XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2017 - 21:55

Sərvətlərinin 99 faizindən imtina edən milyarderlər…- Dünyanın ən varlı adamları pullarını nəyə xərcləyir?

"Microsoft"un qurucusu, "planetin ən zəngin adamı" Bill Geyts xeyriyyəçiliyə olan hədsiz sevgisinə görə bu statusunu itirə bilər.  "Bloomberg" yazır ki, əgər Geyts bu sahəyə böyük pullar sərf etməsəydi, onun sərvəti indikindən iki dəfə artıq olardı. Və zənginlər arasında onu ötüb keçən tapılmazdı. Lakin Geyts gözünü qırpmadan xeyriyyə işlərinə fantastik pullar xərcləməkdə davam edir.

Strateq.az xarici mətbuata istinadən dünyanın zəngin insanlarının pullarını əsasən nələrə xərclədiyini öyrənməyə çalışacaq.

Geytsin sərvətinin 62,5 milyarda yaxını xeyriyyə fondlarına ayrılıb. Hazırda onun sərvəti 87,5 milyard dollardır.

Bill Geytsin əsas xeyriyyə layihəsi BMGF-dir ("Bill & Melinda Gates Foundation"). Bill onu xanımı Melinda ilə birgə təsis edib. 2000-ci ildə fəaliyyətə başlayan fond özündə Geyts ailəsinə məxsus 3 xeyriyyə fondunu birləşdirir. 

BMGF-in 1500 əməkdaşı var. 2013-cü ildə Bill Geyts bu fonda 28 milyard dollar bağışlayıb. Bu addım onun dünya zənginlərinin reytinqindəki yerinə müvəqqəti də olsa təsirini göstərib. 

Qurulandan bu yana fond ayrı-ayrı xeyriyyə və qrant layihələrinə ümumilikdə 41 milyard dollar xərcləyib. 

BMGF-nin "Qlobal inkişaf" bölməsi aclıq və yoxsulluğa qarşı mübarizə proqramlarını maliyyələşdirir. 


"Bill & Melinda Gates Foundation"

"Qlobal sağlamlıq" bölməsi tibb və elm sahəsini əhatə edir, əsas hədəfi də inkişaf etməkdə olan ölkələrdə insanların həyatını xilas etməyə yardım göstərməkdir. 

"Lobbi" bölməsi məsələn, tütünə qarşı savaş elan edib və onun zərərlərini təşviq edir. Fondun hədəfi tütünün həm satışı, həm də reklamı ilə bağlı qanunvericiliyin sərtləşdirilməsinə nail olmaqdır. Fond rəhbərliyi açıq şəkildə bəyan edir ki, iqtisadiyyatının əsasını tütün şirkətləri təşkil edən ölkələrin daxili işlərinə müdaxilədən çəkinməyəcək.

Fondun  "Qlobal siyasət və müdafiə" bölməsi isə dünya siyasətinə dair işlərə diqqət ayırır. 

Maliyyə ayırmazdan əvvəl BMGF hansı məsələnin həllinə kömək etmək istədiyini ictimaiyyətə elan edir və bundan sonra qrant layihələri və ya müqavilələrin bağlanması üçün ərizələr qəbul edilir. 

Fond daxil olan bütün ərizələri analiz edəndən sonra potensial qaliblə bağlı yoxlama aparır və yekun qərarını verir. Qrant layihəsini icra edənlərdən təfərrüatlı hesabat tələb olunur.  

BMGF qarşısına bir neçə ciddi problemin həllini hədəf qoyub. Məsələn, "Qlobal sağlamlıq" bölməsi 2035-ci ilə qədər 5 yaşa qədər uşaqlar arasında "diareya" xəstəliyinin həllinə nail olmaq istəyir. Digər hədəflər isə malyariya və vərəmə qalib gəlməkdir.  

Geyts ailəsi övladlarına böyük miras qoymaq fikrində deyil. Onlar 3 uşağın hər birinə 10 milyon dollar ayırmağı planlaşdırırlar. Və hesab edirlər ki, bu məbləğ onlara kifayət edəcək qədərdir. Ailə bütün kapitalı xeyriyyəçiliyə ayırmaqla faktiki olaraq sərvətinin 99,96 faizindən imtina etmiş olur.

Cef Bezos

Geytsdən sonra gələn, siyahının ikincisi olan zəngin internet nəhəngi Amazon-un qurucusu Cef Bezosdur. Onun sərvəti 85,9 milyard dollardır. Cef xeyriyyəçiliyə Geyts kimi böyük pullar xərcləmir. Ehtimal olunur ki, bu onun asan keçməyən uşaqlıq illəri ilə bağlı ola bilər.

Belə ki, anası Cefi çox gənc yaşlarında dünyaya gətirib. Və 4 yaşı olanda atası onları tərk edib. Sonradan gənc ana kubalı immiqrant Migel (Mayk) Bezosla evlənib. Və bugünkü məşhur "Amazon" şirkətini məhz Cefin ögey atası qurub. 

Şirkəti böyüdən və səhmlərini dəyərə mindirən isə Cef Bezos olub. Ailənin "Bezos Family Foundation" adlı fondu var. Fond ABŞ-da təhsil layihələrini maliyyələşdirir. Fondda olan bütün vəsait Cefin anasına və ögey atasına məxsusdur. Milyarder özü fonda bir qəpik belə, vəsait qoymayıb. Ümumiyyətlə Cefin özünün bir dənə də xeyriyyə fondu yoxdur. O, xeyriyyəçilik etmək istəyəndə bunu müstəqil şəkildə reallaşdırır.  

Məsələn, 2009-2010-cu illərdə Cef ailəsi ilə birgə Fred Xatçinson adına Onkoloji Təhqiqatlar Mərkəzinin yaradılmasına 30 milyon dollar ayırmışdı. 

Uorren Baffet

Üçüncü sırada məşhur biznes-maqnat, sərmayəçi Uorren Baffet gəlir. 87 yaşlı Baffet Geyts kimi sərvətinin böyük hissəsini övladlarına ötürməyəcək. O, pulunun 99 faizini xeyriyyəçiliyə ayıracaq. 

Baffet xeyriyyəçiliklə bağlı layihələr, ideyalar üzərində işləmir. O sadəcə vəsaitini yönəldir. 2006-cı ildə məhz Baffet rekord miqdarda – 30, 7 milyard dollarlıq ianəni Geytsin fonduna köçürmüşdü. Üstəlik fond hər il Baffetin "Berkshire Hathaway" sərmayə fondunun gəlirlərindən 5 faiz əldə edir. 
Baffet ailəsinin özünün də xeyriyyə fondları var –  "NoVo Foundation", "Howard G. Buffett Foundation", "The Susan Thompson Buffett Foundation" və "Rebecca Susan Buffett Foundation".

"NoVo Foundation" əsasən qadın haqlarının müdafiəsi və ayrıseçkilik kimi problemlərlə məşğul olur. Kapitalı 450 milyon dollar olan fondu Baffetin kiçik oğlu Piter və onun xanısı Cennifer idarə edir. 

"Howard G. Buffett Foundation" xeyriyyə fondunu Baffetin böyük oğlu Hovard idarə edir. Fondun səhmlərinin dəyəri 285 milyon dollardır. Təşkilat aclığa qarşı mübarizə proqramları həyata keçirir, qaçqınlara yardımlar edir. 

"The Susan Thompson Buffett Foundation" U.Baffetin xanımı Suzanın adını daşıyır. Bu fond da qaçqınlara yardımlar edir, aclığa qarşı mübarizə aparır. Hazırda fond daha çox təhsilə diqqət yetirir. Amerikalı şagirdlərin ali məktəbə daxil ola bilmələrinə köməklik edir, onların bəzi xərclərini üstlənir.

1998-ci ildə U.Baffetin yaxın qohumu Rebeka tərəfindən təsis edilən "Rebecca Susan Buffett Foundation"ın səhmlərinin dəyəri 7 milyon dollardan bir qədər çoxdur. Fond təhsil və səhiyyə layihələrinə pul ayırır.

Baffet və Geyts

Baffet və Geyts 2010-cu ildə planetin zəngin adamları üçün The Giving Pledge hərəkatı qurublar. Hərəkatın məramı belədir ki, əgər sən zənginsənsə və ölümündən sonra pullarının pis əllərə düşməsini istəmirsənsə, The Giving Pledge-ə qoşul və sərvətinin ən azı, yarısı xeyriyyə işlərinə xərclənsin. 

Hərəkata 160-dan artıq insan qoşulub. Onların arasında  Facebook-un qurucusu Mark Zükerberq, Nyu-Yorkun keçmiş meri və "Bloomberg"in qurucusu Maykl Blumberq,  biznesmen Riçard Brenson, Space-X və Tesla-nın qurucusu İlon Mask da var. Bu vaxta qədər bu zənginlər The Giving Pledge-yə 365 milyard dollar ayırıblar. Hər bir üzv bağışladığı vəsaitin ölümündən sonra hara və necə xərclənməsinə özü qərar verir… 

Strateq.az
 




Yuxarı Əvvələ Ana Səhifə