XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2017 - 08:30

YENİ “ÜÇLƏR İTTİFAQI”NIN İLK UĞURU:Soçidə "yolun başı" göründü - TƏHLİL

Serhat Erkmen

“Anadolu” Agentliyi, Türkiyə

 

Soçidəki zirvə görüşü Suriyadakı prosesin sonu deyil, yeni bir dövrün başlanğıcı olaraq oxunmalıdı. Yeni dövr, Türkiyə-Rusiya-İran üçlüyünün Suriyada, hər biri fərqli səbəblərlə olsa da, yenidən sabitliyi təmin etmək üçün ortaq səy göstərməsi zəmininə dayanır.

Açığı, Astanada başlayan və Soçiyə çatan prosesin əsl yönləndiricisi Rusiyadır. Ancaq daha öncə Suriyadakı toqquşmalara müdaxilə edən Qərb ölkələrindən fərqli olaraq, Putin (Rusiya) regional aktyorların narahatlıqlarını və Orta Şərqdəki güc balansını daha çox diqqətə alır.

 

Soçi zirvəsinin anlamı nədir?

 

Realist olaq: Suriyada Rusiya, Türkiyə və İranın gözləntiləri və təhdid qiymətləndirmələrində oxşarlıqlar olmasına rəğmən, onların tam örtüşdüyünü deyə bilmərik.

Rusiyanın öncəliyi Dəməşqdə təsirliliyini qoruya biləcəyi bir hakimiyyət strukturunu ayaqda tutmaqdır. Bu iqtidarın sadəcə hərbi vasitələrlə ayaqda qala bilməsi mümkün deyil. Buna görə də Rusiya Dəməşqdəki müttəfiqi Bəşər Əsədi yeni bir siyasi formulla iqtidarda saxlamağı hədəfləyir. Əlbəttə, bununla bərabər, Rusiyanın ABŞ-ın regiondakı təsirini azaltmaq, təhlükəsizlik problemi olaraq qəbul etdiyi radikal qruplarla Suriyada hesablaşmaq və Dəməşq üzərindəki İran təsirini balanslaşdırmaq kimi əsl hədəflərinə paralel olan, ancaq ondan o tərəfə keçməyən təhdid və fürsət dəyərləndirmələri də mövcuddur.

İranın öncəliyi isə Suriyadakı təsirilə Şərqi Aralıq Dənizinə çıxışını açıq tutmaq və olası bütün toqquşmaları öz torpaqlarından uzaqda həll etməyə çalışmaqdır. İran üçün Suriyada rejimin ayaqda qalmasını təmin etmək özü-özlüyündə bir hədəf olmaqdan daha çox, Livan, İraq, Səudiyyə Ərəbistanı və İsrail kimi toqquşma sahələri çərçivəsində baxılan bir məsələ idi. Suriyadakı rejimin davamının vazkeçilməzliyi İran üçün mübahisəsizdir, lakin o, bunu daha kritik məsələlərdəki strateji maraqları üçün bir vasitə olaraq görürdü.

Türkiyə üçünsə təhdid və fürsət dəyərləndirmələri zamanla dəyişib. Türkiyə üçün təməl təhdid uzun müddət ərzində Əsəd hakimiyyətinin mövcudluğu olub. Türkiyə Suriyadakı parçalanmanın və sabitsizliyin mövcud hakimiyyətin davamından qaynaqlandığını düşünürdü. Çox ehtimal ki, Suriyadakı problemlərin əsas səbəbinin Əsəd hakimiyyətinin atdığı addımlar olduğu düşüncəsi hələ də davam edir. Lakin artıq xüsusilə son il yarımdır Türkiyə üçün Suriyadan qaynaqlanan təhdid dəyərləndirməsinin mərkəzinə PKK/PYD oturmuş vəziyyətdədir. Təşkilatın Suriya torpaqlarında əldə etdiyi geniş coğrafi sahə və ABŞ-dan aldığı dəstəklə qurduğu silahlı struktur bütün digər təhdidlərin önünə keçib. Bu səbəbdən, Türkiyənin Suriyadakı prosesə yanaşmasında da dəyişiklik müşahidə edilir.

Beləliklə, üç dövlətin maraqları və ya narahatlıqları fərqli olsa da, mövcud ortaq maraqları onları Suriyada bir araya gətirir. Bu ortaq maraq – Suriyadakı münaqişənin davam etməsinin digər dövlətlərə yaradacağı fürsətləri əngəlləmək üçün problemi müştərək həll etməkdir. Rusiyanın bölgədəki hərbi həmlələrini siyasi uğura çevirmə istəyi, eyni zamanda İran və Türkiyənin özlərini oyundan kənarlaşdıran hər cür həll variantını poza bilmə imkanına sahib olması hər üç dövlətin minimum ortaqlıq əsasında bir araya gəlməsini təmin edib.

Yaxşı, bəs bu minimum ortaqlıq nədir? Diplomatiyanın incə dilini və siyasətin fərqli mənalar verilə biləcək konseptuallaşdırılmalarını bir yana qoyaraq, Soçiyə baxdıqda, bunu görə bilərik: üç dövlət Suriyada münaqişənin davam etməsinə mane olmaq üçün hər birinin bütün mərhələlərini dəstəkləmədiyi, lakin özlərinin əsl maraqlarını qoruya bildiyi bir siyasi həll prosesini dəstəkləmək məsələsində anlaşıb.

 

Soçidən sonra hansı addımlar gələcək?

 

Öncəliklə qeyd edək ki, üç ölkənin ortaq iradəylə başlamış olduğu bu yeni dövrün tamamən problemsiz bir gül baxçası olacağını düşünmək yanlışdır. Hərbi toqquşmaların sona çatdığı və artıq siyasi həll fazasına keçilməsinin lazım olduğu fərz edilsə də, potensial toqquşma sahələri varlığını hələ də qoruyur. Məsələn, Rusiya və İran liderlərinin çıxışlarından "əl-Nusra" məsələsini gündəliyə gətirməyə çalışdıqları, yəni, əvvəl-axır İdlibdə bir hərbi əməliyyat gözlədikləri açıqca anlaşılır.

Buna qarşılıq olaraq, Türkiyənin, qismən də olsa İranın YPG-nin durumundan narahat olduğu açıqdır. Prezident Ərdoğanın çıxışındakı “Suriyanın ərazi bütövlüyünün qorunması istənilirsə, ona qarşı olan silahlı təşkilatların mövcudluğu əngəllənməlidir”“terror təşkilatı olaraq gördüyü qrupların siyasi həllin parçası olmasını qəbul etməyəcəyik” vurğuları da Türkiyənin hərbi əməliyyat gözləntisini ortaya qoyur.

Bütün bunlara atəşkəs bölgələrinin bəzilərində toqquşmaların davam etməsi və Suriya ordusunun ələ keçirdiyi hər yeri əlində tutma imkanına sahib olmaması da əlavə edilə bilər. Qısası, toqquşmalar azalmış və ortaq düşmən olan İŞİD ortadan qalxmış olsa da, müharibənin davam etmə ehtimalının tamamən sona çatmadığı söylənə bilər.

Buna qarşılıq, qısa müddətdə reallaşması gözlənilən ən önəmli hadisə siyasi prosesin ilk əhəmiyyətli addımının atılması, yəni, “Suriya Milli Dialoq Konqresi”nin keçirilməsidir.

 

Konqres problemsiz olacaqmı?

 

Şübhəsiz, Konqres problemlərlə başlayacaq; əslində, problemlərlə başladı belə. Suriya müxalifəti daxilindəki bəzi əhəmiyyətli qanadlar Əsədli bir keçid dövrü istəmədikləri üçün ayaq dirəyirdi. Rusiyanın Səudiyyə Ərəbistanı ilə keçirdiyi görüşlər nəticə verdi, Əsəd ilə görüşmək istəməyənlər ayrıldı və siyasi prosesə uyğun olan şəxslərin liderliyində yeni bir formalaşmaya gedildi. Ancaq siyasi prosesin önündəki əsl problem bu deyil.

Soçidə Suriya xalqının taleyinə suriyalıların qərar verəcək olması xüsusilə qeyd edildi. Olması lazım olan şey də budur. Ancaq Suriya cəmiyyətinin bütün kəsimlərinin təmsil ediləcəyinin iddia edildiyi bir Konqresdə, həqiqətən, bütün kəsimlərə yer veriləcəkmi? Bundan əlavə, bu xalqları kimlərin təmsil edəcəyi üzərində yaxşıca düşünülməlidi. Çoxu bölgədə heç bir varlığı olmayan və son 6 ilin əhəmiyyətli hissəsini Suriya xaricində yaşayaraq keçirən siyasilərin Konqresdə iştirak edəcəyini proqnozlaşdırmaq heç də çətin deyildir. Ancaq daha da önəmli olan məsələ PYD-nin Suriyalı kürdlərin təmsilçisi olaraq, konqresə daxil edilməsini Türkiyənin qəbul etməyəcəyidir. Bunu prezident Ərdoğanın sözlərindən açıqca görmək mümkündür. Yəni, ən konkret başlanğıc addım – Konqresin keçirilməsi prosesi, təmsil əksikliyindən, yetərsizliyindən və ya yanlışlığından doğan səbəblərə görə yavaş işləyə bilər. Ancaq bu bir həqiqətdir ki, əgər Soçi Cenevrə prosesinə alternativ siyasi model yaratma axtarışıdırsa, o zaman bu modelin memarlarının öz aralarında uzlaşması şərtdir. Çünki ən təməl məsələlərdə bir-birilərindən ayrılarlarsa, proses işləməz.

Soçidən çıxacaq ən konkret nəticə, böyük ehtimalla, humanitar yardımlar məsələsində ola bilər. Bəlkə də yaxın gələcəyin ən işlək istiqaməti atəşkəs bölgələrinin davam etməsi qədər, çətin durumda yaşayan suriyalılara maddi dəstək verilməsi olacaqdır.  

Qısacası, Soçi mərkəzində üç dövlətin olduğu, ancaq dolayı olaraq Səudiyyə Ərəbistanı, Misir və İordaniya kimi region dövlətlərinin də daxil olduğu yeni bir prosesin dönüş nöqtəsidir. Müəyyən mənada, Astana prosesi ilə hədəflənən toqquşmaların durdurulması baxışının siyasi müstəvidəki uzantısıdır. Ancaq Suriyadakı problemlərin bu uzlaşma ilə bitəcəyini, tərəflərin hər məsələdə anlaşdığını və Suriyada müharibənin sonuna gəlindiyini söyləmək bu mərhələdə çətindir.

Görünən ən təməl hadisə Türkiyə, Rusiya və İranın Astana ilə başlatdıqları gərginliyin azaldılmasına yönəlik prosesi siyasi mərhələyə doğru yönləndirməsidir. Ancaq siyasi uzlaşmanın toqquşmanı azaltmaqdan asan olduğu düşünülməməlidi. Suriyanın önündə hələ çox uzun bir yol vardır. Rusiya yeni dövrün ən güclü aktyorudur, amma ABŞ-ı yox saymaq da ən böyük səhv olardı.

Tərcümə Strateq.az-ındır

Qeyd: dosent Doktor Serhat Erkmen – "Əxi Evran" Universitetinin Beynəlxalq əlaqələr fakultəsinin müəllimi, XXI əsr Türkiyə İnstitutu Orta Şərq və Afrika masasının rəhbəridir




Yuxarı Əvvələ Ana Səhifə