XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2017 - 22:24

“AST TELMAN” ÖMÜRLÜK HƏBSİN ASTANASINDA –İş adamının rusiyalı biznesmenlərin qətlində əli varmı?

Azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov barəsində bir neçə gün əvvəl qiyabi həbs qərarı çıxarılıb. O, Rusiya Cinayət Məcəlləsinin 105-ci (iki və daha artıq şəxsin xüsusi amansızlıqla qətlə yetirilməsi) və 222-ci (qanunsuz silah dövriyyəsi) maddələri üzrə təqsirli bilinib. Moskvanın Basman rayon məhkəməsi qərarı elan edərkən İsmayılovun harada olduğuna dair məlumatsız olduğunu da bildirib. "Forbes"in qiymətləndirməsinə görə, 800 milyonluq sərvəti olan, 2015-ci ildə isə müflis elan edilən iş adamı barəsində çıxarılan bu məhkəmə qərarı ilə razılaşmır.

Vəkili Marina Rusakova bildirib ki, ittihamın elan olduğu məhkəmə prosesi barədə nə onu, nə də müdafiə etdiyi şəxsi məlumatlandırıblar. Prosesdə T.İsmayılovu dövlətin ayırdığı vəkil təmsil edib. 

Rusakovanın sözlərinə görə, İsmayılovun istintaqdan gizləndiyinə dair iddialar əsassızdır. Çünki ş adamı hansı ünvanda olduğuna dair bilgiləri istintaqa təqdim edib.

Prosesdə iştirak etmədiyi üçün məhkəmə T.İsmayılov barəsində qiyabi həbs qərarı çıxarıb. Qərarı cəfəngiyyat adlandıran vəkil artıq apellyasiya şikayəti verdiklərini də deyib.

 

Vəkil: "İstintaqın əlində sübut yoxdur"

 

Rusakovanın bildirdiyinə görə, İsmayılov iki sifarişli qətldə ittiham olunur. Qətllər 2016-cı ilin mayında Moskva ətrafında törədilib. İş materiallarında qeyd olunur ki, həmin vaxt Novorijski şossesində biznesmenlər Vladimir Savkin və Yuri Brılyovun cəsədi aşkarlanıb. Savkin "Stroymarket"in, Brılyov isə "Lyublino-Motros"un sahibi olub. Hər iki iş adamı "Toyota Land Cruiser" markalı avtomobildə güllələnib.

Ötən ilin noyabrında iş üzrə şübhəli şəxs qismində Mehman Kərimov və Telman İsmayılovun qardaşı Rafiq Kərimov həbs olunub. Kərimov dərhal etirafedici ifadə verərək hər iki qətli kommersiya münasibətləri zəminində törətdiyini bildirib. 

Vəkil Rusakova isə hesab edir ki, Kərimov istintaqla sövdələşib. Və istintaqın əlində Kərimovun ifadəsindən başqa hər hansı başqa sübut yoxdur.

Əgər ittiham tərəfi T.İsmayılovun təqsirini sübut edə bilsə, iş adamı ömürlük həbs cəzasına məhkum ediləcək. İş üzrə verilə biləcək ən yüngül cəza isə 10 il həbsdir.

 

AST Telman niyə müflis oldu?

 

Telman İsmayılov 1956-cı ildə Bakıda anadan olub. 80-ci illərin sonlarından bizneslə məşğul olmağa başlayıb. 1989-cu ildə AST şirkətlər qrupunu təsis edib. 2008-ci ilin sonlarına qədər Moskvadakı ən böyük iş adamlarından olub. 

93-cü ildə Çerkizov bazarını açıb. Çerkizov qısa zamanda Moskvanın ən iri bazarlarından birinə çevrilib. 90-cı illərin ortalarından biznesi böyüməyə başlayıb. İş adamı Moskvada bir neçə tekstil fabriki, həmçinin taksi firması, restoran və kafelər açıb. AST şirkətlər qrupu eyni zamanda kənd təsərrüfatı və zərgərlik sahəsində də iş qurub. 

2007-ci ildə  şirkətlər qrupunun illik dövriyyəsi 2 milyard dollara yüksəlib. Şirkətin səhmlərinin dəyəri isə 3 milyard dollar olub. Onların arasında ən gəlirlisi tikinti sahəsi ilə bağlı səhmlər idi.  

Şirkətlər qrupunun həmtəsisçiləri Telman İsmayılovun oğlanları Ələkbər və Sərxan idi. Səhmlərin bir qismi isə yaxın qohumu Zaur Muradova məxsus idi. 

2015-ci ilə qədər Telman İsmayılov "Forbes"in siyahısında olub. Həmin il onun sərvəti 600 milyon dollar idi. Lakin 2009-cu ildə Çerkizovda saxta məhsullar aşkarlanandan sonra bazar bağlanıb. 

Həmin il İsmayılovun daha bir səhmi – «Voentorq» Süleyman Kərimovun strukturlarına satılıb. Telman İsmayılov özü isə ölkədən gedib. İlk dəfə o, 2015-ci ilin dekabrında müflis elan edilib. 2017-ci ilin martında Moskva arbitrajı onun mülkiyyətini satışa çıxarıb. 

Bu ilin sentyabr ayında Ələkbər və Sərxan İsmayılovlar «AST-interneşnl invaeronment»in – Rusiyanın ən böyük alkoqol distribütorunun təsisçiləri sırasından çıxıblar. 

Rusiya İstintaq Komitəsindəki mənbə mətbuata bildirib ki, iş materiallarında hadisə yerinin yaxınlığındakı müşahidə kameralarından götürülmüş videogörüntü var. Orada aydın görünür ki, qətl günü Mehman Kərimov və Rafiq İsmayılov görüşüblər.

Onlar qətllə bağlı saxlanılarkən İsmayılov etiraf etməkdən imtina edib və ilkin olaraq onu azad ediblər. Onun azadlığa buraxılması Savkinin ailəsinin etirazı ilə qarşılanıb. Onlara görə, qətlə Rafiq İsmayılovla Savkin arasında yaranmış maliyyə münaqişəsi səbəb olub.

 

Qətl və 5 milyonluq borc…

 

Öldürülən iş adamları Moskvada nəhəng ticarət-əyləncə mərkəzinə sahib idilər. Mətbuatın yazdığına görə, mərkəzin satışından sonra bütün vəsait Rafiq İsmayılova çatıb və o keçmiş şərikinə 5,5 milyon dollar borclanıb. Məhz bu səbəbdən də o, Savkinin qətlini sifariş verib və cinayətin icrasına nəzarət edib. 

İstintaqçılar əlavə dəlillər toplayandan sonra Rafiq İsmayılovu da həbs edərək ona da Rusiya Cinayət Məcəlləsinin 105-ci – iki və daha artıq şəxsin xüsusi amansızlıqla qətlə yetirilməsi maddəsi üzrə ittiham elan ediblər.
 
Sentyabrda Telman İsmayılovun qohumlarına məxsus 12 ünvanda axtarış aparılıb.

"Evdə  uşaqlarım, nəvələrim var. Başa düşmürəm ki, bu nəylə bağlıdır", – deyə İsmayılov axtarışın səbəbini anlamadığını deyib. 

Çerkizov bazarı bağlanandan sonra Telman İsmayılovun ciddi maliyyə problemləri yaranıb. Köhnə borcları bağlamaq üçün o, yeni kreditlər götürməli olub.

Kreditorlar arasında BM-bank da olub. 2014-cü ildə kreditorlar məhkəməyə müraciət edərək borcu tələb etməyə başlayıblar. Təkcə BM-banka ödəniləcək məbləğ 17,4 milyard rubl olub. 

Telman İsmayılov müflis elan olunanda məlum olub ki, birbaşa onun adına heç bir mülkiyyət qalmayıb. Kredit götürülərkən girov kimi qoyulan "Praqa" restoranı, "Tropikanka" biznes mərkəzi və AST ticarət mərkəzi isə tədricən BM-bankın sərəncamına keçib. 

Bütün bunlar azmış kimi, iş adamı indi də böyük bir cinayətdə ittiham olunur. Və onun dəmir barmaqlıqlar arasına gedib-getməyəcəyi tezliklə məlum olacaq.

Strateq.az


 




Yuxarı Əvvələ Ana Səhifə