XƏBƏR LENTİ

12 Dekabr 2019

Digər Xəbərlər

27 Oktyabr 2017 - 17:11

İRAQ KÜRDLƏRİ ARASINDA PARÇALANMA BÖYÜYÜR:Bərzaninin istefası tələb edilir - TƏHLİL

Sergey Şəkəryants

regnum.ru, 26.10.2017

 

İraq Kürdüstanı bölgə hökumətinin Tehran təmsilçisi Nazim Dəbbaqın oktyabrın 22-də yayılmış bəyanatından aydın olur ki, sentyabrın axırı, oktyabrın əvvəlində İraq ordusu və şiə könüllü yığması ilə birgə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) “Qüds” xüsusi təyinatlı hissələri də general-mayor Qasım Süleymaninin rəhbərliyi altında Şimali İraqa girib.

Dəbbaqın sözlərinə görə, indi kürd liderləri Süleymaninin bu yöndəki səylərini alqışlamaqla müstəqillik referendumundan sonra meydana çıxan problemləri danışıqlar yoluyla çözməyə hazırdırlar: “Cənab Süleymani İraq kürdlərinə vicdanla yanaşan adamdır və İraq Kürdüstanında referendum keçirilənə qədər bu prosedur haqda xəbərdarlıq dərc etdirib, – Dəbbaq deyib. – İran Kürdüstan bölgəsi ilə İraq mərkəzi hökuməti arasındakı problemi İraq konstitusiyası əsasında həll etməyə çalışır”.

Referendumdan sonra problemlərin tənzimlənməsinə səbəb olan” vasitəçilik missiyasına görə general-mayor Süleymanini tərifləmiş yüksəkçinli İraq kürd qanunvericisi Məsud Heydərin də sözləri bu bəyanata tam uyğundur: “Bu yaxınlarda referendum keçirilərək İraq baş naziri Heydər əl-Abadinin rəhbərliyi və “Qüds” qüvvələri komandiri Qasım Süleymaninin vasitəçiliyi ilə İraq xalq qüvvələri komandiri Hadi əl-Əmiri ilə Kürdüstan Vətənsevərlər Birliyi (KVB) komandanı Bafel ət-Tələbani (Cəlal ət-Tələbaninin oğlu, bəzi qaynaqlarda Pavel  deyilir-tərc.) arasında 9 maddəlik saziş imzalanıb. Referendumun nəticələri bu əsasda göstərilməyən vaxtadək ləğv olunub”.

Deməli, İraq kürdlərinin özləri – Bərzaninin və onun Kürdüstan Demokratik Partiyasının rəqibləri – 25 sentyabr referendumunun siyasi nəticələrinin yetişmədiyi səbəbləri səsləndiriblər. Bərzaninin opponentləri Süleymaninin vasitəçiliyi ilə Bərzani qəbiləsinə sübut ediblər ki, “yanlışlıq” baş verib. Və əslində, sentyabr referendumunun nəticələri qeyri-müəyyən zaman kəsimində aşkara çıxarılmayacaq.

"Reuters" agentliyinin xəbərinə görə, digər kürd qanunvericiləri də bəyan ediblər ki, baş nazir əl-Abadi öz qoşunlarına Kərkükə doğru irəliləmək əmri verməzdən qabaq general-mayor Süleymani İraqdakı iki əsas kürd siyasi partiyasından biri KVB-nin liderləri və Tehranın müttəfiqləri ilə görüşüb. "Reuters" xəbər verib: Süleymani kürd liderlərə deyib ki, peşmərgə qüvvələri Qərbin və bölgə dövlətlərinin dəstəklədiyi əl-Abadinin qoşunlarını yenə bilməz. Agentlik KVB partiyası deputatlarından birinə istinadən yazır: “Süleymaninin səfəri… qərar qəbul edən şəxslərin fatal səhv buraxmaması üçün son şans verməliydi”.

KVB aparıcı məmuru Əla ət-Tələbani ərəbdilli “əl-Hədat” telekanalında deyib: “Süleymani bizə məsləhət görüb ki, Kərkük qanuna və konstitusiyaya qayıtmalıdır, ona görə də, gəlin, anlaşmaya gedək”.

Oktyabr boyunca Ərbildən dəfələrlə məlumat gəlib ki, Bərzani qəbiləsi KVB partiyası və ət-Tələbani ailəsi tərəfdarlarını “satqınlıqda” ittiham edib. Bərzaninin opponentləri öz növbələrində onu və bütün KDP-i  “satqınlıqda” ittiham edərək Kürd muxtariyyəti başçısı vəzifəsindən istefasını tələb ediblər. Bu cür son tələblərdən birini İraq Kürdüstanı parlamentinin… spikeri Yusif Muhəmməd səsləndirib. Ərəbdilli "Soumeriyeh" xəbər saytı Muhəmməddən sitat gətirir: “Müstəqillik haqda referendum vasitəsilə İraqın parçalanması haqda sui-qəsd pozulub. Siz məğlubiyyəti etiraf etməli və insanlarımıza öz talelərini müstəqil həll etmək imkanı verməlisiniz və tendensiyalara söykənən yolunuzu zorla qəbul etdirməməlisiniz”.

Muhəmməd sonra ümumiyyətlə Bərzaninin özünün legitimliyini sual altında qoyub: “12 il qabaq hakimiyyəti zorla qəsb etmiş Bərzani öz istefası ilə Kürdüstan xalqına böyük xidmət göstərəcək”.

Görünür, kürdlərin referendumunun Şimali İraqda daxili parçalanma və hətta vətəndaş müharibəsinə səbəb olacağı haqda hələ sentyabrın 25-də xəbərdarlıq edən İranın nə qədər haqlı olduğuna daha tutarlı sübut artıq gərək deyil. Kürd spikerin ittihamı səciyyəvidir – axı kürd parlamentində müxalifətin varlığına baxmayaraq o, həmişə nəzarətdə olub, Bərzani və tərəfdarları tərəfindən idarə edilib. Amma gördüyümüz kimi, durum kökündən dəyişilib. Əgər oktyabrın əvvəlində təkcə ərəblər və ərəbdilli KİV-lər kürdlərin “satqınlığı”ndan açıq şəkildə danışırdılarsa, indi bu haqda kürdlərin içindəki bəzi dairələr də danışır. Amma ərəb ittihamlarının da məğzi var. Məsələn, Suriyanın “əl-Vətən” qəzeti yazır ki, bölgədə terrorçu qrupların məğlubiyyəti ABŞ və müttəfiqlərini öz uğursuzluqlarını tarazlaşdırmaq üçün dini dövlətlərin dağılması daxil olmaqla bütün resurslarını istifadə etməyə məcbur edib: “Suriya hökumətinin mövqeyi möhkəmlənib və hazırda istənilən bölgəsəl və beynəlxalq siyasi meydançada böyük çəki və rezonans əldə edib. Sionçu rejim indi Şimali İraqda kürd rejimini möhkəmlətməyə cəhd edir ki, ərəb ölkələrində bərkisin və orada İran, İraq, Suriya və başqa ölkələrə qarşı müqavimət qovşağı yaratsın”.

Hazırda Məsud Bərzani və partiyasına elan edilən ittihamın da məğzi bu sözlərdə gizlənib.

Bununla belə, digər müxaliflər də oktyabrın 23-də KVB-nin və başqalarınn tələblərinə qoşulub. "France-Presse" agentliyi xəbər verir ki, “Dəyişikliklər uğrunda hərəkat” partiyası (“Qorran”) Məsud Bərzanini və müavini Kosrat Rəsulu təcili istefaya çağırıb. “Qorran”ın yayılmış bəyanatında Bərzani və Rəsulun istefası tələbinin əsas səbəbi kimi… Ərbilin Bağdadla bütün mübahisəli ərazilər üzərində nəzarəti praktik itirməyi göstərilir. “Qorran” həmçinin İraq mərkəzi hökuməti ilə dialoqa və muxtar bölgədə yeni seçkilərin təşkilinə hazırlıq üçün “milli qurtuluş hökuməti” formalaşdırmağa çağırıb.

Bərzani və partiyasının tənqidi həm panislam həmrəyliyi və maraqları mövqeyindən, həm də sırf kürd millətçiliyi mövqeyindən gedir. Bu isə Bərzaninin siyasi arenadan gedişi və ola bilsin, partiyasının zəifləməsinin praktik olaraq həll edilməsinin sübutudur. Həm də Bərzanini və KDP-i kimin və nəyin – mübahisəli ərazilərin ərəblərə verilməsi, İraqın parçalanması üzrə İsrail-ABŞ planlarına tabelik və yaxud… özlərinin “Laleş” döyüş qrupu ilə şimal rayonu Sincardan Bərzani peşmərgəsini sıxışdırıb çıxardan və Bağdad mərkəzi hökumətinə loyallıqlarını bildirən yezidilərin iddiasına görə, İŞİD terrorçuları ilə əməkdaşlığın “bağışlamayacağı” önəmli deyil.

Biz isə xatırladaq ki, yuxarıda dəfərlələ sözügedən İran general-mayoru Qasım Süleymaninin təkcə ət-Tələbani qəbiləsi və KVB partiyası ilə deyil, həm də “Qorran” partiyası və onun, demək olar, bütün aparıcı siyasətçiləri çox gözəl münasibətləri var. Kürdlər və ərəblərin İraqdaxili mübahisələrin tənzimlənməsində İranın iştirakıyla bağlı təmkinli narahatlığına rəğmən Şərqdə şəxsi münasibətlər amili isə dövlətlərarası yüksəksəvviyyəli münasibətlərdən həmişə daha önəmli olub.

Oktyabrın 23-də ABŞ Dövlət Departamenti ilə İraq hökuməti arasında baş vermiş diplomatik atışma, həmçinin dövlət katibi Reks Tillersonun Bağdada “elan edilməmiş” tələsik səfəri dramatizmin bundan sonra da gərgin olacağından xəbər verir.

"Reuters"in xəbər verdiyi kimi, Yaxın Şərq turnesi çərçivəsində əvvəlcə Səudiyyə Ərəbistanında olan Tillerson İranyönlü hərbiləşdirilmiş bütün qruplaşmaları İraqdan çıxarmağa çağırıb. Şərh etmək artıqdır – ABŞ İsrailin İrana və şiə müsəlmanlara qarşı yönəlmiş proqramlarını tam şəkildə gerçəkləşdirir.

İraq baş nazirinin dəftərxanası cavabında Tillersonun çağırışı ilə bağlı təəccüb ifadə edilən bəyanat yayıb. İraq hökumətinin bəyanatında qeyd olunur: “Xarici tərəflərdən heç birinin İraqın daxili işlərinə qarışmaq hüququ yoxdur”. Və bu, anlaşılandır – əl-Abadi xatırlayır ki, sələfi əl-Malikinin istefası ABŞ, Böyük Britaniya və İsrailin diktəsi altında baş verib. Bundan başqa, o bilir ki, İraqın şiə könüllüləri təkcə “evdə” deyil, həm də Suriyada vuruşurlar. Nəhayət, o, dəqiq bilir ki, Şimali İraqda mübahisəli ərazilərin qaytarılması İranın tam birbaşa iştitrakı ilə baş verib. Şərq isə heç vaxt unutmir ki, borc ödənməklə gözəldir. Və əl-Abadi buna görə də Tillersonla şəxsi danışıqların gedişində Dövlət Departamentinin şefinə uzun müddət təlqin edib ki, “əl-Həşd əş-Şəabi” könüllü yığması və digər şiə qruplaşmaları “İraq vətəndaşlarından ibarətdir və İŞİD terrorçuları ilə barışmaz mübarizə aparır” və İranın deyil, İraq institutlarının tərkib hissəsidir.

ABŞ dövlət katibinə göstərilib ki, İraq şiə könüllü yığmasını “dəstəkləmək lazımdır, çünki onlar ölkənin və bütün bölgənin ümidinə çevrilirlər”.

Bu, öz dəyərinə görə təkcə Tillersonun psixikası üçün deyil, hətta həm də ABŞ-ın istənilən siyasətçisinin soyuq qəlbi üçün güclüdür. Çünki İsrailin ardınca hazırda Vaşinqtonda Yaxın Şərq siyasətində yeni dəbi səylə yayırlar – məğzi budur ki, guya, “İran və şiələr istənilən İŞİD-dən daha pisdir”.

Belə ki, İraq baş nazirinin reaksiyası təsdiq edir ki, görünən perspektivdə Yaxın Şərq üzrə qarşı duran strateji proqramların  – İran və İsrail-Amerika – davamının şahidi olacağıq.

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə