XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2017 - 18:15

QIRĞIZ PREZİDENTİN “PUTİN İTTİFAQI”NI DAĞITMAQ CƏHDİ-Moskvanın cavabı çox sərt olacaq – Təhlil

Andrey Nikolayev

rosbalt.ru, 07.11.2017

 

Qırğızıstan prezidentinin Qazaxıstan liderinə çirkab yaxdığı az imiş kimi, o, indi də ölkəsinin Avrasia İqtisadi Birliyindən (AİB) çıxması uğrunda təbliğat aparır. Moskva, niyəsə, hələlik susur. Atambayevin dediyi kimi, AİB “bir nəfərin şıltaqlığından asılı ola bilməz”.

Almazbey Atambayev Qırğızıstan pezidenti postundan getməyə bir ay qalmış coğrafiyası genişlənən səs-küylü bəyanatların ikinici mövsümünü açıb. Qonşu Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin ünvanına, yumşaq desək, qaba həmlədən sonra bütöv bir inteqrasiya qurumunu – Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstanın özünün daxil olduğu Avrasiya İqtisadi Birliyini şantaj etməyə girişib.

Qırğızıstan prezidenti bəyan edib: “Biz AİB-ə hədsiz dərəcədə böyük ümidlər bəsləyirdik. İqtisadi inkişafda özümüzü aldatmağına və ittifaqa ümid etməyinə dəyməz. Bir nəfərin şıltaqlığından asılı olan ittifaq etibarlı ola bilməz”.

İndi, gəl, başa düş, kimi nəzərdə tutur: AİB-də liderlik edən iki ölkənin – Rusiyanın, yoxsa Qazaxıstanın başçısını? Ola bilsin, bu cür örtülü şəkildə hər ikisinə daş atır, çünki Atambayevin, guya, Qırğızıstandakı prezident seçkilərinə müdaxiləyə qədər xeyli gerçək və xəyali incikliklər bəslədiyi qazaxıstanlı həmkarındansa açıqca Rusiya prezidentinə qarşı getməyi daha çətindir.

Atambayev heç harada deyil, bir sıra xarici dövlətlərin səfirlərinə etimadnamə təqdimi mərasimində ürəyini boşaltmağa başlayıb ki, bu da özlüyündə yetərincə yersiz işdir. Qırğızıstanın getməkdə olan prezidenti digər məsələlərlə yanaşı bildirib ki, ölkəsinin Özbəkistanda və Çində yeni satış bazarları axtarmağı, həmçinin yeni nəqliyyat dəhlizləri lazımdır: Yeni Bakı-Tiflis-Qars dəmiryol magistralına çıxmaqla Çin-Qırğızıstan-Özbəkistan yolunun inşasını sürətləndirmək (görünür, ehtiyatlı Daşkəndlə strateji tərəfdaşlığı qabaqcadan düşünür).

Məlum olduğu kimi, yol Rusiyada və Qazaxıstandan yan keçir, lakin sonuncu Xəzər dənizi vasitəsilə onun imkanlarından faydalanmağa da hazırlaşır.

Bunu da qeyd edək ki, Atambayev-Nazarbayev qalmaqalından sonra Qazaxıstan hazırda öz sərhədini Qırğızıstan məhsulları üçün daha möhkəm bağlayıb və onun AİB-ə üzv dövlətlərin bazarlarına çıxışı olduqca çətinləşib.

Sonrası daha yekədir: Atambayev Rusiyanı da “təhqir edib” – hər halda Rusiya siyasətçi və ekspertlərinin əksəriyyəti onun Qırğızıstanda 7 noyabrın 1916-cı il (Rusiyaya qarşı) Milli-Azadlıq hərəkatı və keçən əsrin 30-cu illər repressiya qurbanlarının tarixi və xatirəsi Günü kimi qeyd olunması haqda fərmanını məhz bu cür dəyərləndiriblər. Cavabında Moskvada Dövlət Duması səviyyəsində düşünməyə başlayıblar: RF ərazisində Qırğızıstanın sürücülük vəsiqəsinə sahib olanlara “sıxışdırma” təşkil olunsunmu? Axı burada Qırğızıstandan xeyli mühacir işləyir.

Lakin ölkənin təzəcə prezidenti seçilmiş və Atambayevin əlaltısı Sooronbay Jeenbekov Qazaxıstanla təcili barışmasa – yəni Özbəkistanın yeni prezidentinin diplomatik yoluyla getməsə – bu, qırğızlar üçün təşkil oluna biləcək “pisliyin” hələ lap xırdasıdır. İslam Kərimovun vəfatından sonra onun qonşularla və “bu dünyann güclüləri”ylə münasibətləri yoluna qoymaq təcrübəsi var.

Birbaşa deyək – Atambayev Jeenbekova ağır miras buraxmaqla onu əməlli-başlı pis vəziyyətdə qoyub, özü isə, rəsmi məlumata görə, Qırğızıstanın 2040-cı ilədək “Dayanıqlı İnkişaf Millli Strategiyası layihəsinin yekun variantı üzərində işləmək üçün” məzuniyyət götürüb. Necə bir rişxənd! Və respublikanın olduqca ciddi maliyyə-iqtisadi imtiyazlar əldə etdiyi AİB-in dağılması “milli strategiya” layihəsinə daxildirmi? Qırğızıstanın AİB-ə girməyinə qarşı çıxış edən Qazaxıstan (yeri gəlmişkən, Ermənistan da) qonşu respublikadan qaçaq Çin mallarının axınına göz yumub (ehtimal ki, öz oliqarxlarının xeyrinə)  və “zavallı qırğızlar”a xəlvətcə 100 milyon dollar “atmaq” öhdəliyi götürüb. Lakin Bişkek indi bu cür “boş şey”dən məğrurluqla imtina edib və uyğun sazişin qüvvədən düşməsi üzrə prosedura başlayıb. Burada xatırlatmağın yeridir ki, bircə Alma-Atanın iqtisadiyyatı bütün Qırğızıstan iqtisadiyyatından beş dəfə böyükdür. Belə ki, Bişkekin aldığı duruş təkcə onun özünə ziyan verməyə qadirdir.

Amma budur, Atambayevin duruşu və ya ədabazlığı, Qazaxıstanla qarşıdurması bütün Avrasiya Birliyinə ziyan vura və ümumiyyətlə varlığını şübhə altında qoya bilər. Qırğızıstan iqtisadiyyat və sənaye naziri Artyom Novikov bunu dolayı təsdiqləyərək bildirib ki, Qazaxıstanla sərhəddə durum tənzimlənməsə, “bundan sonrakı qərar – o cümlədən AİB-dən çıxmaq barədə – siyasi səviyyədə qəbul olunacaq”.

Yəni indi durum məhz Qərbin arzuladığı kimidir – o, “Putinin yeni SSRİ-nin”, yəni hətta zorla da olsa, onun kimi olmayan AİB-in  dağılmasını proqnozlaşdırır və səbirlə gözləyirdi.

Həmçinin güman etmək olar ki, Pekin də Astana ilə Bişkekin didişməsinə görə bığaltı gülür: bu, İran və Bakı-Tiflis-Qarsa çıxmaqla Atambayevin əvvəllər can atdığı Çin-Qırğızıstan-Özbəkistan dəmiryolunun inşasına yaxşı arqument olacaq. Hadisələrin bu cür inkişafından Rusiyanın həm yükləri, həm də nüfuzu azala bilər.

Bəs Avrasiya inteqrasiyası üçün sağa-sola pul paylayan Rusiya niyə gözləmə mövqeyi tutub?

Ola bilsin, Qırğızıstanınn seçilmiş prezidentinin rəsmən vəzifəsinə başlamasını gözləyərək durumu gərginləşdirmir. O, Qazaxıstanla barışığa getməlidir ki, Astana ilə qalmaqaldan böyük pullar itirən qırğız qəbilələrinin qəzəbini üzərinə çəkməsin. Nazarbayev də öz vətənində bu cür qəbilə qısqacındadır və hər iki prezident öz ölkəsində durumun ciddi şəkildə qarışmasını gözləyə bilər. Bir neçə inqilabdan keçmiş Qırğızıstanın iğtişaşlar və hakimiyyətin zorla devrilməsinə yolu artıq çoxdan işlək haldadır. Və Qazaxıstan qəbilələri onların təcrübəsini tamamilə mənimsəyə bilər.

İkincisi, çox ehtimal ki, Moskva Qazaxıstanın tərəfini saxlamağa meyllidir, lakin bu zaman bu, Qırğızıstan üçün daha böyük incikliyə bəhanə ola və AİB-dən çıxmaq üzrə spekulyativ amili, həmçinin “qırğızların suverenliyinin tapdalanması” zəminində isteriyaya təhrikləndirə bilər. Və bu zaman zəncirvari reaksiya başlaya bilər – Atambayevin “cəsarət”indən ruhlanan Ermənistanda artıq Bişkeklə cütlükdə AİB-i “dağıtmaq” istəyənlər var. Qeyd edək ki, gələn il Ermənistanı hakimiyyət dəyişikliyi gözləyir. Moskva buna görə də xüsusən gözləmə mövqeyi tutub: kəllələrin toqquşmasını müşahidə etmək və kimin kim olduğunu aydınlaşdırmaq həmişə “maraqlıdır”.

Üçüncüsü, Qırğızıstanla Qazaxıstan arasındakı qalmaqalı indiki halda Bişkek üçün əlavə güzəşt və imtiyazlar əldə etmək qəsdilə birbaşa Rusiyanı və AİB-in digər üzvlərini şantaj adlandırmaq olar. Bu halda Moskvanın ilişməyinə dəyməz – ən yaxşısı, müşahidə etmək və Qırğızıstanın “lüt” qalacağı həddə qədər durumu “sıxmaqdır”.

Bişkek sağlam düşüncə halında AİB-in qapısını çırpmağa risk etməz – əks halda həm Rusiyadan, həm də Qazaxıstandan olduqca ağrılı sosial-iqtisadi zərbə ala bilər – axı bu iki ölkə Avrasiya inteqrasiyasının “ata-anası” sayılır. “Boynuburuq” gəzməyə isə nə Putin, nə də Nazarbayev alışıb. Deyək ki, heç bir günahı olmayan qırğız mühacirləri olduqca “ciddi” bəhanə ilə dərhal ölkələrinə göndərərlər. Bu, sadə fəhlələrdə təkcə maliyyə və sosial problemlər doğurmaz, həm də Qırğızıstan hökumətinə böyük problemlər törədər: respublika əhalisi bütövlükdə Rusiya və rusiyalılara dostcasına yanaşır və “şərin kökü”nü Bişkekin hakimiyyət dəhlizlərində axtaracaq. Və eyni zamanda “Qırğızıstanda faşizm doğulur?” sualına cavabı…

Ümumiyyətlə, Atambayev blef edir – o, bekara strateq çıxıb. Nəticələrdən isə Jeenbekov baş çıxartmağa məcbur olacaq…

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə