XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

08 Dekabr 2017 - 11:42

YPG-PYD-RUSİYA HƏRBİ ƏMƏKDAŞLIĞI:Suriya kürdləri indi Moskvaya daha çox meyillənirlər - TƏHLİL

Fəhim Taştəkin

“Al-Monitor” (ABŞ)

 

Son bir neçə ildə Türkiyə Suriyadakı iki şeydən qorxub və onların qarşısını almaq istəyib: ABŞ-ın Suriyanın şimalındakı Kürd Xalq Müdafiə Birləşmələri (YPG) ilə ortaqlığı; Suriya probleminin həlli prosesində kürdlərin rolu və de-fakto onların qalıcı muxtariyyəti.

Bütün səylərinə baxmayaraq, Türkiyə YPG-nin hakim olduğu Suriya Demokratik Qüvvələrinə (SDQ) ABŞ-ın hərbi yardımını dayandıra bilməyib. Rusiya lider oyunçu olduğuna görə indi ikinci məsələdə də o uduzur. Ankara hətta Şam ilə dialoqa hazır olduğuna işarə verir, amma Rusiyanın çəkdiyi yolla həll prosesində kürd rolunun qarşısını almaq getdikcə daha çox çətinləşir.

Noyabrın 24-də Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışıqlarından sonra Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu Trampın YPG-ni silahlandırmanı dayandırılmasına söz verdiyini iddia edib, ancaq bu, Ankara rəsmlərinin çəkməyə çalışdığı tablodur.

İŞİD-ə qarşı mübarizə davam etdiyindən Pentaqon həmin dəstəyin davam edəcəyini söyləyir. Bundan başqa, kürdlər Suriyada siyasi həll əldə edilənədək azad bölgələrdə ABŞ hərbi iştirakının davam etməsinə təkid edirlər. Bu, Birləşmiş Ştatların faktiki kürd muxtariyyətini konstitusiya normasına çevirən bir prosesdə "zamin" dövlət kimi oyunda qalacağının göstəricisidir – Ankara üçün narahatlıq doğuran gələcək.

Ancaq ən böhranlı proses ABŞ-la əlaqələrə paralel olaraq, kürdlərin Rusiya ilə münasibətləridir.

Türklər Astana prosesində Rusiya rəhbərliyi ilə əməkdaşlıq naminə Afrinə girişlərini müzakirə edərkən, Deyr əz-Zorda yeni kürd-Rusiya tərəfdaşlığı formalaşıb.

Afrində ruslar kürdlərlə ortaqlığını açıqlamağa çalışmadılar, baxmayaraq ki, bu, Türkiyənin səylərinə sədd çəkirdi. Lakin Deyr əz-Zorda onlar bunu açıq şəkildə elan etməyə üstünlük veriblər. Şübhəsiz, bu, Fərat xəttində ABŞ-ı tarazlaşdırmaq və oyunun qaydalarını Şamın lehinə dəyişdirmək üçün icra edilən bir hərəkətdir.

Deyr əz-Zorda ruslar Fəratın qərb tərəfində Suriya ordusunu dəstəkləyib və çayın şərq tərəfində kürdlərlə birləşməyə qərar veriblər. Tərəflər ilk dəfə dekabrın 3-də Deyr əz-Zor əyalətində olan əl-Salihiyyə şəhərində, sonra Xmeymim hərbi bazasında, Rusiya komandanı general Yevgeni Poplavskinin otağında görüşüblər. YPG sözçüsü Nuri Mahmud rus və kürd bayrağı olan kabinetdə birgə mətbuat açıqlaması verib.

Poplavski bildirib ki, Deyr əz-Zor şəhərində, YPG də daxil olmaqla, müxtəlif qüvvələrlə birgə əməliyyat keçirirlər. Onun sözlərinə görə, rus döyüş təyyarələri, YPG və digər qruplara dəstək vermək üçün 672 uçuş edib, 1.450 hədəfə zərbə endiriblər.

N.Mahmud kürdlərin Fəratın şərq tərəfində rus qüvvələrinin təhlükəsizliyini təmin edəcəyini söyləyib.

YPG-nin ümumi komandanı Sipan Hemonun qatıldığı bir başqa yığıncaq, Poplavskinin YPG-nin dəstəyi baxımından çox əhəmiyyətli saydığı əl-Salihiyyədə ortaq əməliyyat qərargahı qurma qərarı ilə nəticələnib. Hemo İŞİD-ə qarşı mübarizədə köməyə görə həm Rusiya, həm də ABŞ-a təşəkkür edib və bildirib: "Bu koordinasiyanın gücünü artırmaq, terroru tamamilə aradan qaldırmaq üçün İŞİD-ə qarşı müharibədə tərəfdaşlarımızla birgə əməliyyat otaqları yaratmağa hazır olduğumuzu bəyan edirik".

Astana prosesinə uyğun olaraq hərbisizləşdirilən zonalar yaratmaqda Rusiya və İranla əməkdaşlıq edən Türkiyə Deyr əz-Zorda keçirilən görüşlə bağlı səssiz qalıb. Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi YPG nümayəndələrinin İŞİD-dən sonra "atılacaq addımları qiymətləndirdi"yini açıqlayıb.

Mart ayında Rusiya Afrindəki Kafr Cənnə kəndinə qoşunlarını yerləşdirib və bu ərazidə atəşkəsin monitorinqini keçirəcəyini bildirib. İyul ayında Raqqa əməliyyatı davam edərkən, Suriya ordusu və Rusafa yaxınlığında çöl sahəsində YPG ilə ortaq əməliyyat otağı qurulub. İndi əl-Salihiyyədə Rusiyanın kürdlərlə ortaqlığı daha əhəmiyyətli bir ölçü alır.

Deyr əz-Zorda Rusiya-kürd əməkdaşlığı "Rusiyanın təşəbbüsü ilə inkişaf edib". Bunu “Al-Monitor”-a YPG-nin siyasi qanadının, Demokratik Birlik Partiyasının (PYD) rəsmi nümayəndəsi bildirib. Raqqa şəhərindəki mülki idarə rəsmisinin sözlərinə görə, kürdlər mühüm seçim dövrünə giriblər. "Biz ruslarla yaxşı əlaqələr qurmağa çalışırıq, amma bu, ABŞ-la tərəfdaşlığımızın əhəmiyyətini azaltmır. Amerikalı rəsmilər siyasi nizamlanmaya qədər Suriyadan çıxmayacaqlarını söylədilər. İŞİD-dən azad edilən sahələrdə ABŞ dəstəyi davam edəcək".

"İndi başqa bir proses gedir, – deyə o, sözünə davam edib. – Rusiya da bizi öz tərəfinə çəkməyə çalışır. Türkiyənin etirazlarına baxmayaraq, fevral ayında Soçidə Suriya Milli Dialoq Konqresinə qatılacağıq. Daha doğrusu, tədbirdə Şimali Suriya Demokratik Federasiyasının nümayəndələri iştirak edəcəklər. Biz müxtəlif dairələr də daxil olmaqla, böyük bir heyətlə ehtimal ki, 40 nəfərlə ora gedəcəyik".

YPG rəsmisi ABŞ-ın önümüzdəki günlərdə kürdlərə əhəmiyyətli bir siyasi jest edə biləcəyini vurğulayıb. "Hazırda tərəfdaşlıq hərbi səviyyədədir, amma biz siyasi tanınma istəyirik və gələcəkdə bunu gözləyirik. ABŞ Şimali Suriya Demokratik Federasiyasını rəsmən tanıya bilər”.

ABŞ-ın Suriyadakı oyun planında qeyri-müəyyənliklər ucbatından Rusiya planı daha sürətli irəliləyir. Beləliklə, kürdlər “rus səbətinə daha çox yumurta qoymağa” məcbur olurlar. Bir sıra açıqlamalarla sübuta yetirildiyi kimi, Moskvaya və Şamın qapıları onlarla doğrudan əməkdaşlığa açıqdır.

PYD-nin Moskva nümayəndəsi Əbdüləm Salam Məhəmməd Əli ötən həftə Rusiyanın “İzvestiya” qəzetinə bildirib ki, bütün tərəflərin razı qaldığı siyasi həll tənliyi tapıldığı təqdirdə, SDQ Suriya ordusuna inteqrasiya oluna bilər.

Rusiya mətbuatına verdiyi digər şərhlərdə, PYD nümayəndəsi bildirib ki, Suriya prezidenti Bəşər Əsədlə dialoq üçün vaxt gəlib çatıb və kürdlər müstəqilliyə qovuşmaq yox, "Suriyadakı federal demokratik respublika"nın tanınması niyyətindədir.

Xatırladaq ki, son kürd mövqeləri Dəməşqlə dialoqa daha çox hazır olduğunu əks etdirir, yəni əməkdaşlıq perspektivləri baxımından Rusiya seçimi üstünlük qazanır. Ankara isə İŞİD-dən sonra siyasi və yenidənqurma prosesində kürdləri maraqlı tərəflər kimi əhatə edən hər hansı bir ssenariyə qarşı çıxır.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə