XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 November 2017 - 22:22

TRAMPIN SÜRPRİZ QƏLƏBƏSİNDƏN 1 İL ÖTDÜ –ABŞ prezidenti hansı vədlərini gerçəkləşdirə bildi?

Dünən – noyabrın 8-də Donald Trampın Birləşmiş Ştatların prezidenti seçilməsinin bir ili tamamlandı. Bu 1 il ərzində Trampın reytinqi rekord səviyyədə aşağı düşdü, verdiyi vədlərin bir  qismi isə Konqres tərəfindən əngəlləndiyi üçün reallaşmamış qaldı.

Strateq.az xarici mətbuata istinadən ABŞ-ın sürpriz prezidentinin hakimiyyət başındakı bir ilinə nəzər salacaq.

2017-ci il yanvarın 20-də Birləşmiş Ştatların 45-ci prezidenti olan Donald Trampın inauqurasiyası keçirildi. İlk 278 gün ərzində onun reytinqi əvvəlki prezidentlərin analoji dövrü ilə müqayisədə rekord şəkildə aşağı oldu. 

Trampın ən böyük vədlərindən biri də Meksika ilə sərhəddə divarın inşası idi. Ötən bir il ərzində Tramp divarın tikintisi ilə bağlı müsabiqə elan etdi, "Obamacare" səhiyyə islahatını əvvəlcə ləğv etdi, sonra bu qərarından geri çəkildi, ABŞ tarixində ən böyük vergi islahatını təqdim etdi, miqrantların Birləşmiş Ştatlara girişini məhdudlaşdıran qanun imzaladı və İqlimə dair Paris sazişindən çıxdı.

Trampın reytinqinin ən aşağı olduğu ay avqust oldu – 34 faiz. ABŞ-dakı ictimai rəy sorğularını təhlil edən "Fivethirtyeight.com" portalı bəyan edib ki, İkinci dünya müharibəsinin sonlarından bu yana heç bir ABŞ prezidentinin ilk 278 gündə reytinqi belə aşağı olmayıb. Analoji dövrdə ən aşağı reytinqli prezident Cerald Ford olub – 34,8 faiz, ən yüksək reytinqli prezident isə 88,4 faizlik reytinqlə oğul Buş olub.

Bəs Trampın reytinqini aşağı salan səbəblər hansılardır?

Seçki kampaniyası zamanı Tramp çoxsaylı vədlər vermişdi. Onların bir qismi Konqresdə bloklandı, bir qismi hələlik kağız üzərində qalır, bir qismindən isə Tramp özü imtina etməli oldu.

 

Trans-Sakit Okean Tərəfdaşlığından çıxış (vədini gerçəkləşdirdi)

Yanvarın sonlarında ABŞ prezidenti Donald Tramp ölkəsinin Trans-Sakit Okean Tərəfdaşlığından (TPP) çıxmasına dair fərman imzaladı. Ötən il 12 ölkənin iştirakı ilə imzalanan Trans-Sakit Okean Tərəfdaşlığına dair saziş Asiya və Sakit Okean regionunda geniş azad ticarət zonasının yaradılmasını hədəfləmişdi.
 
Sənəd Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, ABŞ, Sinqapur, Çili və Vyetnam tərəfindən imzalanmışdı. Saziş həmçinin Asiya və Sakit Okean regionunda müxtəlif mal və xidmətlərə gömrük rüsumunun ləğvini nəzərdə tuturdu.
 
Dünya iqtisadiyyatının 40 faizi və dünya ticarətinin 1/3 hissəsi  Sakit okean ölkələrinin payına düşür. Lakin Tramp TPP sazişini təhlükəli adlandıraraq Çinin ondan daha çox qazanacağını bildirdi.

 

“Keystone XL” neft borusunun tikintisi (vədini gerçəkləşdirdi)

 

Martın 24-də Tramp elan etdi ki, “Keystone XL” neft borusunun tikintisinə razılıq verir və bu barədə sərəncam imzalayıb. 

ABŞ-ın keçmiş prezidenti Barak Obama “Keystone XL”in ölkənin milli maraqlarına zidd olduğunu əsas gətirərək layihənin icrasından imtina etmişdi.

 

ABŞ bazarının müdafiəsi (vədini gerçəkləşdirdi)

 

Aprelin 18-də Tramp "ABŞ malı al, amerikalıları işə götür" adlı fərman imzaladı. Fərman adından da bəlli olduğu kimi amerikalı istehsalçıların müdafiəsinə istiqamətlənib. Lakin yeni administrasiya fərmandan irəli gələn tələbləri hələ açıqlamayıb və bunu noyabrın 24-də etməyi planlaşdırır. 

 

NAFTA… (proses davam edir)

 

Aprelin 27-də Tramp ABŞ-ın Meksika və Kanadanın üzv olduqları Şimali Amerika azad ticarət zonası haqqında sazişdən (NAFTA) çıxmayacağını açıqladı. Və sazişin şərtlərinin dəyişdirilməsi ilə bağlı həm Meksika, həm də Kanada ilə danışıqlar aparacağını bildirdi. 

Bu ilin oktyabrında danışıqların növbəti raundu keçirildi. Və müzakrələrin 2018-ci ildə davam etdirilməsinə qərar verildi. 

 

"Obamacare"… (proses davam edir)

 

Trampın seçkidən əvvəl verdiyi əsas vədlərdən biri də “Obamacare” kimi tanınan tibbi sığorta sisteminin ləğvi və ya əvəzlənməsi idi.

Obamanın hakimiyyəti dövründə həyata keçirilən bu səhiyyə islahatı tibbi sığortası olmayan aztəminatlı amerikalıların dövlətin subsidiyaları hesabına sığortalanmasını nəzərdə tutur. Qanun 20 milyon amerikalını tibbi sığorta ilə təmin edib.

Tramp administrasiyaı tərəfindən təklif edilən alternativ plan 2026-cı ilə qədər 24 milyon amerikalının tibbi sığorta ilə təmin edilməsini nəzərdə tuturdu.
ABŞ Konqresinin Nümayəndələr Palatası  “Obamacare”in ləğvinə səs verdi. Tramp “Obamacare”i keçmiş administrasiyanın uğursuz islahatı adlandıraraq Konqresin qərarını Senatın da dəstəkləyəcəyinə əminliyini bildirdi. Lakin proseslər Trampın gözlədiyi kimi getmədi. Nəticədə Tramp “Obamacare”in əvəzlənməsinə yönələn qanun layihəsini Konqresdən geri götürdü. 

 

ABŞ-la Meksikanı ayıran divar (proses davam edir)

İnauqurasiyadan sonra Donald Trampın imzaladığı ilk sərəncamlardan biri dövlət sərhədinin mühafizəsi ilə bağlı oldu. Bu sənəd həm də, bir neçə ay ərzində ABŞ-la Meksika arasında divarın çəkilməsini nəzərdə tuturdu. 

Məşhur 11 sentyabr (2011) olayına qədər ABŞ sərhədi demək olar ki, qorunmurdu. Və hər gün minlərlə miqrant yaxşı güzaran axtarışı ilə Amerikaya daxil olurdu.  

Teraktdan sonra Vaşinqton cənub hissənin mühafizəsini gücləndirdi. 2007-ci ildə – Corc Buş administrasiyası dövründə isə iki ölkənin sərhədində 6 metrlik hasar ucaldıldı.

Sonradan mətbuat onu «Qüdrətli Amerika divarı» kimi təqdim etdi. Hasarın uzunluğu min kilometr idi. 2010-cu ildə prezident Barak Obama divarın inşasını dayandırdı. Səbəb kimi büdcənin çatışmaması göstərildi. Lakin Obamanın dövründə Meksika ilə sərhədi mühafizə edən sərhədçilərin sayı xeyli artırıldı.
Hazırda Amerikanın 20,5 min sərhədçisindən 17,6 mini ABŞ-Meksika sərhədini qoruyur. Bu, 11 sentyabr teraktına qədərki dövrlə müqayisədə 2 dəfə çoxdur.

Sentyabr ayında San-Dieqoda divarın prototiplərinin inşası başlayıb. Layihənin təxminən 20 milyard dollara başa gələcəyi bildirilir. Divarın tikintisi haqqında fərman yanvarın 25-də imzalanıb. Onun uzunluğu 3 min kilometrdən çox olmalıdır. Prezident dəfələrlə bildirib ki, divarın tikintisi üçün pulu Meksika ödəyəcək. Meksika isə bununla razılaşmır. 

 

Paris sazişi…  (vədini gerçəkləşdirdi)

 

Bu il iyunun 1-də Donald Tramp Birləşmiş Ştatların İqlimə dair Paris sazişindən çıxdığını bəyan etdi. Bu saziş 2015-ci ildə Barak Obama administrasiyası dövründə ABŞ da daxil olmaqla 195 ölkə tərəfindən qəbul edilmişdi.

Tramp özünün seçkiqabağı kampaniyası dövründə seçicilərə vəd etmişdi ki, bu saziş ABŞ-ın iqtisadi mənafelərinə uyğun olmadığı üçün ABŞ həmin sazişdən çıxacaq.

"Vaşinqton onun üçün daha sərfəli, Amerika sənayesinin inkişafına mane olmayan şərtlər daxilində İqlimə dair yeni saziş bağlanmasına dair yeni danışıqlar aparmağa başlayacaq. Paris sazişi ABŞ üzərinə çox ağır öhdəliklər qoyur.u Saziş iqlim məsələsindən daha çox, başqa ölkələrin Birləşmiş Ştatların hesabına üstünlük əldə etməsi barədə sənəddir”, – deyə Tramp bildirmişdi.

Paris Sazişi İqlim dəyişmələrinə dair BMT-nin Çərçivə Konvensiyası daxilində 2020-ci ildən etibarən atmosferdə karbon qazının azaldılmasına yönəlmiş tədbirləri tənzimləyən paketdir. İqlim məsələlərinə həsr edilmiş Paris Konfransında Kioto Protokolunun əvəzinə hazırlanmış bu saziş 2015-ci il dekabrın 12-də konsensusla qəbul edilib və 2016-cı il aprelin 22-də imzalanıb.

Deyilənlərə görə, qızı İvanka və kürəkəni Cared Kuşner prezident Trampı bu fikrindən daşındırmağa çalışıblar. Bu arada, ABŞ sazişdən rəsmən 2020-ci ildə çıxa biləcək.

 

Miqrasiya… (proses davam edir)

Tramp Birləşmiş Ştatların miqrasiya siyasətini sərtləşdirən bir neçə fərman imzalayıb. Bununla bağı qaçqınların qəbulu 120 gün müddətinə dayandırılıb, Suriya qaçqınlarının yerləşdirilməsi qeyri-müəyyən vaxta qədər qadağan edilib və ölkəyə bəzi giriş qaydaları sərtləşdirilib. Tramp həmçinin qaçqınların qəbulu barədə kvotanı da nəzərəçarpacaq dərəcədə azaldıb. 2017-ci il üçün kvota 50 min nəfər həddində müəyyən edilib. Bundan başqa, İraq, İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarının ABŞ-a girişi 90 günlə məhdudlaşdırılıb.

Tramp imzalanma mərasimində bundan sonra ölkəni “xarici terrorçulardan” qorumaq üçün qaçqınların seçiminin “ekstremal” olacağını da qeyd edib. Lakin Trampın qoyduğu məhdudiyyətlər məhkəmələr tərəfindən bloklanıb. Bununla belə, ABŞ-ın yeni prezidenti miqrasiya rejiminin sərtləşdirilməsi siyasətində israrlıdır.

 

Çin "qara siyahıya" düşmədi (vədini gerçəkləşdirmədi)

Tramp Çini valyuta manipulyatorları siyahısına sala bilmədi. Və bununla da məsələ ilə bağlı seçkiöncəsi verdiyi sözü tutmamış oldu.

 

Vergi islahatı (proses davam edir)

Sentyabrın 27-də Tramp özünün vergi islahatı planını təqdim etsə də, Konqres hələ ki bu sənədlə bağlı rəyini açıqlamayıb.

Strateq.az