XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2017 - 23:04

Bir “dam” altında yaşamağa məhkum edilən 3 xalq…- 22 illik Deyton sazişi, serb, xorvat və boşnakların toqquşan maraqları...

22 il əvvəl – 1995-ci ilin 14 dekabrında Parisdə Bosniya müsəlmanlarının lideri Aliya İzetbeqoviç, Yuqoslaviya prezidenti Slobodan Miloşeviç və Xorvatiya prezidenti Frano Tucman tərəfindən dövrün ən qanlı və mürəkkəb münaqişəsi ilə bağlı Deyton sazişi imzalandı. Bununla da Bosniyada vətəndaş müharibəsinə və Xorvatiya savaşına son verildi. 3 il yarım davam edən Bosniya müharibəsində 100 mindən çox insan həlak olmuş, 2,2 milyon insan qaçqın düşmüşdü. Bu, İkinci dünya savaşından sonra Avropada baş vermiş ən qanlı müharibə sayılır.

İlkin razılıq imzalanma mərasimindən bir ay əvvəl ABŞ-ın Ohayo ştatında – Deyton şəhərindəki hərbi bazada əldə olunmuşdu. Sazişə əsasən, Bosniya və Herseqovina ərazisinə NATO qoşunları yeridildi, serblər 49, boşnak və xorvatlar isə 51 faiz əraziləri aldı. Bosniya və Herseqovina əhalisi hər iki quruluşun vətəndaşı sayıldı. Sazişə Rusiya, ABŞ, Britaniya, Fransa, Almaniya və Avropa Birliyinin yüksək vəzifəli şəxsləri imza atmış və sənəd bir gün sonra – dekabrın 15-də BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə dəstəklənmişdi. 

Razılaşmanın nəticəsi olaraq Bosniya və Herseqovina iki inzabati vahid oldu – Bosniya və Herseqovina Federasiyası və Serb Respublikası. Bəzi tənqidlərə baxmayaraq, Deyton sazişi münaqişənin başa çatmasında həlledici rol oynadı. Tərəflər öz ərazilərində təhlükəsizliyi təmin etmək və dəstəkləmək, ölkədən bütün əcnəbiləri, o cümlədən məsləhətçiləri və könüllüləri çıxarmaq öhdəliyi götürdülər.

Bosniya və Herseqovinada beynəlxalq monitorinqi Sülh sazişinin icrası üzrə Şura və onun icra orqanı İdarəetmə Komitəsi (ABŞ, Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada, Rusiya, Yaponiya, Avropa Birliyi təmsilçisi və Türkiyənin təmsilçiliyi ilə İslam Konfransı) yerinə yetirirdi.

Sülh yolu ilə həllin mülki aspektlərini həyata keçirmək vəzifəsi xüsusi səlahiyyətli Ali Nümayəndəyə həvalə olunmuşdu. Onun, fəaliyyəti ilə Bosniya və Herseqovinada sülhə və təhlükəsizliyə təhdid yaradan dövlət xadimlərini işdən azad etmək, həmçinin Bosniya hökumətinin qərarlarını dəyişib öz qərarını təqdim emək səlahiyyəti də vardı. Ali Nümayəndə eyni zamanda Avropa Birliyinin xüsusi nümayəndəsi sayılırdı.

Bosniya və Herseqovinada dövlət başçısının funksiyalarını isə hər üç xalqdan bir nümayəndəsi olan Prezidium icra etməli idi.

Ekspertlər deyir ki, qanlı savaşı dayandırmaq lazımıydı və bu səbəbdən tərəflərin razılığa gəlməsi müsbət hal idi. Digər tərəfdən də hər şey olduqca sərt şəkildə həyata keçirilir, regional xüsusiyyətlər, daxildəki fikir ayrılığı və münaqişənin böyüməsinə təsir edən səbəblər nəzərə alınmırdı.

Üstəlik münaqişəyə mütəmadi olaraq üçüncü tərəf (müsəlman və Qərb dünyasından) müdaxilə edirdi. Daxildəki xalqların öz aralarında konfliktdə olmaları azmış kimi, vəziyyəti kənardan da qızışdırırdılar.  

Xorvatiya Bosniya və Herseqovinadakı proseslərdə aktiv iştirak edirdi. Öz növbəsində serblər öz mədəni-mənəvi irslərini yaşatmaqda israrlı idi. Boşnak müsəlmanlar da düşdükləri vəziyyətdən o qədər mənun deyildilər. Və bu durum indiyədək davam etməkdədir. 

Beləliklə, Deyton sazişinin nəticələri heç də birmənalı deyil. Beynəlxalq ictimaiyyət tərəfindən qurulan məkan yalnız daimi nəzarətin hesabına funksionaldır. Və bu olmazsa, xalqların hərəsi bir tərəfə qaçar. 

İndi onları həm maliyyə (istənilən an növbəti tranşı dayandıra bilərlər), həm siyasi (Federasiyanın subyektlərinin verdiyi istənilən qərar Bosniya və Herseqovina üzrə Ali Nümayəndənin qətnaməsi olmadan keçici sayılmır) cəhətdən nəzarətdə saxlayırlar.

Serb Respublikası prezident Milord Dodikin timsalında az-çox müstəqil siyasət yürütməyə çalışır. Ona qədər bütün siyasi xadimlər Ali Nümayəndənin istəyi ilə vəzifədən azad oluna bilərdi. İndi bu prosesi yerli hakimiyyətin əli ilə az-çox dayandırmaq mümkün olub.

Federasiyanın daxilində faktiki olaraq paralel dünyalarda yaşayan 3 xalq var – serblər, xorvatlar, boşnaklar. Serblər pravoslav xristianlar, xorvatlar katolik xristianlar, boşnaklar isə müsəlmandı. İlk baxışda birgə yaşayışa razıdılar və bununla barışıblar. Lakin həm məişət, həm qanunverici səviyyədə hər biri öz qərarını qəbul edir.

Müasir Bosniya və Herseqovinada yalnız bir ortaq bayram var – Yeni il. Qalan bütün bayramlar milli, dini xarakterlidir və hər bir xalqa görə dəyişir.  Məsələn, xorvatlar və müsəlmanlar üçün 1 mart müstəqillik günüdür. Serblər isə bunu qəbul etmirlər. Çünki bu, Bosniya və Herseqovinanın müstəqilliyinə dair 1992-ci ildə referendumun keçirilmə tarixidir.

Serblər ölkənin parçalanmasını istəmirdilər və vahid Yuqoslaviya tərəfdarı idilər. Elə bundan sonra da qiyam və savaş başlamışdı. Serblər hesab edirlər ki, savaşın başlamasına səbəb olan gün dövlət bayramı sayıla bilməz.

Düzdür, Deyton sazişindən sonra savaş dayandı. Lakin beynəlxalq ictimaiyyət elə bir layihə qurdu ki, bu layihə yalnız şərti olaraq mövcud ola bilər. Xarici təsir və dəstək olmadan bu mövcudluğun nə dərəcə mümkün olacağı böyük sual doğurur. 

Ekspertlər əmindilər ki, federasiyanın hər 3 subyekti fərqli tərəflərə baxmağa davam etdikcə, region da qeyri-stabil qalmaqda davam edəcək…

Tərcümə Strateq.az-ındır
 




Yuxarı Əvvələ Ana Səhifə