XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

09 Dekabr 2017 - 14:41

Qərbin Səudiyyə Ərəbistanına ikiüzlü münasibəti:terrorizmi pisləyir, amma şahzadələrin ayağı altına qırmızı xalça açır – Təhlil

Səudiyyə Ərəbistanı kralı Salman ibn-Əbdüləziz əl-Səud

© AP Foto, Vincent Thian

 

Kamal Əhməni

Jyllands-Posten (Danimarka), 07.12.2017

 

Səudiyyə Ərəbistanı kralının bu yaxınlarda qadınlara avtombil idarə etmək hüququ verən qərarı azadlığın yeni nailiyyətidir. Lakin bu, qadına nifrət edən, vəhhabi dünyasında irəliləyən kral ailəsinin məziyyəti deyil. Kral Salman ona görə töhmətə layiqdir ki, qadınları daim təhqir edir, gözdən salır və zülm edir. Bəli, hamı əla bilir ki, Səudiyyə Ərəbistanının kral ailəsi uzun onilliklər boyu səudiyyəli qadınları təməl insan azadlığı hüquqlarından məhrum edib.

Burada iki il qabaq onlara səs vermək və yerli seçkilərdə namizədliklərini irəli sürmək, 2018-ci ilin iynunda isə – ümid edirəm – avtomobil sükanı arxasına əyləşmək icazəsi veriblər. Səudiyyəli qadınlar 2030-cu ildə küçəyə müşayiətsiz çıxmaq hüququ əldə edəcəklərmi? 2080-ci ildə velosiped sürmək hüququ alacaqlarmı? 2090-cı ildə xaricə sərbəst getmək hüququ alacaqlarmı? 3050-ci ildə bikiniylə (qadın üçün açıq-saçıq çimərlik geyimi-tərc.) çimmək hüququ əldə edəcəklərmi? 4000-ci ildə niqabsız gəzmək hüququ alacaqlarmı? Səudiyyə Ərəbistanından söz düşəndə ikiüzlülük niyə bu cür gözədəyər olur?

Həm Qərb, həm də müsəlman dünyası çox yaxşı bilir ki, Səudiyyə Ərəbistanı bütün mənalarda dini ekstremizmin təcəssümü olan ölkədir. Bu ölkə terrorizmi becərir və maliyyələşdirir. Bu ölkə Qərbin əksər müsəlmanlarının pislədiyi və kənar gəzdiyi sələfilik və vəhhabiliyin qaynağıdır. Müsəlmanların çoxu terrorizmdən uzaq dururlar. Deyirlər – “Mənim adımdan olmasın”, halbuki əvvəlki kimi pul sərf edirlər ki, Məkkəyə həccə getsinlər. Qərb və ABŞ terrorizmi pisləyir, amma Səudiyyə Ərəbistanı kralları və şahzadələri üçün ayaqaltı qırmızı çalça sərir və onlara silah satışını davam etdirir.

Səudiyyə kralı “kafirlərin” ölkəsində dincələrkən onun yanınca min nəfər gedir. Bloger və bu rejimin tənqidçisi Raif Bədəvi min dəyənək zərbəsinə məhkum olunub. Və axırda onun ictimai cəza “şou”su cümə namazından sonra icra olunub. Şəriət qanunları ancaq “qoyun sürüsü”nəmi tətbiq olunur? Səudiyyə Ərəbistanının bəzi ən sadə sakinləri oğurluq edirsə, əlinin  kəsirlər.

Korrupsiya və israfçılıqda əli olan bütün bu şahzadələri təmtəraqlı otellərə yerləşdiriblər. Bütün dünyanın müsəlmanları yaxşı bilirlər ki, Səusdiyyə Ərəbistanının şəriət idarəçiliyi qamçı cəzası, baş kəsmək, edam və daş-qalaqdan istifadə edir. Onlar Səudiyyə Ərəbistanının qəddarlıq və vəhşiliyi haqda hər şeyi bilirlər. Onlar vəhhabiliyə və sələfizmə qarşı olduqlarını dünyaya göstərmək üçün bu ölkəni niyə boykot etmirlər? Hamısı bilir ki, Səudiyyə Ərəbistanı dindən gəlirli biznes kimi faydalanan bir ölkədir; bütün dünyada məscidləri, müsəlman məktəblərini və dini birlikləri maliyyələşdirən ölkədir.

Səudiyyə Ərəbistanındakı Məkkə bütün dünyanın müsəlmanları üçün mütləq müqəddəs dini məkandır, çünki Kəəbə – milyonlarla müsəlmanın illik həcc hədəfi orada yerləşir. Hər halda, həccdən milyardlarla gəlirin böyük qismi səudların Qəza, Dəməşq, Birma və ya Somalidəki müsəlman “qardaşlarına” yardım üçün istifadə olunmur. Bu milyardlar hələlik Aralıq dənizində Suriya və İraqdan heç bir müsəlman qaçqını ölümdən xilas etməyib. Bu pullar yeni-yeni otellərin ucaldıldığı Məkkə və Mədinənin bəzədilməsinə yatırılır. Bu pullar təkcə Şimali Afrika və Yaxın Şərqdə deyil, həm də Qərbdə sələfi məscidlərinin tikilməsinə istifadə olunur.

Dünya çox gözəl bilir ki, Səudiyyə Ərəbistanı da eynilə İŞİD-in istifadə etdiyi, yeritdiyi və dəstəklədiyi islamdan yararlanır. Müsəlmanlar vurğulayırlar ki, İŞİD-in etdiyinin heç biri əsil islam deyil. İŞİD hər nə edirsə, islamın həqiqi simasına çirkab yaxır. Bəs Səudiyyə Ərəbistanı necə? Məgər bu, həmin dəhşətli ideologiya deyil? Niyə müsəlmanlar öz ilahiyyatçı və imamlarından, öz vaiz və din nmüəllimlərindən xahiş etmirlər ki, həqiqi, dinc, həlim islama tərif versinlər və bu cür islamı tədris etsinlər? Niyə kinlə dolu bu şəriət ardıcıllarının ipini yığmırlar? Niyə Səudiyyənin cihada çağıran bütün kitablarını boykot etmirlər?  Nə üçün İslamn vəhhabi və sələfi versiyasına etiraz etmirlər? “Hizb-ut-Təhrir”in siyasi partiya kimi istifadə edilməsini nədən pisləmirlər? Demokratiya və azadlığı sarsıdan və cəmiyyətə nifrət edən fərdlər yetişdirən məscidləri niyə boykot etmirlər? Başqa sözlə, müsəlmanlar, onların fikrincə, islamın nüfuzunu alt-üst edən hər şeyi niyə boykot etmirlər?

Səudiyyə Ərəbistanı çoxlu məscidə sponsorluq edir. O, vəhhabilik və sələfiliyi yeridir. O, maarifçiliyə şərait yaratmır. Bəzi məşhur imamlar daldada qalmağa və özünün teatrallaşdırılmış cəhaləti sayəsində uğura yetməyə üstünlük verir. Köhnəlmış düşüncə tərzi baqajı Danimarka cəmiyyətinə nifrətlə kombinasiyada uyğunlaşmağa, inteqrasiyaya və vətəndaş olmağa yalnız mane ola bilər. Təəssüf ki, imamların moizəsində haram və halal anlayışları, həmçinin Qiyamət günü haqda düşüncələr son dərəcə çox yer tutur. Bəs ümumiyyətlə a la Qrundtviq imamlar varmı? (a la – bənzər, oxşar; Qrundtviq – Danimarka keşişi, yazıçı və filosofu, “fərəhli” xristianlığın vaizi, Danimarka tarixində əsas simalardan biri-tərc.) Təkcə bir kitabı deyil, ilahiyyat, tarix, fəlsəfə üzrə xeyli kitab və poetik məcmuələr oxuyan imamlar varmı?

Səudiyyə Ərəbistanını tənqid etməyə cürəti çatan imamlar varmı? Düzgün olan və şəriət qanunlarından və yaxud Quranın müəyyən fraqmentlərindən uzaqlaşmaqdan qorxmayan imamlar? Bu cür imamlar varmı ki, debatlarda söhbət ekstremizmdən, şəriət qanunlarından və Səudiyyə Ərəbistanından düşəndə qeyri-müəyyən danışmağa başlamırlar? Hər halda, mən indiki Danimarkada belələrinə rast gəlməmişəm.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə