XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

27 Noyabr 2017 - 19:59

ERMƏNİSTAN RUSİYAYA DAL ÇEVİRİR –Bu ölkənin parlamentində Avrasiya Birliyindən çıxmaq haqda dinləmələr keçirilib

EAdayli.com, 27.11.2017

 

Ermənistan Milli Məclisinin “Yelk” (“Çıxış yolu”) blokunun fraksiyası bazar ertəsi ölkənin Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması haqda qanunvericilik təşəbbüsü ətrafında parlament dinləməsi təşkil edib.

“Yelk” bu ilin sentyabrında Milli Məclisin uyğun qərar layihəsiylə çıxış edib. Təşəbbüs sonradan parlamentin növbəti sessiyalarından birində deputatların səs çoxluğu ilə rədd edilib. “Yelk”in özü istisna olmaqla, praktik olaraq, bütün fraksiyalar “əleyhinə” səs verib. Lakin layihə təşəbbüsçülərinin fikrincə, Ermənistanın keçən cümə günü Avropa Birliyi ilə “Genişləndirilmiş və hər şeyi əhatə edən tərəfdaşlıq haqda” çərçivə sazişi imzalaması yeni durum yaradıb və bu mövzuya yenidən dönmək imkanı verir.

Xatırladaq ki, sənəd müəllifləri öz təşəbbüslərini əsaslandırmaq qismində, onların fikrincə, bir neçə əsas amilləri sadalayırlar. Deməli, qərarda deyilir ki, respublikanın AİB-ə üzvlüyünün 3 ili ərzində Ermənistan ÜDM-i dollarla ifadədə 8% azalıb, məşğulluq səviyyəsi 13% düşüb, beynəlxalq ehtiyatlar 40% ixtisara düşüb, dövlət borcu 10% çoxalıb.

Eyni zamanda ölkə iqtisadiyyatına yatırımın azalması da qeydə alınıb. Yatırım həcmi 2014-cü ildə 167 milyard dram (təxminən, 350 milyon $) təşkil edibsə, bu göstərici 2016-cı ildə artıq 81 milyard dramdan ibarət olub.

“Yelk” blokunda hesab edirlər ki, Ermənistanın bu inteqrasiya  birliyində iştirakı üçüncü ölkələrlə, o cümlədən qonşu Gürcüstan və İranla ticarət əlaqələrini genişləndirmək imkanlarını məhdudlaşdırır. Burada həm də vurğulayırlar ki, AİB haqda sazişə zidd olaraq sərmayə, əmtəə, xidmətlər və işçi qüvvəsinin yerdəyişmə azadlığı təmin olunmur.

Sənəd müəlliflərinin AİB-ə qarşı iddiaları təkcə iqtisadiyyatla məhdudlaşmır. Qərar layihəsində deyilir: “AİB-ə üzv ölkələr Qarabağ probleminin dinc həllinə şərait yaratmır, hətta bəziləri Azərbaycanın təcavüzkar siyasətinin müdafiəsi üçün dəfələrlə ən yüksək səviyyədə çıxış ediblər. Ermənistanın strateji müttəfiqi Rusiya isə Azərbaycanı silahlandırmağı davam etdirərək, Azərbaycan cəbbəxanasının, təxminən, 85%-i müasir hücum silahlarıyla təmin edib”.

“Yelk” blokundan deputat Edmon Marukyan bu gün bildirib: “Mövcud imtiyazlardan faydalanmağı bacarmaq üçün “diribaş”lıq gərəkən ittifaq bizə lazım deyil. İnteqrasiya birliyi bütün üzv ölkələrə bərabər imkanlar yaratmırsa, onda bu təşkilatda iştirakın mənası nədir?”

Fraksiyada həmçinin hesab edirlər ki, Ermənistan AİB-də suverenlikdən və üçüncü oyunçularla münasibətlər qurmaq planında müstəqillikdən  məhrum olur.

Hakim Respublika Partiyasında (ERP) müxaliflərin dəyərləndirməsinə şərik çıxmırlar. ERP-dən deputat, xarici münasibətlər üzrə daimi komissiyanın başçısı Armen Aşotyan bu gün cavab çıxışında, onun fikrincə, AİB-in Ermənistana, iqtisadiyyatı və təhlükəsizliyinə faydası haqda obyektiv fikir yürütməyə imkan verən bır sıra əsas arqumentləri misal gətirib.

Aşotyan opponentlərinin Belarus Qazaxıstanın davranışına dair iddialarından başlayıb. Minsk və Astana Ermənistanla eyni ittifaqda olmaqla çoxları tərəfindən Azərbaycan maraqlarının lobbiçiləri kimi qəbul edilir. Aşotyan bu dəyərləndirmə ilə qismən razılaşıb, amma bu zaman yada salıb ki, AİB, birinci növbədə, Rusiyanın ətrafında yaradılıb. Aşotyan deyib: “Bəli, bəzi tərəfdaşlar Dağlıq Qarabağ problemi üzrə bizim mövqeyimizi həmişə müdafiə etmirlər. Amma, gəlin, yada salaq ki, bu inteqrasiya birliyinin lokomotivi, mərkəzi məhz Rusiya, onun iqtisadiyyatıdır. Bizim AİB-də iştirakımızı məhz bu amil şərtləndirir. Qarabağa gəlincə, Rusiya burada da ATƏT-in münaqişənin tənzimlənməsi üzrə Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Düşünürəm, problemin həllində Moskvanın konstruktiv rolu heç kimdə şübhə doğurmur. Yeri gəlmişkən, XİN başçısı Sergey Lavrovun bölgəyə bu yaxındakı səfəri də bunu təsdiq edib. Ona görə də AİB-dən çıxmağı Qarabağ probleminə bağlamaq kökündən yanlışdır”.

Qaldı ki siyasi müstəqillikdən olmaq iddialarına, Aşotyan xatırladıb ki, istənilən inteqrasiya strukturu milli hökumətlərin səlahiyyətlərinin bir bölümünü üstmilli qurumlara həvaləni nəzərdə tutur. Respublikaçı yada salıb: “Nədir, məgər Avropa Birliyi daxilində səlahiyyət bölgüsü yoxdur? Biz ki görürük, Avropa dövlətləri hökumətlərinin çoxu öz səlahiyyətlərinin bir qismini Brüsselə verib. Yeri gəlmişkən, AB-də indiki siyasi böhran məhz bununla şərtlənir”.

Aşotyan iqtisadi tərkib haqda boynuna alıb ki, Ermənistan ÜDM-i son iki ildə dollarla ifadədə aşağı düşüb, lakin AB ilə assosiativlik sazişi bağlayan Şərq tərəfdaşalığının digər üç ölkəsinin ÜDM-i daha çox azalıb. Siyasətçi qeyd edib: “Statistika ilə özünüz tanış ola bilərsiniz. Hamı iqtisadi problemlərlə üzləşib və görə bildiyimiz qədər, Ukrayna, Moldova və Gürcüstan daha çox itirib”.

O, Rusiyanın Azərbaycana silah tədarük etdiyinə görə AİB-i tərk etməyin gərəkdiyi haqda bəhanələri qəribə və məntiqsiz adlandırıb. O deyib: “Mən heç başa düşümürəm, niyə söhbət hərbi-siyasi tərkibdən gedir, lakin KTMT-dən deyil, AİB-dən çıxmaq lazımdır. Axı inteqrasiyanın hərbi və hərbi-texniki ölçüsü məhz KTMT-dir”.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə