XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2017 - 19:15

FƏHLƏ MAAŞININ YARISINI ATASINA GÖNDƏRƏN LİDER:“Mən çoban oğlu, çoban nəvəsi, çoban nəticəsiyəm...” – Siyasi portret

Nursultan Nazarbayev artıq altıncı müddətə Qazaxıstana başçılıq edən yeganə siyasətçidir. O, bütün dünyada hakimiyyətdə olmaq müddətinin uzunluğuna görə, rekordçu sayılır və 25 ildən çoxdur Qazaxıstanı uğurla idarə edir. Qazaxıstan parlamenti 2007-ci ildə onun prezidentlik vəzifəsini ömürlük tutmaq hüququnu təsdiqləyib.

Mübaliğəsiz şəkildə demək olar ki, Qazaxıstanın son 25 ildəki bütün uğurları (və… uğursuzluqları) bu böyük və ziddiyyətli insanın adıyla bağlıdır. Nazarbayev qarşısına məqsəd qoyub ki, yaxın onilliklərdə Qazaxıstanı dünyanın 30 böyük iqtisadiyyatı sırasına daxil edəcək. Bunun üçün böyük potensial da var:

1. Ölkənin güclü təbii ehtiyatları – böyük neft, qaz, uran, qiymətli metal yataqları, taxıl və s.

2. Qazaxıstan nəhəng Avrasiya məkanında ötürücü və hətta yeri gələndə yönəldici halqa rolunu oynayır;

3. Çinin məşhur “Yeni İpək Yolu” layihəsinin önəmli xətləri bu respublikadan keçir;

4. Qazaxıstan Orta Asiya dövlətləri içində aparıcı və necə deyərlər, “ağsaqqal” missiyasını gerçəkləşdirir;

5. Nef gəlirləri Azərbaycandakı bərbad təcrübə kimi parklara, daşa-divara sürtülüb mənimsənilmir, daxili istehsalı stimullaşdırmağa və insan kapitalına yönəldilir.

6. Ölkədə adambaşına düşən gəlir ilbəil artır… 

 

Uşaqlıq illəri

 

Nursultan Abiş oğlu Nazarbayev 1940-cı il iyulun 6-da Alma-Ata vilayətinin Çemolqan kəndində doğulub.

Nazarbayevlər (ata) ailəsi

Nazarbayev hələ uşaqlıqda 12-ci babasına qəsdər nəsil şəcərəsini bilirdi: Abiş, Nazarbay, Edil, Kembaba, Mırzatay, Aydar, Koşek, Karasay, Altınay, Yeskoja, Maldı-Istık, Şapıraştı, Jalmanbet, Baydibey… Nursultanın səkkizinci babası Karasay pəhləvan olub – əfsanəyə görə, 1640-1680-ci illərdə cunqarlarla savaşda xeyli igidliklər göstərib. Nursultanın babası Nazarbay bəy idi və Qazaxıstan Mərkəzi Arxivinin sənədlərinə görə, 1880-ci illərdə varlı adam olub, su dəyirmanı və onun 100 sajen (sajen-2,134 m-tərc.) uzunluğunda arxının sahibi olub.

Nazarbayev 1991-ci ildə çıxan “Sağsız və solsuz” kitabında yazırdı: ““Proletar” mənşəyi ilə qürrələnmək son illərdə gözlənilmədən başqa bir dəblə əvzələnib: nəyin bahasına olur-olsun, öz əcdadlarnda kübar qanı aramaq və tapmaqla. Bizim nəslimizdə belə şey heç vaxt olmayıb. Mən çoban oğlu, çoban nəvəsi və çoban nəticəsiyəm, yəni, zadəganlardan deyiləm”.

Onun valideynləri kənd təsərrüfatında adi fəhlə, amma kənddə yüksək hörmətə malik olublar. Ailədə sevgi və qayğı, milli adət-ənənələrə sayğı, yaşlılara hörmət və ehtiram aparıcı keyfiyyətlər olub.

 

Təhsil illəri

 

Gələcək prezidentin uşaqlığı ağır savaş dövrü və savaşsonrası aclıq illərinə düşüb. Amma valideyn qayığsı və sevgisi Nursultana və bacı-qardaşlarına o illərin aclıq və məşəqqətindən keçmək, əməksevər və fərəhli böyümək mühiti yaradıb. Nursultanın məktəb illəri Kaskelen kənd məktəbində keçib və şagirdləri içində maraqcıllığı və səyi ilə seçilib, mütaliə və idmana xüsusi səy göstərib. Müəllimləri xatırlayırlar ki, şagird Nursultan həmişə liderliyə can atıb və adamları elə ilk saniyələrdən özünə meylləndirməyi bacarıb.

Yeniyetmə Nursultan orta məktəbi bitirən kimi, valideynlərinə yardım niyyətilə metallurq olmağ qət edirb və böyük metallurgiya kombinatının inşası start götürən Temirtauya yollanıb. Buradan onu Ukraynaya Dneprodzerjinsk şəhərinə peşə-texniki məktəbinə (PTM) göndəriblər. Gənc Nazarbayev bu arada idmanla da ciddi məğul olub, idman meydançalarında yaxşı nəticələr sərgiləyib.

Gənc metallurq Nazarbayev

1960-cı ildə PTM-i bitirərək metallurq diplomu alıb. 20 yaşlı gənc Nursultanın əmək yolu elə bu vaxtdan başlanıb –  ilk qazax çuğununun ərintisində iştirak etməklə bütün varlığı ilə işə qapanıb, az maaşının yarısını hər ay balaca bacı-qardaşlarına yardım üçün atasına göndərib. Kombinat rəhbərliyi Nursultanın bacarıq və səyini nəzərə alaraq onu bir neçə fəhlə ilə birlikdə Karaqanda politexnik institutuna oxumağa göndərib. Üç il burada, sonra isə “ATTM Zavod”-da təhsil alaraq metallurq-mühəndis ixtisasına yiyələnib.

 

Siyasət dünyasında

 

Nursultan Nazarbayev 1972-ci ildə həyatında qəfil dönüş edərək siyasi mühitə girib və vur-tut, cəmi 17 ildən sonra sovet Qazaxıstanının başçısı seçilib.

O, doğma metkombinatda partiya komitəsinin katibi təyin edilib və beləliklə, direktordan sonra ikinci sima olub, həm fəhlələrin, həm də rəhbərliyin rəğbətini qazanıb.

Və bu vaxtdan etibarən siyasi karyerası yüksələn xətlə sürətlə dəyişib: 1977-1979-cu illərdə Karaqanda vilayət partiya komitəsi II katibi, 1979-1984-cü illərdə Qazaxıstan Kompartiyası MK-nın katibi və 1984-1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri.

1986-cı ilin dekabrında Alma-Atada Qazaxıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi postuna Dinmuhəməd Kunayevin əvəzinə Gennadi Kolbin seçildiyinə görə, iğtişaşlar başlanıb. Kunayev şəxsən əvvəlcə bu posta tövsiyə edilən Nazarbayevə qarşı çıxıb. Nazirlər Sovetinin sədri Nazarbayev hadisələrdən bir həftə sonra Alma-Ata ali məktəblərinin tələbələri ilə görüşüb və yaranmış durumu izah edib.

1989-1991-ci illərdə Qazaxıstan KP MK-nın birinci katibi, iqtisad elmləri namizədi (1990) olub. 1992-ci ildə Rusiya İdarəçilik Akademiyasında “Bazar münasibətlərinin oluşması və inkişafı şəraitində resursları qorumaq strategiyası” mövzusunda dissertasiya müdafiə edərək, iqtisad elmləri doktoru elmi dərəcəsi alıb.

1990-1991-ci illərdə Sov.İKP MK Siyasi Bürosunun üzvü, 1979-1992-ci  illərdə SSRİ Ali Sovetinin deputatı, 1990-cı ilin aprelindən Qazaxıstan SSR-nin prezidenti seçilib.

1991-ci ilin aprelindən Novo-Oqaryovada yeni ittifaq müqaviləsi bağlamaq məsələləri üzrə danışıqlarda fəal iştirak edib. SSRİ-nin saxlanması uğrunda çıxış edib. 1991-ci ilin yayında M.Qorbaçovla B.Yeltsin arasında yeni İttifaq müqaviləsi bağlanarkən razılıq əldə olunub ki, Nazarbayev Suveren Dövlətlər İttifaqında hökumətin sədri vəzifəsini tuta bilər, amma FVDK-nin (QKÇP-red.) avqust qiyamı bu planlara mane olub. Nazarbayev SSRİ-nin federasiyaya çevrilməsini irəli sürüb.

Nazarbayev 1991-ci ildə Sov.İKP-dən çıxdığını elan edib. Həmin ilin dekabrında Belovejsk cəngəlliyinə gəlməyib və Belovejsk sazişini imzalamayıb. 1991-ci il dekabrın 1-də Qazaxıstanda ilk dəfə keçirilən prezident seçkilərində 98,7% səs toplayıb. Qazaxıstan SSR Ali Soveti 1991-ci il dekabrın 16-da Qazaxıstan Respublikasının dövlət müstəqilliyi haqda Qanun qəbul edib və Nazarbayev artıq Qazaxıstan Respublikasının prezidenti olub. 1995-ci ildə respublikada keçirilən referendumla Nazarbayevin prezidentlik səlahiyyətləri 2000-ci ilədək uzadılıb. 2010-cu il dekabrın 23-də Ust-Kamenoqrks forumunda təklif meydana çıxıb ki, ölkə prezidentinin səlahiyyətləri 2020-ci ilədək uzadılsın. Çıxış edənlərədn biri Oljas Süleymanov idi. Lakin bir sıra hüququ prosedurlardan sonra erkən prezident seçkilərinə getmək qərara alınıb və Nazarbayev 2015-ci ildə yenidən prezident seçilib.

“Dəyişilməsək, var olmayacağıq”

 

Nursultan Nazarbayev cürətli bir ideya irəli sürərək Qazaxıstanı ruhsal baxımdan da yenidən qurmağa girişib və ucadan bəyan edib: “Dəyişilməsək, var olmayacağıq”.

Qazaxıstan lideri bu baxımdan yazıb: “Qazaxıstan yeni tarixi dövrə daxil olub. Mən bu il İsmarıcımda Qazaxıstanın Üçüncü modernləşməsinin başlandığını elan etmişəm. Biz iki ən önəmli yeniləşmə prosesinə – siyasi islahat və iqtisadiyyatın modernləşməsinə bu cür strat vermişik. Hədəf məlumdur – dünyanın inkişaf etmiş dövlətlərinin otuzluğuna daxil olmaq. Hər iki modernləşmə prosesinin aydın məqsədi və vəzifələri, prioritetləri və bunları əldə etmək üsulları var. Əminəm ki, hər şey vaxtında və maksimal şəkildə effektli ediləcək. Amma bu, yetərli deyil.

Mən əminəm: başladığımız irimiqyaslı dəyişimlər ictimai şüurun önləyici modernləşməsilə müşayiət olunmalıdır. O, sadəcə, siyasi və iqtisadi modernləşməni tamamlamayacaq – bunun özəyi kimi çıxış edəcək. 

Qeyd etmək lazımdır ki, müstəqillik illərində tərəfimizdən bir sıra böyük proqramlar qəbul edilib və gerçəkləşdirilib. 2004-cü ildən Qazaxıstan ərazisindəki tarixi-mədəni abidələr və obyektlərin  bərpası üçün “Мәдени мұра” proqramı gerçəkləşdirilib. 2013-cü ildə dünyanın aparıcı arxivlərindən ölkəmizin tarixinə həsr edilmiş sənədləri toplamaq və öyrənməyə imkan verən “Халық тарих толқынында” proqramını qəbul etmişik”.

 

Ailəsi və şəxsi həyatındakı müəmmalar

Nazarbayevlər ailəsi

Qazax liderinin şəxsi həyatı istənilən dövlət başçısının həyatı kimi mühüm dövlət sirridir. Məlum olan budur ki, hələ lap cavan vaxtlarında 1962-ci ildə doğma metkombinatın domna sexində tanış olduğu Sara Kanukayeva ilə evlənib.

Təzəcə ailə qurmuş Nursultan Nazarbayev və xanımı Sara Kanukayeva

Ər-arvad əl-ələ verərək ailənin rifahı üçün çalışıb və yüksək postlara çatmağa nail olub – Nursultan Nazarbayev Qazaxıstan Respublikasının dəyişməz lideri, Sara xanım isə respublikanın ən böyük beynəlxalq uşaq xeyriyyə fondu “Bəbək”in (“Balaca”) qurucusu və prezidentidir.   

Dariqa Nazarbayeva

Nazarbayevin üç qızı var. Böyük qızı Dariqa siyasi elmlər doktoru, Qazaxıstan Respublikası Baş nazirinin müavinidir. Dariqanın əri Rahat Əliyev 2007-ci ildə səhmdarı olduğu “Nurbank”ın idarə heyətinin  üzvlərini pul qoparmaq qəsdilə oğurlamaqda ittiham olunub. Oğurlananlardan ikisinin meyidi sonradan Alma-Ata ətrafında aşkarlanıb. Rahat Əliyev təqibi siyasi motivlərlə izah edərək o vaxt səfir olduğu Avstriyadan Qazaxıstana qayıtmaqdan imtina edib. 2015-ci ildə Avstriya həbsxanasında hücrədə asılmış halda tapılıb. Xeyli suallar doğuran rəsmi versiyaya görə, bu, intihar olub.

Almaniyadan məhkəmə təbabəti professoru Bernd Brinkmann hesab edib ki, Rahat Əliyevin intihar etdiyi haqda rəsmi versiya yanlışdır. “Bu, intihar deyil, qətldir” deyə Rahatın vəkili Manfred Aynedter alman ekspertin rəyini ümumiləşdirib.

Brinkmann 2015-ci il dekabrın 12-də Vyanada mətbuat konfransında bildirib ki, boğulma qırışlarından aşağıdakı göy ləkələr qətl haqda qənaət doğurur. Ekspertin dediyinə görə, bu qançırlar nəticə çıxarmağa imkan verir ki, Əliyevi boğandan sonra asıblar. Brinkmann həmçinin  hesab edir ki, qatillər – onlar isə ikidən az olmayıblar – onun döş qəfəsini əzərək ağız və burnunu tıxayıblar.

Rahat Əliyev

Qeyd edək ki, Qazaxıstanın Avstriyadakı keçmiş səfiri Rahat Əliyev bir sıra ağır cinayətlərə, o cümlədən vətənə xəyanət, dövlət çevrilişi hazırlamağa görə öz vətənində qiyabi mühakimə olunub və ümumilikdə 40 il müddətinə azadlıqdan məhrum edilib. Bunda sonra isə xaricdə gizlənib. Avstriya əməliyyatçıları onu 2015-ci ildə Vyanada həbs ediblər.

Dariqa qalmaqallı proses başlayan kimi, ərindən boşanıb və bir müddət ictimai həyatdan kənarlaşıb. Bir neçə ildən sonra aktiv fəaliyyətə dönüb və baş nazirin müavini postunu tutub. O, həm də İosif Kobzonun təriflədiyi tanınmış müğənnidir.

Dinarə Kulibayeva

Prezidentin ikinci qızı Dinarə Qazaxıstanın ən varlı qadını, Qazaxıstan Xalq Bankının səhmdarıdır. İctimai sima deyil, hazırda İsveçrədə yaşayır. Əri Timur Kulibayev də iş adamıdır.   

Aliyə Nazarbayeva

Üçüncü qızı Aliyə biznesmendir, “Elitstroy” inşaat şirkətinə başçılıq edir. 1998-ci ildə Qırğızıstanın keçmiş prezidenti Əskər Akayevin oğlu Aydarla ailə qurub, amma üç ildən sonra ayrılıblar.

Nursultan Nazarbayevin səkkiz nəvəsi və beş nəticəsi var.

Əlavə edək ki, respublikada dolaşan söz-söhbətlərə görə, Nazarbayev həyat yoldaşı Sara Kanukayevadan ayrı yaşayır və onun daha iki arvadı olduğu haqda məlumatlar var. Keçmiş kürəkəni Rahat Əliyev “Xaç qayınatası” kitabında yazıb: “Gülnarə Rakişeva hələ bir neçə il əvvəl Qazaxıstan prezidentinin özəl aviadəstəsində heç kimin tanımadığı stüardessa olarkən Nursultan Nazarbayevlə kifayət qədər yaxından tanış olub. Qazaxıstan prezidenti gözəl cinsə qarşı həmişə zəiflik göstərib, amma bir qayda olaraq çoxsaylı məşuqələrini artıq səhərə yaxın unudub. Gülnarə ilə başqa cür alınıb: külli-ixtiyar sahibi olan qazax xanının artıq cavan olmayan stüardessa ilə əlaqəsi nəinki kəsilib, əksinə, daha da möhkəmlənməyə başlayıb, demək olar, ər-arvad münasibətinə keçib. Sadə stüardessanın gümrah, qoca Nazarbayevi nə ilə cəzb etdiyi müəmma olaraq qalır”.

Prezidentin üçüncü arvadı “Miss Qazaxıstan” müsabiqəsinin qalibidir. Bu qadınların adları qazaxıstanlıların əksəriyyətinə məlumdur, amma təqib qorxusundan Qazaxıstan mətbuatında dərc edilmir.

 

Nazarbayevlər ailəsinin sərvəti

 

Handelsblatt” nəşrinin (Almaniya) yazdığına görə, Nursultan Nazarbayev planetin öz ölkələrində qeyri-məhdud hakimiyyətə yiyələnmiş rəhbərləri içində 1,1 milyard dollar sərvətlə 10-cu yeri tutur. Prezidentin ailəsində iki milyarder (ikinci qızı Dinarə 1,258 milyard dollar və ikinci kürəkəni Timur Kulibayev 1,258 milyard dollarla) və bir neçə milyoner (birinci qızı Dariqa 593 milyon dollar, nəvəsi Nurəli Əliyev 230 milyon dollarla və qardaşı Bulat Nazarbayev) var.

Nazarbayevlər qəbiləsinin sərvəti 7 milyard dollar dəyərləndirilir.

Qazaxıstan prezidentinin yazdığı kitablar

1. "Казахстанский путь"

2. "Стальной профиль Казахстана"

3. "Без правых и левых"

4. "Стратегия ресурсосбережения и переход к рынку"

5. "Кремлёвский тупик"

6. "Стратегия становления и развития Казахстана как суверенного государства"

7. "Рынок и социально-экономическое развитие"

8. "На пороге XXI века"

9. "Евразийский союз: идеи, практика, перспективы. 1994—1997"

10. "В потоке истории"

11. "Эпицентр мира"

12. "В сердце Евразии"

 

Strateq.az