XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

07 Noyabr 2017 - 14:07

SƏUD XANƏDANININ ƏN DOLAŞIQ DÖVRÜ:Varislik iddiası hələ çox qan tökdürəcək - TƏHLİL

Bryus Ridel

Al-Monitor” (ABŞ)

Səudiyyə kralı Salman bin Əbdüləziz əl-Səudun Milli Qvardiya naziri şahzadə Mutəyb bin Abdullahı – mərhum kral Abdullahın sevimli oğlunu vəzifəsindən kənarlaşdırma qərarı öz sevimli oğlu olan vəliəhd-şahzadə Məhəmməd bin Salmanın mümkün və güclü rəqibini aradan götürmək məqsədi daşıyır. Mutəybin vəzifəsindən kənarlaşdırılması padşahlıqdakı geniş miqyaslı həbs dalğasının ən mühüm hissəsidir və bu, gənc vəliəhdin iddialarına dərin müxalifətin var olduğunu göstərir.

Səudiyyə Ərəbistan Milli Qvardiyasını 1950-60-cı illərdə kral Abdullah yaradıb. O, yarım əsrdən artıqdır ki, ailənin Abdullah qolu və Şəmmər tayfasının güc mərkəzidir. Milli Qvardiya, ilk növbədə, kral ailəsini nizami ordudakı inqilabçı qəsdlərdən müdafiə etmək üçün qurulub. O, paytaxt və müqəddəs şəhərlərdə, eləcə də sərhəd boyunca yerləşdirilib.

1964-cü ildə qvardiya kral Səudun zorla devrilməsindən sonra kral Feysəli taxt-taca gətirən mühüm bir oyunçu idi və 1979-cu ildə Məkkədə müqəddəs məscidin dini ekstremistlərdən təmizlənməsində də vacibliyini isbatlayıb.

Milli Qvardiya 1990-cı illərdə krallığın İraqdan müdafiəsinə və Küveytin azad olunmasında iştirak edib. 2011-ci ildə etirazçılara qarşı sünni azlığın hakim ailəsini mühafizə etmək üçün o, kral Fəhd bəndini keçərək Bəhreynə göndərilib. Milli Qvardiya hələ də bu ölkədədir.

100 min nəfərlik Milli Qvardiya 200 mindən çox əsgərə və təxminən min tanka malik olan Səudiyyə Ərəbistanı Quru Qoşunlarından ayrıdır. Həmçinin müdafiə naziri olan Məhəmməd həm də Səudiyyə Quru Qüvvələrinin mülki komandanıdır.

1991-ci ildə Xəfci döyüşündə iştirak edərək qvardiya iraqlıların həmləsini dəf edib və sonradan Küveytin azad edilməsi əməliyyatına başlayıb.

2009-2010-cu illərdə Səudiyyə ordusu Yəməndə husi üsyançıları ilə sərhəddə toqquşmalara məruz qalıb. Səudiyyələr qarşıdurmalarda yaxşı tərəfdən tanınmayıb və böyük zərər görüblər. Tədricən husilər sərhəd bölgəsi və Yəmənin şimalında idarəçiliyi əllərinə alıb.

İki qoşun növü çox baha başa gəlir. Müdafiə xərclərinin bölüşdürülməsində vahid rəhbərlik yoxdur, amma hərbi personalın əksəriyyəti Kral Quru Qüvvələri və Milli Qvardiyada cəmləşib. Hər ikisi də çox yaxşı təchiz olunub. Məsələn, Milli Qvardiya 2010-cu ildə ABŞ-dan satın alınan 24 “Apache” helikopteri ilə atəş gücünü artırıb.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2015-ci ildə Səudiyyənin müdafiə xərcləri 87 milyard dollar olub; bu, NATO və ya Rusiya tərəfdaşlarınkından daha böyük xərclərdir. Adambaşına düşən xərclər ildə 6.900 ABŞ dolları təşkil edir – cəmi 20 milyon təbəəsi olan Səudiyyə üçün fövqəladə bir məbləğ.

Mutəyb və Milli Qvardiya vəliəhd-şahzadəyə potensial alternativ mərkəzi təmsil edir. Abdullahın oğlunu işdən çıxararaq, padşah və şahzadə öz əllərində daha da gücləndirir. Daha əvvəl onlar, eyni zamanda daxili işlər naziri, krallığın milli təhlükəsizlik aparatının üçüncü rəhbəri olan sabiq vəliəhd Məhəmməd bin Naifi sıxışdırıblar.

Vəliəhd-şahzadənin hakimiyyətini gücləndirmək qərarı həm həsəd, həm narahatlıq doğurub. Gənc şahzadə ölkəsini dəyişdirmək niyyətindədir. Keçən ay o, 500 milyard dollarlıq maliyyə yardımı ilə səltənətin şimal-qərbində NEOM adlı yeni bir şəhər qurmağı planladığını açıqlayıb. Onun “Saudi Vision 2030”-u ölkənin tarixini dəyişmək üçün ən geniş proqramdır.

Lakin Məhəmməd bin Salman hakimiyyətə gəlişindən kədərlənmiş kral ailəsi üzvlərinin həsədindən xəbərdardır. Məhəmməd ibn Naifin məcburi kənarlaşdırılması yumşaq şəkildə həyata keçirildi, çünki uzun illər terrorçuluqla mübarizə aparan bu şəxs sədaqətli xidmətinə görə az hörmət və ehtiram qazanmayıb. Naifin istefasından sonra belə hələ də ictimaiyyət arasında onun işdən çıxarılması barədə danışırlar.

Səudiyyə daxili siyasətinin məlumatlı müşahidəçiləri bu yay krallıqda gərginliyin bir əlaməti olaraq tanınmış ruhanilər və ziyalıların bir çox həbslərini qeyd edirlər. Məhəmməd bin Salmanın atası vəfat etdikdə varisliyin hamar keçidinə heç bir zəmanət yoxdur. Son həbslər yalnız mübahisənin padşahdan və oğlunun düşündüyündən daha mürəkkəb olması anlamı verir. Vəliəhd-şahzadə indi rəqiblərini daha çox cəzalandırmaq üçün bir vasitə kimi görünən  korrupsiyaya qarşı mübarizəyə də məsuludur. On bir şahzadə nəzarətə alınıb və şübhə altına qalan xeyli saray əhli var.

Səltənət yol ayrıcındadır: iqtisadiyyatı aşağı neft qiymətləri ilə çöküb; Yəməndə baş verən müharibə bitmir; Qətərin blokadası uğursuzluqdur; İranın təsir Livanda, Suriyada və İraqda yayılır; üstəlik, varislik sual işarəsi altındadır. Bu yarım əsr ərzində Səudiyyə tarixində ən dolaşıq dövrdür.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə