XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

13 Aprel 2015 - 13:57

“Ajiotaj aradan qalxmazsa, manat sürətlə ucuzlaşacaq” – Ekspert

“Mərkəzi Bank valyuta ehtiyatlarının aprelin 1-i tarixinə olan həcmini açıqlayıb. Proqnozlaşdırıldığı kimi, azalma davam edib. Mart ayında ehtiyatın həcmi 13,9% və ya 1,5 milyard dollar azalaraq 9,47 milyard dollara düşüb. Bu, son 41 ayda ən aşağı həddir. Sonuncu dəfə 2011-ci ilin oktyabr ayında ehtiyatın həcmi 7 milyard dollar olub”.

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı Samir Əliyev deyib. Onun sözlərinə görə, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları artıq 8-ci aydır azalır:

“Manatın sabitliyi üçün Mərkəzi Bank son dörd ayda valyuta ehtiyatının 37%-ni itirib. Dekabr-mart aylarında ehtiyat təxminən 5,5 milyard dollar azalıb.

Göründüyü kimi, hətta 34%-lik kəskin devalvasiya valyuta ehtiyatını qoruya bilməyib. Mərkəzi Bank mart ayında hər gün orta hesabla 50 milyon dollar intervensiya edib. Həmin vəsaitin təxminən yarısı qədər də Neft Fondu dəstək verib. Bu qədər vəsait panikanın qarşısını ala bilməyib. Vəziyyət gözlənildiyindən də pisdir. Mart ayında ehtiyatın azalma sürəti fevral ayındakı qədər olub. Bu, onu göstərir ki, ölkədə dollara təlabat tam ödənməyib. Böyük məbləğlərdə vəsaitlərin, xüsusən də qeyri-rəsmi pulların dollarlaşdırılaraq ölkədən çıxarılması da ehtimalı getdikcə artır. Panikanın yaradılmasında da məqsəd ajiotaj “görüntüsü” fonunda böyük həcmli vəsaitlərin dollara çevrilməsi və həmin vəsaitlərin əhalinin ayağına yazılmasıdır”

Samir Əliyevin sözlərinə görə, Mərkəzi Bank manatın yumşaq devalvasiyasını istənilən halda davam etdirəcək:

“Narahatçılıq bundadır ki, manatın ucuzlaşması gözlənildiyindən də sürətli templə davam etdirilə bilər. Mərkəzi Bank uzağı 2-3 ay ehtiyatların bu templə azalmasına imkan verəcək. Sonra sərt addımlar atmalı olacaq. Hadisələr indiki şəkildə davam edərsə, ajiotaj aradan qalxmazsa, Mərkəzi Bank devalvasiyanın tempini artırmaq və ya növbəti kəskin devalvasiya seçimi arasında qala bilər. Seçki amili kəskin devalvasiya seçimini çətinləşdirir. Ancaq büdcənin icrasında problemlərin yaranması hökuməti buna vadar edə bilər. Yumşaq devalvasiya isə istənilən halda baş verəcək: ya indiki templə, ya da daha sürətli…”.

Strateq.az