XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

07 Noyabr 2017 - 21:48

İnqilabdan qorxan “padşah”, Kremlin mifi, Leninin qəhqəhələri…- Oktyabr inqilabının 100 illiyində dünya mətbuatı Putini necə topa tutdu?


Bu gün – noyabrın 7-də Rusiyada Oktyabr inqilabının 100 illiyi qeyd olundu. Dünyanın aparıcı nəşrləri mövzunu gündəmə gətirərək bu tarixin Kreml üçün niyə arzuedilən olmadığını, Trampla Lenin arasındakı bənzərlikləri, Oktyabr inqilabının dünyaya təsirlərini şərh etməyə çalışıblar.

Strateq.az xarici mətbuata istinadən həmin məqalələri təqdim edir.

 

"The New York Times", ABŞ

«100 il əvvəl Vladimir Leninin təşkil etdiyi Oktyabr inqilabı bugünədək əhəmiyyətini qoruyur. Halbuki həmin an – sovet kommunist rejimi dağılanda bunu heç kim ağlına belə, gətirə bilməzdi.

Müasir dövrdə Leninin taktikası da aktualdır. O, kimin kimə nəzarət etdiyini və ən önəmlisi də kimin kimi öldürdüyünü xarakterizə edən məşhur "kim kimi" ifadəsini ehtiva edən qəddar oyunun dühası idi.  

Prezident Tramp müəyyən mənada müasir bolşevizmi təcəssüm etdirir. Onun üçün də hədəfə gedən yolda bütün vasitələr məqbul hesab olunur. Yalan və böhtan isə qəbul olunmuş taktika sayılır. Bura Leninin "faydalı axmaqlar" adlandırdığı fiqurlardan istifadə olunması taktikasını da əlavə etmək olar. Təsadüfi deyil ki, Trampın seçkiöncəsi kampaniyasının baş strateqi Stiv Bennon bir dəfə "Mən leninçiyəm" deyərək öyünmüşdü.

Əgər o vaxt Leninin planları pozulsaydı, bugünkü həyatımız tamamən fərqli olardı. Lenin olmasaydı, Hitler də olmazdı. Hitlerin yüksəlişinə bir çox hallarda mühafizəkar elitanın dəstəyi səbəb olmuşdu. Bu elita bolşevik inqilabının alman torpağında təkrarlanmasından ehtiyat edir və inanırdı ki, marksizmlə ancaq Hitler baş edə bilər.

1917-ci il inqilabı olmasaydı, Hitler böyük ehtimalla, öz həyatı ilə məşğul olardı. Leninsiz və Hitlersiz 20-ci əsr də, Qərb də, Şərq də tanınmayacaq qədər fərqli olardı.

Stalinin hərəkətlərini imitasiya edən Kim Çen İn də olmazdı, "soyuq savaş" da yaşanmazdı.

Bundan başqa, SSRİ-nin varisi olan Rusiya var. Prezident Vladimir Putinin hakimiyyətinin əsasında onun KQB-dəki keçmiş silahdaşlarının, Leninə və Stalinə xidmət edən məxfi polisin davamçılarının dəstəyi dayanır.

Putin və onun rejimi leninçi taktikadan istifadə edir -"konspirasiya" və "dezinformasiya". Bunların hər ikisi müasir texnologiyalara ideal şəkildə uyğunlaşır.

Ola bilsin, interneti amerikalılar yaradıb. Lakin onlar buna pul qazanmaq vasitəsi və ya azadlığı təmin edən mistik alət kimi baxıblar. Leninçi ideyalarla təribiyə olunan ruslar isə internetdən ABŞ demokratiyasının əsaslarını dağıtmaq üçün istifadə ediblər.

Putin özünü padşah kimi aparır və hər bir padşah kimi də inqilabdan qorxur. Məhz buna görə də Putin Rusiyasında əsas zəfər kimi 17-ci il inqilabı yox, nasist Almaniyası üzərində qələbə qəbul olunur. Bu, bir növ taleyin istehzasıdır. Qərb illərdir bu inqilabı müzakirə edir, Rusiya isə onu görməməzlikdən gəlməyə çalışır.  

Ehtimal ki, Qırmızı Meydandakı mavzoleyində Leninin qəhqəhələri əks-səda verir. Bu cür məkrli siyasət onun çox xoşuna gələrdi".

 

«Nixon keydzay», Yaponiya

 

«Putin adminstrasiyası inqilabın "meyvələrini" tamamən inkar edə bilməz. Müxalifətin yox edilməsi, KİV-lər üzərində nəzarət… Çoxları Putinin hakimiyyəti idarəetmə şəklini avtoritar sovet sistemi ilə müqayisə edir. Bəziləri hətta hesab edir ki, reytinqi 80 faizi ötən prezidentin populyarlığı Stalin dövründəki şəxsiyyətə pərəstişi xatırladır.

Hakimiyyəti 17 ildir əlində saxlayan prezident Putini imperator da adlandırırlar. İmperializm və ya Sovet sistemi? Hökumət inqilabı dəstəkləyir, yoxsa inkar edir? Hazırkı hakimiyyət üçün bu ildönümü olduqca narahatvericidir".

 

"Al Jazeera"

 

«Oktyabr inqilabının yüz illiyində görünən odur ki, Rusiya cəmiyyəti bu hadisə ilə bağlı yekdil mövqeyə sahib deyil.

Rusiya hökuməti bu ildönümünü çox quru şəkildə şərh etdi. Putin onu faciə adlandırdı və Leninin Sovetlər birliyinin dağılmasında məsuliyyət daşıdığını dedi.

 «Binanın altına atom bombası qoyublar və o da sonradan partlayıb. Bu inqilab bizə lazım deyildi", – deyə Putin 2016-cı ildəki müsahibəsində bildirmişdi.

Bu il Rusiyada yüksək rütbəli məmurların korrupsiyaya bulaşmasına etiraz olaraq etiraz aksiyaları keçirildi. Oktyabrda keçirilən mitinqdə siyasi dəyişikliklər və ədalətli seçkilər tələb olundu.

Rusiya hakimiyyətinin 1917-ci il olaylarından qaçması səbəbsiz deyil. Bu, Rusiya hakimiyyətinin bu gün təbliğ etdiyi milli mifologiyaya uğyun gəlmir.

Sovet dövründə əsas mif Oktyabr inqilabı idi. Və bundan milli ruhu möhkəmləndirmək üçün istifadə olunurdu. 2000-ci illərin əvvəlindən isə Putin başqa motivasiya təqdim etdi – Rusiyanın İkinci dünya savaşında qələbəsi".

 

"Frankfurter Allgemeine", Almaniya

 

«Rusiya hakimiyyəti 1917-ci ildən niyə bu qədər möhkəm çəkinir? Sovet İttifaqında onillər boyu "Böyük Oktyabr" mifi dolaşırdı.

1917-ci il faktiki olaraq iki nailiyyəti ilə yadda qaldı – fevralda monarxiyanın bitməsi və oktyabrda hakimiyyətin bolşeviklər tərəfindən ələ keçirilməsi.  

Kremlin hazırkı rəhbərliyi belə ssenariləri adətən "rəngi inqilab" adlandırır. Etiraz hərəkatlarına xarici xüsusi xidmət orqanlarının əməliyyatı kimi baxılır, müxalifət "beşinci kalon" adlandırılır. Bütün bunların məqsədinin isə Rusiyanı zəiflətmək olduğu təbliğ edilir.

Kremlin məntiqindən belə çıxır ki, Lenin "rəngli inqilabın" təşkilatçısı kimi mühakimə olunmalıdır. Lakin bunun əvəzinə onun cansız bədəni Kreml divarları altında – mavzoleydə uyuyur. Onun heykəlləri ölkə boyu küçə və meydanları bəzəyir…".


"South China Morning Post", Honkonq
 


«Sovet dövründə 7 noyabr qeyri-iş günü idi və dövlət bayramı kimi qeyd olunurdu. Müasir Rusiyada isə bu, adi bir iş günüdür.

Qırmızı meydanda bu gün parad keçirilir. Lakin bu parad inqilabın şərəfinə təşkil olunmayıb. 41-ci ildə burada keçirilən paraddan rus əsgərləri birbaşa cəbhəyə yollanıblar. Və bugünkü parad da buna həsr olunub. Bu yanaşma Kremlin 20-ci əsr Rusiya tarixinə münasibətini göstərir.

Prezident Vladimir Putin çalışır ki, vurğunu Rusiyanın bütöv, güclü dövlət kimi formalaşdığı dövrlərə vursun. Onun fikrincə, onun rəhbərliyi altındakı Rusiya da məhz belədir".

 

«Jenmin cibao», Çin


«Oktyabr inqilabı marksizm-leninizm ideyalarını alovlandırıb Çinə istiqamətləndirdi. Nəticədə Çin Kommunist Partiyası yarandı. Həmin vaxtdan milli azadlıq kimi müqəddəs missiyanın axtarışı, xalqın azadlığı, ölkənin çiçəklənməsi və Çin xalqının xoşbəxtliyi vəzifəsi Çin kommunistlərinin çiynindədir".

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə