XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

15 Dekabr 2017 - 09:46

AVROPADA ABŞ-a ALTERNATİV AXTARIŞLARI –Almaniya müstəqil güc kimi ortya çıxa bilərmi? - TƏHLİL

Doktor Altay ATLI,

Sabançı Universitetinin İstanbul Siyasət Mərkəzinin tədqiqatçı-mütəxəssisi

“Anadolu” Agentliyi, Türkiyə

 

“Getdikcə rahatsızlaşan bir dünya içərisində olan Avropa”… Bu cümlə, Almaniya Xarici işlər naziri Ziqmar Qabrielin ötən günlərdə Berlin Xarici Siyasət Forumundakı çıxışının başlığı idi.

Qabriel son dərəcə realist, beləliklə, bir o qədər də pessimist olan nitqində mövcud dövrü 2000-ci illərin əvvəli ilə müqayisə etdi və o günlərdə beynəlxalq birliyin qloballaşmadan, inteqrasiyadan, ortaq problemlərə ortaq həll tapmaqdan bəhs etdiyini, bu gün isə hər ölkənin öz başının çarəsinə baxmağa çalışdığını, öz maraqlarından kənar mövzulara laqeyd qaldığını, getdikcə nizamsızlaşan bir dünyada yaşadığımızı vurğuladı.

Qabrielə görə, bu dəyişikliyin səbəblərinin başında ABŞ-ın içinə qapanması, proteksionist mövqe tutması və qlobal bir güc olmanın tələb etdiyi öhdəliklərdən özünü azad etməyə başlaması gəlir.

O, Donald Trampın idarəçiliyindəki ABŞ-ın “dünyanı artıq qlobal bir cəmiyyət olaraq deyil, hər kəsin öz maraqları üçün mübarizə etdiyi bir döyüş arenası” olaraq gördüyünü ifadə etdi və Almaniyanın da belə bir dünyada onları artıq bir müttəfiqdən çox, rəqib olaraq görən ABŞ-a bağlı qalmamasının və öz mövqeyini müəyyən etməsinin lazım olduğunu, çünki  “Tramp getsə belə, artıq ABŞ-la münasibətlərin heç bir zaman keçmişdəki kimi olmayacağını” bildirdi.

Almaniya Xarici işlər naziri, Avropa Birliyini (AB) də tənqid etdi və ABŞ-ın boşaltdığı kresloya AB-nin oturmadığını, Qərb liderlərinin xalqı anlamaqdan uzaq olduğunu və Ukrayna ilə Suriyanın Qərb üçün böyük uğursuzluq olduğunu ifadə etdi.

Qabrielin həll təklifi isə öz ayaqları üstündə duran bir Almaniya və daha iddialı bir Avropa Birliyidir.

 

ABŞ-a alternativ arayışı

 

Qabriel xarici siyasət sahəsində Almaniyanın II Dünya Müharibəsindən sonrakı tarixinin, bəlkə də, ən aydın, ən kəskin nitqini edib. Ancaq bu fikirlərin ilk dəfə irəli sürülmədiyini də bildirmək lazımdır. Ötən may ayında Baş nazir Angela Merkel, Trampla birlikdə ABŞ-ın artıq etibarlı bir müttəfiq olmaqdan çıxdığına işarə etmiş və “Avropanın öz taleyini artıq özünün müəyyən etməli olduğunu” ifadə etmişdi.

Bu yanaşma alman xalqı nəzdində də, ən azı konseptual olaraq, qarşılıq görür. Bir düşüncə qurumunun Berlin Xarici Siyasət Forumundan öncə hazırladığı ictimai rəy araşdırmasına görə, almanların 56%-i ölkələri ilə ABŞ arasındakı əlaqələrin pis və ya çox pis olduğunu düşünür.

Avropanın öz daxilində müdafiə əməkdaşlığının gücləndirilməsinin ABŞ-la əməkdaşlıqdan daha önəmli olmasını müdafiə edənlərin səviyyəsi isə 88%-dir.

Bununla birlikdə, almanların 59%-i “AB-nin doğru yolda olmadığını” düşünür.

“BMT TŞ-nin beş daimi üzvündən (ABŞ, Rusiya, Çin, Fransa və İngiltərə) hansı ilə Almaniyanın daha artıq əməkdaşlıq etməsi lazımdır?” sualına ən çox müsbət cavab alan ölkə Fransa, ən az müsbət cavab alan isə ABŞ-dır. Başqa sözlə, Almaniyanın Rusiya və Çin ilə daha artıq birgə çalışmasının lazım olduğunu düşünənlərin sayı belə bu mənada ABŞ-a öncəlik verənlərdən daha çoxdur.

Bu durumda Qabrielin nitqinin alman siyasətində yeni bir dövrün başlanğıcı olacağını, Almaniyanın artıq ABŞ-dan müstəqil olaraq hərəkət edəcəyi bir dövrün başında olduğumuzu söyləyə bilərikmi?

Bunun üçün hələ tezdir. Hər şeydən öncə, Ziqmar Qabriel vəzifəsini bitirməkdə olan bir nazirdir. Seçki sonrası dövrdə Almaniya hökumət qura bilməmənin sıxıntısını yaşayır. Önümüzdəki dövrdə Almaniyanı hansı partiyanın və ya partiyaların idarə edəcəyi hələ qeyri-müəyyənliyini qoruyur. Belə bir siyasi boşluq durumunda Qabrielin, ya da hər hansı bir kabinet üzvünün nitqini ölkənin rəsmi siyasəti olaraq qəbul etmək məsələsində ehtiyatlı olmaq lazımdır.

 

Qlobal liderliyin hərbi istiqaməti

 

Almaniya sıradan bir ölkə deyil. AB-nin bir çox mənada ən güclü ölkəsi və dünyada da müxtəlif sahələrdə lider olan və ya liderliyə oynayan bir ölkədir. O, 3,5 trilyonluq iqtisadiyyatı ilə dünyanın ABŞ, Çin və Yaponiyadan sonra ən böyük dördüncü iqtisadiyyatidır.

Belə bir ölkənin ABŞ-dan müstəqil hərəkət etməsi ölkənin miqyası ilə düz mütənasib olacaq şəkildə “iddialı” olaraq hərəkət etməsini tələb edir. Başqa sözlə, Almaniya Trampı tənqid edərək ABŞ-dan uzaqlaşıb, sonra da Trampvari bir davranışla özünə qapanacaq bir halda deyil. Qabrielin cızdığı baxış da bu deyil; Almaniya Xarici işlər naziri AB çərçivəsini ön plana sürür, daha müstəqil bir Almaniya və bu Almaniyanın başını çəkdiyi, qlobal məsələlərdə daha iddialı bir AB-ni təxəyyül edir.

Bunun üçün isə iqtisadi gücü yetərli deyil. ABŞ-ın hərbu gücü ilə dünyanın hər bucağına uzana bildiyi, Çinin sürətlə müdafiə xərclərini artırdığı, Yaponiyanın isə konstitusiyasını dəyişdirərək, həqiqi bir orduya sahib olma planladığı bir dünyada yaşayırıq.

ABŞ-dan müstəqil hərəkət edəcək bir Almaniyanın (və ya AB-nin) bu durumda öz təhlükəsizliyini ABŞ-a bağlı olmadan təmin edə bilməsi lazım olacaq. İctimai rəyə görə, almanlar buna yaşıl işıq yandırsalar da, iş reallaşdırmaya gəldikdə daha böyük və funksional bir orduya sahib olmaq məsələsində almanların hissiyatının nə olacağı məchuldur. Alman mədəniyyəti bu məsələni asan mənimsəməyəcək; xüsusən də valideynlər və hətta özləri II Dünya Müharibəsini görən alman vətəndaşları bu məsələyə elə də isti baxmayacaqlar. Çünki keçən seçkilərdə iqtidardakı Xristian Demokrat Birliyi (CDU) partiyası müdafiə xərclərini ÜDM-in 2%-nə qaldırmağı təklif etdikdə, bu, böyük reaksiya doğurmuşdu. Bu səviyyə hazırda Almaniyada 1,2%-dir. Müqayisə edəcək olsaq, bu səviyyə Rusiyada 5,3%, ABŞ-da 3,3%, Fransada 2,3%, Çin və İngiltərədə 1,9%, dünya ortalaması isə 2,2%-dir.

Ziqmar Qabriel mərkəzində ABŞ-dan müstəqil hərəkət edə bilən bir Almaniyanın olduğu, daha iddialı bir AB görmək istəyir. Ancaq bu barədə AB-nin digər üzvlərinin nə düşündüyünü soruşmaq lazımdır. "Brexit" sonrası dövrdə AB bu günə kimi heç olmadığı qədər öz daxilində bölünmüş, fərqli məsələlərdə görüş ayrılığına düşmüş durumdadır.

AB layihəsinin yenidən canlanması üçün ümidlər Makron-Merkel cütlüyünə bağlanmışkən, Merkelin gələcəyi də bu anda qeyri-müəyyənliyini qoruyur. AB üzvü olan bəzi ölkələr özlərini ABŞ-a daha yaxın hiss edirlər, bəzi ölkələr Qabrielin yanaşmasını paylaşırlar, bəziləri isə xüsusən iqtisadi anlamda dərdlərinə çarəni Çində axtarırlar.

Belə bir şəraitdə AB-nin gələcəyi üçün təhlükəsizlik anlamında öz başının çarəsinə baxa bilən, daha təsirli bir strukturun bütün üzvlər tərəfindən arzu edilən bir hədəf olduğunu, dolayı olaraq, AB-nin Qabrielin göstərdiyi yöndə bütöv şəkildə irəliləyə biləcəyini irəli sürmək mümkün deyil.

 

Təhlükəsizlik və iqtisadi əlaqələr müəyyənedici olacaq

 

Almaniya təhlükəsizlik anlamında olduğu qədər, iqtisadi anlamda da ABŞ-a bağlı durumdadır. 2016-cı ildə cəmi 1,34 trilyon dollarlıq ixracatı olan Almaniyanın ən böyük bazarı ABŞ idi. Almaniyanın ən çox mal idxal etdiyi dördüncü ölkə də ABŞ-dır.

Atlantikanın o biri tərəfindən baxdıqda isə Almaniyanın ABŞ üçün ən çox mal ixrac edilən altıncı, ən çox idxal edilən beşinci ölkə olduğu görünür. İki ölkə arasındakı illik 155 milyard dollarlıq bir ticarət həcmi, bu ticarət həcminin arxasında da on minlərlə ixracatçı, istehsalçı və istehlakçı vardır.

Qabrielin sözləri diqqəti yaşadığımız dünyadakı dəyişikliyə cəlb edir. Bu dünyada heç bir ölkə, heç bir aktyor eynilə qala bilmədiyi kimi, Almaniya da qala bilməz. Yeni dövrdə Transatlantik ittifaqının zəifləyəcəyini, Almaniyanın isə buna cavab olaraq, daha müstəqil hərəkət edə bilmək arzusunda olduğunu görürük. Bu, əslində, zəruri bir prosesdir, ancaq müəyyən sərhədləri vardır. ABŞ və Almaniya əlaqələrini bu gündən sabahadək kəsə bilməyəcəklərinə görə, iki ölkə arasında davam edən təhlükəsizlik və iqtisadi əlaqələr bu mənada Almaniyanın ABŞ-ın mövqeyindən asılı olmadan hərəkət edə bilmə qabiliyyəti üzərində müəyyənedici olacaqdır.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə