XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2017 - 20:10

“Dünyanın ən pis diktatoru”, Kim Çen mükafatı laureatı, postsovet məkanında ən “stajlı” rəhbər…- 30 İLDƏN ÇOXDUR HAKİMİYYƏTDƏN GETMƏYƏN PREZİDENTLƏR

Noyabrın 14-də hərbçilər tərəfindən devrilərək həbs olunan Zimbabve prezidenti 93 yaşlı Robert Muqabe həm də uzunhakimiyyətli lider kimi tanınırdı. O, düz 37 il ölkəyə fasiləsiz rəhbərlik etmişdi. Taxt-taca milli azadlıq hərəkatından gələn Muqabenin devrilməsi prezident postunu onillərdir tərk etməyən dünya liderlərini də gündəmə gətirmiş oldu.
 

Strateq.az xarici mətbuata istinadən seçki ilə yolu ilə hakimiyyətə gələn hansı prezidentlərin öz kürsüsündə 30 ildən çox qaldığını müəyyən etməyə çalışacaq.

 

Kamerun prezidenti Pol Biya – 42 il

 

Pol Biya

Pol Biya 1975-ci ildə Kamerunun baş naziri təyin olunub. 1982-ci ildə Əhməd Axidconun istefasından sonra prezident postunu tutub. Axidco isə dövlət çevrilişinə cəhddə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilib.

2011-ci il seçkilərində Biyya yenidən 7 il müddətinə seçilib. Bu müddət ərzində o, bir dövlət çevrilişini zərərsizləşdirib. Ölkə isə neftlə zəngin olan Bakassi yarımadası uğrunda iki dəfə silahlı münaqişə yaşamalı olub.

Biya həm də, diktator kimi tanınır. "Parade" nəşrinin "dünyanın ən pis diktatorları" reytinqində o, 19-cı sırada yer almışdı.

 

Ekvatorial Qvineyanın prezidenti Teodoro Obianq Nqema Mbasoqo, 38 il

 

Nqema Mbasoqo

Mbasoqo hakimiyyətə 1979-cu ildə – diktator olan əmisini devirərək gəlib. O, dəfələrlə öz qohumlarını ayrı-ayrı dövlət vəzifələrinə gətirib. Məsələn, 2012-ci ildə oğlu Teodoro Nqema Obianq Manqunu vitse-prezident təyin edib. 

Mbasoqo 2016-cı ildə növbəti dəfə 7 il müddətinə prezident seçilib. Oğlu Manqu isə ölkənin birinici vitse-prezidenti postuna gətirilib. 

Ölkə qanunvericiliyinin tələbinə görə, Mbasoqo dünyasını dəyişərsə, onun yerinə avtomatik oğlu Manqu gələcək. 

Mbasoqonun hakimiyyəti illərində ölkədə şəxsiyyətə pərəstiş pik həddə çatıb. 2003-cü ildə dövlət radiosu onu "Göylərdəki Tanrıya bənzər varlıq" adlandırıb və Mbasoqonun Allahla daimi təmas qurduğunu, insanlar və əşyalar üzərində mütləq hakimiyyətə malik olduğunu bəyan edib. 

2013-cü ildə Şimali Koreya Mbasoqonu Kim Çen mükafatı ilə təltif edib. 

Prezidenti tənqid edənlər susdurularaq cəzalandırılıb. 2016-cı ildə liberal "New Democrat" qəzetinin baş redaktoru prezident Mbasoqoya qarşı ittihamedici yazısına görə həbs olunub.

 

Anqola prezidenti Joze Eduardu duş Santuş, 38 il

 

Joze Eduardu duş Santuş

Joze Eduardu duş Santuş Anqolanın ikinci prezidentidir. Ondan əvvəl ölkəni Aqostinyo Neto idarə edib və 1979-cu ildə dünyasını dəyişib. 

Santuşun hakimiyyəti illərində Anqolada çoxpartiyalı sistem yaradılıb, ölüm hökmü ləğv edilib, ölkə daxilində İslam dininə etiqad qadağan edilib.

2016-cı ildə Joze Eduardu duş Santuş bəyan edib ki, növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək.

 

Uqanda prezidenti Yoveri Museveni, 32 il 

 

Yoveri Museveni

Yoveri Museveni uzun illər davam edən vətəndaş müharibəsindən sonra – 1986-cı ildə Uqandanın prezidenti olub.

Onun gəlişindən bu yana ilk seçki 10 il sonra baş tutub. Halbuki  Museveni söz vermişdi ki, hakimiyyətdə cəmi 4 il qalacaq və yeni Konstitusiya işlənib hazırlanandan sonra postunu tərk edəcək.

Həmin vaxtdan bu yana Museveni düz dörd dəfə prezident seçilib. İqtidarı dövründə iqtisadi islahatlar aparıb, bir çox ölkələrlə, həmçinin Birləşmiş Ştatlarla ticari əlaqələri bərpa edib.

 

Qazaxıstan prezidenti Nursultan Nazarbayev, 28 il 

 

Nursultan Nazarbayev

Postsovet məkanında hakimiyyətdə ən çox qalan rəhbər Nursultan Nazarbayevdir. 1989-cu ildə o, Qazaxıstanda Mərkəzi Komitənin birinci katibi seçilir. Və faktiki olaraq ölkə rəhbərliyinə gəlmiş olur. Sonra ard-arda seçkilərdə qalib olur. 

1995-ci ildə ölkədə referendum keçirilir və Nazarbayevin səlahiyyət müddəti 2000-ci ilədək artırılır. O dövrdən bu yana Nazarbayev daha dörd müddətə prezident seçilib.  2015-ci ildə keçirilən son seçkilərdə o, səslərin 98 faizini yığıb. 

Mayın 25-də Qazaxıstanda "Seçkilər haqqında" qanuna dəyişiklik olunub. Və Qazaxıstan Məclisinin (parlament) aşağı palatası dəyişiklikləri müzakirəsiz qəbul edib. Dəyişikliklərə əsasən, bundan sonra heç kim Qazaxıstanın ərazi bütövlüyü, dövlət quruluşu,  birinci prezident Nursultan Nazarbayevin statusu (Millətin atası) kimi məsələlərlə bağlı ümumxalq referendumunun keçirilməsi təşəbbüsü ilə çıxış edə bilməz. 

Yeni tələblərə görə, prezidentliyə namizəd dövlət qulluğunda və ya seçkili dövlət vəzifələrində 5 ildən az olmayaraq iş təcrübəsinə sahib olmalıdır. Bundan başqa, hər bir namizəd tibbi müayinədən keçməli, prezident səlahiyyətlərini icra etməyə mane olan hər hansı xəstəliyinin olmadığını təsdiq edən tibbi arayışı müvafiq quruma təqdim etməlidir. 

Ekspertlər deyir ki, bu yolla Nazarbayev rəqiblərinin prezidentliyə yolunu bağlamış olub.

 

Zimbabve prezidenti Robert Muqabe, 37 il

 

Robert Muqabe

1980-ci ildə Muqabe baş nazir, 1987-ci ildə isə Konstitusiyanı dəyişərək ölkənin prezidenti olur.

Sərhədsiz hakimiyyət birbaşa ona tabe olur – hökumətə nəzarət, ordu, parlamenti buraxmaq, məhdudiyyətsiz seçilmək hüququ.

Muqabe ona sadiq olanları yüksək vəzifələrə təyin edir. Ağ fermerlərdən alınan torpaqlar vəd etdiyinin əksinə qaradərili partizanlara yox, həmin məmurlara verilir. 

Ölkəni korrupsiya bürüyür. Muqabe elə bir sistem qurur ki, qohumları və etibarlı adamları sürətlə varlanır. Əhalinin 85 faizi isə yoxsulluq içində yaşayır. 

Sosial narazılıq pik həddə çatanda Muqabe xalqın qəzəbini ağların üzərinə yönəldir. Ağdərililər "xalq düşməni" elan edilir. Torpaq sahibi olan ağların 90 faizi ölkədən qaçır. 

ABŞ və Avropa Birliyi ölkələri başa düşür ki, Muqabe heç də inkişafa meylli lider deyil və ölkəyə sanksiyalar tətbiq etdirlər. Sanksiyalardan sonra Zimbabve iqtisadiyyatı çökür. Hiperinflyasiya olur, qiymətlər gün ərzində bir neçə dəfə bahalaşır, mağazalardan ərzaqlar yoxa çıxır, poliklinika və xəstəxanalar işləmir… 

Son günlərə qədər Zimbabvedə hakimiyyət və nüfuz uğrunda iki qruplaşmanın mübarizəsi gedirdi. Onlardan birinə prezidentin xanımı 52 yaşlı Qreys Muqabe rəhbərlik edirdi. Muqabe və onu dəstəkləyən gənc nazirlərə qarşı çıxan əsas qüvvə isə vitse-prezident, "Timsah" ləqəbli Emmerson Mnanqaqva və onun rəhbəri olduğu "Lakost komandası" idi.

Noyabrın əvvəllərində Muqabe hərbçilər arasında böyük nüfuza malik olan Mnanqaqvanı dövlət çevrilişinə cəhddə ittiham edərək, vəzifədən kənarlaşdırdı. Lakin az sonra ordu hərəkətə keçərək Muqabeni yıxdı.

Hazırda Muqabe ev dustaqlığındadır və onun sonrakı aqibəti qeyri-müəyyən qalmaqda davam edir. 

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə