XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Noyabr 2017 - 13:39

ABŞ-İRAN “BAL AYI”:Tehranın nüvə iştahasının Ağ Evdən başlayan səhifələri - ARAŞDIRMA

Belen Fernandes

“Middle East Eye” (Böyük Britaniya)

 

ABŞ prezidenti Donald Tramp İranla nüvə razılaşmasına dair qərarını müdafiə etmək üçün demişdi: "Biz təxmin edilən nəticələrə – daha çox şiddət, daha çox terror və İranın nüvə sınağı təhlükəsi olan bir yola davam etməyəcəyik". Hələ sentyabr ayında Tramp “Twitter”də “İranın nüvə sınağı” ilə bağlı “çikkildədikdə” hətta “Associated Press” buna kinayəli şərh verdi: "Prezident kimi, Tramp İranın ballistik raket sınağı keçirib-keçirməməsini CIA və ya başqa kəşfiyyat orqanı vasitəsilə asanlıqla yoxlaya bilərdi".

 

Qiyamət təhlükəsi

 

Əlbəttə, İran uzun müddətdir ki, yalnız respublikaçı prezidenti deyil, bütün ABŞ-ın gözündə əcinnədir. Hillari Klintonun İsrailə hücum edən ölkəni "tamamilə məhv edə biləcək"lərinə dair xəbərdarlıqlarını xatırlayın. 2002-ci ildə ABŞ prezidenti Corc Buş da xəbərdarlıq edib ki, "İran xalqının azadlıq ümidini boğaraq İslam Respublikası kütləvi qırğın silahları əldə etmək məqsədi güdür və terroru ixrac edir".

Əlbəttə, İslam Respublikası Yaxın Şərqdə ABŞ-İsrail layihələrini çətinləşdirməyə cəsarət etdiyinə görə dəfələrlə Yer üzü üçün Qiyamət təhlükəsi kimi təsvir olunub. Halbuki (1953-cü ildə CIA Məhəmməd Müsəddiqi devirdikdən sonra) 1979-cu ilədək İrana rəhbərlik edən Amerikanın sevimli şahı "seçilmiş" sayılır, amma "azadlıq" anlayışı ilə əsla tam uyğun gəlmirdi.

Bununla yanaşı, şah, ABŞ və İsraildən müxtəlif yollarla faydalanaraq, öz vətəndaşlarını terror və işgəncələrə məruz qoyan polis dövlətinə başçılıq edirdi.

İranın silahlanması və nüvə ambisiyalarına dair ikiüzlülüyü tam qiymətləndirmək üçün şah hakimiyyəti dövrünün bir neçə səhifəsini öyrənmək kifayətdir. Tarixçi Ervand Abramyanın “Müasir İran tarix”i adlı kitabında deyilir: "Satıcılar zarafat edirdilər ki, şah silah bukletlərini gözünü “Playboy” jurnalına zilləmiş yeniyetmə kimi oxuyur".

1954-1977-ci illər arasında, Abramyan yazır, şahın hərbi büdcəsi "on iki dəfə böyüyüb""1978-ci ildə şah bunu yetərli saymayıb daha 12 milyard dollar dəyərində silah sifarişi verdi", onların arasında "160 “F16s” … və 10 nüvə sualtı qayığı" vardı.

Təbii ki, bu, Amerika silah sənayesinin qulağına xoş gələn musiqi idi. Oksford Universitetinin əməkdaşı Peter Frankopan “İpək Yolları: Dünyanın yeni tarixi” ("Silk Roads: The World of New History") adlı kitabında sənədlərə əsasən yazır ki, böyük silah alışı "ABŞ-ın hərbi yardımı və güzəştli kreditləri” hesabına baş tuturdu.

 

ABŞ-İran “bal ayı”

 

Şahın nüvə proqramlarına ehtirası çoxsaylı “qurd bankaları”nın qapağını açır. Frankopan vurğulayır ki, ABŞ-İran nüvə əməkdaşlığı 1974-cü ildə imzalanıb və "ABŞ İrana iki reaktorla yanaşı, zənginləşdirilmiş uran satmağ"a razılaşıb.

“Washington Post”-un 2005-ci ildəki bir məqaləsi bizə xatırladır: 1976-cı ildə ABŞ prezidenti Cerald Ford Tehrana "nüvə reaktorunun yanacağından plutoniumu çıxarmaq üçün ABŞ-da tikilmiş təkrar emal qurğusunu almaq və işə salma imkanı" təklif edib, bununla da "tam nüvə yanacağı"na çıxış yaradıb.

“The Post” qeyd edir ki, Buş administrasiyası hələ 2005-ci ildən "İranın nüvə silahı əldə etməsinə maneə törətməyə çalışır"dı. Buna çalışanlardan biri Buş hökumətindən əvvəl Forda xidmət etmiş Dik Çeyni idi.

1979-cu ildə ABŞ-İran “bal ayı” inqilabla yekunlaşsa da, bu, 1980-ci illərdə ABŞ və ya İsrailin İslam Respublikasını silahla təchiz etməsinə maneə törətməyib. Bunlardan biri “İran-kontras” qalmaqalı ilə bitib.

 

Nüvə Armageddonu

 

İndi İranın nüvə silahı xəyallarına həsr olunmuş bütün diqqət və küyə baxmayaraq, Yaxın Şərqdə artıq nüvə dövləti var: İranı qınayan, eyni zamanda, Nüvə Silahlarının Yayılmaması haqqında Sazişdən sirli şəkildə yayınan İsrail.

"The Economist"-in İsrailin "gizli nüvə silahı" ilə bağlı 2016-cı il tarixli məqaləsinə əsasən, İsrailin 80-dən 200-ə qədər nüvə döyüş başlığı var.

İran, İŞİD, “əl-Qaidə” və s. kimi terror təhdidi sayılan Livanın “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullah "İsrailin Dimonadakı nüvə reaktorunun daha təhlükəli olması”nı vurğulayır.

1,537 qüsuru nəzərə alınaraq, bu tamamilə əsassız irad deyil. Buna görə də, ABŞ və İsrail üçün bu məsəl yerinə düşür: “Öz gözündə tiri görmür…”

 

Tərcümə: Strateq.az