XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2017 - 19:17

Putin Suriyada barışıq prosesindən danışır, ekspertlər isə əks fikirdədir:“Vətəndaş müharibəsi davam edir” – Təhlil

Aleksandr Jelenin 

rosbalt.ru, 21.11.2017

 

Rusiya prezidenti Vladimir Putin Soçidəki iqamətgahında Suriya prezidenti Bəşər Əsədi qəbul edərək İŞİD üzərində qələbəni faktiki elan edib. Bu hadisə ilə bağlı müdafiə naziri və Rusiyanın yüksəkçinli digər komandirlərinin simasında bu müharibənin qəhrəmanlarını Suriya liderinə təqdim ediblər.

“Boçarov irmağı”ndakı (Бочаров Ручей-Rusiya prezidentinin Soçidəki iqamətgahı-tərc.) nitq artıq savaşsonrası Suriyanın qurulması və bu ölkədə sülh prosesindən gedib. Lakin Rusiyanın BMT-dəki nümayəndə heyəti elə həmin gün Suriya paytaxtının bu ərəfədə məruz qaldığı minaatan atəşi haqda qətnamə qəbul edilməsini tələb edib. Amerika heyəti bu qətnaməni dəstəkləməyib, növbəti dəfə bu faktı sərgiləyib ki, Suriya müharibəsinə qatılmış böyük dövlətlərin tamamilə müxtəlif məqsədləri var.

Bununla belə, bu ölkədə Rusiya və ABŞ-dan az ciddi marağı olmayan dövlət başçıları – Türkiyə prezidenti Rəcəb Ərdoğan və İran prezidenti Həsən Ruhani danışıqlar üçün çərşənbə günü (bu gün-tərc.) Soçiyə uçacaqlar.

“Rosbalt”ın icmalçısı Yaxın Şərq üzrə mütəxəssislərdən Suriyadakı bu durumda deklarativ deyil, gerçək barış prosesinin nə dərəcədə mümkün olduğu haqda danışmağı xahiş edib. Ekspertlər müəyyən qədər mövqe fərqiylə bir məsələdə həmfikir olub: İŞİD-in qəti şəkildə darmadağını həqiqətən yaxındadırsa da, bu ölkədə vətəndaş müharibəsi hələ də davam edir.

Rusiya EA ABŞ və Kanada İnstitutu Yaxın Şərq münaqişələrinin təhlili Mərkəzinin direktoru Aleksandr Şumilin qeyd edir ki, görüş Suriyada hərbi qələbəni sərgiləmək üçün nəzərdə tutulub. Lakin onun fikrincə, “bu, piardan artıq bir şey deyil. (Suriyada dinc şəkildə tənzimləmə üzrə) gerçək iş çərşənbə günü Rusiya, İran və Türkiyə liderlərinin görüşündə başlanacaq, amma onun nəylə bitəcəyi məlum deyil. Çox ehtimal ki, barışa və Cenevrə danışıqlarına qayıdış üçün müxalifətə deklarativ çağırışla”.

Problem bundadır ki, – ekspert hesab edir, – çərşənbə günü Soçiyə toplaşacaq üçlük daxili nifaqdadır, bu nifaqın əsas elementi isə Türkiyədir”.

Rəcəb Ərdoğan və Bəşər Əsədin mehriban  təması

 

Ekspert qeyd edir ki, eyni zamanda Türkiyə prezidenti “NATO və Avropa ilə münasibətlərin kəskinləşməsinin yeni mərhələsindədir və buna görə də həm Putinə, həm də prezident Ruhaniyə doğru hansısa addımlar ata bilər. Lakin onlar da öz növbəsində (Ərdoğanın barışmaz mövqe tutduğu) Suriya kürdlərinə necəsə təsir etməli olacaqlar. İndiki durumda Rusiyanın Suriyada hərbi əməliyyatın başa çatdığını bəyan etməyə son dərəcə marağı var. Ancaq, deyəsən, bu ölkədə vətəndaş müharibəsinin bitdiyindən danışmaq hələlik tezdir. Dəməşqin son dəfə atəşə tutulması məhz vətəndaş qarşıdurmasının təzahürüdür və bunu boğmaq mümkün deyil”.

Onun fikrincə, “Putin, hər şeydən öncə, BMT himayəsi altında (yəni Cenevrə danışıqlarında) barışa doğru hərəkətlənməyin gərəkdiyini bildirməyə can atır. Lakin Cenevrə danışıqlarının məğzi mümkün qədər maksimal təmsilçilikdir. Amma bu gün Suriya silahlı dəstələrini bir nümayəndə heyətinə “qablaşdırmaq” və müxalifəti (hökumətlə danışıqlarda) vahid səslə təqdim etmək cəhdlərinə etiraz əlaməti olaraq Suriya silahlı müxalifətinin əsas siyasi təşkilatı rəhbərinin, Suriya hökumətinin keçmiş baş naziri, general Riyad Hicabın istefası baş verib. Yəni Hicab başda olmaqla gerçək müxaliflər Moskvada və qismən Qahirədə qayırılmış “kukla” müxaliflərlə iş görməkdən imtina edirlər. Bu qayda ilə danışıqlarda müxalifətdən iş bacaran nümayəndə heyəti yaratmaq perspektivi kəskin şəkildə havadan asılı qalır. Bu, Vladimir Putinin hazırda gerçəkləşdirməyə çalışdığına qarşı tam zidd yöndə gedir”.

Şumilin hesab edir ki, bütünlükdə isə “indiki anda Suriyada barış prosesi sağdır. O, nəfəs alır, amma addımlayırmı – bu, böyük sualdır”.

Moskva Karnegi Mərkəzi elmi şurasının üzvü Aleksey Malaşenkonun sözlərinə görə, Suriyada hazırda İŞİD-in axırına çıxılır, lakin orada ondan sonra nə olacaq – məlum deyil.

Ekspertin fikrincə, “Suriyada barış prosesi hələlik ləng gedir. Orada vətəndaş müharibəsi faktiki davam edir. Müxalifətin bu həftə öz arasında razılığa gəlməsi və vahid cəbhədə olmasa da, heç olmasa hansısa bir birləşmədə çıxış etməsi çox mühümdür. Məsələ həm də bundadır ki, onlar Bəşər Əsədlə sazişə gəlməyə necə müvəffəq olacaqlar. Bu həftə hansısa qərarlar qəbul ediləcək, amma düşünmürəm ki, orada köklü irəliləyiş baş verib. Ancaq Suriyanın daxilində hansısa konsensus əldə olunacaqsa, bu, yaxşıdır. Unutmağına dəyməz ki, İran, Türkiyə və Rusiya öz maraqlarından çıxış etməklə istəyərdi ki, Suriyada barışıq baş versin”.

Yaxın Şərq üzrə mütəxəssis Mixail Maqid əmindir ki, bu gün “Suriyada əsil barışıq prosesi yoxdur. Heç olmasa, bundan başlayaq ki, əvvəlki bütün “barışıq prosesləri” və “qoşunların çıxarılması” yalnız antiəsəd müxalifətə hücumdan qabaq Əsədin, həmçinin müttəfiqlərinin (Rusiya, İran və İranyönlü şiə milisi) qüvvələrinin yenidən qruplaşması ilə şərtlənirdi. Hətta ehtimal etsək ki, Moskvanın Əsədi müxalifətlə barışmağa məcbur etmək və diktatura əvəzinə gələcək plüralist Suriya qurmaq istəyi var, Əsədin belə bir məqsədi yoxdur. Və mühümdür ki, RF ona nəzarət etmir. Əsəd İranla Rusiya arasında manevr edir, həm də nəzərə almaq lazımdır ki, Suriyada İran və İranyönlü qüvvələrin iştirakı Rusiyanınkından çoxdur və onlar da Əsəd kimi müxalifətin siyasi baxımdan tam təmizlənməsində maraqlıdırlar”.

İran generalı Süleyman Qasımi

Onun fikrincə, “İŞİD-in axırına çıxma başa çatan kimi Əsəd özünün 5-ci korpusunu və şiə müttəfiqlərini (Livanın Suriya və İraqda döyüşən və İranın maliyyələşdirdiyi “Hizbullah”ı, İraq və Əfqanıstan şiələri, İran birləşmələri) – cəmi 50-70- min döyüşçünü (bunun yarıdan çoxunu İran və İranyönlü güclər təşkil edir) müxalifətin nəzarət etdiyi bölgələrə atacaq. Ola bilsin, əsas zərbələr Qutaya və Dəməşq civarındakı başqa şəhərciklərə endiriləcək. Taktika bir sıra rayonlarda əvvəlkitək olacaq: atəşə tutmaq və bombardman vasitəsilə yüz minlərlə qeyri-loyal əhalini və müxaluifətin minlərlə döyüşçüsünü şimala, İdlib bölgəsinə sıxışdırmaq. Əsəd paytaxt civarındakı şəhərciklərdə heç bir alternativ müxalif bölgəyə dözməyəcək. O, müxalifət rayonlarını bir-birinin ardınca təmizləyəcək. Və yəqin ki, nə zamansa məsələ İdlibə də gedib çıxacaq”.

Hizbullah əsgərləri

Maqid fikrini ifadə edir: “Qətiyyən aydın deyil ki, Əsəd niyə birdən başqa cür hərəkət etməlidir. O – ölkə əhalisinin cəmi 12%-nin daxil olduğu ələvilər təriqətini təmsil edən diktatordur, onun rejimi qeyri-populyardır və suriyalıların çox böyük qismi buna nifrət edir. Hər şeydən əvvəl sünni çoxluğun ələvilərlə güclü ixtilafı olduğuna, həmçinin vətəndaş müşahibəsi dövründəki zorakılığı Əsədə bağışlamayacaqlarına görə. Əsəd hakimiyyəti (bunun altında nə nəzərdə tutulur-tutulsun) demokratik yolla saxlaya bilməz. Təmizləmədə ona iranlılar yardım edəcəklər, çünki Suriyada etibarlı şəkildə möhkəmlənmək istəyirlər”.

O deyir ki, bu durumda, hər şeydən çox, “mərkəzləşdirilmiş dövlətin olmadığı şəraitdə yaşamağı öyrənmiş, güclü yerli özünüidarəçilik yaratmış İdlib və Dərya kimi onlarla muxtar şəhərə daha çox heyfi gəlir. Bu, Ərəb baharının əsil mirvari dənəsidir. Amma Əsəd-İran işğalı şəraitində heç bir özünüidarə mümkün deyil”.

Ekspert proqnozlaşdırır: “Düşünürəm ki, Əsəd indi göstərilən vəzifənin həlli, müxalifəti təmizləmək üçün bir müddət danışıqlar aparacaq, qərarları uzadacaq, İŞİD-in axırına çıxacaq və iranlılarla – faktiki olaraq Suriyanın yeni sahibləriylə – birgə qüvvələri cəmləşdirəcək”.

Suriyada PKK döyüşçüləri

Maqid hesab edir – ola bilsin, Suriyada vətəndaş müharibəsinin bu mərhələsində salamat qalacaq yeganə güc PKK kürdləridir. Onun məlumatına görə, kürdlər bu gün Amerika ordusuyla bir yerdə Suriya ərazisinin 20-25%-i və Suriyanın 80% neft  ehtiyatlarına nəzarət edirlər. Maqid deyir: “Türkiyə və Əsəd qüvvələrinin mühasirəyə aldığı Afrin kantonundan savayı, nə qədər ki, amerikalılar kürdləri qoruyur, deyəsən, onları heç nə təhdid etmir. Lakin Əsəd və iranlılar vaxt keçdikcə amerikalıları da sınaqdan keçirə bilərlər: kürdlərə qarşı əməliyyat keçirib Amerikanlın reaksiyasını yoxlamağı”.

Ekspert qeydə alır: “Və sonuncusu. RF və amerikalılar bu yaxınlarda bildiriblər ki, bütün xarici qoşunlar Suriyadan çıxarılmalıdır. Qətiyyən aydın deyil ki, bu necə görünməlidir. Şiələr və iranlılar – Əsəd onlarsız duruş gətirə bilməz – getməyə hazırlaşmırlar. Və onlarla nə edəcəklər? ABŞ dövlət katibi Reks Tillerson bir müddət əvvəl deyib ki, İranyönlü və İran gücləri İraqdan getməlidir, amma onlar heç hara getməyiblər. Və heç nə baş verməyib”.

O, hesab edir ki, eyni zamanda “İsrail səudların dəstəyi ilə “Hizbullah” və Əsədə qarşı savaş açsa (bunu isə istisna etmək olmaz), onda durum ümumiyyətlə dəyişə bilər. Bu zaman nə istəsən, mümkündür”.

Tərcümə Strateq.az-ındır.

 

 




Yuxarı Əvvələ Ana Səhifə