XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2017 - 15:40

“BİR QURŞAQ-BİR YOL” LAYİHƏSİNDƏ TÜRKİYƏNİN YERİ –Ankara Qlobal Şimaldan Qolobal Cənuba meyillənir - TƏHLİL

Emel Parlar Dal

Anadolu Agentliyi (Türkiyə)

 

05 noyabr 2017-ci ildə prezident Donald Trampın Yaponiya ziyarətilə başlayan və 13 gün boyunca Çin də daxil olmaqla, Çənubi Koreyanı, Vyetnamı və Filippini də əhatə edəcək Asiya turu ABŞ-ın yeni Asiya strategiyası cızmasının siqnallarını verir.

Görünüşə görə, bu ziyarətin arxa planında Şimali Koreyaya qarşı daha sərt tədbirlərin görülməsinə yönəlik koordinasiya və əməkdaşlıq yaratma məqsədinin yatdığı irəli sürülsə də, Buşun ziyarətindən sonrakı ən uzun Asiya turu olan Trampın bu 13 günlük diplomatiyası ABŞ-ın Asiyada yeni güc balanslarındakı dəyişikliklərdən duyduğu narahatlığa yönəlik önəmli ip ucları verir. Çünki Vaşinqton tərəfindən bu günə qədər Asiya-Sakit Okean regionu (Asiya-Pasifik) olaraq müəyyən edilən həmin bölgə bu ziyarət öncəsindən başlayaraq, konseptual olaraq Hind-Sakit Okean regionu (Hind-Pasifik) adlandırılmağa başlanıb.

Bu ziyarətin və onun özü ilə bərabər gətirdiyi bu konseptual dəyişikliyin ən önəmli səbəbinin, görünüşdəki Şimali Koreya təhdidindən də o yana, Asiyadan başlayaraq qlobal miqyasa doğru yayılan Çin yüksəlişini məhdudlaşdırmaq, ya da nəzarət altına almaqla birbaşa bağlı olduğu söylənə bilər.

Çinin bu yüksəlişinin sahədə ABŞ-ın supergüc mövqeyinə ən böyük meydanoxumanı gətirəcək olan əks olunmasını, əslində, Asiya-Sakit Okean regionunda yaşanan təhlükəsizlik gərginliklərindən daha çox, Çinin praqmatik təməllərə və “qazan-qazan” anlayışına dayanan qlobal strateji ortaqlıq baxışı olan “Kəmər və Yol” layihəsi təşkil edir.

Yaxşı, bəs “Kəmər və Yol” layihəsi həqiqətən də mövcud dünya nizamına bir Çin alternativi gətirmə potensialına sahibdirmi; layihənin təməl ortaqları hansı ölkələr, çoxtərəfli qurumlar və regionlardır; Türkiyənin də içində yer aldığı Bakı-Tbilisi-Qars (BTQ) Dəmir Yolu layihəsi və Türkiyə özü bu layihənin harasında yer alır?

 

“Kəmər və Yol” layihəsi Çinin yeni dünya baxışının daşıyıcısıdırmı?

 

Beynəlxalq nizamın təməl paradiqmalarının yenidən müzakirəyə açıldığı bir dövrdə, demək olar ki, bütün analizlərin fokus nöqtəsini beynəlxalq ierarxiyadakı mövqeyi ilə bağlı yeni alternativlər işləyib hazırlama potensialına ən yaxın ölkə olan Çin təşkil edir.

Həqiqətən də, Çinin uzun illərdir, xüsusən ətraf regionlarda müstəqil olaraq yürütdüyü infrastruktur layihələrini və xarici yardım təməlli fəaliyyətlərini son illərdə yeni bir dünya baxışı formalaşdırılmasına çevirdiyini ifadə etmək yanlış olmazdı. 2000-ci illərdən etibarən yüksək səslə dilləndirilməyə başlanan bu baxışın vitrinində isə 2013-cü ildə Si Szinpinq tərəfindən açıqlanan, ilk adı “Bir Qurşaq, Bir Yol”, indiki adı isə “Kəmər və Yol” olan layihə durur.

Kommunist Partiyasının oktyabr ayında keçirilən XIX qurultayındakı nitqində Si Szinpinqin də vurğuladığı kimi, Çin artıq “yeni” bir dövrdə,  “yeni” bir nizam arayışı ilə öz qlobal strategiyasını formalaşdırmaq axtarışındadır. Bu nöqtədə Çin, “Bir Kəmər, Bir Yol” layihəsilə xarici siyasətindəki yeni geoekonomik və geostrateji duruşunu sağlamlaşdırarkən, irəli sürdüyü yeni praqmatik regionçuluq və regionlararası yanaşması ilə beynəlxalq sistemdə daha az çəkici hala gələn Qərb mənşəli şərtli-normativ inteqrasiya layihələri qarşısında, “qazan-qazan” anlayışına dayanan və tərəfmüqabil ölkələrin daha asan qəbul edə biləcəyi, əhatəli bir model təklif edir. 

“Bir Kəmər, Bir Yol” layihəsilə quru və dəniz yolları, iqtisadi dəhlizlərlə Asiya, Avropa və Afrikanı bir-birinə bağlamağa çalışan Çin, sadəcə əlaqələri təmin edəcək infrastruktur layihələrini deyil, eyni zamanda bu əlaqələrin işləkliyini asanlaşdıracaq formada ölkələr arasında fəaliyyətlərin inteqrasiyasına, siyasi əməkdaşlığa, sərbəst ticarətə, maliyyə inteqrasiyasına və xalqlar arasında əlaqələrin qurulmasına yönəlik addımları da layihənin məqsədləri arasında dəyərləndirir.

Çinin hinterlandını (dəniz limanlarının arxasındakı mərkəzi hissəsini – tərc.) quru yolu ilə Orta Asiya üzərindən Avropaya bağlayacaq olan bu layihə, dəniz yolu ilə də onun limanlarını, Cənub-Şərqi Asiya və Afrika limanları vasitəsilə yenə Avropaya bağlayacaqdır. Bunlara əlavə olaraq isə, layihədə Çin-Monqolustan-Rusiya, Yeni Avrasiya, Çin-Orta Asiya-Qərbi Asiya, Çin-Pakistan, Banqladeş-Çin-Hindistan-Myanmar və Çin-Hindiçin Yarımadası iqtisadi dəhlizləri yer alır.  

Layihənin maliyyələşdirilməsi çərçivəsində bu günə qədər imzalanan yüz milyardlarla dollarlıq investisiya anlaşmalarıyla bərabər, Çinin qurduğu İpək Yolu Fondu Asiya İfrastruktur İnvestisiya Bankı layihənin bütöv strukturu haqqında önəmli ip ucları verir. Eyni zamanda, Çinin layihə çərçivəsində tikiləcək bütün yolların və keçidlərin təhlükəsizliyinə etdiyi vurğu da layihənin dayanıqlılığı məsələsindəki praqmatik yanaşmanın önəmli ölçülərindən birini təşkil edir.

Əslində bu layihə, Çini sadəcə Asiyada regional bir hegemon güc olmaqdan o yana daşıyan və Si Cinpinqin də uzun illərdir işləyib hazırladığı “ABŞ qarşısında bərabər əsaslı bir supergüc alternativi olma” baxışının lokomotivi olaraq qiymətləndirilə bilər. Ona görə də belə bir ehtimal qarşısında, Tramp ABŞ-ın ilk balanslaşdırma cəhdlərindən biri, Asiyada Hindistan-Yaponiya cütlüyü ilə günbəgün artan yaxınlaşma yaradılması ilə gəldi, Tillerson da bu yaxınlaşmaya Avstraliyanın da dəvət edilə biləcəyinin işarələrini verərək, Asiya-Sakit Okean regionundakı balanslar vasitəsilə Çinin böyük baxışı və ya strategiyası qarşısında atılması planlaşdırılan addımların ilk siqnallarını verdi. Yaxşı, bəs Asiya-Sakit Okean regionunda ABŞ-ın itələyici gücü ilə, bu yaxınlaşma yaranırkən, Çin “Kəmər və Yol” layihəsində hansı ölkələri, çoxtərəfli qruplaşmaları və regionları öyrənir?

 

“Kəmər və Yol”un strateji ortaqları

 

Çin, daha öncə də ifadə edildiyi kimi, “Kəmər və Yol” layihəsilə “qazan-qazan” anlayışına dayanan və normativ şərtlər və ya əlaqələr gözləmədən, hər bir ölkənin payçı ola biləcəyi qlobal ortaqlıq strategiyası təklif edir.

Ancaq ilk mərhələdə layihədə, Çin də daxil olmaqla, 69 müxtəlif ölkənin yer aldığı gözə çarpmaqdadır ki, bu belə, digər infrastruktur və ya strateji baxış layihələrilə müqayisə edildiyində, “Kəmər və Yol”un qısa müddətdə nə qədər çox ölkə tərəfindən mənimsəndiyini göstərməkdədir. Burada vurğulanması lazım olan digər bir önəmli nöqtə isə odur ki, Çin “Kəmər və Yol” layihəsini sadəcə inkişaf etdirdiyi ikitərəfli əlaqələr üzərindən deyil, tərəf olduğu Şanxay Əməkdaşlıq Təşkilatı, ASEAN+Çin, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu, Asiya-Avropa Zirvəsi, Asiya Əməkdaşlıq Dialoqu, Asiyada Əməkdaşlıq və İnamartırıcı Tədbirlər Konfransı, Çin-Ərəb Əməkdaşlıq Forumu, Çin-Körfəz Əməkdaşlıq Təşkilatı Strateji Dialoqu, Böyük Mekonq Subregionu İqtisadi Tərəfdaşlığı və Orta Asiya Regional İqtisadi Əməkdaşlığı kimi regional və regionlararası çoxtərəfli strukturlar üzərindən də hərəkətləndirməyə çalışır.

“Kəmər və Yol”un əsas strateji ortaqları layihənin ana ayağını təşkil edən quru yollarının keçdiyi Orta Asiya ölkələri olacaq və burada üç ölkə – Qazaxıstan, Qırğızıstan və Özbəkistan önə çıxır, bu ölkələr may ayında keçirilən “Kəmər və Yol” Forumuna da qatılmışdılar. Forumdakı müzakirələrdə də layihənin Orta Asiya ayağı üçün gələcək vəd etdiyi dəyərləndirilən ən önəmli ifrastruktur layihəsi olaraq, Çin- Qırğızıstan-Özbəkistan dəmir yolu əlaqəsi önə çıxmışdır.

Hazırda layihə çərçivəsində Çin sərhədləri xaricində davam edən layihələrdə isə önə çıxan ölkələr arasında Pakistan və İndoneziya gözə çarpır. Ona görə ki, layihənin iqtisadi dəhlizlərindən birini təşkil edən İndoneziya ilə də, xüsusən 2015-ci ildə 50-dən artıq layihənin maliyyələşməsinə dair anlaşmalar imzalanmışdır.

Layihənin dəniz yolu ayağı baxımından, önə çıxan ən önəmli region isə Afrikadır. Cibuti, Efiopiya, Qabon, Qana, Keniya, Mozambik, Misir, Seneqal, Tanzaniya, Tunis kimi ölkələr qitədəki layihələrin ən sıx olduğu yerlər arasındadır. Layihənin Afrika ayağında Misir də xüsusilə önə çıxmaqdadır, ona görə ki, Süveyş kanalını layihənin önəmli keçiş nöqtələrindən biri olaraq görən Çin, onun inkişaf etdirilməsinə ən böyük kapital qoyan investorlardan biridir.

Qısası, Çin “Kəmər və Yol” layihəsilə, öz yeni xarici siyasət baxışında əsasən Orta Asiya, Cənub-Şərqi Asiya və Afrikada strateji ortaqlar yaradır. Yaxşı, bəs Türkiyə bu ortaqlıq baxışının harasında mövqe tutur və onun əsas qayğıları nələrdir?

 

Türkiyə “Kəmər və Yol”un harasında durur?

 

Aralarında Türkiyənin də olduğu, 29 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə 14-15 may 2017-ci il tarixində Pekində keçirilən, “Modern İpək Yolu” olaraq da adlandırılan, “Kəmər və Yol Beynəlxalq Əməkdaşlıq” forumu Türkiyənin layihədən gözləntilərini, öz yetərliliklərini və mövcud çətinliklərini anlamaq üçün əhəmiyyətli bir addım olaraq qiymətləndirilməlidir.

Son 100 ilin ən önəmli layihəsi olaraq adlandırılan bu böyük ticarət və nəqliyyat layihəsindən Türkiyənin gözləntiləri, əksər Avropa dövlətinin əksinə olaraq, yüksəkdir. Hər şey bir yana, görünən odur ki, bu layihə, Türkiyənin öz inkişaf hədəflərilə, qlobal səviyyədə gücün və rəqabətin yavaş-yavaş Şimaldan Cənuba keçdiyi, dəyişən Qərbsonrası beynəlxalq sistemdə özünə biçmiş olduğu yeni rolla və bunun ideoloji  infrastrukturu ilə də örtüşür. Türkiyənin Qərblə münasibətlərində enmə və qalxmaların hakim olduğu bu yeni dövrdə, heç şübhəsiz, beynəlxalq siyasətdə özünə yeni alternativlər və ortaqlıqlar axtarması və bunun nəticəsində də azalan sərmayə axışını və xarici investisiyaları öz lehinə çevirmək üçün Qlobal Cənub blokunun ən güclü dövləti olan Çinlə yaxınlaşma strategiyası izləməsi təəccübləndirici bir inkişaf meyli deyildir.

Türkiyənin “Kəmər və Yol” layihəsinə maraq göstərməsinin arxasında yatan təməl səbəblərdən biri olaraq, bu layihə ilə bağlı yaranan iqtisadi və ticari gözləntilərdən başqa, Türkiyə-Çin yaxınlaşmasının regionda və qlobal miqyasda yaradacağı geopolitik və strateji təsirlərlə bərabər, Türkiyənin regional və qlobal aktyorluğu, oynadığı rollar və beynəlxalq imicilə bağlı yarana biləcək müsbət töhfələr düşünülə bilər. Prezident Ərdoğanın ötən may ayında keçirilən “Kəmər və Yol Forumu”ndan həmən öncə işlətdiyi “Çinlə yaxınlaşmamız dünyaya da fərqli bir şəkildə təsir edəcəkdir” ifadələri yuxarıda qeyd edilən təsbit üçün bir nümunə təşkil edir. 

Yaxşı, bəs Türkiyə “Kəmər və Yol” layihəsinin hansı ayağındadır və orada necə iştirak etməklə yer alır?

İlk olaraq, tikintisi 2007-ci ildə başlayan və açılışı keçən həftə Bakının Ələt limanında həyata keçirilən, Pekin və Londonu kəsintisiz olaraq bir-birinə bağlamağı hədəfləyən Dəmir İpək Yolunun orta qurşağında yer alacaq, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolundan və onun davamında inşa edilməsi planlaşdırılan 30 milyard dollarlıq Ədirnə-Qars yüksək sürətli qatar layihəsindən bəhs etmək lazımdır. Türkiyə Dəmir İpək Yolunun bir hissəsi olaraq nəzərdə tutulan “Marmaray” və III Körpü ilə də Pekin-London xəttinin orta qurğaşını tamamlayaraq, bu yola əhəmiyyətli töhvə verir.

Ümumi uzunluğu 838 km olan, 76 km-i Türkiyədən, 259 km-i Gürcüstandan, 503 km-i isə Azərbaycandan keçən BTQ-nin ilk mərhələdə ildə 1 milyon sərnişin və 6.5 milyon ton yük daşıması proqnozlaşdırılır. 2034-cü ilə qədər mövcud tutumunun 3 milyon sərnişin və 17 milyon ton yükə çıxarılması gözlənilən BTQ dəmir yolunun Çindən çıxan malları, Qazaxıstan və Türkmənistan üzərindən keçməklə, Xəzər dənizi ilə Bakının Ələt limanına, oradan da Gürcüstan və Türkiyə üzərindən keçməklə, Avropaya daşıması planlaşdırılır. BTQ dəmir yolunun digər bir xüsusi cəhəti də, Çindən Avropaya gedən dəmir yollarının hamısının Rusiyadan keçdiyi düşünülərsə, Rusiyanı “bypass” edərək (ondan yan keçərək-tərc.), məsafəni təxminən 7 min km qısaldıb, Çin-Avropa dəmir yolu xəttilə yüklərin cəmi 15 gündə daşınmasını təmin etməsidir. Eyni zamanda təxmin edilir ki, bu yeni layihə ilə birlikdə, Çinlə Avropa arasındakı yük daşımaların əhəmiyyətli bir hissəsi Rusiyadan bu marşuruta keçəcəkdir.

 

Türkiyənin qayğıları və Çindən gözləntiləri

 

Digər tərəfdən, Türkiyənin Çinin bu tarixi layihəsilə əlaqədar olaraq qayğıları da olmamış deyil. Avropalı müttəfiqlərinin əksəriyyətindən daha az ehtiyatlı mövqe tutsa da, Türkiyə bu layihənin hazırda Çinlə arasında pozulmuş olan ixrac-idxal balansını daha da dərinləşdirəcəyi ehtimalı üzərində durur. Türkiyə Statistika İdarəsinin verdiyi rəqəmlərə görə, 2016-cı ildə Türkiyə Çindən təqribən 25 milyard dollarlıq mal idxal etdiyi halda, ona sadəcə olaraq 2.3 milyard dollarlıq mal ixrac edib. Burada diqqəti cəlb edən məsələ odur ki, 2013-cü ildən etibarən Türkiyənin ixracatı tədricən azaldığı halda, idxalatı eyni səviyyədə qalıb. Türkiyənin rəsmi şəxslərinə görə, ixracat və idxalat arasındakı bu 10 qatlıq fərq davam etdirilə bilməz və arzu edilir ki, Çin bazarlarının türk məhsullarına açılması və ixracatın ən azı idxalatın yarısı səviyyəsinə çıxarılması üçün iki ölkə arasında bir anlaşma imzalansın.

Eyni zamanda, Türkiyənin, digər Avropalı müttəfiqlərinin də dilə gətirdiyi kimi, iqtisadiyyatda qloballaşmanı və liberallaşmanı müdafiə edən Çinin öz daxili bazarında xarici sərmayədarlara qoyduğu məhdudiyyətləri qaldırmasını və öz yerli şirkətlərinə üsütünlük verən qaydalardan əl çəkməsini gözlədiyi müşahidə edilir.

Bütün bu qayğılar bir yana buraxıldıqda, Çinin “Kəmər və Yol” layihəsində, bu layihə çərçivəsindəki iqtisadi dəhlizlərlə bir sıra ölkələrlə ayrı-ayrı qurduğu təşəbbüslər nəzərə alındıqda, Türkiyəyə öncül və ya mərkəzi olmasa da, əhəmiyyətli bir rol nəzərdə tutduğu ortadadır. Ümumiyyətlə, belə dəyərləndirilə bilər ki, Türkiyənin layihədəki rolu Çin-Rusiya rəqabətinin, Türkiyənin də parçası olduğu, Orta Asiyaya, Qafqaza və Orta Şərqə proyeksiyası ilə formalaşır. Çin bu layihə ilə müəyyən mənada, iki rəqibi olan Rusiya və Hindistanın ətrafını alternativ yol marşurutlarıyla sarmaqda və bu yeni təhlükəsiz yollar üzərindən sanki özünə yeni ticarət və təhlükəsizlik sahələri yaratmaqdadır.

Eyni zamanda Çinin bu layihə ilə, prezident Tramp çəkiləcəyini iddia etsə də, Obama dövründə infrastrukturu tamamlanan və ABŞ-ın Cənub-Şərqi Asiya və Sakit Okean ölkələrilə sərbəst ticarətini nəzərdə tutan, özününsə daxil edilmədiyi Trans-Pasifik Tərəfdaşlığını təsirsiz hala gətirəcəyi proqnozlaşdırıla bilər.

Layihənin Türkiyə ayağı qiymətləndirilərkən, onun bütün bu geoekonomik ünsürlərlə birlikdə içinə təhlükəsizliyi də alan, bütün yönlərilə birlikdə dəyərləndirilməsi layihənin ana fəlsəfəsi olan “qazan-qazan” məntiqinin Türkiyə baxımından itgiyə dönüşməməsi üçün əhəmiyyət kəsb edir.

“Kəmər və Yol” layihəsi eyni zamanda Türkiyənin bundan sonrakı illərdə öz liderliyində inkişaf etdirməyi düşünə biləcəyi oxşar nəqliyyat və tranzit yolları, həmçinin formalaşdıra biləcəyi yeni regionçuluq təşəbbüsləri üçün də bir örnək təşkil edə bilər.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə