XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2017 - 21:20

QÜRURU TAPDALAMAQ VƏ RAZILIĞA GƏLMƏK –Ərdoğanla Əsəd ümumi maraq naminə bu incə körpüdən keçə biləcəkmi? - TƏHLİL

Devid Barçard

“Middle East Eye” (Böyük Britaniya)

 

Müharibədən və İŞİD-in məğlubiyyətindən sonra sonra yeni bir Suriya meydana çıxa bilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani bir araya gəlib və Ərdoğan razılaşaraq, “bu Suriya xalqı üçün davamlı və məqbul bir həlldir" deyib.

 

Soçi resepti

 

İllərcə davam edən vətəndaş müharibəsi ilə dağılan bir ölkə üçün Soçi resepti aldadıcı səslənir. Suriya Milli Dialoq Konfransı, Ərdoğanın sözlərinə görə, dekabrın əvvəlində Soçidə bütün maraqlı tərəflər arasında təşkil ediləcək, sonra "azad və ədalətli seçkilər" keçirilməlidir.

Türkiyənin əsas töhfəsi, ehtimal ki, mötədil sünni müxalif qrupları masa arxasına gətirmək olacaq. Amma dalandan çıxmanın bu qeyri-müəyyən yolunda Türkiyənin Suriya siyasəti sanki tələyə düşüb.

2011-ci ilin əvvəlində Suriyadakı zorakılıqlardan sonra Ərdoğan və Bəşər Əsədin yaxşı münasibətləri pisləşib, Türkiyə prezidenti rejim dəyişikliyi istəyən gücləri və müxalif qrupları dəstəkləyib. Bu arzu indi xam xəyal kimi itib və Türkiyənin Suriyadakı hədəfləri çox dəyişib.

Suriya müharibəsi Türkiyənin PKK (Kürd Fəhlə Partiyası) əleyhinə mübarizəsi məsələnin istənilməyən beynəlmiləlləşməsinə səbəb olub. Türkiyənin cənub-şərq əyalətlərində terrorist olaraq təyin etdiyi hərəkata qarşı müharibə gedir.

Buna görə də, indi Ankara üçün Suriyada ən vacib olan PYD-nin (Demokratik Birlik Partiyası) – PKK-nın qolu olan suiyalı kürd anklavlarının artan muxtariyyətinin sona çatdırılmasıdır.

Ərdoğan PYD-nin yaxın gələcəkdə Soçi konfransına qatılmamasına təkid etsə də, ilk dəfə Əsəd və Suriya hökuməti barədə eyni şeyi söyləməyib.

 

Əsədlə dialoq?

 

Əsəd Soçi sammitində yox idi, görünür, ona qarşı türk düşmənçiliyinin açıq bir şəkildə davam etməsinə görə. Ancaq o, Soçidə bundan iki gün əvvəl Putinlə fərdi qaydada görüşüb və çox səmimi qarşılanıb.

Əsədlə Türk dialoqu yenidən qurulacaqmı? Ərdoğan hələlik belə bir görüş olmasa da, "siyasətin qapıları son ana qədər açıqdır" deyərək türk mətbuatına ismarış verib.

İki amansız düşmən arasında istənilən dialoqun bərpası əlamətdar bir dönüş olardı. Türkiyənin hakim partiyasına (AKP) yaxın olan bəzi türk şərhçiləri artıq Əsədin Suriyadakı Türkiyənin baş düşmən olmadığını deyirlər.

Onların fikrincə, düşmənlər – kürdlər və kürdlərin arxasında duran ABŞ-dır.

AKP-pərəst “Yeni Şafak” qəzetinin redaktoru İbrahim Karagul yazıb: "Türkiyə Əsəd və ya rejimə təmkinli olmalıdır, Suriyanın bölünməsi məqsədi güdən bütün cəhdlərə qarşı çıxmalıdır. Daha böyük təhdid bölgə və Türkiyəni hədəfə alıb".

Burada Soçi zirvəsinə qatılan digər iki ölkənin – İran və Rusiyanın münasibətləri çox vacibdir. Həm Türkiyənin Amerikanın Suriyadakı rolunu görmək arzusu azalıb, ya da itib, həm də Suriyada kürd anklavlarının problemi daha ciddidir və anklavlar ilə təmasları olan Rusiya bu günə qədər əyləci basaraq Türkiyənin Suriyadakı kürdləri təcrid etmə cəhdlərini dayandırıb.

Zirvə tərəfdaşları tərəfindən həyata keçirilən əməliyyatlar Türkiyəni pis vəziyyətə salmırmı?

 

Kürd kantonları

 

Bütün üç hökumət Suriyanın ərazi bütövlüyünün qorunması ideyasını dəstəkləyir, bu da kürd "kantonları"nın Şam hökumətinə itaətini nəzərdə tutur.

Sual: bu, necə baş verə bilər?

Bir marşrut, ehtimal ki, Suriya hökuməti ilə PYD arasında razılaşdırıla bilər, bəlkə də o, paralel Rusiya-Amerika razılaşmasında yazılıb və həm kürdlər, həm də türklər buna sevinməyəcək.

Güman ki, döyüşlərin yeni mərhələsi alternativ olacaq. Prezident Ərdoğan Afrinin – qərbi kürd anklavının təmizləməsi üçün əməliyyat barədə danışıqlar aparır və "bir gecə qəfildən gələ biləcəyik" deyə dəfələrlə xəbərdarlıq edib, ancaq bu seçim hazırda kartlarda görünmür.

Suriyada kürd milisinin – YPG-nin (Xalq Müdafiə Birlikləri) çox yaxşı mübarizə təcrübəsi var, yaxşı silahlanıb və özünü müdafiə etməyə qabildir. Hava dəstəyi olmadan onunla mübarizə aparmaq çox riskli cəhd ola bilər. Bundan başqa, anklavlar Suriyadakı ABŞ hərbi birləşmələrinə (Türkiyə onların 13 nöqtədə yerləşdirildiyini iddia edir) və hava gücünə yaxın olduqları üçün qorunur.

 

ABŞ Suriyada qeyri-müəyyən müddətə qalır

 

İŞİD-lə müharibə Suriyadakı ABŞ qüvvələrinin mövcudluğuna yeganə səbəb olsa da, ABŞ müdafiə naziri Cim Mattis iki həftə əvvəl ABŞ-ın Suriyada "qeyri-müəyyən müddətə qalacağ”ını söyləyib.

Göründüyü kimi, Suriyada, xüsusən də Rimeylanda yerləşən hava bazası tədricən ABŞ-ın regional strategiyası üçün mühüm olan İncirlik hava bazasını əvəz edə bilər.

Üstəlik, YPG ilə ABŞ qüvvələri arasında sıx dostluq bağı var və bu, Türkiyəni ABŞ-ın Suriyadakı motivlərindən dərindən şübhələndirir. ABŞ prezidenti Donald Tramp Ərdoğanla telefonla söhbətində bu qorxuları azaltmaqdan ötrü YPG-yə daha silah verilməyəcəyini söyləyib.

Ancaq bu, ABŞ-ın Türkiyəni inandırmaq üçün yararlandığı əvvəlki bəyanatları təkrarlayır. Türkiyə ABŞ-ın Suriya kürdləri ilə ittifaqdan tamamilə imtinasını istəyir. Türkiyənin ABŞ-a güvənməməsinin dərinləşməsinin fonunu nəzərə alaraq, Türkiyənin Soçidə nə üçün Rusiyaya və İrana yaxınlaşdığını görmək asandır.

İran və Rusiyanın Suriyadakı kürd anklavlarını ləğv etməkdə türklərə kömək göstərəcəyinə dair əslində, heç bir əlamət yoxdur. Bəşər Əsədin lazımi vasitələrə malik olması və bunu etmək üçün motivasiyalı yeganə şəxsdir.

Əsədin Suriyadakı hər hansı bir yerə uçan bilən hərbi hava qüvvəsi və açıq hüquqi əsasları var, o, Rusiya-Suriya birləşmiş hava müdafiə sistemi daxilindədir.

Ancaq Əsəd və Ərdoğanın qüruru tapdalamaq və razılaşma əldə edə bilmə ehtimalı görünmür. ABŞ və ya Rusiya da Yaxın Şərqin problemli siyasətində tədricən ortaya çıxan yeni kürd oyunçunu görməyə çox istəkli deyillər.

 

Tərcümə: Strateq.az