XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

08 Noyabr 2017 - 11:52

ABŞ-dakı TÜRK YAZARDAN XƏBƏRDARLIQ:"Qətərə və "Zərrab işi"nə diqqət yetirməli, baş nazirin səfəri zamanı təxribatdan çəkinməli"

Sərdar Turqut

“Habertürk”- ün ABŞ təmsilçisi

           

ABŞ Xəzinə nazirliyində gedən prosesləri yaxından izləyən bir dostum, hazırda Vaşinqtonla Doha arasında maraqlı hadisələrin baş verdiyini və Türkiyənin öz milli təhlükəsizliyi baxımından, bu hadisələri yaxından izləməli olduğunu söyləyib.

Bu qaynaq Qətərin ABŞ-la münasibətlərini düzəltmək üçün çıxış yolu axtardığına, bir sıra addımların atıldığına və Qətərin, Zərrab işində olduğu kimi, ondan istənilən şeyləri söylərsə, ABŞ-dan güzəştlər qopara biləcəyini düşünməyə başlaya biləcəyinə diqqət çəkib.

ABŞ Xəzinə naziri Steven Mnuxin qısa müddət öncə, Körfəz ölkələrinə rəsmi səfər edib. Daha öncə isə Xarici işlər naziri Reks Tillerson orada olub. Mnuxinin ziyarəti zamanı bir müddətdir ki, üzərində çalışılan Terrorist Maliyyələşməsini Hədəfləmə Mərkəzinin açılışı olub. Amerika qaynaqlarına görə, Trampın çox əhəmiyyət verdiyi bu layihənin həyata keçirilməsi üçün Qətər, İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi birlikdə çalışıblar. Bu mərkəzdə maliyyələşdirilməsi yoxlanan təşkilatların siyahısında əl-Nusranın da olduğu söylənilir. Deyilənlərə görə, bu hadisə Qətərin bölgədə yeni balanslar içinə girməyə başladığını göstərə bilər.

 

F 15 satışı

 

Bu hadisə ilə bərabər, ABŞ Qətərə F 15 təyyarələrinin satışının önünü də açmağa başlayıb. Məlum olduğu kimi, keçən iyun ayında ABŞ-la Qətər arasında 12 milyard dollarlıq satış müqaviləsi imzalanmışdı. ABŞ bu günlərdə bu satışın 1 milyard dollarlıq bölümünün önünü açıb.

Bütün bu hadisələr Qətərlə birlikdə ona sahib çıxan Türkiyəni də qarşısına alan ABŞ iqtidarının Doha ilə yeni bir anlaşma prosesinə girdiyini göstərir. Burdakı qaynaqlar, keçmişdə bölgədə, xüsusən Suriyada bir çox ortaq işə imza atmış olan Türkiyə ilə Qətərin arasına ABŞ-ın bu mərhələdə girməsinin, Türkiyə baxımından, bəzi istənməyən problemlər doğurması ehtimalından bəhs edirlər.

 

İddianaməni oxudum

 

 “Zərrab işi” ilə bağlı olan 56 səhifəlik iddianaməni əvvəldən axıra qədər diqqətlə oxudum. İctimaiyyətə açıq olacaq məhkəmə prosesi 27 noyabrda başlamadan öncə, bu iddianamə haqqında bir şey söyləməyəcəm.

Bu arada, Vaşinqtondakı qurumlar, sanki Baş nazir Binəli Yıldırımın sadəcə bu məsələ haqqında danışmağa gələcəyini düşünürmüş kimi, diqqətlərini həmin iddianamə üzərində cəmləyiblər. Çərşənbə günü başlayacaq görüşlər üçün bu məsələ üzərində intensiv çalışırlar. Əgər ABŞ-ın müvafiq qurumlarının düşündüyü doğrudursa, bu həftə Baş nazir Binəli Yıldırımın işinin xeyli çətin olacağını söyləyə bilərəm.

 

Təxribatlara diqqət

 

Bu arada, ABŞ-dakı türk camiyəsində emosionallığın və həyəcanın artmağa başladığını da görürəm. Baş nazirin səfəri öncəsi bu, müəyyən həddə qədər normaldır, lakin eyni zamanda təxribatlara açıq olan bir halı da əks etdirir.

Baş nazir Binəli Yıldırımın gələcəyi eşidilər-eşidilməz, Ağ Ev qarşısındakı parka türk bayrağı asılıb. Yaxşı da edilib, ancaq bunu edən dostlarımız bəzi YPG üzvlərinin sadəcə döyülmək üçün bizləri təxribata çəkə biləcəklərini də unutmasınlar. Çünki daha bir dalaşma hadisəsi olarsa, bu, Türkiyəni çox çətin vəziyyətə sala bilər. YPG keçirəcəyi etiraz aksiyalarında bizi təhqir etsə də, ölkəmizin maraqları üçün onlara sadəcə sözlə cavab vermək lazımdır.




Yuxarı Əvvələ Ana Səhifə