XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2017 - 08:30

Rusiya-İran münasibətləri nikbinlik vəd etmir:niyə İranla Rusiya arasında strateji tərəfdaşlıq ola bilməz? – Təhlil

Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani

 

irna.ir (İran), 16.11.2017


Son illərdə Rusiya-İran münasibətlərinin intensivləşməsinə baxmayaraq, ekspertlər hesab edirlər ki, İranla Rusiya arasında strateji tərəfdaşlıq qurula bilməz. Rusiya EA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi  Vladimir Sajin İran ilə Rusiya arasında ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından Rusiya və İran arasındakı əməkdaşlığın necə ola biləcəyindən danışıb: "Son 3-4 ildə Rus-İran əlaqələri fəallıq sərgiləyir. İki ölkənin liderləri arasında görüşlər və danışıqların tezliyi, diplomatik və müdafiə idarələrinin rəhbərləri, iş adamları və turizm xəttində şəxsi təmaslar artır. Artıq diplomatlar və jurnalistlər Rusiya Federasiyası ilə İran İslam Respublikası arasındakı strateji tərəfdaşlıq haqqında danışmağa başlayıblar. Eyni zamanda indiki anda Rusiya-İran münasibətlərinin vəziyyəti haqda açıq və Rusiya və İranla bağlı indiki durumun doğurduğu təbliğatçı ehtirası olmadan danışsaq, təəssüf ki, onu strateji münasibət kimi səciyyələndirmək aşkar mübaliğə olardı. Və bunun günahkarı xeyli dərəcədə inamsızlqıdır”.

Nemətullah Yəzdi – İranın SSRİ-də son səfiri və Rusiyada ilk səfiri – son müsahibələrindən birində deyib: “Biz strateji münasibətlərə malik ola bilmərik. İdeyalarımız bəzi sahələrdə bir-birinə ziddir… Lakin ən yüksək səviyyədə lap yaxşı münasibətlərimiz ola bilər”.

Cənab Yəzdi bununla bağlı olduqca düzgün və müasir fikir ifadə edib: Tehran və Moskva strateji müttəfiq ola bilməz, amma münasibətlərin inkişafı strategiyasına sahib olmalıdır.

Təəssüf ki, ikitərəfli münasibətlərin  inkişafı strategiyası nəzərdən keçirilmir. Siyasətdən danışılsa, qeyd olunduğu kimi, hətta Xəzər və Suriya kimi çox önəmli sahələrdə baxışların tam vəhdəti yoxdur. Həm də bu problemləri necə çözməyin birgə planı da yoxdur.

Olsun ki, Moskva və Tehranı siyasətcə yaxınlaşdıran nadir bəndlərdən biri Qərbə qarşı çıxmaqdır. Lakin, tam ehtimalla, bu azdır. RF keçmiş xarici işlıər naziri, Rusiya beynəlxalq məsələlər üzrə Şurasının prezidenti İqor İvanovun 2014-cü il noyabrın 24-də “Rusiya və İranın strateji tərəfdaşlığının inkişafı” konfransında təklif etdiyi tezis bunu ən yaxşı şəkildə göstərir: “İkitərəfli münasibətləri Qərbə qarşı birgə çıxmaqla qurmaq olmaz. Konstruktiv gündəlik, birinci növbədə qarşılıqlı maraqlardan çıxış etməklə bizə irəli getmək imkanı verən prioritetlər siyahısı lazımdır”.

Lakin hətta Moskva və Tehranın antiqərb baxışlarının yaxınlığında da yeni çalarlar meydana çıxır. Sanksiyalar altından çıxmış İran siyasi və biznes elitasının liberal-islahatçı qanadının simasında, həmçinin əhalinin əksəriyyəti Qərbə, birinci növbədə Avropa Birliyinə getdikcə diqqətlə və böyük ümidlə baxır. Hətta İİR prezidenti Həsən Ruhani bildirib ki, İranın ABŞ-la dostluq münasibətləri ola bilər ki, bu da onun opponentlərinin – təməlçilərin – anlayışında sadəcə qınaq və töhmətə layiq sui-qəsd və küfrdür.

İİR planetin ən mühüm bölgəsindən birində – Yaxın Şərq, Orta Şərq, Qafqaz, Xəzər dənizi zonası, Mərkəzi Asiyanın daxil olduğu Qərbi Asiyada üstün hərbi-siyasi rollardan birini oynayır. Xatırlatmaq artıqdır ki, İran təbii karbohidrogen yataqlarının güclü qaynağıdır.

2015-ci il iyulun 14-də İran nüvə probleminin həlli və sanksiyaların götürülməsi başlanandan sonra  İran siyasət və biznesin cazibə mərkəzi olub. Rusiya həm siyasi, həm də ticari-iqtisadi planda bu ölkəni itirə bilməz.

Siyasətə gəlincə, ola bilsin, burada Moskva üçün prioritet maraq budur ki, Tehran həm kürəsəl, həm də bölgəsəl miqyasda bütövlükdə antiqərb siyasəti aparır (düzdür, bəzən xalis təbliğata çalan meyllə).

Ticarət və iqtisadiyyat sahəsində ikitərəfli işgüzar münasibətlərdən danışılsa, təəssüf ki, Rusiyanın imkanları cəmi bir neçə sahəylə məhdudlaşır. Bu, energetika, o cümlədən atom enerjisi, kosmosda araşdırma, o cümlədən praktik təsərrüfat ehtiyacları üçün güclü stasionar sputniklərin Rusiya daşıyıcıları ilə buraxılışı, dəmiryol inşası, İran dəmiryollarının elektrikləşdirilməsi və modernləşdirilməsi, dövlətdən tutmuş kiçik biznesə qədər müxtəlif səviyyələrdə kənd təsərrüfatıdır. Neft və qaz kəşfiyatı, həmçinin Rusiya texnologiyası vasitəsilə İranın köhnə neft yataqlarından neft çıxarılması əmsalının yüksəldilməsi üzrə layihələr perspektivli sahədir. Hərbi-texniki əməkdaşlıq mühüm yön ola bilər. Lakin bütövlükdə biznes həm obyektiv, həm də subyektiv səbəblər üzündən iki ölkəninn iş adamları səviyyəsində özəl maraq sərgiləmir.

2014-2017-ci illərdə müxtəlif səviyyədə, o cümlədən müxtəlif formatlarda ən yüksək səviyyəli görüş və danışıqların aşkar fəallaşmasına, niyyətlər haqda bağlanmış xeyli sayda sazişlərə baxmayaraq, yalnız bir neçə layihə gerçəkləşmə mərhələsinə çatıb. Bu, Rusiyanın Buşehr AES meydançasında iki yeni enerji blokunu inşa etməsi haqda saziş, İran dəmiryollarının modernləşdirilməsi haqda müqavilə, dəmir filizinin geokəşfiyyatı haqda saziş, kübrə istehsalı üzrə “Роснефтегазстрой”-la İranın “NPC International” şirkəti arasında birgə şirkətin yaradılması, İrana Rusiya avtomobil məhsulları tədarükü  haqda sazişlərdir. RF-yə İran kənd təsərrüfatı məhsullarının tədarükündə bəzi irəliləyişlər müşahidə olunur.

Rusiya 5 milyard dollar həcmində dövlət ixracat krediti ayırmağa hazır olduğunu bildirib. Elektrik stansiyalarının inşası və dəmiryollarının elektrikləşdirilməsinə gedəcək ilk tranş 2,2 milyard dollar təşkil edəcək. Birgə əməkdaşlıq üçün energetika, inşaat, dəniz terminalları və dəmiryolları sahəsində 35 prioritet layihə seçilib. Bütün bu planlar yekun mərhələsinə qədər gedəcəkmi? Bax, məsələ bundadır.

Rusiya-İran iqtisadi əməkdaşlığının inkişafına xeyli səbəb mane olur. Birincisi, hər iki iqtiasadiyyatda böyük kapital və dövlət korporasiyalarının məmurların və iri kapitalın birləşməsinə aşkar yönlənmə ilə rolu böyükdür.

İkincisi, RF və İİR-in ixracat strukturu elədir ki, bir-birinin malına istehlakçı tələbatı son dərəcə cüzidir.

Üçüncüsü, hətta İranın SWIFT suisteminə çıxışı bərpa edildikdən sonra da  Rusiya və İran kontragentləri arasında bank ödənişləri hədsiz dərəcədə çətinləşib.

Dördüncüsü, tərəflərin yetərincə vəsaiti yoxdur ki, bu ödənişləri gərəkli pullar, rubl və rialla yerinə yetirsin.

Beşincisi, müasir logistikasızlıq üzündən və avtomobil daşımaları üzrə sazişlər olmadığından nəqliyyat xərcləri yüksəlib.

Altıncısı, İranda orta və kiçik biznes daxili istehlaka və yaxud qonşu ölkələrə, iri biznes isə Qərbə və Çinə yönəlib.

Bundan başqa, bürokratik əngəllər və hər yandakı korrupsiya Rusiya və İranda biznesin aparılmasına çox mane olur, iş adamlarının əksəriyyəti isə hər iki ölkənin işgüzar özəllikləri barədə tutqun təsəvvürə malikdir.

Tərcümə Strateq.az-ındır.