Çexiyanın da öz Trampı var – milyarder Andrey Babiş. Ənənəvi Şərqi Avropa koloriti ilə seçilən Babişin Donald Trampın uğurlarını təkrarlamaq şansı olduqca böyükdür. Babiş "Agrofert"in qurucusu və əsas səhmdarıdır. Rəhbəri olduğu ANO (Narazı Vətəndaşlar Aksiyası) partiyası ötən bazar günü keçirilən parlament seçkilərində qalib gəlib. Trampdan fərqli olaraq Andrey Babiş böyük siyasətdə təcrübə toplaya bilib. Son üç il ərzində o, Çexiyada maliyyə naziri postunu tutub.
Andrey Babiş
Babiş kifayət qədər qalmaqallı fiqurdur. Onu həm də StB (keçmiş Çexoslovakiyanın kəşfiyyat xidməti) ilə əlaqələrdə ittiham edirlər.
Babişin sərvəti stabil qaydada artmaqdadır. Hökumətdə təmsil olunana qədər onun sərvəti 3 milyard dollar idisə, indi bu rəqəm 4,1 milyarda yüksəlib. Və hazırda Babiş çex zənginləri arasında 2-ci sıradadır.
Maraqlıdır ki, Babiş uzun müddət Trampı tənqid edir və onunla hər hansı oxşarlığının olması fikrini yaxın buraxmırdı. Trampı uğursuz milyarder adlandıran Babiş ABŞ-dakı son prezident seçkilərindən sonra mövqeyini dəyişdi. Və müsahibələrində Trampla özünü müqayisə etməyə, oxşarlıqlarını dilə gətirməyə başladı.
Trampın qələbəsindən sonra Babişin ilk açıqlaması belə olmuşdu: "Ən azından o, bir çox amerikalıdan fərqli olaraq xəritədə Çexiyanı tapa biləcək. Çünki həyat yoldaşı çexdir".
Maykl Blumberq
Maykl Blumberq – ABŞ-ın media və maliyyə bazarının aparıcı fiqurlarından biridir.
1981-ci ildə Blumberq "Salomon Brothers" sərmayə bankından uzaqlaşdırılır. Lakin maliyyəçi işsiz qalmır. "Uoll-Strit"də təcrübə toplamış biri kimi informasiyanın bazarın oyunçuları üçün nə dərəcədə əhəmiyyətli olduğunu dərk edir və öz adını daşıyan agentliyi təsis edir. "Blumberq"in ilk müştəirisi "Merrill Lynch" bankı olur.
90-cı illərin ortalarında internetin inkişafı ilə agentlik də fenomenal nəticələrə imza atır. Blumberq amerikalı milyarderlərin sırasına qoşulur və bu dəfə də özünü siysətdə sınamaq qərarı verir.
2001-ci ildə Respublikaçılar Partiyasının dəstəyi ilə Nyu-York meri postuna keçirilən seçkilərə qatılır və qalib gəlir.
Mediameqnat işinin öhdəsindən çox yaxşı gəlir və ard-arda üç müddət mer vəzifəsində qalır. Onun rəhbərliyi dövründə Nyu-York 2008-ci ilin maliyyə böhranını atlada bilir və dünyanın maliyyə mərkəzi statusunu qoruyub saxlayır.
Blumberq mer postuna gələndə zəngin idisə, bu postu tərk edəndə sərvəti qat-qat artmışdı. "Forbes"in yazdığına görə, 2001-ci ildə onun sərvəti 4 milyard dollar olub. 2009-cu ildə – üçüncü müddətə mer seçiləndə isə bu rəqəm 17,5 milyarda yüksəlib.
Üstəlik bu artım elə bir mərhələdə baş verib ki, bir çox milyarderlər qlobal maliyyə böhranı səbəbindən sərvətlərinin yarısını itirmişdilər.
Mer vəzifəsindən gedəndə (2013-cü il) Blumberqin sərvəti 27 milyard dollara çatmışdı. Son rəqəmlərə görə isə milyarderin sərvəti 47 milyard dollardır.
Maraqlıdır ki, mer postunu tutduğu illərdə Blumberq simvolik əməkhaqqı alırdı. Onun aylıq maaşı cəmi 1 dollar idi. Halbuki o, 20 il ərzində təkcə xeyriyyə işlərinə 650 milyon dollar xərcləmişdi.
Nacib Mikati
Livanda iri biznesmenlərin siyasətə gəlişi, eləcə də siyasi fiqurların sonradan böyük biznesə yönəlməsi adi haldır. İş adamı Nacib Mikati Livanda iki dəfə hökumətin rəhbəri olub.
Mikati sərvətini telekommunikasiya texnologiyaları sayəsində toplayıb. O, 1982-ci ildə qardaşı ilə birgə "Investcom" telekommunikasiya şirkətini qurub. 2006-cı ildə qardaşlar şirkəti Cənubi Afrikaya məxsus "MTN Group"a 3,6 milyard dolara satıblar.
Bundan sonra Mikati qardaşları "M1 Group"u təsis edib və bu şirkət telekommunikasiya, əmlak, ticarət kimi, sahələri əhatə edib.
2000-ci ildə Mikati Livan parlamentinə seçilir. Mötədil siyasətçi imici, ölkənin etnik qrupları və konfessiyaları ilə yaxın əlaqələri ona 2005-ci ildə baş nazir postunu tutmağa qapı açır.
Mikatinin hökumətdə qurduğu koalisiyada xristian partiyaları ilə yanaşı, "Hizbulla" da təmsil olunurdu. Mikati hamı üçün kompromis variant idi. Məhz onun sayəsində Yaxın Şərqi silkələyən "ərəb baharı" Livandan yan keçə bilmişdi.
"Forbes" Mikatinin sərvətinin 2,7 milyard dollar olduğunu bildirir. Siyasi fəaliyyətlə məşğul olduğu illərdə onun səhmləri bir neçə dəfə bahalaşmışdı.
Rafiq Hariri
Livanda xristian ailəsində dünyaya gələn Rafiq Hariri yoxsul ailədən çıxsa da, baş nazirə qədər yüksələ bilib. Gənc Hariri Beyrutda İqtisad Universitetinə daxil olub. Lakin pulu olmadığından təhsilini yarımçıq saxlamalı olub.
1965-ci ildə o, Səudiyyə Ərəbistanına yollanır və tikinti şirkətlərinin birində mühasib işləməyə başlayır. Təcrübə və etibar qazanan, dürüstlüyü ilə seçilən livanlı gənc bir müddət sonra öz şirkətini qurur.
Onun ilk cəhdi uğursuzluqla nəticələnir. Lakin Hariri ruhdan düşmür və ikinci dəfə cəhd edərək Səudiyyədə otel inşasına qərar verir. İdeya Səudiyyə kralı Xalid ibn Abdul-Əzizin çox xoşuna gəlir. Kral Haririni tərifləyir və az sonra ona Səudiyyə vətəndaşlığı verir.
20 il ərzində Haririnin şirkəti kral və şeyxlər üçün saraylar, mehmanxanalar, hava limanları inşa edir.
Tikinti sektorundakı uğurlu fəaliyyəti ilə yanaşı, Hariri beynəlxalq bankçılıqla da məşğul olur. Mediaholdinqə sahib olan milyarder bütün dünya üzrə əmlak işini də yürüdür.
Onun xüsusi diqqət ayırdığı sahələrdən biri də xeyriyyəçilik olub. Məhz bu yardımsevərliyinə görə Hariri 80-ci illərdə Livana qayıdanda böyük sevgi ilə qarşılanır. Səudiyyə kralı ilə yaxın münasibətləri, Livan daxilində populyarlığı, dini cərəyanların ona neytral mövqedə olması Haririyə 16 illik vətəndaş müharibəsinə son qoymaq və sülh sazişi imzalamaq imkanı yaradır.
Onun bu xidmətləri cavabsız qalmır və 1992-ci ildə Livan prezidenti İlyas Xraui Haririni ölkənin baş naziri təyin edir. Hariri 92-dən 2004-ə qədər ölkənin baş naziri olur. Bu illərdə o, biznesdəki təcrübəsi və qonşu ölkələrlə yaxşı münasibətləri sayəsində Livan iqtisadiyyatını inkişaf etdirir.
Hakimiyyətdə olduğu illərdə Hariri siyasi güc mərkəzini prezidentdən baş nazirə gətirə bilir.
Hakimiyyətdən gedəndən bir il sonra Hariri sui-qəsd nəticəsində həyatını itirir. İzdiham o qədər böyük olur ki, dəfn mərasiminə gələnlər təxminən üç kilometrlik ərazini tutur.
Haririnin övladlarının – oğlanları Baxaa, Saad, Xussam, Ayman, Faxd və qızı Hindin hələ də ölkənin daxili siyasətinə nüfuz imkanları var. Yeri gəlmişkən, oğlu Saad Hariri 2016-cı ildə Livanın baş naziri təyin edilib. Onun sərvətinin 1,5 milyard dollar olduğu deyilir.
Əvvəli burada:
http://strateq.az/manshet/209385/mafiyayla-sovd%C9%99l%C9%99sm%C9%99-dubayin-vizit-karti-cili-bib%C9%99ri.html
Strateq.az