XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

24 Noyabr 2017 - 17:21

“MUQABE ERASI” BAŞA ÇATDI, “TİMSAH” PREZİDENT KÜRSÜSÜNƏ ÇIXDI- Köhnə diktatorun köhnə dostu Zimbabveyə demokratiya gətirə biləcəkmi?

Zimbabvedə parlamentin növbədənkənar sessiyaları, adətən, gözlənilən ssenari üzrə keçir. Çıxışçılar prezident Muqabe və xanımı Qreysin fantastik xərclərini tənqid edir, bəzi deputatlar da seçicilərin problemlərini dilə gətirir. Sonuncu belə sessiyada zalda böyük gərginlik vardı. Parlamentin spikeri qəfil ayağa qalxdı və zimbabvelilər  tarixdə əbədi qalacaq dəqiqələrə şahid oldular…

Spiker prezident Robert Muqabenin istefa ərizəsi yazdığını elan edən kimi, zalda alqış sədaları ucaldı. Bəzi deputatlar sevincdən əllərini stola vurur, bəziləri rəqs edir və sanki ətrafdakı hər kəsə "Robert Muqabe erası"nın başa çatdığını nümayiş etdirirdilər. 

Muqabe parlamentə ünvanladığı məktubunda qeyd edirdi ki, hakimiyyətin dinc yolla keçidinə ümid edərək vəzifəsini tərk edir və bu qərarı könüllüdür.  

Zimbabve Milli Şurasının dəhlizə toplaşan fəalları da sevinc içində idi. Sessiyanın keçirildiyi mehmanxananın ziyafət otağında deputatlar və senatorlar rəqs edir, qucaqlaşırdı…

Həmin an ən mürəkkəb məsələ müsahibə üçün hakim partiyadan kimisə tapmaq idi. Cəmi bir həftə əvvəl xarici KİV-lərə ölkədə fəaliyyət göstərmək qadağası qoyulmuşdu. İndisə vəziyyət tamamən dəyişmişdi.

Parlamentin üzvü Kit Quza bildirdi ki, Zimbabveyə gerçək demokratiyanın gəlməsinə ümid edir: "O getdi və mən xoşbəxtəm. Ölkəmə görə çox xoşbəxtəm…".

Qadın deputatlardan biri isə əlavə etdi ki, Zimbabvedə hakimiyyətin qan tökülmədən ötürülməsinə görə çox sevincilidir.

Paytaxtın mərkəzi meydanında da insanlar Muqabenin gedişini bayram edirdilər. Bir nəfər dizi üstə oturaraq əllərini göyə qaldırmışdı: "Görürsüz, uşaqlar? Siz bunu görürsüz? Bu tarixdir".

Bu gün Zimbabvedə növbəti tarixi an yaşanıb. Muqabenin bir neçə həftə əvvəl istefaya göndərdiyi sabiq vitse-prezident Emmerson Mnanqaqva and içərək rəsmən ölkə prezidenti vəzifəsinin icrasına başlayıb. İnauqurasiya mərasimi paytaxt Hararenin milli stadionunda keçirilib.

Mnanqaqvanın prezident postuna namizədliyini elə hakim ZANU PF partiyası irəli sürmüşdü. Bir neçə gün əvvəl isə o, hakim partiyanın sədri seçilmişdi.

Mnanqaqva gənclik illərində küçə dəstəsi olan "Timsah"ın ("Lakost") üzvü olub və eyniadlı ləqəbi də həmin vaxt alıb.  

Cənubi Rodeziyada (sonradan Zimbabve adlanır) partizan müharibəsi başlayanda o, ağdərili fermeri öldürdüyü üçün həbs olunub. Lakin tezliklə azadlığa çıxaraq Muqabeyə qoşulub. Mnanqaqva müstəqil Zimbabvenin ilk hökumətinin heyətində dövlət təhlükəsizliyi naziri postunu tutub, 2014-cü ildə isə vitse-prezident vəzifəsinə təyin olunub. 

Muqabenin devrilməsinə qədər Zimbabvedə (hakim partiya daxilində) hakimiyyət və nüfuz uğrunda iki qruplaşmanın mübarizəsi gedirdi. Onlardan birinə Muqabenin xanımı 52 yaşlı Qreys Muqabe rəhbərlik edirdi. Qreys və onu dəstəkləyən gənc nazirlərə qarşı çıxan əsas qüvvə isə vitse-prezident Emmerson Mnanqaqva və onun rəhbəri olduğu "Lakost komandası" idi.

Noyabrın əvvəllərində Muqabe hərbçilər arasında böyük nüfuza malik olan Mnanqaqvanı dövlət çevrilişinə cəhddə ittiham edərək vəzifədən kənarlaşdırdı. Lakin az sonra ordu hərəkətə keçərək Muqabeni yıxdı.

Bir neçə gün ev dustaqlığında saxlanılan Muqabe ilk vaxtlar istefa vermək istəmirdi. Sonradan ölkə parlamenti prezidentin impiçmentini müzakirəyə çıxardı və Muqabe könüllü olaraq istefa verdi.

İndi sual doğuran əsas məsələlərdən biri Muqabedən sonra ölkədə vəziyyətin necə olacağıdır? Hazırkı birlik və bərabərlik qorunub saxlanacaqmı? İnsanlar Muqabe rejiminin xofundan azad ola biləcəklərmi?

Ekspertlərə görə, hələlik bu barədə qəti bir söz demək çox çətindir.Ən azı ona görə ki, yeni prezident Emmerson Mnanqaqva özü də Muqabe rejiminin bir parçası olub. Uzun illər Muqabenin sadiq tərəfdarı olan Emmerson yalnız bir dəfə ona qarşı çıxıb. O da hakimiyyətin Qreys Muqabeyə ötürülməsinə razılaşmayanda. 

Zimbabevdə baş verənlər liberal demokratiya prinsiplərini gətirməyi hədəfləyən inqilab deyildi. Məqsəd sadəcə hakimiyyəti ələ keçirmək idi.

İndi yeni lider Mnanqaqvaya çox güclü təzyiqlər var. Ondan ölkədə islahatlar və dəyişikliklər aparmaq tələb olunur. Məhv edilmiş iqtisadiyyatı dirçəltmək lazımdır. Keçmişdə yaşanan korrupsiya və tiranlıq isə ölkəyə nə maliyyə yarıdımı gətirər, nə də yeni sərmayələrə qapı aça bilərdi.

Ekspertlər onu da qeyd edir ki, Mnanqaqva ölkəni yenidən keçmişin despotizminə sürükləsə, çox ciddi problemlərlə üzləşə bilər. Partiya Muqabe kimi Mnanqaqvanı da yola salar.

Bu situasiyada ən vacib olan 40 ilə yaxın qorxu içində yaşayan insanların münasibətidir. İlk dəfə olaraq indi onlara ifadə azadlığı verilib. İnsanlar kuçədə sərbəst şəkildə etiraz edə bilirlər. 

Uzun müddət təqiblərə məruz qalan, parçalanan müxalifət isə artıq özünü toplamağa və gücünü bərpa etməyə başlayır. Belə məqamlarda meydana yeni liderlər çıxır və sınaqdan keçirilir. Zimbabvedə seçkilər gələn il keçiriləcək və artıq indidən bütün partiyalar kampaniyaya başlayıb. 

Mnanqaqvanın öz vədinə nə dərəcədə sadiq olacağını isə zaman göstərəcək.  O söz verib ki, Zimbabveyə yeni demokratiya gətirəcək və onu daha tolerant ölkəyə çevirmək üçün əlindən gələni edəcək: "Hamınızı birliyə çağırıram. Birlikdə biz yumşaq keçidə nail olacağıq. Bu da demokratiyanı möhkəmləndirəcək, Zimbabve xalqına başlanğıc olacaq, sülhə və birliyə aparacaq".

Muqabe onu istefaya göndərəndən sonra Mnanqaqva Cənubi Afrika Respublikasına getməyə məcbur olmuşdu. Məhz onun istefasından sonra Zimbabvedə siyasi böhran baş qaldırdı. Və məsələyə həm hakim partiyada Mnanqaqvanı dəstəkləyənlər, həm də ordu müdaxilə etdi. Nəticədə 93 yaşlı Muqabe 37 illik iqtidardan sonra taxt-tacından imtina etməli oldu. 

Yeni prezident Mnanqaqva bu postda 2018-ci ilin sentyabrınadək qalacaq. Sentyabrda isə Zimbabvedə prezident seçkiləri keçiriləcək.

Strateq.az
 




Yuxarı Əvvələ Ana Səhifə