XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Noyabr 2017 - 11:47

İSRAİL-SƏUDİYYƏ SEVGİSİNİN GİZLİNLƏRİ ÜZƏ ÇIXDI –Bir müsahibə ilə atılan körpülər - ARAŞDIRMA

Ben Kaspit

“Al-Monitor” (ABŞ)

 

İsrail Müdafiə Qüvvələri (IDF) Baş Qərargahının rəisi Qadi Ayzenkotun Səudiyyə Ərəbistanının “Elaph” xəbər saytına verdiyi təəccüblü müsahibə Misir dövlət başçısı Ənvər Sadatın Qüdsə tarixi səfərinin 40-cı ildönümündən bir neçə gün əvvəl, noyabrın 16-da dərc olunub. Bu iki hadisəni müqayisə etmək çətin olsa da, İsraildə bəzi adamlar onlar arasında, bir növ, əlaqə görürlər.

Sadat 1977-ci ildə, əvvəlcədən heç bir xəbərdarlıq etmədən, Yaxın Şərq və bütün dünyanı sarsıtdı: Misirə və İsrail arasında tarixi sülh razılaşmasına gətirib çıxaracaqsa, təyyarəyə oturub Qüdsə gəlməyə və Knessetə müraciət etməyə hazır olduğunu söylədi. İsrailli baş qərargah rəisinin Səudiyyə xəbər agentliyinə müsahibəsi də göstərdi ki, İsrail və Səudiyyə Ərəbistanı arasındakı “məhəbbət macərası” uzun müddət səhnə arxasında gizlədildikdən sonra, nəhayət, ictimai aşkarlıq tapa bilər. İndiki halda tarixi sülh razılaşması olmayacaq, ancaq aşağı səviyyədə normallaşma mümkündür.

Sadatın aqibəti daha dramatik idi. İsrailin paytaxtına rəsmi dəvət aldığını elan etdikdən sonra Misir prezidenti təyyarə ilə yola çıxdı və Ben Qurion hava limanında fəxri qarovulla qarşılandı. İki gün sonra o, Knessetə müraciət etdi və iki il sonra İsrailin baş naziri Menaxem Beginlə tarixi sülh müqaviləsi imzaladı.

İsrail və Səudiyyə Ərəbistanı arasındakı tarixi sülh yaxın zamanlarda mümkün olmayacaq. Digər tərəfdən, İsrail gənc Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın (MBS) başçılıq etdiyi sünni alyansının qeyri-rəsmi üzvüdür. Son iki il ərzində o, Yaxın Şərqdə bir sıra cəsarətli hərəkətləri ilə oda yağ qatıb.

İsrailin Səudiyyə Ərəbistanı və Körfəz ölkələri ilə olan gizli əlaqəsi artıq gizli deyil. Anonimlik şərtilə "Al-Monitor"a danışan israilli yüksək səviyyəli bir mənbə deyib ki, Ayzenkotun müsahibəsindən sonra "İsrail və Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin uzun müddət ictimaiyyətə açıq olacağı açıq-aydındır. Bu, Misirlə olduğu kimi, sülh müqaviləsinə gətirib çıxara bilər. Ya da "Mərakeş modeli”ndəki kimi aşağı səviyyədə, rəsmi əlaqəsiz, ancaq səthin altında olacaq".

Əhvalat bir neçə ay əvvəl başlayıb. IDF sözçüsü Briqin masasından. General Ronen Manelisə Səudiyyə agentliyinə müsahibə müraciəti edilib. Manelis bu barədə düşünənə qədər üç ay keçib. Oktyabr ayında Ayzenkot Vaşinqtonda qərargah rəislərinin konfransından qayıdıb. "Siz inanmazsınız, mən orada ingilis dili bilməyən Səudiyyə Ərəbistanı qərargahı başçısı adından danışan bir neçə Səudiyyə generalının sözlərini dinlədim. Mənim tək eyni şeyləri söyləyirdilər. Baxışlarımız üst-üstə düşürdü", – o deyib.

Sözsüz ki, ümumi şərh İranın Yaxın Şərqdəki artan təsirinə və şiə ittifaqının Bağdad, Şam, Beyrut və Aralıq dənizinə doğru genişlənməsinə yönəlmişdi.

"Səudiyyə saytına müsahibə verməyə razılaşaq", – Manelis təklif edib. Ayzenkot razılaşıb.

Səudiyyənin “Elaph” saytının seçimi təsadüfi olmayıb. Saytın sahibi Səudiyyə monarxına məxsus, Londonda ərəb dilində nəşr olunan gündəlik "Asharq Al-Awsat" (“Əş-Şərq əl-Ovsat”) qəzetinin baş redaktoru vəzifəsində işləyən Osman əl-Ümeyrdir.

Demə, “Elap”ın hətta İsraildə müxbiri var – veteran-jurnalist Məcdi Halabi. O, 1-ci kanalda işləyən dəruzi icmasının üzvüdür. Halabi "Al-Monitor"a deyib: "Mən İsrail televiziyasında işlədiyim dövrdə heç vaxt hərbi başçı qarşısında oturmamışam”.

“Elap”ın sahibi Ümeyr Səudiyyə kral ailəsinin ən yaxın adamlardan biri sayılır. Səudiyyə monarxının oğullarından biri ilə eyni məktəbə gedib və onunla eyni sinifdə oxuyub. O, padşahın dostu və kral sarayının fəxri üzvüdür.

Halabi bir neçə ay əvvəl saytın redaksiya heyətinin iclasında Ümeyrdən İsrailin baş qərargah rəisi ilə müsahibə üçün icazə istəyib. Ümeyr dərhal razılıq verib. "Sən İsraildə bizim adamımızsan, istədiyini edə bilərsən".

Ayzenkotun ofisindən təəccüblü razılığı aldıqdan sonra, Halabi tez Ümeyrlə əlaqə saxlayıb, sualları təsdiqlədib. Ümeyr ona deyib: "Sən İsrailə bələdsən. Ona lazımi sualları ver”.

İsrailin Səudiyyə Ərəbistanı ilə əlaqəsi Livanın baş naziri Səəd Həririnin istefası sonrasında bölgədə ən isti mövzudur. İsraillilər Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanı və Birləşmiş Ərəb Əmirliklərində ən güclü şəxs hesab olunan Məhəmməd ibn Zaidi daim diqqət mərkəzində saxlayırlar. Bu iki şahzadə Səudiyyə-sünni-Körfəz ölkələrinin Yaxın Şərqə yanaşmalarını dəyişdirir və onlar bunu praktik olaraq bir gecədə edirlər.

İsrailin bir yüksək səviyyəli təhlükəsizlik mütəxəssisi "Əl-Monitor"a bildirib ki, bu, qatı mühafizəkarlığın, ehtiyatlı qərarlar qəbulunun və status-kvonun saxlanılmasının sonu deməkdir.

“Elaph”a müsahibədən sonra israilli şahmatçıları yaxın vaxtlarda Riyadda keçiriləcək beynəlxalq şahmat turnirində iştirak edəcək.

Hələlik iki tərəfdaş nə cür münasibətlər qurmaq istədiyini bilmir, amma ilk addımlar atılır.

 

Tərcümə: Strateq.az