XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

27 Noyabr 2017 - 21:30

PRİMAKOVUN KONSEPSİYASI, XAMENEİNİN ARZUSU SURİYADA NECƏ GERÇƏKLƏŞDİ?- Putini Suriyadan çəkilməyə vadar edən səbəblər - TƏHLİL

 

K.Eggert

"Deutsche Welle", Almaniya

 

Bir neçə gün əvvəl Soçidə keçən üçtərəfli (Rusiya, Türkiyə, İran liderlərinin görüşü) danışıqlar da göstərdi ki, Rusiya prezidenti Vladimir Putin özünü Suriya savaşının qalibi hiss edir.  Suriyalı diktator Bəşər Əsəd məhz Moskvanın köməyi ilə cəmi bir il ərzində nəzarətində olan zonanı genişləndirdi. Əgər Rusiyanın hərbi müdaxiləsinə qədər Əsəd ölkənin 19 faizinə nəzarət edirdisə, hazırda bu rəqəm 50-dən çoxdur.

 

Kreml siyasi boşluqdan necə yararlandı?

 

İndi Əsəd qüvvələri paytaxtın 14 rayonundan 10-nu idarə edir. Müxalifət parçalanıb və toparlanması da xeyli çətin görünür. Birləşmiş Ştatlar isə artıq Bəşər Əsədin getməyində israrlı deyil. Lakin Tramp administrasiysı eyni zamanda Suriyadan çıxmayacağını da bildirir və ölkənin şimalında hökumətə alternativ strukturlar yaradacağını bəyan edir.

Əsədə qarşı çıxan qüvvələrin əsas sponsoru olan Səudiyyə Ərəbistanında siyasi böhran yaşanır. Əsəd istənilən danışıqlarda hakimiyyətini ən azı 2021-ci ilədək (növbəti prezident seçkilərinə qədər) saxlaya bilər. 

İndiki rejimin şərtləri altında hər hansı demokratik prosesin baş verməsi mümkün deyil. Putini isə 2-3 illik əlavə müddət tamamilə qane edir.

Kremlin Suriyadakı uğuru çoxlarında təəccüb doğurdu. Bu uğura şərait yaradan əsas amil Birləşmiş Ştatların zəif mövqeyi oldu. ABŞ Obamanın prezidentliyi dövründə regiondan, demək olar ki, çəkildi. Putin də bu siyasi boşluğu ustalıqla doldurdu. 

O, faktiki olaraq Yevgeni Primakovun İranla strateji əməkdaşlıq konsepsiyasını həyata keçirdi. Primakov deyirmiş ki, İranın nüvə proqramı Rusiyaya heç bir təhdid yaratmır. Üstəlik anti-Amerika əhvalına köklənən rejim Kremlin maraqları ilə (nifrət etdikləri amerikalılara daha çox problem yaratmaq) tamamilə üst-üstə düşür. 

 

Putin və Xameneinin arzusu 

 

Üç il ərzində Kreml Tehran mollalarına ayətullah Xameneinin arzusunu reallaşdırmağa da şərait yaratdı. Söhbət, Bağdaddan Beyruta qədər Tehranın nəzarətində olan regionun yaradılmasından gedir. Əsədin rəhbərlik etdiyi ələvi rejimi İran nüfuz dairəsinin açar elementidir. Livanda hakimiyyətin Tehran agenturası olan "Hizbullah" tərəfindən ələ keçirilməsindən sonra İran böyük geosiyasi qələbə qazandığını rahatlıqla söyləyə bilər.

Belə olan halda, noyabrın 21-də Əsədlə Soçidə görüşərkən Putin niyə Rusiyanın Suriyadakı hərbi əməliyyatlarının başa çatdığını elan etdi? Və niyə bildirdi ki, Suriyada yalnız Tartus və Latakiya hərbi bazalarında işləyən rusiyalı hərbçilər qalacaq?

Rusiya prezidentinin hərbi kontingentin ixtisarı barədə açıqlama verməsi ilk dəfə deyil. Vəd olunduğu kimi, rus qoşunlarının Suriyadan çıxıb-çıxmayacağı isə hələ ki bəlli deyil. Nəzərə almaq lazımdır ki, Suriya hərbi hava qüvvələri Rusiyanın dəstəyi olmadan elə də güclü deyil.

Bir versiya da bu ola bilər ki, Rusiya Səudiyyə ilə İran arasındakı toqquşmanın mərkəzində olmamaq üçün Rusiyanın regiondakı rolunu azaltmaq istəyir. Digər bir tərəfdən də bu məsələdə Ər-Riyadın yanında olan İsrail var.   

Bu arada, İsrail-Səudiyyə münasibətləri getdikcə möhkəmlənir. Krallığın faktiki rəhbəri – varis şahzadə Məhəmməd bin Salman İrana qarşı sərt mövqe tutub. İsraillə isə tam əksinə, münasibətləri yaxınlaşdırmağın tərəfdarıdır.

Həm Səudiyyə, həm də İsrail İranı özlərinə əsas təhdid saydıqlarını gizlətmir.

Moskva bu qarşıdurmada tərəflərdən heç birinin yanında yer almaq istəmir. Bu biri tərəfdən də Əsədi tək qoya bilmir. Əsədin hakimiyyətdə qalması Putinin Suriyadakı qələbəsinin əsas simvoludur. Bu, həm də avtoritar rejimlərin ABŞ-a qarşı birləşdiyi beynəlxalq koalisiyada Putini qeyri-rəsmi lider statusunda göstərir. 

Məhz buna görə Putin Rusiya tarixində Səudiyyə kralını qəbul edən ilk rəhbər oldu. Kreml ABŞ Yaxın Şərqə qayıdana, İsrail və Səudiyyə ilə birgə İrana meydan oxuyana qədər Səudiyyə ilə münasibətləri düzəltmək istəyir.


2018-ci il seçkiləri və Suriya

 

Suriyada hərbi əməliyyatların başa çatdığını elan etməyin daxili səbəbləri də var.

Birincisi, Rusiyada seçki ərəfəsi Putinin qələbəsini bəyan etmək zərurəti böyümüşdü.

İkincisi, dövlətin maliyyə resursları o qədər yaxşı vəziyyətdə deyil və pulları qənaət etmək daha məqsədəuyğundur.

Üçüncüsü, Putin diqqəti digər istiqamətlərə (Ukrayna, yeni sanksiyalara müqavimət, Rusiya üzərində siyasi nəzarəti saxlamaq və s.) yönəldir.

Bu arada, Suriyada münaqişənin siyasi tənzimlənməsi baş verməyəcək. Vətəndaş müharibəsi hər an alovlana bilər. Kürdlər ABŞ-ın da dəstəyi ilə öz dövlətlərinin yaradılmasını elan edə bilərlər. Üstəlik İranın aqressiv addımları İsraili qətiyyətli tədbirlərə sövq edə bilər. 

Tehran rejimi ilə əməkdaşlıq etməklə Kreml təkcə qələbələri yox, çətinlikləri də bölüşməyə hazır olmalıdır. Ona görə də prezidentlərin Soçi görüşü Moskvanın Yaxın Şərq siyasətində nöqtə yox, vergül idi…
 

Tərcümə Strateq.az-ındır
 




Yuxarı Əvvələ Ana Səhifə