhi deyib ki, həkim Xamneiyə kürəyindəki ağrılara görə divanda oturmağı məsləhət görüb: "Onlar da kiçik divan alıblar, daha doğrusu, divanın bir hissəsini, hamısını yox. Həmin vaxt xanımı Məşhədə ziyarətə gedibmiş. Qayıdanda evdə divanı görüb, götürüb onu bağçanın qapısı ağzına qoyub. Xamnei evə dönəndə görüb ki, divan qapının ağzındadır. O, arvadından divanı niyə atdığını soruşub. Xanımı da cavab verib ki, bizi dəbdəbəli həyata sürükləmək istəyirsən? Xamnei gülərək deyib ki, bu, dəbdəbədirsə, çox kiçik dəbədədir. O, izah edib ki, divanı ona həkim məsləhət görüb. Bundan sonra xanımı divanı saxlamağa razılaşıb…”

…Ayətullah Xamneinin ailə üzvlərini tanıtmanın əsl məqamıdır:

Xanımı – Xocəstə Bağırzadə

Övladları – Müctəba, Mustafa, Məsud, Meysəm, Xuda, Büşra.

 

“Əli ağır” hökmlü hakim

 

İranın ilk ali dini rəhbəri Ayətullah Xomeyninin dönəmində İranın sayca 3-cü prezidenti (Bənisədr və Rəcaidən sonra) olmuş Ayətullah Xamneinin özü 4 prezidentə etimadnamə verib: Haşimi-Rəfsəncani, Xatəmi, Əhmədinejad və Ruhani. Konstitusiya və “Vilayəti fəqih” nəzəriyyəsi ona böyük səlahiyyətlər verir. Bu səlahiyyətlər təkcə siyasi çərçivəylə məhdudlaşmır, həm də dini liderliyi ehtiva edir.

Xamnei hər zaman cəmiyyətdə vasitəçi, barışdırıcı sima kimi təqdim edilir. Onu siyasi qruplaşmalardan çəkinməsinə, açıq qovğalara girməməsinə görə tənqid edənlər Rəhbərin sayıqlığını və hökmlülüyünü 2009-cu ildə əyani görə bildilər.

Böyük mübahisələr və qarşıdurmalar doğurmuş prezident seçkiləri zamanı Mir Hüseyn Musəvini dəstəkləyən yalnız burjua sinfi deyildi. Aralarında nüfuzlu din xadimləri də olan “yaşıl inqilab” tərəfdarları haqda bir Cümə xütbəsində sərt sözlər (o cümlədən “mənfur” kəlməsi) işlədən Ayətullah Xamneinin nüfuzu hazırda dəlil-sübut tələb eləmir.

 

“Gizli milyarder”

 

Əcnəbi mənbələr və xaricdəki İran müxalifləri Rəhbərin “gizli sərvəti” haqda müxtəlif rəqəmlər açıqlayırlar. Məsələn, “Reuters” agentliyi Xamneinin 95 milyard dollarlıq varidata malik olduğunu iddia edir. Bu, doğru ola bilər. Amma qismən. Çünki rəsmən heç bir maaş almayan və kommersiya ilə məşğul olmayan Ayətullah Xamnei digər nüfuzlu ruhanilər kimi, böyük sərvəti idarə edir. Əsasən çoxsaylı fondlara yatırılan xüms və ianələr, bəxşişlər. Şəriət onlara bu malın bir hissəsini öz ehtiyacları üçün xərcləməyə izn verir. Lakin…

İranda ticarətdə bəxti gətirmiş, yaxud başqa sahələrdə iri sərmayədar kimi tanınan din xadimləri az deyil. Lakin (hamısı olmasa da) ixtiyarındakı böyük varidatın bir quruşuna belə kəm baxmayan, zahid həyatı keçirən, ixlasına şəkk gətirilməyən ruhanilər hələ də qalmaqdadır. Bu səbəbdən cəmiyyətdə din xadimlərinin nüfuzu və kütləyə təsir qüvvəsi sarsılmır.

 

Strateq.az