XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2017 - 16:23

LAVROVUN ERMƏNİSTANI QORXUDAN “SÜLH PLANI” –Bakı Qarabağa rus qoşunlarının yerləşdirilməsinə razılaşacaqmı? – TƏHLİL

İrina Corbenadze

rosbalt.ru, 22.11.2017

 

Rusiyanın iki Qafqaz respublikasının münaqişəsini tənzimləmək üzrə danışıqlarda fəallaşması İrəvanda çaxnaşma doğurub. Bunda hətta Azərbaycanı Avrasiya İqdisadi Birliyinə (AİB) girməyə dəvət görüblər. Rusia Federasiyası (Rf) XİN başçısı Bakıda Rusiya ilə Azərbaycan arasında məhrəm dialoq haqda danışıb.

Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin ən yüksək səviyyə daxil olmaqla müxtəlif səviyyələrdə tənzimlənməsi üzrə danışıqların əvvəllər görünməmiş intensivliyi və tələsikliyi düşüncə doğurur ki, birbaşa finiş xəttinə çıxılır.

Ancaq burası da var ki, bu, “içiboş” da ola bilər, çünki Türkiyə prezidenti Rusiya lideri ilə bu yaxınlardakı görüşdən sonra təsdiq edib ki, onunla Qarabağ tənzimləməsi və Ermənistanın işğal etdiyi yeddi rayondan beşinin Azərbaycana qaytarılmasını müzakirə edib. Lakin Rəcəb Ərdoğan əlavə edib ki, Vladimir Putin “müsbət köklənsə” də, amma başa düşdüyüm qədər, “özəl ümid bəsləmir”“ümidsizlik iki ölkə arasındakı münasibətlərlə bağlıdır”.

Türkiyə prezidentinin elan etdiyi kimi, o və rusiyalı həmkarı noyabrın 22-də Soçidə nəzərdə tutulmuş görüşdə Qarabağ tənzimlənməsi məsələsinə qayıdacaqlar.

Qeyd edək ki, Putin və Ərdoğanın Qarabağı müzakirə etdiyi haqda rəsmi məlumat yoxdur. Türkiyə prezidenti bunu xarici KİV-lərə müsahibədə “ağzından qaçırıb” ki, bu da İrəvanı dedikcə gərginləşdirib: burada şübhələniblər ki, Rusiya Ermənistandan xəlvətcə türklərlə “separat” qərarlar qəbul edir. Yerli cəmiyyətdə danışmağa başlayıblar ki, “müttəfiq bizi satır”, bəzi dairələr isə Ermənistan hökumətini hətta “üsyanla” hədələyiblər.

Ancaq son ayyarımın hadisələrinə diqqət yetirmək əziyyətinə qatlaşılsa, aydın olur ki, Rusiya ATƏT Minsk Qrupu həmsədrlərinin müəyyən dəstəyi ilə Qarabağ və Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi məsələsində yönəltmə ixtiyarını öz üzərinə götürüb. Və nə qədər qəribə olsa da, köhnəlmiş, lakin partlayış təhlükəli problemin ümumi sxem üzrə həllində Moskvanın, görünür, hətta ABŞ-lı həmsədrlə də fikir ayrılığı yoxdur.

Deməli, RF prezidentinin qısa müddətdə Ermənistan və Azərbaycan liderləriylə, son ikisinin bir-biriylə görüşü baş tutub, bir-birylə mübarizə aparan iki respublikanın XİN başçıları danışıqlar aparıb, onlar ATƏT Minsk Qrupunun həmsədrləriylə sıx təmas saxlayırlar. Ərdoğanın iştirakı haqda yuxarıda deyilib, İran da prosesə cəlb olunub. Burada hələ Rusiya XİN başçısı Sergey Lavrov da tələsik Bakı və İrəvana hazırlaşıb. Onun qarşıdakı səfəri haqda bilərəkdən və yaxud təsadüfi informasiya sızıntısı sayəsində məlum olub. Bundan sonra Rusiya XİN, elə Lavrovun özü də KİV-lərə bu haqda olduqca orijinal şəkildə məlumat verməli olub. Nazir deyib: “Bəli, doğrudan da bilmirəm, biz hələ bu haqda bildirməmişik, amma burada heç bir sirr yoxdur. Növbəti həftənin lap əvvəlində İrəvana və Bakıya səfərlərim planlaşdırılıb, bu səfərlər hər şeydən əvvəl Rusiya Federasiyası ilə Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin 25 illiyinə aiddir”.

O, həmçinin məlumat verib ki, danışıqların gündəliyində ikitərəfli münasibətlər, bölgə və beynəlxalq problematika məsələləri var: “Biz o cümlədən anlamağa çalışırıq ki, Ermənistan və Azərbaycan prezidentlərinin bu yaxınlardakı görüşündən sonra Qarabağ tənzimlənməsi üzrə səylər çərçivəsində harada qərarlaşmışıq”.

Bütün bu görüş və danışıqlar sırası çoxlarında düşüncə doğub ki, Rusiya ya Qarabağ probleminin həllində yeni üsul düşünüb və bunu dünyanın marağı olan mərkəzləriylə razılaşdırıb və Lavrov indi Ermənistan və Azərbaycan prezidentlərinin “cavabının dalınca” gəlib, ya da İrəvanı təcili qaydada işğal edilmiş əraziləri qonşu ölkəyə qaytarmağa məcbur edəcəklər. Hesab olunur ki, Azərbaycan əvəzində Avrasiya İqtisadi Birliyinə (AİB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olacaq.

Xatırladaq ki, Ermənistan bu iki blokun üzvüdür. Rusiyanın onunla “müttəfiqlik”, Azərbaycanla “strateji” münasibətlər bağlayır. Lakin, görünür, strateji münasibətlər müttəfiqlik münasibətlərindən üstündür: ermənilər elə hey Rusiyadan gileylənir və hətta zaman-zaman respublikadakı nüfuzuna, həmçinin  Azərbaycana silah tədarükünə qarşı qiyama cəhd edirlər. Halbuki azərbaycanlılar Moskvanı tənqiddən çəkinirlər (ya yerli hökumət buna yol vermir?).

Ümumiyyətlə, Lavrovun gəlişinə yaxın Azərbaycanda ümumi şərait Ermənistandakından çox xoş idi və bu, təbiidir: Bakı hər halda ümid edir ki, “ruslar erməniləri torpaqları qaytarmağa vadar edəcəklər”. Amma budur, “müttəfiq” Ermənistan, demək olar, çaxnaşmaya düşüb. Məsələn, "Lragir" nəşri sual edir: “Lavrov əvvəlkindən daha “uğurlu” hansı planı gətirir? Bu, praktik olaraq mümkün deyil. “Madrid prinsipləri”deyilənin üzərində sıralanan istənilən variant əzəldən qeyri-gerçək görünür. İndiki status-kvo istisna olmaqla başqa “prinsiplər” isə “mümkün deyil”.

Xatırladaq ki, “Madrid prinsipləri” adlanan sənəd Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, DQR-ə (mətndə bu cürdür-tərc.) onun təhülkəsizlik və özünüidarəçiliyinə  zəmanət verən müvəqqəti status verilməsi, Ermənistanla Dağlıq Qarabağ arasında dəhlizin açılması, sülhün saxlanması üzrə əməliyyat daxil olmaqla bölgənin təhlükəsizliyinə beynəlxalq zəmanət, qaçqınların qayıdışı, DQR-in sonraya saxlanan statusuna əsaslanır.

Sözügedən erməni nəşrinin yazdığı kimi, mövcud status-kvonun saxlanmasının “likvidliyi” (burada: nəyəsə dəyən-tərc.) daha realist görünür, lakin güman etmirəm ki, kimsə bu cür variantın möhkəmlənməsini bildirməyə cürət edər: “Güzəştlərdən danışmaq daha asandır – bu, “tostlar”dır. Xüsusən də ona görə ki, apreldəki müharibə sərgiləyib – bu prinsipin yeridilməsi sülhdənsə daha çox müharibəyə aparır. Sülhü və yaxud nisbi sabitliyi qorumağın ən yaxşı üsulu hətta lap artikulyasiyasız (burada: hərəkətsiz-tərc.) olsa da, gerçək şəkildə möhkəmləndirilən status-kvonun saxlanmasıdır”.

Və sonra: “Aprel müharibəsindən sonra Moskvanın Qafqazda bir gündəliyi var – təhlükəsizliyin nizamlayıcısı statusunu saxlamaq. Bu da Ermənistansız mümkün deyil. Böyük hesab üzrə, Qarabağ tənzimləməsində indiki proseslərin məntiqi bu cürdür və proses Ermənistan-Azərbaycan deyil, Moskva Qafqazda təhlükəsizliyin nizamlayıcısı statusunu saxlamağa və heç olmasa, nisbi sabitliyi gözləməyə cəhd edərkən ABŞ, Fransa, Ermənistan-Rusiya formatında baş verir. Əks halda Rusiya həm Qərbin, həm də Türkiyə və İranın etibarından ola bilər. Ankara altdan-altdan anlayır ki, status-kvonu dəyişmək cəhdi işdə Rusiyanın hərbi qələbə perspektivinə səbəb ola bilər ki, bu da Türkiyəyə qətiyyən gərək deyil”.

Amma aydındır ki, status-kvonun saxlanması, yəni, münaqişənin dondurulmuş durumu Azərbaycanı qane edə bilməz, vəziyyət partlayış həddindədir və o, Ermənistanda hakimiyyət dəyişikliyinin baş verəcəyi yaza doğru daha “qızğın” ola bilər. Və bu bildirir ki, danışıq prosesinin intensivləşməsi və Lavrovun Bakı və İrəvana səfərləri Azərbaycanın qanuni iddialarının, heç olmasa, bir qisminin təmin edilməsinə yönəlib.

Rəsmi Bakı dilini dişinin arxasında saxlamaq və danışıqların ayrıntılarını car çəkməmək vərdişinə malikdir; Lavrovu da boşboğazlıqda ittiham edə bilməzsən. O, Bakıda prezident və XİN başçısıyla görüşüb, ADA universitetində çıxış edib. Rusiya XİN başçısı RF və Azərbaycan prezidentlərinin “məhrəm dialoq”undan, Moskva ilə Bakı arasındakı qarşılıqlı anlaşmanın “Qafqazda və Xəzər bölgəsində ən önəmli sabitlik amillərindən” biri olduğu haqda danışıb.

Qarabağ tənzimləməsinə gəlincə, sıradakını deyib: “Bu münaqişə ABŞ-da rusa nifrət siyasətində toplanmış çox dərin fikir ayrılıqlarına baxmayaraq, münaqişəyə dair Vaşinqtondakı mövqeyin saxlanmasıyla unikaldır”.   

Lavrov ümidini ifadə edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin oktyabr görüşü “ümumi cəhdlərimizdəki nəsə bir durğunluğu aşmağa və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində irəli getməyə imkan verəcək”.

Bundan savayı, o, vurğulamağı yaddan çıxarmayıb ki, Rusiya Azərbaycanı Avrasiya İqtisadi Birliyində görməyə necə də şad olacaq və məlumat verib ki, hazırda Tacikistanın ona daxil olması məsələsi nəzərdən keçirilir.

Qarabağ mövzusu isə Lavrovun Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşündən sonra bir qədər genişləndirilib. RF xarici siyasət idarəsi başçısı inandırıb ki, Qarabağ münaqişəsi heç kimi qane etmir və Rusiya tərəflər üçün məqbul dinc tənzimləmə yolu üzərində işləyəcək: “Bütün addımlar dəfələrlə müzakirə və ATƏT sənədlərində, həmsədrlərin bəyanatlarında əks olunub. Menyü masa üzərindədir”. Yəni, “dəfələrlə müzakirə olunubsa”, söhbət “Madrid prinsipləri”nin gerçəkləşdirilməsindən – torpaqların mərhələ-mərhələ qaytarılmasından gedir. Lakin Lavrovun izah etdiyi kimi, “Dərd burasındadır ki, sənədlərdə olan təkliflər zərf halında tərtib edilib. Bu gün tərəfləri qane edən bu zərfdən elementləri tapmaq və çıxartmaq çətindir, çünki tarazlıq bir anda pozulur”.

Bu qayda ilə güman etmək olar ki, Lavrov bu “tarazlığın” pozulmaması üçün gəlib, bu isə yeni sövdələşmə və yeni təklifləri bildirir. Azərbaycanla təzələnməyən hərbi əməliyyatların əvəzində Ermənistanın ödəyəcəyi bədəl aydındır – bu, Qarabağın təxirə salınan statusu ilə əraziləri ona qaytarmaqdır. Amma sövdələşmə baş tutarsa, Azərbaycan Rusiya ilə necə “ödəşəcək?”

Rusiyanın Azərbaycanı AİB-də seyr etmək “fərəh”indən çıxış etsək, güman etmək olar ki, Qərbin aşkar narazılığına baxmayaraq, Bakı bu cür imkanı nəzərdən keçirə bilər. Amma ondan elə onun torpaqlarına görə böyük “bədəl” tələb edə bilərlər. Hansını? İstisna deyil ki, söhbət Rusiya qoşunlarının Qarabağa daxil edilməsinə müqavimət göstərməməkdən gedir. Artıq Qərbi demirik, bu, Ttürkiyəyə də xoş gəlməyə bilər.

Böyük hesab üzrə, Qarabağ problemi təkcə Cənubi Qafqazın deyil, həm də Xəzər hövzəsi dövlətlərinin və qismən Yaxın Şərqin xüsusən də Türkiyə və İranla həmsərhəd hissələrinin təhlükəsizlik məsələsidir. Buna görə də Suriyadan gedən islamçı döyüşçülərin Türkiyədə toplanması təhlükəsi nəzərə alınmaqla Qarabağ məsələsini təhlükəsizlik zolağının formalaşması kontekstindəki açar kimi sürətlə və kompleks şəkildə həll etmək lazım gəlir. Və bunu maraqlı tərəflər üçün indi əsas stimul saymaq mümkündür: həm Ermənistan, həm də Azərbaycan sərhədləri təhlükə qarşısındadır. Döyüşçülər hər iki ölkəyə soxularaq, qoşunların təmas xəttində görünsə, Qarabağ münaqişəsi həm Bakıya, həm də İrəvana xalis önəmsiz şey kimi görünəcək.

Bir sözlə, həm Ermənistan, həm də Azərbaycan, onlara bağlı bütün bölgələr üçün taleyüklü dönəm yetişib: danışıqların intensivliyi buna sübutdur. Və təkrar edirik – indi məsələ təkcə və o qədər də Qarabağ barədə deyil, döyüşçülərin Yaxın Şərqdən çıxmasıyla bağlı bir neçə bölgənin təhlükəsizliyi və onların Ermənistan və Azərbaycan sərhədlərində, ola bilsin, bu respublikaların özündə cəmləşməsi təhlükəsiylə bağlıdır.

Lavrov Bakıdan Ermənistana uçub – Rusiyaya Azərbaycandansa onu “bir qədər sıxışdırıb” torpaqları qaytarmağa meylləndirmək daha asandır: Moskva (indi isə Türkiyə də) İrəvanın Avropa Birliyi ilə noyabrın 24-ə nəzərdə tutulan əməkdaşlıq haqda sazişi imzalamasını ikinci dəfə poza bilər. Ermənistan hökuməti Qarabağ ətrafında “yanlış” oyunlar zəminində Rusiyanı özündən çıxartsa, onun AB ilə münasibətlərinə uzun müddətə son qoyulacaq: Brüssel sazişin imzalanmasının ikinci dəfə pozulmasını İrəvana asanlıqla bağışlamayacaq.

Beləliklə, Lavrov Bakıda “körpü salınca”, İrəvandan onun Azərbaycanı AİB-ə dəvət etməyinə cavab veriblər. Ümumi fikri – bu, hələ mümkün deyil – jurnalistlərlə söhbətdə Ermənistanın hakim Respublika Partiyası parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan səsləndirib: “İstək bir məsələdir, onun gerçəkləşdirməyə obyektiv imkanlar tamam başqa məsələdir. Qarabağ ətrafında münaqişə var olduqca, Bakının AİB-ə üzvlüyündən danışmaq lazım gəlmir”.

Siyasətçi xatırladıb ki, birliyə yeni üzvlərin qəbulu üçün bütün iştirakçıların razılığı lazımdır, Ermənistan isə belə bir razılığı verməyəcək.

O, qeyd edib – ehtimal ki, Rusiya Qarabağ münaqişəsinin gec-tez tənzimlənəcəyinə güvənir və gələcəkdə Azərbaycanla əməkdaşlıq üçün daha bir imkanı əldə buraxmaq istəmir. Lakin Lavrov İrəvana gələrək tənzimləmə üzrə danışıqlar məsələsində ifrat nikbinlik ifadə etməyib. Onun sözlərinə görə, danışıqlar prosesinin təcrübəsi göstərib: “Problem ağırdır və danışıqlar tezliklə başa çatmayacaq”.

Bəlkə də, o, Ermənistan ictimaiyyətini hürkütmək istəməyib ki, Rusiya yenə də Azərbaycanın işğal edilmiş yeddi rayonundan beşini qaytarmaqla İrəvanı “tamamilə sıxır”.  Lakin aydındır ki, bu, fiziki baxımdan zamanca uzanacaq və çalarlar üzrə sövdələşmə hələ qabaqdadır. Bununla yanaşı, onun sözlərinə görə, Ermənistan və Azərbaycan prezidentlərinin Cenevrədə son görüş haqda müsbət danışdıqlarından məmnun görünürdü. Lakin Ermənistan XİN başçısı Edvard Nalbandyan yenə də araya söz qatıb ki, Azərbaycanın sözü və əməli uyğun gəlmir və fikrini bəzi misallarla inkişaf etdirib. O, Ermənistan və Azərbaycan prezidentlərinin dekabrda Vyana görüşünün baş tutub-tutmayacağını hələlik bilmir.

Təbii, Ermənistan və Rusiya XİN başçıları iki ölkənin müxtəlif sahələrdəki əməkdaşlığının artırılmasından danışıb və ümumiyyətlə, “sağlıq deyən” tərəflər özlərini uyğun janrın bütün qaydaları üzrə aparıblar, Lavrov isə hələ Suriyadan və ABŞ-ın Suriya problematiksında iştirakından da xeyli danışıb.

Bir sözlə, ehtimal ki, Lavrovun Qarabağ üzrə danışıqların bütün səviyyələrdə fəallaşması fonunda İrəvan və Bakıya səfərinin baş məqsədi Bakı və İrəvanı onlar üçün iki sarsılmaz formuldan çəkinməyə meylləndirmək idi: “Qarabağı Ermənistanınkı hesab etməyəcəyik”“Qarabağı Azərbaycanınkı hesab etməyəcəyik”. Tərəflərdən biri Qarabağın təxirə salınmış statusu məsələsində güzəştə getməsə, Rusiya bölgədə təhlükəsizliyin “qoruyucusu” kimi çıxış edəcək, çünki o, İrəvan və Bakının iddialarndan çox, Suriya və Əfqanıstandan döyüşçülərin bölgəyə sızacağı halda durumun kəskinləşəcəyinə qarşı daha həssasdır. Ermənistan-Azərbaycan münaqişəsi sonuncuların öz maraqlarını təsdiq etməyi üçün bərəkətli zəmindir.

Ermənistan və Azərbaycan yenidən hərbi qalmaqala başlasa, çox güman ki, Rusiya onları dayandırmağı bacarar. Lakin üçüncü qüvvə bundan faydalansa, Rusiya üçün yeni və ağır bir cəbhədə – bu sözün hərfi mənasında – iştirak demək olacaq. Beləliklə, nə qədər ki, Qarabağda sakitlikdir, üçüncü qüvvənin münaqişəyə pərçimlənib onu güclü şəkildə şişirtməsini gözləməkdənsə Rusiya üçün hazırda öz qoşunlarını (ya da KTMT qruplaşmasını) ora yeritmək və tənzimləmə məsələsini “axıra kimi sıxmaq” daha əlverişlidir. Bu, Rusiyanın özünün təhlükəsizliyi üçün böyük təhdid və Azərbaycan və İranın iştirakıyla onun xeyli logistik layihəsinin pozulması demək olardı.

Görünür, Lavrov Bakı və İrəvanda Rusiyanın maraqlarını və mövqeyini qəti şəkildə müəyyən edib. Bununla belə, çox ehtimal ki, Azərbaycanın maraqları Rusiya üçün bu qədər açıq və “toxunan” şəkildə Avropa inteqrasiyasına can atan Ermənistanın maraqlarından üstün olacaq. Lakin perspektivdə Ermənistanın emosiya və narazılıqları səngiyəndə, o, bölgədəki sabitlikdən ancaq udacaq: hətta məcburi də olsa.

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə