XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

12 Dekabr 2017 - 20:12

“SON ANLAŞMA”:Trampın "Qüds qərarı"yla başlanan planda İsraili gücləndirmək nəzərdə tutulub - TƏHLİL

Sərdar TURQUT

“Habertürk”ün Vaşinqton təmsilçisi

 

Dünən Yevangelist hərəkatın oktapod kimi qolları ilə hakimiyyətin hər səviyyəsini necə təslim aldığını və Ağ ev ilə Trampın ətrafını mühasirəyə aldığını anlatdım. Qüds haqqında qərarın alınmasını onlar təmin etdi, amma, təbii ki, bu qərar çox böyük bir siyasi planın önəmli addımıdır. Dünən Vaşinqtondakı dərin əlaqələri anlatmağa konsentrasiya olduğumdan, bu böyük siyasi planı anlatmağa girə bilmədim. Bu gün bu planın nə olduğunu açmağa çalışacam.

 

“Son anlaşma”

 

Prezident Tramp Orta Şərqə yeni bir nizam gətirmək istəyir və bu planını həyata keçirə bilməsi üçün İsrail ilə Fələstin arasında özünün “son anlaşma” adlandırdığı qalıcı bir sülh müqaviləsi əldə edilməsini hədəfləyir.

Hakimiyyət daxilində Pentaqon və Xarici işlər nazirliyi son “Qüds qərarı”nın sülh məqsədinə xidmət etməsinin çətin olduğunu düşünsələr də, Ağ ev bunu belə görmür.

Ağ ev, İsrailin Fələstin administrasiyası ilə sülh anlaşması masasına mütləq gücü əlində tutaraq oturmasının lazım olduğunu düşünür. Bunu təmin etmənin ən önəmli addımı olaraq “Qüds qərarı” həmləsini etdi.

Ağ evin, əgər İsrail mütləq gücü əlində tutaraq masaya oturarsa, imzalanacaq “son anlaşma”nın İsrailin regionda istədiyi hər şeyi almasına yol açacaq sülhü gətirəcəyi hesabı vardır.

 

Planın formalaşdırılma mərhələləri

 

Bu nəticəyə necə gəlindiyini görməmiz üçün prezident Trampın aylar öncə Səudiyyə Ərəbistanına etdiyi səfər dövrünə getməmiz lazımdır. Xatırlayın, o, səfərində Ər-Riyadda saraya girərkən, şahzadələrlə birlikdə döyüş rəqsi etmişdi. Bu, ənənəvi bir rəqs olsa da, simvolik işarə olaraq əhəmiyyəti böyükdür. Bu rəqs ABŞ-ın Səudiyyə Ərəbistanı ilə birlikdə Orta Şərqdə yeni nizam üçün, lazım olarsa, müharibəni gözə alaraq yola çıxdığının işarəsini verməkdəydi.

ABŞ hakimiyyətinin o günlərdəki diplomatik təmaslarına baxsanız, planın addımlarının necə atıldığını da görərsiniz. Prezident Tramp, hakimiyyətə gəldikdən sonra xüsusi önəm verdiyi bir sıra Orta Şərq təmaslarını həyata keçirdi. İordaniya Kralı II Abdullah ilə telefonda bir neçə dəfə danışdıqdan sonra onu Ağ evə də dəvət etdi (Bu arada, Tramp ilə hər telefon danışığında İordaniya kralının regionda yaşanan hər problemin səbəbi olaraq Türkiyəni və Ərdoğanı göstərərək, şikayət etdiyini də bilməniz lazımdır.).

Tramp Misir prezidenti Sisi ilə telefon danışıqlarına da çox önəm verirdi. Ağ evdə Trampı nəzarət altında saxlayan, yevangelistlərdən ibarət olan qeyri-rəsmi məsləhətçilər qrupunun da Misirə səfər edərək, onunla formalaşmaqda olan planın detallarını danışdığını dünən yazmışdım.

Bundan başqa, prezident Tramp İsrail baş naziri Netanyahu ilə də üç dəfə görüşdü. Fələstin administrasiyasının rəhbəri Mahmud Abbas ilə də üç dəfə bir araya gəldi. Yəni, anlayacağınız odur ki, İsraili daha güclü halda sülh masasına oturtmanın mərhələləri, demək olar ki, gözümüzün önündə reallaşdırılırdı.

ABŞ-ın planına görə, regionda yeni nizamı ABŞ, İsrail və Səudiyyə Ərəbistanı birlikdə reallaşdıracaqlardı. İsrail ilə ABŞ son “Qüds qərarı” üçün pərdə arxasında anlaşarkən ehtimal edilən tək problem olaraq, “Səudiyyə Ərəbistanının buna ifrat reaksiya verməsinə necə mane olacaqları” qalırdı. Bunu da İran kartını oynayaraq həll etməyə qərar verdilər. Suriya səbəbilə regionda gücünü və təsirini xeyli artırmış olan İran təhdidi, İsrail ilə Səudiyyə Ərəbistanını ortaq hədəfdə birləşdirmək üçün yetərli olacaqdı. Həqiqətən, ABŞ bu son qərarını praktiki tətbiq etməyə başlayarkən hesab etdi ki, “İran təhdidi İsraili və Səudiyyə Ərəbistanını bir arada tutmağa yetəcəkdir”.

 

Ağ evdə durum

 

Pentaqon və Dövlət Departamenti kimi qurumlar kənarda tutulmaqla hazırlanan bu planın formalaşdırılmasında prezident Trampın məsləhətçisi və kürəkəni Cared Kuşnerin və qızı İvanka Trampın təsirilə vəzifəyə gətirilən Milli təhlükəsizlik müşaviri yardımçısı Dina Pauel ön plana çıxdı. Cared Kuşner ortodoks bir yəhudi olmaqla bərabər, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və İsrail Baş naziri Netanyahu ilə çox yaxın münasibətlər içindədir. Pauel isə Misirdə doğulmuş qipti xristiandır. Yəni, onların ikisi də planın tələb etdiyi şəxsi əlaqələri güclü bir şəkildə quracaq mövqedədirlər.

Planın tətbiq edilməsi üçün Ağ evdə yaradılan dar qrupda Kuşner və Paueldən başqa, Trampın baş müzakirəçisi Ceyson Qrinblat və ABŞ-ın İsraildəki səfiri Devid Fridman da vardır.

Onu da qeyd edim ki, bu aralar, burada Pauelin istefa edəcəyi haqqında söyləntiləri də eşidirəm. Anladığıma görə, Ağ evdə ənənəvi mərkəzi dövlət anlayışını təmsil edən aparat rəhbəri general Con Kelli və onun mövqeyinə yaxın olan Milli təhlükəsizlik müşaviri general Makmaster bu planın sürətlə tətbiq edilməsinə çətinlik yaratdıqları üçün Pauel istefa edəcəyini söyləyirmiş. Əgər İvanka Trampın təsirilə vəzəfəsinə gəlmiş olan Pauel həqiqətən istefa edərsə, bu, Kuşnerin dar komanda daxilində mövqeyinin zəifləməsi anlamına gələ bilər.  

Tərcümə Strateq.az-ındır