XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

11 Dekabr 2017 - 20:56

Suriya və İraqda məğlub olan İŞİD hara üz tutur?- Təşkilatın üzvləri yeni cəbhədə mövqelərini möhkəmləndirir

Suriya və İraqda İŞİD üzərində qələbə qazanıldığı elan olunandan bu yana hamını bir sual maraqlandırır – bu ölkələrdən sıxışdırılaraq çıxarılan terrorçular hara üz tutublar? Onların növbəti dayanacağı haradır və hazırda hansı marşrut üzrə hərəkət edirlər?

Strateq.az xarici mətbuata istinadən bu suallara cavab tapmağa çalışacaq.

İŞİD terror təşkilatı İraq və Suriyadakı böyük əraziləri, iri şəhərləri, yaşayış məntəqələrini, hərbi obyektləri 2010-cu ilin ortalarında nəzarəti altına almışdı. İllərdir  davam edən qanlı döyüşlərdə xeyli canlı itki verildi, bir çox yerlər xarabalığa çevrildi. Və nəhayət bu yaxınlarda İŞİD hər iki ölkədə zərərsizləşdirildi. 

Ehtimallardan biri budur ki, məğlubiyyətdən sonra yaraqlılar Orta Asiyaya üz tutur. Ekspertlər deyir ki, Orta Asiya ölkələrindən gəlib İŞİD sıralarında döyüşən terrorçular sözügedən regionun istənilən nöqtəsində gərginlik ocağı yarada bilərlər. Bunu nə vaxt və necə edəcəkləri isə İŞİD-in şəbəkələşmiş strukturunun strateji planından asılı olacaq.

"Lakin bu, sürətlə baş verməyəcək. Yaraqlılara bu və ya digər ölkədə yenidən baza yaratmaq, özünə həmfikirlər tapmaq üçün vaxt lazımdır. Miqrasiya rejimi zəif olan Qərbi Sibirdə artıq İŞİD-in belə şəbəkələri üzə çıxmağa başlayıb", – deyə bir ekspert DW-yə bildirib.

 

Orta Asiyaya nə qədər yaraqlı qayıdacaq?

 

 

Müasir Əfqanıstanı Tədqiqetmə Mərkəzinin eksperti A.Serenko isə bildirir ki, Orta Asiyadan çıxaraq Suriya və İraqa yollananların heç də hamısı İŞİD-ə qoşulmayıb. Onların arasında "Ən-Nusra cəbhəsi"ndə, İŞİD və başqa təşkilatlarla ədavətdə olan cihadçı qruplaşmalarda təmsil olunanlar da var. Bu səbəbdən də KİV-lərin Mərkəzi Asiyadan çıxanların hamısını İŞİD-ə bağlaması doğru deyil: "Məsələn, Suriyanın Hama bölgəsində Türküstan İslam Partiyasının üzvləri bugünədək aktiv fəaliyyətdədir. Təşkilatın bir çox üzvləri Orta Asiyadan gələnlərdir. Və onlar Suriyadan heç yerə tərpənməyiblər".
 
Ekspertin sözlərinə görə, İŞİD-in daxilində müxtəlif qruplar var: "Biri fanatlardan ibarət qrupdur. Onlar sonadək "qələbə və ya cənnət" şüarı altında savaşacaqlar. Bu, bir neçə min nəfərdən ibarət kompakt qrupdur. Orta Asiyadan gələnlər bu qrupda çoxluq təşkil etmir". 

İkinci qrupa bu gün münaqişə zonasından çıxmağa çalışan yaraqlılar daxildir: "Onların bir çoxu pasportlarını cırıblar. Bir neçə il əvvəl İŞİD-çilər arasında pasportunu yandırıb "İslam Dövlətinin vətəndaşlığını" qəbul etdiyini internetdə nümayiş etdirmək populyar idi. İndi onlar və ailələri üçün münaqişə zonasını sənədsiz tərk etmək problemə çevrilib". 

 

Qəzzaya, yoxsa Rusiyaya?

 

 

Ekspert deyir ki, bu qrupun üzvləri əvvəlcə ailələrini qaçqın, ya da başqa ad altında göndərəcəklər. Və kənardan onların vətənə və ya üçüncü ölkəyə qayıdışını, necə qarşılandıqlarını izləcəyəklər: "Orta Asiyadan gəlib İŞİD-ə qoşulanlar arasında Suriyadan Şimali Afrika və ya Qəzzaya getmək istəyənlərin olub-olmadığı barədə məlumatsızam. Amma ərəb yaraqlılar arasında bunu edənlər çoxdur. Orta Asiyadan gələnlərin seçim imkanları elə böyük deyil. Onlar üçün ilk variant Türkiyədir. İkinci variant isə Rusiya. Rusiyadan da Orta Asiyaya keçid edirlər. Bu da həmişə alınmır. Belə ki, indi Orta Asiya və Rusiyanın xüsusi xidmət orqanlarında dəqiq siyahılar var. Bu siyahılarda internet, mobil telefonlar, sosial şəbəkələr və bu kimi vasitələrlə İŞİD-ə qoşulanların adları var. Geri qayıdanların uydurduğu əsas bəhanə guya Türkiyədə işləmələridir. Lakin bunu sübut edən sənədlər heç də hamısında yoxdur".

Məlumatlara görə, İraq və Suriyada döyüşən yaraqlılar Orta Asiya ölkələrinə bir il əvvəl daha aktiv şəkildə qayıdıblar. İndi isə onların sayı elə də çox deyil. Həmin vaxt İŞİD özü bunda maraqlı idi və bəzi fəallarının ölkələrinə qayıdaraq orada təbliğat aparmasını, təşkilatlanmasını istəyirdi.

Hüquq-mühafizə orqanlarının statistikası göstərir ki, hazırda Qazaxıstan və Qırğızıstanda belə İŞİD-çilərin ifşası epizodik də olsa baş verir.


Əfqanıstana doğru…

 

 

Ekspertə görə, İŞİD daxilindəki üçüncü qrup Əfqanıstana doğru yön alanlardan ibarətdi. Həm Əfqanıstandakı, həm də digər mənbələr bildirirlər ki, Orta Asiyadan gələn yaraqlıların böyük hissəsi müxtəlif marşrutlarla Əfqanıstana gedib orada İŞİD-in yerli filialını möhkəmləndirirlər. Bu marşrutla Əfqanıstana gedib çıxmaq üçün isə Paktstandakı silahdaşları və ya bu ölkənin xüsusi xidmət orqanlarındakı adamlarından istifadə edirlər. 

Əfqan ekspertlərin dediyinə görə, Orta Asiyadan çıxan yüzlərlə İŞİD-çi bu şəkildə Əfqanıstana yerləşir. Əfqanıstan mətbuatında çıxan xəbərlər də göstərir ki, İŞİD bu ölkədə mövqelərini möhkəmləndirir. Artıq yaraqlılar Əfqanıstanın şərqindəki Nanqarxar əyalətində bir neçə rayona nəzarət edirlər. Bundan başqa, ölkənin şimalında yerləşən Cauzcanda da möhkəmləniblər. Şərqdəki Loqarada əyalətində isə talibləri sıxışdırırlar. 

İŞİD Əfqanıstanın özündə qonşuluqdakı ölkələrdən daha çox möhkəmlənir və genişlənir. Qruplaşmanı əfqan qolunun Orta Asiyaya keçid edəcəyinə dair isə hələ ki konkret faktlar yoxdur. Ekspertlərə görə, hələlik prioritet Kabilə hücumların təşkilidir. Son vaxtlar Kabildə baş verən səs-küylü teraktların arxasında İŞİD-in dayanması da təsadüfi deyil…

Strateq.az
 




Yuxarı Əvvələ Ana Səhifə