Aleksandr Jelenin
rosbalt.ru
Ekspertlər xəbərdarlıq edirlər ki, ölkəmizdə ən yaxın otuz ildə 14 milyon adam əskik gələ bilər. Adamların dövlətə lazım olub-olmadığı haqda suala isə indiyədək aydın cavab yoxdur.
Strateji Tədqiqlər Mərkəzi (STM) Ali İqtisadiyyat Məktəbiylə (AİM) birlikdə Rusiyadakı gələcək demoqrafik çağırışlara həsr olunmuş məruzə təqdim edib. Araşdırıcıların proqnozlarına görə, 2035-ci ilə doğru RF-də əhalinin təbii azalması 400 min, daha bədbin ssenaridə isə 1 milyon nəfər təşkil edə bilər. Məruzədə BMT-nin müxtəlif ölkələrdə əhali sayının artımı üzrə proqnozları misal gətirilir. Bu proqnozlara əsasən, Rusiya əhalisinin sayı 2050-ci ilə doğru indiki 143 milyondan 129 milyon nəfərə qədər azala bilər. Lakin Rusiya Federasiyası həmin vaxta doğru bu göstərici üzrə Tanzaniya, Filippin, Meksika kimi ölkələri qabağa buraxıb dünyada doqquzuncu yerdən 15-ci yerə doğru yer dəyişə bilər.
STM məruzəsi müəlliflərinin fikrincə, Rusiyanın demoqrafik sferasında baş verən dəyişikliklər obyektiv və qanunauyğun səciyyə daşıyır. Bununla bağlı dövlət siyasəti qaçılmaz dəyişimlərə qarşı durmaq deyil, ona ən yaxşı tərzdə uyğunlaşmaqdan ibarətdir.
Məruzədə xüsusən də ölkənin Asiya hissəsi əhalisinin davam edən azalması və şərqdən qərbə yerdəyişimi haqda danışılır. Ekspertlər qeyd edirlər: “Əhalinin ölkə qərbinə yerdəyişimi insan resurslarının aşkar qıtlığı şəraitində bölgələrin bu uğurda rəqabətini əks etdirir”.
Araşdırma rəhbəri, AİM Demoqrafiya İnstitutunun direktoru Anatoli Vişnevski məruzəni təqdim edərək çağdaş Rusiya üçün yeddi çağırış qrupu seçib. Bunlardan birincisi və başlıcası ölkədə əhali seyrəkliyidir. Rusiya Federasiyası əhalisi 1950-ci ildə 103 muilyon nəfər təşkil edibsə, 1992-ci ilə doğru 148,6 milyonadək artıb, yəni 42 ildə, demək olar, bir dəfəyarım çoxalıb. Növbəti 20 ildə 1993-cü ildən 2013-ədək təbii əksilmə hesabına durmadan azalıb, yalnız miqrasiya sayəsində qismən yeri dolub.
Vişnevski bu zaman qeyd edir ki, mənasız iddialara baxmayaraq, statistika bu cür məlumatlar göstərir: 2007-ci iləcən Rusiyanın təbii əksilməsinin cüzi bərpası SSRİ-nin keçmiş respublikalarının ölkə dağıldıqdan sonra RF-yə köçmüş slavyan əhalisi sayəsində gedib. 2007-ci ildən sonra təbii azalmanın bu əvəzləmə qaynağı tükənib və bu gün Rusiyada əhali itkisinin miqrasiya tamamlaması artıq, əhalinin başqa etnik qrupları, həmçinin əvvəllər SSRİ-nin tərkibinə daxil omuş ölkələrdən gələnlərin hesabına gedir.
Mühacirlər Rusiyada
Ekspert deyir: “RF əhalisinin 2013-cü ildə təzələnmiş təbii artımı çox cüziydi və gələcəyi yoxdur, çünki rəsmi proqnozlara görə, tezliklə dayanacaq”.
Əslində, bu, artıq 2016-cı ildə baş verib. BMT proqnozlarına görə, görünən gələcəkdə Rusiya əhalisinin sayı “Rosstat”ın pronozundakından hətta az olacaq.
Problem həm də bundadır ki, Rusiyada böyük şəhərlər çatışmır. Bizdə dünya səviyyəli əsil meqapolis cəmi birdir – 12 milyonluq Moskva, üstəgəl beşmilyonluq Sankt-Peterburq. Rusiya Federasiyasında cəmi 15 milyonçu şəhər var, həm də bunların yalnız üçü Uralın arxasındadır. Bütün bunlar Rusiya kimi böyük ölkə üçün çox azdır.
Məruzə müəllifləri Rusiya demoqrafiyasındakı struktur dəyişikliklərini daha bir çağırış sayırlar. Başqa xeyli inkişaf etmiş və ortainkişaflı ölkələrdəki kimi Rusiya əhalisi də qocalır. Lakin sıfırıncı illərdə əməkqabiliyyətli yaşdakı insanların payı bir qədər artsa da, 2012-ci ildən sonra azalma başlanıb. Məruzədə deyilir ki, əməkqabiliyyətli əhali sayının bu cür davam edən düşməsinin “keçmişdə örnəyi olmayıb”.
Daha üç demoqrafik çağırış var: doğuşun azalması, ölüm faizinin çoxluğu və miqrasiya. Vişnevskinin fikrincə, cəmiyyət ölüm faizi və miqrasiyaya tədbirlər silsiləsiylə təsir edə bilər. Məsələn, səhiyyə sisteminin maliyyələşdirilməsini artırmaqla (Rusiyada buna ÜDM-in cəmi 3,5 %-i düşür ki, bu da təkcə AB ölkələri, ABŞ və Kanada, deyil, hətta Türkiyə və Braziliyadakından dəfələrlə azdır). Lakin dövlətin doğuşa təsir imkanı cüzidir.
Xüsusən də “ana kapitalı”nın timsalında izləmək olar ki, bu tədbir doğuşa yalnız ilk dəfə elan və istifadə edildiyi 2007-ci ildə əsaslı təsir göstərib. Vişnevski hesab edir ki, bu cür inkişaf səviyyəli ölkələrdəki kimi aşağı doğuş çağdaş Rusiya üçün də təbiidir. Onun fikrincə, “döl yaşlı qadınların sayı sürətlə azalacaq və biz heç vaxt keçmişdəki doğuşa qayıtmayacağıq”.
İş axtaran Rusiya vətəndaşı
Ekspert həm də kişilər arasındakı yüksək ölümlə mübarizə kimi məlum problemə diqqət yetirir. Mütəxəssis qeyd edir – Rusiya bu göstərici üzrə bu gün “hətta 1960-cı illərin səviyyəsinə də çatmayıb”.
Lakin ölkənin demoqrafik siyasətinin əsas özəlliyi bundan ibarətdir ki, indiyədək bu suala aydın cavab yoxdur: “Rusiyaya adamlar lazımdırmı?” deyə ekspert qeydə alır. Onun fikrincə, bu gün miqrasiya əhalinin təbii azalmasının yerinin doldurulmasında yeganə əsaslı ehtiyatdır. Lakin ölkədə daxili demoqrafik resurslar artıq yoxdur. Bu xüsusən də “gəlmə mühacirlər və onların naturallaşdırılması olmadan əhalinin yerini dodurmaq vəzifəsinin mümkünsüz olduğu” Uzaq Şərqə aiddir.
AİM Demoqrafiya İnstitutu direktoru müavini Sergey Zaxarov Rusiyanın statistik məlumatlarının keyfiyyətini sual altına alır. O xatırladır ki, 2016-cı ildə, əvvəllər də “doğuş və ölümün qeydiyyatı sistemində böyük dəyişikliklər baş verib”. Demoqrafik hadisələri ya gəlmə, ya da yaşayış yeri üzrə qeydə almağa başlayıblar. Həm də qeydiyyatda əvvəllər birinci, indi isə ikinci varianta üstünlük veriblər. Bu qayda ilə demoqrafik göstəricilər ancaq “ona görə dəyişilir ki, onun qeydiyyat sistemi dəyişilir”.
Rusiya EA Dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər institutu direktorunun müavini Yevgeni Qontmaherin sözlərinə görə, STM-in “səhiyyənin maliyyələşməsi və keyfiyyətini yüksəltmək çağırışlarına baxmayaraq, görürürk ki, burada proseslər əks yöndə gedir və Rusiya statistikası vicdanla işləsə, bizdə ölümün miqdarı çoxalacaq”.
Anatoli Vişnevskinin fikrincə, bu durumdan çıxış yolu Rusiyanın “dünyaya açılması”ndan ibarətdir. STM-nin məruzəsində deyilir: “Bununla bərabər, Rusiyada ictimai-siyasi diskursda mühacirləri qəbul edən bir çox ölkələrdəki kimi kütləvi mühacirətlə bağlı risklər – sosial gərginlik və münaqişələr, yerli əhalinin mədəni eyniyyətinin məhvi və s. daim vurğulanır. Sözsüz ki, bu risklər mövcuddur, lakin hamısı mühacirlərin hansısa anadangəlmə keyfiyyətindən deyil, qəbul edən cəmiyyətə yetərincə inteqrasiyasızlıqdan qaynaqlanır”.
Tərcümə Strateq.az-ındır.