XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2017 - 15:46

Qırğız prezident Atambayevin ABŞ-ı və Nazarbayevi suçladığı məşhur çıxışı:“İSTƏYİRDİLƏR, ABŞ-ın ƏLALTISINI SEÇƏK”

Kloop.kg

 

Xəbər verdiyimiz kimi, Qırğızıstanın hələlik səlahiyyətlərini təhvil verməmiş prezidenti Almazbek Atambayev Bişkekdə tələbələr qarşısındakı çıxışı zamanı ictimai diqqəti özünə çəkəcək və qalmaqal yaradacaq fikirlər səsləndirib.

Strateq.az Atambayevin geniş müzakirələrə səbə olmuş həmin çıxışını müəyyən ixtisarlarla oxuculara təqdim edir:

 

“İblis” Babanov

 

…Biz görürük ki, müstəqillik təkcə xarici orduların müdaxiləsiylə itirilmir… Son prezident seçkilərində gördüm ki, sonralar, əlbəttə ki, Qırğızıstanın maraqlarına işləməyəck adamı Qırğızıstana necə zorla qəbul etdirmək istəyirlər. Ancaq qəşəng gözləri, şirin danışığı olan xarizmatik namizəd idi və əlbəttə ki, çoxları satın alınmışdı.

İblis həmişə gözəl görkəmdə gəlir – kişi, ya da qadın cildində… Tovlayan, şeytan.

 

Qazaxıstanla münaqişə

 

Bu gün Qırğızıstan-Qazaxıstan sərhədində problemlər görürük. Qazaxıstanın bəzi rəhbərləri ümumiyyətlə deyirlər ki, Qırğızıstandan bütün ticarət və nəqliyyat yolları ancaq Qazaxıstandan keçir. Bu, yalandır. Qırğızıstanın əvvəllər bizə basqı göstərməyə cəhd edən başqa qonşuları da var. Kərimovun vaxtında cənubda qazımızı və suyumuzu yarım il necə kəsdikləri yadımdadır. Amma əhalisi Qazaxıstanınkından iki dəfə çox olan Özbəkistanla münasibətlərimiz indi başqa cürdür. Bizim böyük Çinlə, Tacikistanla çox gözəl münasibətlərimiz var. Və əlbəttə, Qırğızıstanın öz mallarını satmaq üçün başqa yollar, başqa bazarlar tapması lazımdır. Düşünürəm ki, bunu tapacağıq.

Əslində, Qırğızıstanı Rusiyadan ayırırlar. Düşünürəm ki, Qazaxıstan prezidenti bundan heç şübhələnmir də. Çünki hər bir prezident kimi, öz çevrəsinə inanır.

Prezident Nazarbayevin çevrəsi Qazaxıstan və Nazarbayev haqqında deyil, öz gələcəklərini düşünən oliqarxlar, qazax milyarderləridir. Çünki onların milyardlıq bütün hesabları ABŞ-ın valyuta sistemi ilə nəzarət edilən Qərb banklarındadır. İndi onların ancaq bir vəzifəsi var – Qazaxıstanda hakimiyyət dəyişildikdən sonra onlarla bir vaxtlar ABŞ-ı incitmiş, bazanı çıxarmış, sonra isə milyardlarla dolları həbs edilmiş Kərimovun ailəsi kimi davranmasınlar deyə, birtəhər yarınmaq. Bax, onların bütün vəzifəsi budur.

Yəqin ki, prezident Nazarbayev haqqında emosional danışarkən haqsız idim. O da mənim kimi, sadəlövh adamdır və yəqin ki, problemləri çoxdur. Lakin Qazaxıstanın oliqarx hakimiyyətinin vəzifəsi tamamilə başqadır. Bu günlərdə və sizinlə görüşdən qabaq bu barədə düşündüm. Görünür, ən son qərar hədər deyilmiş: kirildən latın əlifbasına keçməyə baxsaq, bu, Rusiyadan ayrılmaqdır, bu, qazax ordusu və ABŞ dəniz piyadalarının Rusiya ilə sərhəddə birgə təlimidir.

Biz görürük ki, son bir neçə ildə Qazaxıstanın hərəkətləri Avrasiya İqtisadi Birliyinin dağıdılmasına yönəlib.

 

Seçkilər və “təsir agentləri”

 

Qırğızıstanda seçkilər əyani şəkildə göstərdi ki, Qazaxıstan oliqarxları və (ABŞ) Dövlət Departamentinin Qırğızıstandakı təsir agentləri, pul alan bütün QHT-lər, hamı birdən birləşdi. Cürbəcür Utemuradovlar, Baysalovlar, Otunbayevlər, müxtəlif QHT-lər, Cakupovlar birləşdilər. Və hətta bu, üzə çıxdı – ABŞ-ın ağırçəkililərindən biri Maykl Makfol – ABŞ prezidentinin keçmiş özəl köməkçisi, bir neçə il qabaq Rusiyada ABŞ-ın səfiri olub – bu, onda üzə çıxdı, duyğusallıqla hamını satdı, görünür, mənim kimi duyğusaldır. O dedi: “Jeenebekovun seçilməsi pis oldu – bu, demokratiya üçün pisdir”. Yəni, biz Qazaxıstan oliqarxlarının və ABŞ Dövlət Departamentinin əlaltısını seçsəydik, yaxşı olardı. Çünki Qırğızıstanda və bölgəmizdə ABŞ-a heç bir demokratiya qətiyyən gərək deyil.

Həmişə xatırlayıram və sizə xatırlatmaq istəyirəm ki, 2014-cü ildə Özbəkistanın mərhum prezidenti Kərimov bölgədə suya və sərhəd mübahisələrinə görə mütləq müharibə olacağını deyəndə, ABŞ dörd ay müddətində Özbəkistana təmənnasız hər birinin dəyəri 500 min dollardan yuxarı olan 328 zirehli maşın verdi. Özü də orada diktator əyləşmişdi, burada isə demokrat prezident var idi. Yəni, onlar demokratiyaya tüpürürlər, onlara hərc-mərclik və qarışıqlıq lazımdır. Və budur, bu ölkələrdəki pullarını Qərb banklarında saxlayan bu oliqarxlar Qazaxıstan, Nazarbayev və xüsusən də Qırğızıstan haqda düşünmürlər, onlar gələcək haqda, Nazarbayevdən sonra nələr olacağı, öz pullarını necə qoruyacaqları haqda düşünürlər.

Müstəqillik – xalqın ən qiymətli dəyəridir. Və bu müstəqilliyi bizdən sadəcə pulla ala bilərlər. Siz bundan sonra da gözəl sözlərə, qəşəng gözlərə aldansanız, bunu sadəcə anlamaya bilərsiniz. Bunun arxasında iblis gizlənib, amma mən özüm də aldanıram, gözlərim ayyarım bundan qabaq açılıb. Mən görürəm, bu mübarizə çox çəkəcək, çünki olduqca varlı və böyük ölkələrin bu işdə əli var.

Amma mən prezident olanda artıq bilirdim ki, mənim üçün başlıcası okeanarxası dayılarla deyil, birinci növbədə qonşularla dostluq və qardaşlıq münasibətləri olacaq. Bunu yadda saxlamaq lazımdır və buna görə də biz kiril əlifbasını saxlayırıq, çünki Qazaxıstan kirili itirməklə özünün Abay, Auezov və başqaları kimi böyük yazıçılarını itirir. Biz buna yol verməməliyik, xüsusən də ona görə ki, mən bu zalda Altay sivilizasiyası forumunu keçirmişəm. Bizim ulu vətənimiz Rusiyadır. Biz bütün qonşularla barışda olmalıyıq. Bəzən sadəcə səbir etmək gərəkdir, amma biz müstəqilliyimizi qorumağa borcluyuq. Prezidentlər gedir, xalqlar qalır – bunu həmişə yadda saxlamaq lazımdır.

 

Beynəlxalq təşkilatlar

 

Müstəqillik üçün daha bir təhlükə ideoloji asılılıqdır. Xüsusən də indi – çoxmillətli xalqımıza islam adı altında tamamilə yad ideologiyanı bizə sırımağa çalışdıqları bir vaxtda. Amma bundan əvvəl bir daha demək istəyirəm ki, Qırğızıstanda demokratiya nəinki təkcə, guya, demokartik ölkələrə deyil, hətta beynəlxalq qurumlara da lazım deyil. BMT-nin İnsan Haqları üzrə Komitəsi Qırğızıstana qarşı qətnamə qəbul edərkən onlar eynilə bu cür qətnaməni Səudiyyə Ərəbistanına qarşı da qəbul etməyə cəhd edirdilər. Çünki Səudiyyə Ərəbistanında qadınlara yalnız indi maşın sürməyə icazə veriblər, həm də bu, hələlik gerçəkləşdirilməyib. Amma əgər insan haqlarından danışırıqsa, məgər, qadın insan deyil? Başında ərəb ölkəsinin təmsilçisi duran BMT-nin İnsan Haqları üzrə Komitəsi, bax, bununla məşğul olmalıdır. Sən əvvəlcə öz ölkənə bax. Əgər sizdə qadın indiyə qədər insan deyilsə, onda kimin başına ağıl qoyursunuz?

Amma bizə qarşı qətnaməni keçirdilər. BMT baş katibi Pan Gi Mun Səudiyyə Ərəbistanına qarşı açıqca dedi ki, Səudiyyə Ərəbistanı BMT büdcəsinin 5, ya 8 faizini maliyyələşdirir, buna görə də qətnaməni qəbul edə bilmərik. Hətta orada onları 22% ABŞ maliyyələşdirir. Yəni hətta beynəlxalq təşkilatlarda da bütün bu qətnamələr tez-tez pula görə qəbul edilir.

 

“Saqqallılar” və islam

 

Qaldı ki, İslama, islam böyük dindir və mən seçmələr göstərmək istəyirəm. Məndə Quranın Səudiyyə Ərəbistanı üləmalar şurasının bəyəndiyi tərcüməsi var. Quranı bütünlüklə oxumaq çətindir – xüsusən də gənclərə. Mən hər iki dildəki tərcümədən 10-20 səhifəlik çıxarışlar edirəm.

Quranın başlıca müddəaları tamamilə özgə cürdür. Məsələn, ikinci – "Bəqərə" surəsində deyilir ki, dində məcburiyyət yoxdur. Yəni hansısa tumanlı saqqallılar öz prinsip və inanclarını kiməsə zorla qəbul etdirmək istəyəndə, artıq Qurana zidd çıxırlar.

Quranda deyilir ki, müsəlmanlar, musəvilər, nazareylər və sabilər Allahın mükafatına layiq görüləcəklər. Nazareylər və sabilər xristianlardır. Və islam bayrağı altında xristian və musəvilərin qətlə yetirilməsi Qurana ziddir, Quran isə İslamda Allahın kəlamıdır.

Quranda deyilir ki, bir kəs bir nəfəri öldürsə, onun hərəkəti yerüzündəki bütün insanları öldürməyə bənzəyir. kimsə islam uğrunda mübarizə adıyla kiminsə başını kəsirsə, o, Quranın düşmənidir, Allahın düşmənidir, çünki Qurana xilaf davranır.

Quranda deyilib: “Allah sizə əlbisələr verib, bəzənin”. Bəzənmək heç də başdakı qara torbalar və qara geyim deyil. Orada çox şey var. Hələlik heç kim bundan danışmağa cürət etməyib, mən danışacağam, çünki, əlbəttə, özümü müsəlman sayıram.

Və Quranda deyilib ki, kimin cəzalandırılacağına, kimin bağışlanacağına ancaq təkcə Uca Tanrı, ancaq təkcə Rəbb qərar verir. Ola bilsin, cəhənnəmdə gündə beş dəfə namaz qılaraq dözümsüzlüyə çağıran məhz bu saqqallılar olacaq.

Bilirsiniz, Quranda ən çox işlənən sözlərdən biri “Bismilləhi Rahməni Rahim”dir – “Rahmən və Rahim Allahın adıyla”.  Və Rahmən və Rahimə gərək deyil ki, kiminsə başını kəssinlər, geyim əvəzinə başa qara torba keçirsinlər. Bu, tamamilə başqa bir dindir.

Amma əlbəttə, islamın çiçəklənməsi olub  – Qurana əməl edəndə, Məhəmməd peyğəmbərə riyaət edəndə. Məhəmməd peyğəmbər deyib ki, bir saat elmlə, biliklə məşğul olmaq bir gecənin ibadətini əvəz edir. Siz artıq illəri ibadət gecələri ilə əvəz edirsiniz. Elmlə və yaxid biliklə bir gün məşğul olmaq isə üç aylıq pəhrizi əvəz edir. Bu çala-moldolar (qırğızca “çala-moldo” dini ehkamlardan zəif baş çıxardan adam deməkdir-tərc.) bu haqda heç kimə danışmırlar.

Və peyğəmbərin bu vəsiyyətləri yerinə yetiriləndə islam, müsəlman alimləri bütün dünyada ən yaxşı alim idilər. Əl-cəbr – hətta bu gün işlətdiyimiz rəqəmlər müsəlman alimlərindən götürülüb. “Alqoritm” sözü Xarəzm alimi əl-Xarəzmini adından götürülüb. Kolumb Amerikanı kəşf edərkən işlətdiyi astrolyabiya (bucaqölçən alət-tərc.) Səmərqəndin böyük alimi Uluqbəyin icadıdır.

Amma, bax, Quranın ancaq bəzi surələrini əzbərdən bilən bu çala-moldoların, savadsız yarımimamların, fanatiklərin qalib gəldiyi an çatdı. Uluqbəyi məhz islam ehkamçıları, məhz bu moldo və imamlar qətlə yetiriblər. Və bu gün nəyə sahibik? Bu gün elmi baxımdan ən geridə qalmış islam dünyasına sahibik. Yüzlərlə alimdən cəmi iki-üç Nobel mükafatı laureatına. Bizi Orta əsrlərə sürükləyən, müsəlmanların zəkasını öldürmək istəyən bu imamların, saqqallı moldoların xidməti budur. Yuxu isə canavar doğurur.

…Mənə artıq bir neçə dəfə cihad elan ediblər. Mən cihadlardan qorxmuram. Bu cihadlar normal adamlara qarşı elan edilir. Cihad Quranın özündə və peyğəmbərin hədislərində insanın öz içindəki bütün pisliklərlə mübarizəsidir. Buna görə də, əlbəttə, etiqad bəslədiyinizə inanmağınız gərəkdir. İnancın özülündə mərhəmət, başqalarının fikirlərinə sayğı, başqa adamlara qayğı olması gərəkdir. Əsil Tanrıya istənilən inancın təməlində şər dura bilməz. Kin, ədavət dura bilməz. Yalnız xeyirxahlıq. Və islamda bu cür olanda müsəlmanlar ən böyük alim ididlər. Hamı bizim alimlərin risalələrinin üzünü köçürürdü. Və biz bunu geri qaytarmalıyıq. Bu, hər bir din üçün səciyyəvidir. Çoxları bu deyimi başa düşmürlər: “Bir yanağına sillə vursalar, o biri yanağını tut”. (İncildən İsa peyğəmbərin kəlamı-tərc.) Təkcə “Gözə göz, dişə diş” yadlarındadır. (Talion hüququna söykənən Tövratdan ifadə. Yəni gözünü çıxartsalar, sən də onun gözünü çıxart-tərc.) İncillərin dördünə də ehtiram bəsləyirsinizsə, dörd İncilin dördü də çox gözəldir.

Həmişə xeyirxahlığa inanmaq, xeyirxahlıq aramaq lazımdır. Ətrafda ancaq psilik görməyə başlayırsınızsa, yalnız pis olacaq. Bir namizəd isə deyir ki, Qırğızıstanda altı ildə heç bir iş görülməyib, korrupsiya ilə heç bir mübarizə yoxdur, demokratiya yoxdur. Deyir ki, budur, dövlət kanalı birtərəflidir. Öz NTS-ni aç, bütün zir-zibili ora toplamısan. (Prezidentliyə keçmiş namizəd, oliqarx Omurbek Babanovun şəxsi telekanalına işarə olunur-tərc.)

Və bu halla bağlı İsanın özü tərəfindən də deyilib ki, təkcə qaranı görürsünüzsə, gözü təmizləmək lazımdır. Göz, insanın bəbəyi təmiz olmalıdır…

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə